• cümə axşamı, 25 aprel, 10:06
  • Baku Bakı 14°C

Türkiyə-Rusiya barışığı regiona nə vəd edir?

12.10.16 13:33 1068
Türkiyə-Rusiya barışığı regiona nə vəd edir?
Türkiyə ilə Rusiya arasında münasibətlər təyyarə böhranından əvvəlki vəziyyətə qayıtmaqdadır. Belə ki, oktyabrın 10-da Türkiyənin İstanbul şəhərində öz işinə başlayan 23-cü Dünya Enerji Konqresinin açılış mərasiminə Rusiya prezidenti Vladimir Putin də qatılıb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşləri baş tutub. Hər iki dövlət başçısı münasibətlərin bərpasından məmnun görünüb. Görüşdən sonra isə Rusiya ilə Türkiyə arasında "Türk axını” üzrə saziş imzalanıb. Bu cür gedişatın regiona nə vəd etdiyini politoloqlarla müzakirə etdik.
Politoloq Elxan Şahinoğlu qəzetimizə açıqlamasında dedi ki, adətən Enerji Konqresində dünya liderləri iştirak etmirlər. Ancaq Ərdoğan bu Konqres vasitəsilə rusiyalı həmkarı Putini ölkəsinə dəvət etmək imkanı qazanmışdı. Öz növbəsində Rusiya prezidenti bu imkandan istifadə etdi: "Putinin birinci məqsədi Konqresdə iştirakı və çıxışı vasitəsilə enerji mövzusunda beynəlxalq aləmə mesajlar göndərmək idi. İkinci məqsədi İstanbulda Ərdoğanla mühüm sazişlərə imza atmaq idi. Rusiya prezidenti hər iki məqsədinə nail oldu. Putin son iki ildir ki, Qərb ölkələrinə səfərlər edə bilmir. Onun bu cür tribunaya ehtiyacı var. İki dövlət arasında yeganə fikir ayrılığı yaradan mövzu Suriyadır ki, buna da çarə tapıblar”.

Politoloqun fikrincə, Putinin İstanbula səfəri və Ərdoğanla görüşü son dərəcə səmərəli keçdi. Sanki iki dövlət arasında münasibətlər heç gərginləşməmişdi: "Putinin Konqresdə çıxışının əsas qayəsini bu sözlər təşkil etdi - "Dünyanın neft və qaz kimi enerji resurslarına hələ çox ehtiyacı olacaq”. Bu, Qərbə mesaj idi. Səfərin ikinci hissəsi Ərdoğanla ikitərəfli görüşə həsr edildi. Demək olar ki, iki ölkə arasındakı münasibətlər təyyarə vurulmamışdan öncəki strateji tərəfdaşlıq illərinə qayıtdı: İstanbulda "Türk axını” sazişinə imza atıldı; Rusiya Türkiyədə Akkuyu nüvə elektrik mərkəzini inşa edəcək; Rusiya öz bazarını yenidən Türkiyənin kənd təsərrüfatı malları üçün açdı; Hər iki ölkədə turizm sərgiləri keçiriləcək; İki ölkənin ordu komandanlıqları və kəşfiyyat xidməti rəhbərləri əlaqəli şəkildə fəaliyyət göstərəcəklər. Bir səfər üçün bu, çox böyük nəticədir”.

E.Şahinoğlu onu da diqqətə çatdırdı ki, İstanbul Konqresində Azərbaycan prezidentinin iştirakı da əhəmiyyətli idi: "O, birinci hissədə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin əhəmiyyətindən danışdı, bunun daimi olacağını bir daha xatırlatdı və 15 iyulda çevriliş cəhdinin qarşısının alınmasına görə Ərdoğanı və türk millətini təbrik etdi. İkinci hissədə Azərbaycanla Türkiyənin bölgənin iki əsas enerji oyunçusu olduğunu bildirdi. Azərbaycan prezidenti icra edilən və planlaşdırılan layihələrin dünya üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Konqresdə 3 ölkənin prezidentlərinin yanaşı əyləşərək bir-birləri ilə söhbət etmələri diqqətçəkici idi. Bu görüntü ondan xəbər verir ki, Rusiya, Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığın genişlənməsi həm bu ölkələrin, həm də bölgənin xeyrinədir. Sadəcə, Ermənistanın Azərbaycana qarşı işğalını davam etdirməsi və Rusiyanın Ermənistan hakimiyyətə təsir edib ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirməməsi bölgədə sülh və əmin-amanlıq üçün başlıca maneədir. Kremlə aydın olmalıdır ki, Rusiya-Türkiyə-Azərbaycan üçlüyünün siyasi, iqtisadi və hərbi zəmində yaxın inteqrasiyası Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir”.

Politoloq İlqar Vəlizadə söhbətimiz zamanı dedi ki, Rusiya-Türkiyə münasibətləri əsasən enerji siyasəti üzərində qurulub və layihələrin reallaşmasında təkcə bu ölkələr yox, regionlar da maraqlıdır: "Ortada külli miqdarda pul və siyasi nüfuz məsələsi dayanır. Hətta münasibətlərin soyuq olduğu vaxtlarda da işlək qurumlar fəaliyyətdə idi. Münasibətlərin düzəlməsindən cəmi bir-iki ay keçəndən sonra bu sazişlər ərsəyə gəldi. Bunu belə az vaxtda hazırlamaq mümkün deyil. Deməli, münasibətlər mürəkkəb olanda da iş davam edib. "Türk axını” layihəsi ərsəyə gələndə tərəflər diametral mövqelərdə dayanırdılar. Əsas investor kimi Rusiya çıxış edirdi. Hazırda ümumi razılaşma əldə olunsa da, detallar barədə hələ danışıqlar gedir. Düşünürəm ki, bu məsələ Azərbaycan üçün də sərfəlidir. Bildiyiniz kimi, "Türk axını”nın sonra TANAP-a qoşulması haqda danışıqlar var. Qaz daha sonra TAP vasitəsi ilə Avropaya ötürüləcək. Bu, imkan yaradır ki, infrastruktur tam olaraq qazla təmin edilsin. Bildiyiniz kimi, bu layihə 31 milyard kubmetr qaz ötürmək imkanındadır. Azərbaycan onun 15-17 milyardını təmin edə bilir. Qalan boşluğu doldurmaq üçün Rusiya qazından istifadə oluna bilər. Ona görə də bu məqam həm Rusiyaya, həm də Azərbaycana sərf edir”.

Politoloqun fikrincə, İstanbulda əslində rəqib ölkələrin əməkdaşlığı göründü: "Hətta bəzi rusiyalı ekspertlər hələ də yaranmış vəziyyəti dərk etmirlər. Çünki ciddi rəqabət olduğunu düşünürlər. Deyirlər ki, Rusiya və Azərbaycan Avropa bazarında ciddi rəqibdirlər. Həyat göstərir ki, münasibətlər artıq başqa mərhələyə keçib. Buna rasional əsas var. Onlar özləri bilirlər ki, şiddətli rəqabət qazın qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər. Təbii ki, bunu istəmirlər. İnfrastrukturu tikmək üçün buna külli miqdarda pul xərcləyirlər və qoyulan pulu yalnız qazı satmaqla götürürlər. Kor-koranə rəqabət qaz həcminin artmasına və qiymətlərin düşməsinə gətirib çıxaracaq. Bunu nə Rusiya, nə də Azərbaycan istəyir. Regionda yeni siyasi vəziyyət yarana bilər. Düşünürəm ki, əməkdaşlığı pozmaq istəyən qüvvələr hər üç tərəfə qarşı çıxış etməyə məcbur olacaq. Nəticədə bu üçtərəfli münasibət daha da sıxlaşa bilər. Çünki əməkdaşlığın əsasında uzunmüddətli mənfəət və gəlirlər dayanır”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər