• cümə axşamı, 25 aprel, 15:11
  • Baku Bakı 23°C

Türkiyə rus bazarındakı mövqeyini bərpa edə biləcəkmi?

22.09.16 14:25 781
Türkiyə rus bazarındakı mövqeyini bərpa edə biləcəkmi?
Təyyarə qalmaqalından sonra böhran yaşayan Rusiya-Türkiyə münasibətləri sürətlə nəinki əvvəlki mövqeyinə qayıtmaqdadır. Tərəflər bir vaxtlar dondurulmuş layihələri önə çəkir, ikitərəfli ticarət dövriyyəsini qaldırmaq barədə danışırlar. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Türkiyənin "Dünya” qəzetinə verdiyi müsahibədə də bildirib ki, iki ölkə arasında münasibətlər nəinki əvvəlki dövrünə qayıdacaq, hətta yeni qapılar da açılacaq. Türk iş adamlarına səslənən səfir Rusiyada yeni bölgələrin kəşf edilməsini və investisiyalar üçün daha aqressiv addımlar atılmasını təklif edib. Diplomat təyyarə qalmaqalı ilə pozulan münasibətlərin normal axara dönməsinə rəğmən, səhvlərin təkrarlanmaması üçün keçmişin unudulmamasının zəruriliyini vurğulayıb. Səfir "iki ölkə prezidentinin keçirdiyi görüşlər gərginliyi aradan qaldırıb” sualına cavab olaraq "ötən yeddi ay iki ölkənin bir-birinə nə dərəcədə ehtiyac duyduğunu, qarşılıqlı dostluğun və işbirliyinin önəmini üzə çıxarmış oldu” deyib. Diplomat əlavə edib ki, təəssüf ki, təyyarə qalmaqalı ticarət münasibətlərində mənfiliklər də yaşadıb: "İnanıram ki, yaxın vaxtlarda ticarətdəki əvvəlki templərə qayıdacağıq, yeni qapıları da aça biləcəyik. İki ölkə prezidentləri əvvəlcə Sankt-Peterburqda, sonra isə Çində görüşdülər, aralarında telefon danışıqları da aparıldı. Bürün bunlar gərginliyin üstündən xətt çəkmiş oldu - səhifə bağlandı. Türkiyəyə qarşı Rusiyanın tətbiq etdiyi iqtisadi sanksiyalar mütəmadi olaraq aradan qaldırılmağa başladı”. Diplomat hesab edir ki, Türkiyəyə qarşı həyata keçirdikləri addımların ləğvi hüquqi zəmində həllini tapır: "Sanksiyalar prezidentlər, hökumətin qərarları ilə həllini tapır. Məsələn, Türkiyəyə ilk carter səfəri edilib və son həftələr içində yüzlərcə rus turisti buraya axın edib. Mətbuat səhifələrində turistlərin gül dəstələri ilə qarşılandığı barədə yazılar dərc edildi. Hər dinin ən önəmli özəlliyi bağışlamaq qabiliyyətidir. Bizim dinimiz də bu var. Amma unutmaq bizim üçün mümkün olmayacaqdır. Keçmişimizi unutmamalıyıq. Keçmişdəki səhvləri təkrarlamamaq üçün”.
Diplomat daha sonra ortaq dəyərlər, Avrasiya İqtisadi İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunub. Onun sözlərinə görə, Rusiya Türkiyə ilə bu təşkilatlar çərçivəsində əməkdaşlıq etməyə hazırdır. "Hər iki ölkənin lideri sadəcə bu günü deyil, münasibətlərin sabahını da düşünür. Konkret olaraq Avrasiya İqtisadi İttifaqına beş ölkə üzv olub. Bunların içində Türkiyə ilə ortaq iqtisadi münasibətləri olan ölkələr var - Rusiya və Qazaxıstan. Amma bu layihədə Türkiyə də böyük önəm kəsb edə bilər. Çünki Rusiya həm Asiyada, həm Avropada yerləşir. ŞƏT-ə gəldikdə bura yeni dövlətlərin qatılması təşkilata yeni önəm verə bilər. Qazaxıstan prezidenti Türkiyəni bu qurumda görmək istədiyini bəyan edib. Hər şey Türkiyədən asılıdır. Türkiyə ŞƏT-lə hansı formada, formatda işbirliyi quracağı məsələsində bir qərara gəlməlidir”.
Rusiyalı səfir daha sonra iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunub. Onun sözlərinə görə, Akkuyu AES-lə bağlı ciddi işlər aparılır: "Bu layihəyə strateji önəm verilməsi çox vacibdir. Türkiyə prezidenti bu statusun verilməsini Sankt-Peterburqda bəyan edib. Nüvə stansiyası üçün kadrlar yetişdirilməsi proqramı da davam edir. Hazırda 250 türk tələbə Rusiyada təhsilini davam etdirir. "Türk axını” isə bizim iqtisadi və enerji sahəsində çox önəmli bir sahədir. Ümid edirik ki, qarşıdakı aylarda bir anlaşma imzalanacaq”.
Diplomat daha sonra bildirib ki, dünyanı bürüyən iqtisadi böhran Rusiyaya da təsirsiz ötüşmədi. Buna baxmayaraq, bütün sahələri bürüyən iqtisadi gerilik artıq geridə qalıb: "İqtisadi vəziyyətimiz düzəlir. Mən sizin vasitənizlə üzümü bütün türk iş adamlarına tuturam. Cəsarətlə rus iqtisadiyyatına investisiya yatırın. Biz böhrandan əvvəl Türkiyədən bir milyard dollarlıq mal ixrac edirdik. Böhrandan sonra bunu digər ölkələrlə həyata keçirdik. Artıq Azərbaycandan, İrandan, İsraildən digər ərəb ölkələrindən mallar ixrac etməyə başladıq. Türkiyə şirkətlərinin öz payını qazanmaq üçün ciddi hədəfləri var. Onları durmadan həmin hədəfləri qazanmağa dəvət edirəm. Bu da kifayət etməyəcək. Özəlliklə türk iş adamlarına Rusiyada yeni bölgələri kəşf etmələri gərəkdir”. Diplomat onları Sibir və Uzaq Şərq bölgəsinə investisiya yatırmağa çağırıb.
Beləliklə, səfirin sözlərindən belə çıxır ki, bir vaxtlar türklərin ən iri meyvə bazarı hesab edilən Rusiya bazarı artıq əldən çıxıb. Və çətin ki, türk meyvə-tərəvəzi bir daha orada əvvəlki mövqeyini bərpa edə bilsin. O ki qaldı səfirin təklif etdiyi Uzaq Şərq, Sibir variantı - bu təklif çətin ki, türk investorlarını cəlb etsin.
Azər
banner

Oxşar Xəbərlər