• cümə axşamı, 28 mart, 14:52
  • Baku Bakı 16°C

Türkiyə seçkiyə 7 namizədlə gedir

10.05.18 21:40 752
Türkiyə seçkiyə 7 namizədlə gedir
Türkiyənin Ali Seçki Komissiyası (YSK) iyunun 24-də keçiriləcək seçkilərdə prezidentliyə namizədlərin adlarını açıqlayıb. Namizədlərin yekun siyahısı mayın 13-də elan edilməlidir və ilkin siyahıya heç bir etiraz yoxdursa və ya YSK etirazları rədd edirsə, prezidentlik uğrunda yarış 7 namizəd arasında keçiriləcək. Türkiyə prezidentliyinə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "İYİ Parti"dən Meral Akşener, Səadət Partiyasından Temel Karamollaoğlu, Cümhuriyyət Xalq Partiyasından Muharrem İnce, Vətən Partiyasından Doğu Perinçek, Ədalət Partiyasından Vecdet Öz və Xalqların Demokratik Partiyasından Səlahəddin Dəmirtaşın namizədliyi irəli sürülüb. Seçkilər iqtidar və müxalifət üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, seçkilərdən sonra Türkiyə parlament sistemindən prezident sisteminə keçəcək.
Seçki prosesi görünməmiş dərəcədə maraqla gedir. Artıq prezident Rəcəb Tayyib Ərdoğan namizədlərlə ayrı-ayrılıqda görüşlərə başlayıb və ilk öncə CHP-nin prezidentliyə sürpriz namizədi Muharrem İnceni qəbul edib. Hər iki namizədin görüşü AKP-nin qərargahında baş tutub və 40 dəqiqə davam edib. Mətbuata açıqlama verən İnce, "Cənab partiya sədri ilə söhbət etdik, dərdləşdikvə AKP-yə uğurlar arzuladım” deyə qeyd edib. Ərdoğana qarşı isə rəqibləri, xüsusən də FETÖ tərəfindən başladıldığı iddia edilən irimiqyaslı kampaniyaya start verilib. Maraqlısı odur ki, FETÖ-nun tvitterdə başladığı və ABŞ mərkəzli olduğu bildirilən "tamam” kampaniyasına Almaniya da qoşulub. Məlumata görə, Türk Silahlı Qüvvələrinin Afrin əməliyyatı zamanı YPG-yə dəstək tvittləri atan alman baş nazir indi də FETÖ-nün başladığı və ABŞ mərkəzli bir kampaniya olduğu ifşa edilən "tamam” haştağına dəstək verib. Türkiyədə 2 milyona yaxın sosial media istifadəçisi mayın 8-də Ərdoğanın çıxışındakı "tamam” sözünü haştağa çevirib. Ərdoğan parlamentdəki çıxışında xalq "yox” desə istefaya getməyə hazır olduğunu bildirmişdi: "Əgər bir gün xalqımız tamam desə, biz bir kənara çəkilməyə hazırıq”. Ərdoğan sözügedən çıxışını başa vurar-vurmaz Twitter-i #Tamam haştağından yazılan postlar bürüdü. Az sonra bu haştağ qlobal trendə çevrilib.
CHP-nin əsas namizədi Muharrem İnce "Vaxtın çatdı, yetər artıq” yazıb. Ənənəvi medianın Ərdoğanı dəstəkləməsinə görə, indi Türkiyədə sosial media hökumətin əsas tənqid platformasına çevrilib.
Lakin hökumət Twitter-dəki bu etiraz dalğasını rədd edib. Rəsmilər bildirirlər ki, postların əksəriyyəti kürd PKK silahlılarının və Fəthullah Gülən tərəfdarlarının bot hesablarından göndərilib.
Hakim AKP-nin sözçüsü Mahir Ünal bu barədə deyib: "Bunların çoxu FETÖ və PKK-nın fəal olduğu ölkələrdən göndərilir. Əksəriyyəti bot hesablardır. Yunanıstandakıları da başa düşmək olar. Bəs Türkiyədəkilərə nə deyəsən?”
Ünal belə bir post yazıb: "Seçki qutusunun nə demək olduğunu bilməyən klaviatura qəhrəmanlarını iyunun 24-də gecə görəcəyik”.
Yeri gəlmişkən, Türkiyə prezidenti CHP namizədinin irəli sürülməsinə reaksiya verib. O bildirib ki, "CHP lideri özü namizəd olmaqdansa başqa bir namizəd irəli sürdü. "CHP sədri seçilə bilməyən birini namizəd verdilər. Demək ki partiyasının sədri olmağı prezidentlikdən üstün görür. Bizi hiddətləndirəcəklərini demişdilər, hiddətləndirməsələr də, təəccübləndirdilər. Bu yalançı pəhləvan heç bir işə yaramasa da, milləti əyləndirir. Bir karikatura tipinin macəralarını izləməyə davam edəcəyik. Hakimiyyət həyatımız boyu ən çox təəssüf etdiyimiz məsələlərdən biri də özümüzə uyğun çəkidə bir müxalifət görə bilməməyimizdir”, - deyə prezident vurğulayıb. Ərdoğan daha sonra isə sədri olduğu partiyanın iqtidarda olduğu müddətdə əldə etdiyi nailiyyətlərə toxunub: "AKP 2 milyon 484 min dərslik çap etdirdi, siz onları da yandıracaqsınız? 111 yeni universitet açdı, onları bağlayacaqsınızmı? 69 milyon nəfəri genişzolaqlı internetlə təmin etdi, onları kəsəcəksinizmi? 20 min kilometr yol çəkdi, onları sökəcəksinizmi? 29 hava limanı inşa etdi, bunları bağlayacaqsınızmı? 585 min yeni müəllimi işə götürdü, siz onları da işdən qovacaqsınızmı? Türkiyəyə 130 min yerlik yeni xəstəxanalar açdı, onları sökəcəksinizmi? 817 min yeni mənzil tikdi, onları sökəcəksinizmi? Yüksək sürətli qatar xətləri inşa etdi, onları sökəcəksinizmi? 5 milyon hektar sahə meşə salındı, bunların da kökünü kəsəcəksinizmi? 6 rayonda istifadə olunan təbii qazı, 78 rayona çıxartdı, bu boruları söküb atacaqsınızmı? Evləri yenidən kömür sobaları ilə qızdıracaqsınızmı? AKP Türkiyəni 16 ildə 3,5 dəfə böyütdü, siz yenidən kiçildəcəksinizmi? AKP Mərmərə, Ovit tunelini, Yavuz Sultan Səlim körpüsünü ölkəyə qazandırdı. Siz bunları dinamitlə yerlə-bir edəcəksinizmi? AKP "Fərat qalxanı” əməliyyatı həyata keçirdi və "Zeytun budağı” əməliyyatı ilə Afrində 4423 terrorçunu məhv etdi, 4 min kilometrlik sahə terrorçulardan alındı, siz buraları yenidən terrorçularamı buraxacaqsınız? Millətimizin qarnının bunların quru dilinə tox olduğunu bilirik. Bunların qarşılarında yola yeni çıxan çıraq yoxdur, bir kapitan var”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər