• cümə, 29 Mart, 15:33
  • Baku Bakı 14°C

Türkiyə şou-biznesinə qatılsam, istədiyimi əldə edə bilməyəcəkdim - Fotolar

05.01.18 12:04 1673
Türkiyə şou-biznesinə qatılsam, istədiyimi əldə edə bilməyəcəkdim - Fotolar
Dekabrın 13-də Opera və Balet Teatrının repertuarında yer alan baxımlı tamaşalardan "Şah İsmayıl” operasını izlədik. Tamaşada debüt edən, Ərəbzəngi obrazını oynayan gənc xanəndə Səma Sultanova diqqətimizi çəkdi. Daha yaxından tanımaq və onun yaradıcılıq yoluna nəzər salmaq üçün gənc xanəndə ilə görüşdük. Yaşının az olmasına baxmayaraq, müsahibimiz heç də az nailiyyət əldə etməyib.Hazırda AzTV-nin solisti olan Səma Sultanova 1996-cı ildə Qarabağın Xocavənd rayonunda anadan olub. Kiçik yaşlarından musiqiyə böyük həvəs göstərib. Bibisi və ilk sənət müəllimi tanınmış müğənni Vahid Abdullayevin həyat yoldaşı Kamilə Abdullayevadır:

- İlk müəllimim Kamilə Abdullayeva olub. Hazırda isə muğamın sirlərini xalq artisti Mənsum İbrahimovdan öyrənirəm. Müəllimlərimin hər ikisinin öyrətdiyi yol eyni olduğu üçün heç bir çətinlik çəkmirəm. Bəzi tələbələr müəllim dəyişdikdən sonra bir qədər çətinlik çəkirlər. Ancaq məndə bu baxımdan heç bir problem olmayıb.

- Bir neçə il bundan öncə beynəlxalq layihədə ölkəmizi də təmsil etmisiniz.
- Elədir. 2012-ci ildə 10-cu Türk dili Olimpiadası çərçivəsində keçirilən "Mahnının ulduzu” müsabiqəsində iştirak etmişəm. Türk sənət, türk xalq musiqisi çərçivəsində keçirilən bir müsabiqə idi. 145 ölkə arasında dünya ikinciliyinə layiq görüldüm.

- Ondan sonra təhsilinizi Türkiyədə davam etdirmək qərarına gəldiniz?
- Bu olimpiyada çərçivəsində Türkiyənin müxtəlif şəhərlərində konsert səfərlərində olurduq. Həmin vaxt İstanbul Universitetində ödənişsiz təhsil almaq təklifi aldım. Mən də bu təklifi dəyərləndirdim. Dünyagörüşümün artması, eyni zamanda tək muğamla kifayətlənmək istəmədiyim üçün təhsilimi Türkiyədə davam etdirdim. Orada türk musiqisinə də dərindən yiyələndim. İki il İstanbul Universitetində "türk xalq və sənət musiqisi” ixtisasını oxudum.

- Bəs nə üçün oradakı təhsili dondurub, yenidən Azərbaycana qayıtdınız?
- Çünki muğamı çox sevirdim və bu sevgi məni geri dönməyə vadar etdi.

- Türkiyəyə gedən ifaçılarımız oradakı şou-biznesə qatılmağa cəhd edirlər. Deyirlər ki, Türkiyə beynəlxalq arenaya açılan qapıdır.
- Orada təhsil aldığım illərdə Türkiyənin tanınmış sənətçisi Emel Sayınla duetimiz oldu. Bir çox sənətçilərlə görüşdük. Hətta olimpiadada qalib olanda mənə gümüş medalı Polad Ələmdar kimi tanıdığımız Necati Şaşmaz vermişdi. Orada münsiflər heyətində mərhum sənətkar Kayahan, Mustafa Sandal, İşin Karaca, Necati Şaşmaz, bir neçə tanınmış simalar var idi. O ki qaldı sualınıza, Türkiyədə olanda yaşım çox deyildi. Orada şou-biznesə qatılmaq mənim üçün tez idi. Bilirdim ki, Türkiyənin şou-biznesinə qatılsam, istədiyimi əldə edə bilməyəcəyəm. Türkiyəyə onların musiqisini öyrənməyə getmişdim. Şou-biznesə qatılmaq kimi bir fikrim yox idi. Onların musiqi sistemi bizimkindən fərqlidir. Orada bütün bunları mənimsəmiş oldum. Türk musiqisini incəliyinə qədər öyrəndim. Çünki bu, mənim özüm üçün də maraqlı idi. Orada "səs eğitimi” deyilən bir ixtisas var və bu ixtisasda təhsil alan hər bir ifaçı hansısa bir musiqi alətində çalmağı bacarmalıdır. Professor Ruhi Ayangilə olan sevgimə görə kanon alətində ifa etmək istədim. Bilirdim ki, o müəllimdən daha çox şey öyrənə bilərəm. İki il xanəndəliklə bərabər, kanon alətində ifa etdim.

- Türkiyədə Azərbaycan muğamına münasibət necədir?
- Çox yaxşı. Onlar bizim muğamlarımızı, mahnılarımızı sevirlər. Mən səhnəyə çıxıb xalq mahnılarımızı ifa edəndə onlar da mənə qoşulurdular. Türklərə muğamı öyrətmək çox çətindir. Mənim Uğur Önür adında bir müəllimim var idi. Türkiyədə məşhur kamança ifaçısıdır. O, Azərbaycana qastrola gələndə buradan bir Azərbaycan kamançası aldı. Türkiyədə mənə türk xalq mahnılarını öyrədirdi, mən ona muğamı öyrətməyə çalışırdım. Ona Elnur müəllimin videolarını göstərirdim. Həmin videolardan bəhrələnirdi.Türklər "Daşlı qala”, "Yandırdın qəlbimi”, "Qara göz”, "Olmaz-olmaz”, "Əziz dost”, "Ayrılıq” "Nədən oldu” kimi Azərbaycan mahnılarını sevirlər.
- Azərbaycana döndükdən sonra hansı işlərlə məşğul oldunuz?
- Mili Konservatoriyaya daxil oldum. Burada Mənsum İbrahimovun sinfində xanəndəlik təhsili alıram. 2017-ci ildə televiziya muğam müsabiqəsinə qatıldım. Orada ikinci yerə layiq görüldüm. Deyərdim ki, muğamın incəliklərini bu müsabiqədə öyrəndim.

- Yəqin ki, məşhurlaşmağınızda da bu müsabiqənin rolu az olmayıb.
- Əlbəttə, müsabiqə ərəfəsində həftədə iki dəfə efirdə olurduq. Canlı verilişdən əlavə başqa gülərdə də bu veriliş yayımlanırdı. Onu da nəzərinizə çatdırım ki, canlı yayımda ifa etmək çox çətindir. Korifey sənətkarların qarşısında oxumaq böyük bir məsuliyyətdir. Səhnədən qayıdandan sonra düşünürdüm ki, görəsən, istədiyim şəkildə ifa edə bildimmi?Türk Telekom arenada 200 min nəfərin qarşısına çıxışım olub. Orada Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğun da əyləşmişdi və onun istəyi ilə "Aziz İstanbul” mahnısını ifa etmişdim. İnanın ki, mən bu müsabiqədə həyəcan keçirdiyim qədər orada həyəcan keçirməmişdim.

- Sizi bu qədər həyəcanlandıran nə idi?
- Bizim tamaşaçıların qarşısında oxumaq həqiqətən çox çətindir. Muğamı çox dərindən, xırdalıqlarına qədər dinləyirlər. Çünki tamaşaçılarımız muğamı yaxşı bilirlər və mükəmməl dinləmə mədəniyyətləri var. Türkiyədə 100 nəfərdən 10-u ifaçıdırsa, bizdə bu 100 nəfərdən 30-u. Çünki azərbaycanlıların xəmiri musiqi ilə yoğurulub.

- Bir ara müsabiqədə münsiflər heyətinin ayrı-seçkilik etmələri ilə bağlı söhbətlər də gəzirdi.
- Mən belə hallarla rastlaşmadım. Muğam müsabiqəsi canlı yayımlanır və hər kəs bunu izləyir. Görünən dağa bələdçiyə ehtiyac yoxdur. Xalqın gözü tərəzidir. Əksinə, biz nə qədər həyəcanlı oxusaq da, münsiflər bizə güzəşt edirdilər. Orada heç bir haqsızlıqla üzləşmədik.

- Muğam müsabiqəsi sizə nələri qazandırdı?
- Müsabiqə mənə çox şeyi öyrətdi. Hər həftə müxtəlif yazarların qəzəllərini öyrənirdik. Və mənim qəzəl bazam təsəvvürümə gətirməyəcəyim qədər artdı. Əvvəllər 5 qəzəl bilirdimsə, müsabiqədən sonra 20-30 qəzəl oldu. Əvvəllər 5 muğam bilirdimsə, indi muğamın bütün şöbələrini bilirəm. Müsabiqə tək mənə deyil, bütün iştirakçılara çox şey verdi. Sağ olsunlar müəllimlərim, üstümüzdə çox əziyyət çəkdilər. Mənsum müəllim və digər münsiflər də bizə dəstək oldular. İndi fikirləşirəm ki, görəsən mən niyə o zaman bu qədər həyəcan keçirirdim (gülür). Real danışsaq, bu müsabiqə təkrar keçirilsə, yenə səhnəyə həmin həyəcanla çıxaram.
- Səhnədə olarkən əsasən niyə həyəcanlanırsınız?
- Heç zaman qorxmamışam ki, səhnədə mikrofonum kəsilər. Ən çox qorxduğum o idi ki, birdən səsim qaçar.
- Sizi Opera və Balet Teatrına aparan yoldan danışaq...
- Müəllimimiz Mənsum müəllim bizi teatra gətirdi. O, bizə müəllimdən əlavə, ata olub və öz qayğısını əsirgəməyib. Dərsdə görəndə ki, kefimiz yoxdur, bizi kənara çəkib soruşur ki, nə olub, bəlkə bir problemin var? Yaxud da muğamı oxuya bilməyəndə bizə hər şeyi yenidən izah edir, səbirlə dinləyir, nəyisə anlamayanda yenidən izahını verməyə çalışır. Hər zaman deyirəm ki, kaş ki, Mənsum müəllimdə olan o səbrin, gözəl xüsusiyyətlərin yarısı məndə ola. Sualınıza gəlincə isə müəllimimiz bizi teatra gətirdi və münsiflər heyətinin qarşısında çıxış etdik, imtahan verdik.
- Və siz Ərəbzəngi obrazını yaratmaq təklifi aldınız.
- Elədir. İmtahan verdim və ifa etdiyim andan mənə dedilər ki, səsin Ərəbzənginin səsidir.

- Xanəndəlik sənətinə gələn gənclərin Opera və Balet Teatrının səhnəsinə çıxmaq və bu səhnədə ya Leylini, ya da Ərəbzəngini oynamaq ən böyük arzularından biridir. Siz isə səhnəyə birbaşa Ərəbzəngi ilə çıxdınız. Bunun məsuliyyətini hiss etdinizmi?
- Əlbəttə. Bizim işimiz ifa etməkdir. Ancaq bu işin içinə obraz girdiyi anda məsuliyyətimiz birə-beş artır. Səhnəyə çıxdığım ilk anda bütün həyəcanım getdi. Düşündüm ki, əgər bu səhnəyə çıxmışamsa, müəllimimin başını uca etməliyəm. Həyəcanlandım, sözlər yadımdan çıxdı, bunu edə bilmədim kimi şeylər olmamalıdır. Teatrın baş rejissoru Hafiz Quliyevin də üzərimizdə çox əziyyəti var.

- Bəlkə də Mənsum İbrahimovla eyni səhnəni bölüşsəydiniz, səhnəyə daha ürəkli çıxardınız.
- Biz səhnəyə çıxmağa hazırlaşanda Mənsum müəllim gəlib mənə ürək-dirək verdi. Hər şeyin yaxşı olacağını dedi və ruhən bir rahatlıq tapdım.
- Təyyar Bayramovla bir səhnəni paylaşdınız.
- Səhnəyə çıxacağımı eşidəndə bilmirdim ki, tərəf müqabilim məhz Təyyar Bayramov olacaq. Onun adını eşidəndə çox sevindim. O da mənim müəllimimin tələbəsidir. Təyyar müəllim muğam müsabiqəsi ərəfəsində bizə çox dəstək olub, muğamlarımızı öyrədib. İlk səhnəm idi, bəlkə də haradasa səhv edə bilərəm deyə, həyəcanlı idim və o, mənə çox dəstək oldu. Səhnədə paltarla, geyimlə oynamaq daha çətindir, məsuliyyət hissi də bir tərəfdən məni rahat buraxmırdı. Belə bir anda Təyyar Bayramovun dəstəyini üzərimdə hiss edirdim.

- Sizin geyiminiz də çox ağır idi. Başınızdakı dəbilqə, əyninizdəki qalxanla bərabər döyüşçü geyimi səsinizə təsir etmirdi?
- Əslində o paltarı geyinəndən sonra elə bildim ki, mən həqiqətən Ərəbzəngiyəm və özümü doğrudan da dağda, o dövrdə yaşamış biri kimi hiss etdim. Hafiz müəllim mənə Ərəbzənginin özü haqqında məlumat verdi və hər şeyi xırdalıqlarına qədər başa saldı. Qorxdum ki, görəsən müəllimin etimadını doğrulda biləcəyəmmi. O səhnədə hər bir rol oynamaq insan üçün qürurvericidir. Əslində, Ərəbzəngi tam olaraq mənim xarakterimə uyğundur. Həyatda da onun kimiyəm. Güclü insanları sevirəm. Mübarizə aparan, çətinlikdən qaçmayan. Problem varsa, o problemi həll etmək lazımdır, qaçmaqla həll olan deyil.Yaxın dostlarım olan tar ifaçısı Elnur İbrahimovla, kamança ifaçısı Rəcəb Əhmədov, duet ortağım olan Nurlan Namazov da bu obrazımı bəyəndilər və öz dəstəklərini məndən əsirgəmədilər.
- Şah İsmayılla döyüş səhnəniz isə daha əsrarəngiz idi.
- Bu məsələdə Hafiz müəllimin böyük əziyyəti var. O, bizə aktyorluğu və səhnədə nələrin vacib olduğunu öyrətdi. Döyüş səhnəsi isə ən maraqlı səhnələrdəndir. Özümüzü o qədər rolun içində hiss etmişik ki, səhnədə qılıncı bir-birinə vuranda qığılcım belə çıxdı. Buna biz də məəttəl qaldıq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər