• cümə, 29 Mart, 15:16
  • Baku Bakı 14°C

Türkiyə rola girə bilməyən aktyorunu itirdi - Fotolar

30.05.19 11:30 788
Türkiyə rola girə bilməyən aktyorunu itirdi - Fotolar
Onlar bir əfsanə idi - Yeşilcam əfsanəsi. Türk kino sənayesinin dəyərli simaları. Türkiyədə kino industriyasının inkişafında müstəsna xidmətləri olan sənət fədailəri. Yaşadıqları dövrün bütün çətinliklərinə, məşəqqətlərinə sinə gəldilər. İllər keçdikdə türk kino sənayesi daha çox inkişaf etməyə və dünyaya açılmağa başladı. Ancaq Yeçilcamda məşhur olan aktyorlar bir başqa sevilir. Onlar Türkiyə kino aləminin əfsanəsinə çevriliblər. Bu gün isə həmin insanlar bir-bir dünyadan köçürlər. Tarix olurlar.Mayın 28-də Türkiyənin sevilən siması, 92 yaşlı aktyor Eşref Kolçak dünyasını dəyişdi. Onun həyatı sanki bir film idi. Məşəqqətli, çətin və bir o qədər də macəra dolu bir həyat hekayəsi var.


Ömrünün müəyyən dönəmlərində dülgərlik və ayaqqabı təmirçisi olaraq çalışan aktyor, Yeşilcam siması olan Hülya Koçigitin "Film kimi həyatlar” verilişində özü haqqında ətraflı məlumat verib. Ölümündən bir neçə ay öncə çəkilən verilişdə mərhum sənətkar özünü belə təqdim edib: "1927-ci ilin 28 yanvarında Ərzurumun İspir şəhərində dünyaya göz açmışam. Sənət sevdam fərqli olub. 1944-cü ildə Atilla Revü Musiqili Teatrında çalışmışam. 1945-ci ildə Səs Teatrında işləmişəm. Mən aktyor olmaq üçün heç bir universitet təhsili almamışam. Peşəkar aktyor olmaq üçün kitablara ehtiyac yoxdur. 50 kitab oxusan, 10 universitet bitirsən belə, əgər yaradan sənə o özəlliyi verməyibsə, heç bir zaman sənətçi ola bilməzsən. Həyatda oxumaqla hər şeyə nail ola bilərsən, amma sənətçi ola bilməzsən. Bunu özümdən yola çıxaraq deyirəm. Misal üçün, rəhmətlik oğlum Harun dünyaca məşhur bir musiqiçi idi. Ancaq mənim əlimə hər hansı bir musiqi alətini versəniz, onu dınqıldada da bilməyəcəyəm”.


Eşref Kolçak bəyənmədiyi ssenaridə çalışmadığını və rol aldığı 100-dən çox Yeçşilcam filmlərinin hər birinin ssenarisi ilə ayrı-ayrı tanış olduğunu deyib: "Əvvəl ssenarini oxuyurdum, əgər özümü orada görürəmsə, oynayırdım. Mən rola girə bilmirəm, oynayıram. Dünyanın heç bir yerində "artist” kəlməsi insanları aşağılamaq üçün istifadə edilmir. Hərdən kimsə qarşı tərəfi tənqid etmək üçün "artislik etmə” kimi ifadələrini eşidirdim. Onu deyən insanlardan "artistlik nədir” soruşsanız, həmin sözün mənasını bilməz. "Ar” sənət, "tist” isə idarə etmək deməkdir. Mənim sənətə gəlişim isə təsadüf nəticəsində baş verib. Musiqili Teatrda yeni bir işçi axtarılırdı. Dostum israr etdi ki, tarda iş elanı veriblər, gedək özümüzü sınayaq. Teatra getdik, yuxarı mərtəbələri qalxdıqda otaqlara bir-bir boylanırdım, hər otaqda insanlar sənətlə məşğul idi - kimisi mahnı oxuyurdu, kimisi tamaşa oynayırdı. Mən isə belə şeyləri heç televizordan da görməmişdim. Hələ də içim sızlayır ki, məni teatra aparan dostumu işə qəbul etmədilər, məni qəbul etdilər. İlk dəfə o il səhnəyə çıxdım. Səs Teatrında çalışarkən bizi filmlərə rəqs səhnələrinə dəvət edirdilər. O zaman Türkiyədə yeni-yeni filmlər çəkməyə başlayırdılar. Bizdən də epizodik rollarda arxa cərgədə rəqs edən, çay gətirən, yoldan keçən kimi istifadə edirdilər. 1949-cu ildə İskənduruma qastrol səfərinə getdik. Rejissor dostum Şinasi Özonuk mənə dedi ki, 10 gündən sonra film çəkəcəyəm və sən orada oynayacaqsan. Dostum sözünün üstündə duran, güvənilən insanlardan deyildi. Çox tərəddüddən sonra onunla görüşə getdim. Mənə bir ssenari verdi, dedi ki, bunu oxu, sabah bu obrazı oynayacaqsan. O zaman "Bağışla məni, Allahım” filminə çəkildim. Film hazır olandan sonra çox təəccübləndim. Orada oynayanın özüm olduğuna inana bilmədim. Mənim Eşref Kolçak olmama səbəbim məhz həmin film oldu. Bundan sonra filmlərin davamı gəldi - "İslamoğlu”, "Namus borcu”, "Ölüm busəsi”, "Düşmən qardaşlar”, "Qanunsuzlar”, "Filinta Qədri”, "Gecələrin hakimi”, "Kimsəsiz Həsən”, "Qismətin önünə keçmək olmaz”, ”Gecə quşu”, "Küçə uşağı”, "Fədakar ana”, "Unudulmayanlar”, "Əvvəlcə xəyallar ölür”, "Fırat”, "İtirilən illər”, "Şərəf sözü”, "Silah dostları” və 100-dən çox filmlərdə maraqlı obrazlar yaratdım. Türkiyə kino tarixində ilk dəfə filmlərim 8 kinoteatrda eyni vaxtda göstərildi. Bir anda məşhur olmuşdum”.

Aktyor ömrünü son günlərini giley edərək keçirdi. Yeşilcam aktyorlarına kifayət qədər qiymət verilmədiyini dilə gətirməkdən çəkinmirdi: "Təəssüflər olsun ki, bu gün dünyanın heç bir yerində olmayan vəziyyətdəyik. Bu gün həyatını teatra verənlər həyatda deyillər və aclıq, səfalət içində ölüb getdilər. Mən də ölüb gedəcəyəm. Bizim kino aktyorlarımız aclıq və səfalət içində ölüb getdilər. Həyat yoldaşımın məzarının yanında özümə yer almışam və oğlumu da anasının qoynunda yatızdırmışam. Həyat yoldaşımın məzar daşına "evimin xanımı, övladımın anası və mənim xanımım” yazdırmışam. 56 il onunla evli qaldım. 56 il evimi açarla açmamışam. Onun üçün çox darıxıram.... Sizə deyim ki, öz yükümü kiməsə buraxıb getmək istəmirəm. Həyatda başqa kimim var? Həyat yoldaşımı, övladımı itirmişəm. Bunun üçün də öz məzar daşımı özüm hazırlatdırmışam. Qəbiristanlıqda həyat yoldaşımın yanında özümə yer hazırlatdırmışam. Məzar daşına isə "Kino gələcək nəsillər üçün canlı məktubdur” yazdırmışam”.


50 il öncə çəkildiyi filmlər indi də baxılır, sevilir, izlənilir. Çox möhtəşəm rejissorlarla işlədiyini deyən aktyor, gənclərə məsləhət verməyi də özünə borc bilirdi: "Əgər aktyor çəkildiyi filmdə özündən bir parça görməzsə, işindən zövq almaz. Bizim ən böyük qazancımız insanlara oynamağımızdır. Ekrem adlı bir dostum var idi. O, mənə balıq tutmağı təklif etdi. Filmlərə çəkilmədiyim, türk kinosunun durğunluq dövründə iki il balıqçılıqla məşğul oldum və balıq tutmaqla çəkildiyim filmlərdən daha çox pul qazanırdım. Ondan sonra yenidən kinoya qayıtdım. Kaş ki, qayıtmazdım... Dünyanın hər yerində imzalı şəkillərim var, amma öz ölkəmdə məni sənətçi olaraq görmürlər. Dövlətimiz bizi sənətçi olaraq görmür. Vergi almağa gələndə məni sənətçi kimi qəbul etmədilər”.

Mərhum sənətkarın oğlu Harun Kolçakın ölümü onu həyatdan qoparmışdı. Oğlunun ölümündən sonra mətbuat nümayəndələri "Övladınızı necə xatırlayırsınız?” sualı ünvanlayanda heç cür övladının ölümünü qəbul edə bilmədiyini demişdi: "Oğlum üçün darıxanda şəklinə baxıram, içimdə "sanki qapı döyüləcək və bir yerdən çıxacaq” kimi bir hiss var. İstəyirəm ki, Harun könlümdə necə qalıbsa, elə yaşasın. Və hər zaman ona deyirdim ki, sən mənim üçün xəstəxanada həkimlərin mənə verdiyi o balaca Harunsan. Mənim gözümdə böyüməmişdi, hər zaman uşaq idi. Onun gözü açıq getmədi, xoşbəxt və rahat vəfat etdi. Mən həyatımın ən böyük acısını 1947-ci ildə 20 yaşımda anamı itirməklə yaşadım. İndi oğlum ölüb deyə, özümü yerlərə atsam, paralasam əlimə nə keçəcək? Oğlum bu dünyadan köçdü və indi də növbə mənimdir. Oğlumu anasının qoynuna verdiyim üçün rahatam. Onlar ana-oğul bir-birlərini çox sevərdilər. Oğlumun məzar daşına onun ifa etdiyi "Gir qanıma” mahnısının sözlərini yazdırdım ”.


Sənətçi 92 yaşında zəmanənin insanlarını anlamadığını deyirdi: "Mən bildiyim qədər, insanlar dəfn mərasimlərinə yaxınlarının dərdinə şərik olmaq üçün gedir. Ancaq oğlumun dəfnində şəkil çəkdirən insanları gördüm. Hətta, bu da kifayət eləmirmiş kimi, cənazəyə gələn sənətçilərlə şəkil çəkdirmək üçün sıraya duran insan tipləri ilə rastlaşdım. İndi nə ölüyə, nə diriyə hörmət var. Təsəvvür edin ki, oğlum ölüb, onun yanına getmək istəyirəm. Amma məşhurlarla şəkil çəkdirmək istəyən adamlar mənə imkan vermir. Bu, necə bir zəmanədir? Hər şey görüntü üçündür? Selfi edincə, dua et, qardaşım”. Bu ifadələri səsləndirən mərhum sənətkar hardan biləydi ki, oğlu üçün səsləndirdiyi bu fikirləri gün gələcək dostları onun üçün səsləndirəcək. Mayın 28-də dünyasını dəyişən mərhum sənətçinin dəfn mərasimində sənət dostları, məşhurlar da iştirak etmişdi və türk mediasının yazdığına görə, cənazəni yerdən götürmək mümkün olmayıb. Dəfndə yas tutanlardan daha çox, şəkil çəkdirənlər olub.


Ömrünün son günlərində bu dünyanı tərk edəcəyindən sanki xəbərdar idi. Jurnalistlərlə görüşəndə yaşamaq üçün can atmadığını deyirdi: "Mən də bir gün öləcəyəm. İnsanların bu cəhənnəmdə yaşamaq üçün can atmalarına heç cür haqq verə bilmirəm”.

Mərhum sənətkar, Gemlik Mərkəz məscidində yuyularaq Gemlik şəhər məzarında, oğlunun yanında dəfn edilib.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər