• cümə, 19 Aprel, 07:16
  • Baku Bakı 13°C

Türkiyə üçün demokratiya, Ərdoğan üçün etimad testi

02.04.14 08:38 1344
Türkiyə üçün demokratiya, Ərdoğan üçün etimad testi
Artıq Türkiyədəki bələdiyyə seçkiləri arxada qaldı. Kifayət qədər gərgin atmosferdə keçən seçki prosesi əvvəlcədən proqnozlaşdırılan nəticə ilə yekunlaşdı. Seçkiyə qatılan əsas güclərdən olan hakim Ədalət və İnkişaf Partiyası (AKP) digər rəqiblərini arxada qoydu. Rəcəb Tayyib Ərdoğanın partiyası 45,5 faiz səs toplayaraq 27,8 faiz səs toplaşmış Cümhuriyyət Xalq Partiyasını (CHP) növbəti dəfə məğlub etməyi bacardı.
İndi bütün Türkiyə və dünya seçkilərin nəticələrini təhlil etməkdədir. Seçki prosesi Azərbaycanda da maraqla izlənildi.
Səsvermə ərəfəsi baş verənləri, qarşıya çıxan problemləri də nəzərə alsaq, seçkinin ciddi problem müşahidə edilmədən başa çatması qardaş ölkə üçün böyük uğur hesab oluna bilər. Başqa sözlə desək, böyük seçki təcrübəsinə malik Türkiyə növbəti dəfə demokratiya imtahanından da üzüağ çıxdı. 30 mart seçkiləri ilə Türkiyə yerləşdiyi regionda demokratiya qalası olduğunu bir daha nümayiş etdirdi. Özünün demokratik seçki ənənələri ilə Türkiyə Cümhuriyyəti nəinki qonşuluqdakı ölkələrə, o cümlədən bütünlükdə müsəlman dünyası üçün nümunə olduğunu göstərdi.
Seçkiyə olan böyük maraq bir daha Türkiyə cəmiyyətində artıq oturuşmuş seçki mədəniyyətinin olduğunu ortaya qoydu. Martıq 30-da insanlar bir nəfər kimi seçki məntəqələrinə axışıb bələdiyyə sədrlərini seçmə vəzifələrinin icrasına çalışdılar. 75 axtarışda olan Türkiyə vətəndaşının səsvermə məntəqəsində səs verdikdən sonra yaxalanmasının özü də ölkə vətəndaşlarının seçkiyə marağının hansı səviyyədə olduğunu əyani şəkildə ortaya qoyur. Məhz bunun nəticəsi idi ki, seçki günü məntəqələrin əksəriyyətində uzun-uzadı növbələr müşahidə olundu. Keçmiş prezident Əhməd Necdət Sezər, hazırkı təhsil naziri Nəbi Avcı bir saata yaxını səs vermək üçün növbədə gözlədilər. Hətta xarici ölkələrdə çalışan Türkiyə vətəndaşları da seçki günü ölkələrinə yollanıb səsvermədə iştirak etməyə çalışdılar. Uzağa getməyə ehtiyac yoxdur, hazırda Azərbaycanın «Xəzər-Lənkəran» komandasının baş məşqçisi vəzifəsində çalışan Mustafa Dənizli və onun köməkçisi Oğuz Çətin seçki günü İstanbula yollanaraq öz vətəndaşlıq borclarını yerinə yetirdilər. Yüzlərlə bu cür nümunələr türk insanının öz vətəninin taleyinə, öz demokratiyasına, öz vətəndaşlıq borcuna necə məsuliyyətlə yanaşmasının göstəricisi hesab oluna bilər. Elə bu səbəbdəndir ki, seçicilərin 87 faizinin qatıldığı bir səsvermə prosesi izlədik.
Bu seçki Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP-nin bir neçə rekordu ilə də yadda qaldı. 30 martdakı qalibiyyətlə baş nazirinin partiyası indiyədək girdiyi 8-ci seçkidə də qalib gəlməyi bacardı. AKP həm də Türkiyə tarixində dalbadal 3 bələdiyyə seçkisində qalib gəlməyi bacaran ilk siyasi təşkilat oldu.
Onu da vurğulamağa ehtiyac var ki, seçki prosesi çox qeyri-adi bir durumda keçirilirdi. Keçən il dekabrın 17-də 4 nazir övladının həbsi ilə başlayan rüşvət əməliyyatı ölkədə ictimai-siyasi gərginliyi ən yüksək həddə çatdırmışdı. Bu əməliyyatla əlaqədar hökumətin tərkibində dəyişikliklər edilmiş, hüquq-mühafizə sistemində ciddi islahatlara əl atılmışdı. Baş nazir açıq şəkildə hökumətinə qarşı aparılan bu əməliyyatların arxasında uzun müddətdir ABŞ-ın Pensilvaniya ştatında mühacir həyatı yaşayan Fətullah Gülən hərəkatının dayandığını bəyan etmişdi. Bu səbəbdən bütün seçkiqabağı kampaniya boyunca camaatla hökumət arasında əsl savaş yaşanırdı. Tərəflər bir-birinin ünvanına ən ağır ittihamları səsləndirməkdən belə çəkinmirdilər. Bu baxımdan çoxları hesab edirdi ki, camaatla yaşanan bu dava AKP-nin ciddi şəkildə səs itirməsi ilə müşayiət olunacaq. Eyni zamanda seçki ərəfəsində dövriyyəyə buraxılan gizli səs yazıları ilə də hökumətin, xüsusilə də şəxsən Rəcəb Tayyib Ərdoğanın nüfuzunun aşağı salınmasına cəhdlər edilmişdi. Ana müxalifət partiyası olan CHP də seçki kampaniyasını əsasən korrupsiya ittihamları və bu səs yazıları üzərində qurmuşdu. Bu baxımdan çoxları 30 mart seçkilərinin bələdiyyə seçkisindən çox Ərdoğan hökumətinə xalqın münasibətini test etmək üçün keçirilən referendum kimi yanaşırdı. Öz növbəsində R.T.Ərdoğan da seçki kampaniyası boyu hökumətə qarşı rüşvət əməliyyatlarının, dövriyyəyə buraxılan səs yazılarının arxasında xarici qüvvələrin durduğunu iddia edir, xalqı milli iradəyə sahib çıxmağa çağırırdı.
Seçkilərin nəticələri göstərdi ki, türk xalqı bu çağırışlara çox ciddi şəkildə reaksiya verdi. Seçicilərin az qala yarısı məhz R.T.Ərdoğanın partiyasının namizədlərinə səs verdi. Bununla da türk xalqı ölkənin daxili siyasi müstəvisinin xaricdən dizayn olunması cəhdlərinə qəti şəkildə etirazını ortaya qoydu. 30 mart seçkilərinin nəticələrinə əsaslanaraq belə qənaətə gəlmək olar ki, türk seçicisi bu dəfə də əsasən sabitliyə və iqtisadi inkişafa səs verdi. Hökumətin 12 ildir bu istiqamətdə həyata keçirdiyi siyasət xalq tərəfindən növbəti dəfə ciddi şəkildə dəstəkləndi.
Seçkinin nəticələri həm də AKP hökumətinə ciddi bir etimad göstəricisi oldu. Bu etimad elə bir səviyyədə oldu ki, artıq indidən hamı R.T.Ərdoğanın bu il keçiriləcək prezident və gələn il keçiriləcək parlament seçkilərində də qalib gələcəyinə əminliklə danışır.
Beləliklə, Türkiyə 30 mart seçkilərini də uğurla başa vurmaqla nəhəng, xaricdən asılı olmayan bir regional güc olduğunu sübut etmiş oldu. Türk xalqı öz milli iradəsini ortaya qoymaqla dövlətinin daha da güclənməsi, regionun lideri olması üçün üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi.
İlham QULİYEV
banner

Oxşar Xəbərlər