• cümə, 29 Mart, 19:14
  • Baku Bakı 14°C

Türkiyə, Rusiya və İran prezidentləri İstanbulda bir araya gələcək

10.02.18 09:00 943
Türkiyə, Rusiya və İran prezidentləri İstanbulda bir araya gələcək
Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı” əməliyyatı nəticəsində 1062 terrorçu məhv edilib. Əməliyyatın 21-ci günündə terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 34 terrorçusu zərərsizləşdirilib. Terrorçuların sığınacaq yeri, silah-sursat anbarı da daxil olmaqla, 19 hədəf məhv edilib. "Zeytun budağı” əməliyyatı çərçivəsində Qırıqxan-Hassa-Dəli Osman bölgəsindəki 65 kilometrlik sərhəd xəttinin 47 kilometrlik hissəsində Türkiyə Silahlı Qüvvələri və ASO-nun yaratdığı mövqelər birləşdirilib.
Mövqelərin birləşdirilməsi TSQ-ya kəşfiyyat məlumatlarının daxil olması prosesini də sürətləndirib. Təhlükəsizlik qüvvələri döyüş meydanında üstünlüyün artması ilə birlikdə kəşfiyyat məlumatları axınının da 20 yanvar tarixi ilə müqayisədə 16 dəfə yüksəldiyini bildirib. Əldə olunan məlumatların PUA-lar tərəfindən dəqiqləşdirildiyi və PKK-nın mülki vətəndaşlar vasitəsilə bölgəyə 3 min terrorçu gətirdiyi vurğulanıb.
Əməliyyatların miqyasını genişləndirən Ankara sonuncu terrorçu məhv edilənə qədər prosesi dayandırmayacağını bəyan edir. Bununla belə, rəsmi Ankara regional oyunçuların iştirakı ilə problemin həlli istiqamətində addımlar atmaqda davam edir. Türkiyənin müdafiə naziri Nurəddin Canikli ABŞ-dan olan həmkarı Ceyms Mattsla görüşəcək. Bunu ABŞ-ın müdafiə naziri C.Matts deyib. Gələn həftə baş tutacaq görüşdə Suriyadakı vəziyyət, o cümlədən ABŞ hərbçilərinin Mənbiçdən çıxarılması məsələsinin müzakirə ediləcəyi gözlənilir. C.Matts deyib ki, Mənbiç məsələsində Türkiyənin etirazları davam edir: "Ancaq indiyədək məsələ ilə bağlı heç bir dəyişiklik yoxdur”.
Ötən gün isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısıVladimir Putin arasında növbəti telefon danışığı olub. Telefon danışığı zamanı Afrin və İdlib başda olmaqla, Suriyadakı son vəziyyət müzakirə edilib. R.T.Ərdoğanla V.PutinTürkiyə, Rusiya və İran prezidentlərinin İstanbulda zirvə toplantısının keçirilməsini razılaşdırıblar. Zirvə toplantısında Suriyadakı böhranın həlli məsələsi müzakirə olunacaq.Qeyd edək ki, üç ölkəprezidentlərininbirinci görüşü ötən ilnoyabrın 23-də Rusiyanın Soçi şəhərindəkeçirilib. Həmin görüşdə tərəflər Suriyadakı vəziyyəti müzakirə etmişdilər. Bu dəfəki görüş əslində Afrin əməliyyatlarının nəticələrinin müzakirəsi və eyni zamanda, Suriyada başlayacaq əməliyyatların üçüncü mərhələsi ilə bağlıdır.
Qeyd edək ki, Türkiyə Afrin əməliyyatlarından öncə və sonra bölgə dövlətləri ilə münasibətlərində korrektələr aparıb. Hətta əməliyyatların başladığı ərəfədə proses Tehran və Moskva ilə müəyyən mənada razılaşdırılmışdı. Qarşıdan gələn görüş də əslində Afrin əməliyyatlarının nəticələrinin müzakirəsi və eyni zamanda, Suriyada başlayacaq əməliyyatların üçüncü mərhələsi ilə əlaqədardır. Türkiyə prezidenti də bu barədə bəyanat verərək, Ankaranın növbəti hədəfinin Mənbic olduğunu deyib. Digər tərəfdən, İran Türkiyəni Suriyadan geri çəkilməyə çağırıb. Çox güman ki, sammitdə bu məsələ ətrafında da fikir mübadiləsi aparılacaq. Hər halda əməliyyatların nəticəsi ilə bağlı üç dövlət arasında müzakirələrə müəyyən mənada ehtiyac yaranmışdı. Görünür, tərəflər də məhz buna görə bir araya gəlməyə razılıq veriblər.
Ekspertlər qeyd edir ki, Ankaranın əsas məqsədi Türkiyənin daxilinə təhdid olan terror təhlükəsini zərərsizləşdirmək və terrorçu təşkilatları sərhədlərindən uzaqlaşdırmaqdır. İkinci məqsəd isə sərhəd qalxanı əməliyyatı ilə terror qruplaşmaları tərəfindən nəzarət altına alınan ərazilərin təhlükəsizliyini təmin etməkdir. Türkiyə müəyyən mənada Suriyada hədəflərinə çatdı və bundan sonra əməliyyatların növbəti mərhələsinin başlayacağı ehtimal olunur. Çünki Türkiyə ABŞ və İrana görə öz milli maraqlarından geri çəkilən deyil.
Ankarada çıxış edən prezident Ərdoğan çıxışının böyük bir hissəsini Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD-ə mənsub terrorçuları zərərsizləşdirmək, dost və qardaş bölgə xalqını təzyiq və zülmdən xilas etmək üçün yanvarın 20-də başlanan "Zeytun budağı” hərəkatına ayırıb. R.T.Ərdoğan deyib: "Suriyanın şimalında terrorla mübarizədəyik. Regionda İŞİD-lə ən fəal mübarizəni Türkiyə aparır. Keçən il Fərat Qalxanı Hərəkatı zamanı İŞİD üzvü 3 min terrorçu zərərsizləşdirildi. İndi də eynisini Afrində etmək istəyirik. Afrini də, İdlibi də həll edəcəyik. Qaçqın qardaşlarımızın yenidən öz torpaqlarına, evlərinə qayıtmasını istəyirik. 3,5 milyon qaçqını biz burada - Türkiyədə həmişəlik saxlaya bilmərik. Onlar da tezliklə öz torpaqlarına qayıtmaq istəyir.Türkiyənin Suriya ərazilərindən çıxmasını istəyən bəzi ölkələrə isə deyirik: "Necə ola bilər ki, PKK, İŞİD, ABŞ, Rusiya, İran, Fransa, İngiltərə, hətta İsrail və neçə-neçə ölkə müxtəlif bəhanələrlə Suriyada olsun, amma Türkiyə 911 kilometrlik sərhəd xəttinin olduğu Suriyada ola bilməsin? Belə bir şey ola bilərmi? 700-ə yaxın atəş açdılar, 100-ə yaxın qardaşımız şəhid oldu. Biz hələ də tamaşa etməliydik? ABŞ-a dəfələrlə terrora qarşı birgə mübarizə aparmaq təklifi etdik. Ancaq ABŞ terrorçularla birlikdə hərəkət etməyi üstün tutdu. Türkiyə də terrorla mübarizəni öz imkanları ilə aparmağa qərar verdi”.
Öz növbəsində, Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin Türkiyə ilə əlaqəli qəbul etdiyi qərar barədə açıqlama yayaraq, bu qərarın Türkiyənin qarşı-qarşıya olduğu şərtləri başa düşməkdən uzaq olduğunu bildirib. Açıqlamada qeyd edilib ki, Avropa Parlamentində qəbul edilən "Türkiyədə mövcud insan haqları durumu” başlıqlı qərar təhlükəsizlik şərtləri baxımından həyati sınaqların mövcud olduğu bir coğrafiyada yerləşən və həmin bölgədə sabitlik ünsürü kimi qala bilməsini təmin etmək üçün YPG/PYD, PKK, İŞİD, FETÖ və oxşar terror təşkilatlarına qarşı mübarizəsini qətiyyətli şəkildə davam etdirən Türkiyənin qarşı-qarşıya olduğu şərtləri başa düşməkdən uzaq bir qərardır. Qərar, sadəcə tənqid məqsədli, müxtəlif mənbələrdən əldə edilən əsassız iddiaların yer aldığı bir sənəddir. Açıqlamada "Zeytun budağı” hərəkatının Birləşmiş Millətlər Konvensiyasının 51-ci maddəsində yer alan özünümüdafiə hüququ çərçivəsində, əlaqəli BMT Təhlükəsizlik Şurası qərarlarına və beynəlxalq hüquqa uyğun həyata keçirildiyi qeyd edilib.
Açıqlamada o da qeyd olunub ki, Türkiyənin bölgədə ciddi fədakarlıqlarla davam etdirdiyi terrorla mübarizə hərəkatı barədəki tənqidlər Avropa Parlamenti daxilindəki bəzi ünsürlərin əsasən bu mübarizənin Avropa üçün daşıdığı həyati əhəmiyyəti başa düşmə qabiliyyətindən məhrum olduğunu göstərir: "Öz binasında terror təşkilatının əsgilərinin asılmasına icazə verən Avropa Parlamentinin belə bir qərar qəbul etməsi təəccüb doğuran hal deyil. Bu qərarın Türkiyə üçün heç bir mənası yoxdur”. Qeyd edək ki, Avropa Parlamenti Baş Məclisinin dünən qəbul etdiyi qərardaTürkiyənin terror təbliğatı aparan insanlara tətbiq etdiyi qanuni sanksiyalar tənqid edilmişdi.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər