Türkiyə QHT-ləri “Metsamor”un əleyhinə aksiyalara başlayır

Türkiyə QHT-ləri “Metsamor”un əleyhinə aksiyalara başlayır

Siyasət
31 Oktyabr 2012, 08:25 1525
Ermənistanda fəaliyyət göstərən “Metsamor” Atom Elektrik Stansiyası yenidən gündəmə gəlib. Bəlli olduğu kimi, stansiyanın istismar müddəti bir-iki ilə başa çatır. Onun ətraf ölkələr üçün ciddi təhlükə yaratdığı dəfələrlə beynəlxalq səviyyədə müzakirə olunsa da, bir nəticə hasil olmur. Türkiyənin “Hürriyət” qəzetində dərc edilən “Sərhəddə nüvə təhlükəsi» başlıqlı məqalədə də bu məsələyə toxunulub. Məqalədə göstərilir ki, Ermənistan hökuməti oktyabrın 18-də kritik bir qərar qəbul edərək Türkiyə sərhədlindən 16 km kənarda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının 2023-cü ilə qədər işlətməkdə davam edəcəyini bəyan edib: “Metsamor AES-in fəaliyyətinin uzadılması ilə bağlı bu ölkənin enerji naziri Armen Movsisyan açıqlama verib. O bildirib ki, aparılan hesablamalar stansiyanın ömrünün daha 10 il müddətinə uzadıla biləcəyini ortaya qoyub”. Məqalədə qeyd edilir ki, halbuki, daha əvvəl bildirilirdi ki, stansiyanın istismar müddətinin 2016-cı ildə başa çatacağı gözlənilir. Hətta iqtisadi məsələlər üzrə Ermənistan-ABŞ hökumətlərarası komissiyanın iclasının yekununa dair Ermənistanın energetika naziri və ABŞ-ın bu ölkədəki səfiri Con Heffern anlaşma memorandumu imzalayıblar. Sənəddə həmçinin iki ölkənin atom enerjisi sahəsində əməkdaşlığı qeyd edilir. “Biz bu sahədə Ermənistan ilə əməkdaşlıq etmişik və bundan sonra da edəcəyik” - deyə ABŞ-ın İrəvandakı səfiri deyib. Xatırladılır ki, “Metsamor”un törədə biləcəyi fəsadlar, təhlükələr dəfələrlə qeyd olunub. Buna baxmayaraq, stansiyanın fəaliyyəti dayanmaq əvəzinə, müddəti artırılır.

Məqalədə o da qeyd edilib ki, Türkiyənin Avrasiya Strateji Təhlil Mərkəzi ölkənin qeyri-hökumət təşkilatlarını (QHT) Ermənistandakı “Metsamor” AES-nin region üçün ciddi təhlükə kəsb edən bir obyekt kimi fəaliyyət göstərməsinə qarşı etiraz aksiyalarına başlamağa çağırıb. Mərkəzin rəhbəri Hatəm Cabbarlı öz məruzəsində göstərir ki, “Metsamor” AES-də mümkün qəza regionda qlobal ekoloji fəlakətə səbəb ola bilər ki, bu da Gürcüstan, Türkiyə, İran və Azərbaycana təsir göstərə bilər. Cabbarlı xatırladıb ki, analoji kampaniya vasitəsilə gürcü QHT-ləri Bakı-Tbilisi-Ceyhan neft kəməri marşrutunun dəyişdirilməsinə və onun çəkildiyi ərazilərin sakinlərinə kompensasiyanın verilməsinə nail olublar. “Türkiyə QHT-ləri də artıq belə kampaniyalara başlamalıdır, əks təqdirdə bizi qlobal fəlakət gözləyir” - deyə mərkəz rəhbərinin məruzəsində bildirilir. Qlobal İnkişaf Qrupundan ekspert Nuran Yüse isə qəzetə bildirib ki, nüvə stansiyaları onsuz da təhlükəlidir. İşlənmə müddətinin uzadılması isə təhlükəni daha da artırır: “Nə qədər təhlükəsizlik tədbirləri görülürsə görülsün, nüvə stansiyalarında qəza riski yüksəkdir. Nüvə stansiyalarının təhlükəsizliyi həddən artıq maliyyə istəyir. Şirkətlər də təhlükəsizliyə sərf olunan maliyyəni azaltmağa çalışırlar. Bütün nüvə stansiyaları təhlükəlidir. Amma “Metsamor” ömrünü başa vurduğu üçün onun təhlükəsi daha yüksəkdir”.

Məqalədə qeyd edilib ki, Ermənistanın böyük təhlükə riski sayılan “Metsamor” Atom Stansiyasının işlətmə dövrünün uzanması barədə xəbərlərə Ankaradan vaxtında etirazlar gəlib. Türkiyədən Ermənistana “Metsamor”u ya müasirləşdirin, yadaki bağlayın” mesajı verilib. Məqalədə qeyd edilib ki, Türkiyə sərhədində yerləşən “Metsamor” AES-lə bağlı Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyi Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə dəfələrlə müzakirələr aparıb: “Türkiyə Ermənistanda AES-in bağlanmasının lehinə çıxış edir və bu istiqamətdə fəal iş aparır. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, “fəaliyyət müddəti artıq tükənmiş AES və digər atom elektrik stansiyaları region və dünya üçün təhlükə mənbəyidir. Buna görə də Türkiyə “Metsamor” AES-in fəaliyyətinin dayandırılması üçün zəruri addımlar atır. Nazirlik nümayəndələri istismar müddəti başa çatan stansiyanın fəaliyyət müddəti uzadılması yox, bağlanması zəruridir. Ancaq Ermənistan bu stansiyanı nə müasirləşdirir, nə də ki, bağlayır”. Məqalədə daha sonra bildirilir ki, Türkiyə nümayəndələri qeyd ediblər ki, hər üç ildən bir MAQATE-nin ev sahibliyi ilə nüvə məsələləri üzrə danışıqlar aparılır: “Türkiyə nümayəndələri orada Metsamordakı texnologiyanın köhnə olduğunu və ömrünü başa vurduğunu söyləyirlər. Artıq bu məsələnin həll olunmasını gözləyirik. Ancaq ortada böyük bir fəaliyyətsizlik görünür. Yeni müzakirələr də apara bilərik”.

Məqalədə o da qeyd edilib ki, Türkiyə Böyük Millət Məclisində “Metsamor” AES-in ətraf mühitə göstərdiyi mənfi təsirin qiymətləndirilməsi üçün komissiyanın yaradılması gözlənilir. Eyni zamanda AES-in Türkiyənin sərhəd bölgələrində ekoloji mühitə təsiri ilə bağlı da araşdırmanın nəticələri təqdim ediləcək. Türkiyə deputatları bu məsələni Türkiyə, Azərbaycan və Gürcüstanla birgə müzakirəsinin aparılmasını və stansiyanın bağlanmasını beynəlxalq təşkilatlar səviyyəsində müzakirəsinə nail olmağı irəli sürüblər. Bəzi məlumatlara görə, artıq Türkiyənin Ermənistanla sərhəd bölgələrində mutasiyaya uğrayan heyvanlara rast gəlinir: Yeni dünyaya gələn uşaqlarda ciddi xəstəliklər də müşahidə edilir. Sərhəd boyu bitki örtüyü quruyub. Bunu nəzərə alan bir qrup türk deputat parlament spikerinə “Metsamor”un Türkiyə üçün yaratdığı risklərin araşdırılması üzrə komissiya yaradılması haqqında təklif təqdim edib: “Stansiya Türkiyə sərhədindən 16 km məsafədə, seysmik zonada yerləşir. 1988-ci ildə 25 min nəfərin həyatına son qoyan dağıdıcı zəlzələdən sonra stansiyaya ciddi ziyan dəyib və sonrakı üç ayda radiasiya sızması baş verib. Ermənistan hakimiyyəti stansiyanı bağlayıb, lakin 1993-cü ildə o, yenidən açılıb”. Türkiyəli deputatlar təklifdə Ermənistan hakimiyyətini “regionun təhlükəsizliyi məqsədilə” AES-i bağlamağa çağırıblar və əlavə ediblər ki, Türkiyə parlamenti stansiyanın Türkiyənin şərq əyalətləri üçün yaratdığı potensial risklərin araşdırılması, habelə “1988-ci il zəlzələsinin stansiyaya və bütünlükdə regiona mənfi təsirinin” öyrənilməsi üçün qurum formalaşdırmalıdır.

Qeyd edə ki, Ermənistandakı AES-də Rusiyanın VVER- 440 tipli iki enerji bloku quraşdırılıb. Onların ümumi gücü 815 MVt təşkil edir. AES-in birinci bloku 1976-cı ildə, ikinci isə 1980-ci ildə istismara verilib. 1989-cu ilin əvvəllərində stansiya siyasi səbəblərdən bağlanıb, 1995-ci ildə isə hazırda fəaliyyət göstərən 404 MVt gücündə ikinci blok işə salınıb. Ermənistanda istehsal olunan elektrik enerjisinin təxminən 40%-i həmin AES-in payına düşür.

Azər NURİYEV