• şənbə, 20 Aprel, 02:48
  • Baku Bakı 15°C

Türkiyə növbəti faciə yaşadı

13.12.16 11:35 770
Türkiyə növbəti faciə yaşadı
Son bir ildə artıq ona yaxın terror aktını yaşayan qardaş Türkiyədə həftə sonu növbəti faciə baş verib. İstanbulda həyata keçirilən iki ayrı bomba hücumu nəticəsində ölənlərin sayı 44-ə çatıb, 155 nəfərin isə yaralandığı bildirilir. Şəhid olanlardan 31-i polis əməkdaşıdır. Yaralıların 14-nün vəziyyəti ağırdır. Hökumət hücumların hədəfinin çevik polis qüvvələri olduğunu bildirib. Baş nazirin müavini Numan Kurtulmuş hadisələrə görə şübhəlinin PKK olduğunu söyləyib. Onun məlumatına görə, çevik polis qüvvələrini hədəfləyən hücumlarda azı 300-400 kiloqram parladıcı maddə istifadə edilib.

Az sonra İstanbulda törədilmiş bomba hücumlarına görə məsuliyyəti TAK (Kürdüstan Azadlıq Şahinləri) qruplaşması öz üzərinə götürüb. Təşkilat bildirib ki, hücumları Abdullah Öcalanın həbsdə olması və cənub-şərqdəki əməliyyatlara görə törədib. Türkiyə hökuməti TAK və PKK-nı eyni təşkilat hesab edir. PKK isə TAK-la heç bir əlaqəsi olmadığını deyir.
Onlarla HDP-çi saxlanıldı
Terror aktından sonra Xalqların Demokratik Partiyasının (HDP) müxtəlif şəhərlərin vilayət və əyalət rəhbərliklərinə qarşı həyata keçirilən əməliyyatlar nəticəsində onlarla insan saxlanılıb. İstanbul, Ankara, Adana, Manisa, Hakkari və Mersində 235 nəfər həbs edilib. Həbs edilənlərin 118-i HDPüzvüdür. Həmçinin İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyi Sultangazi, Arnavutköy, Küçükçekmece, Bağcılar, Esenyurt rayonlarında HDP-lilərin ola biləcəyi çox sayda ünvanda axtarış tədbirləri keçirib.

Öz növbəsində Türkiyə Parlamentində AKP, CHP və MHP hücumları qınayan birgə bəyanat verib. Bəyanatda "Terrorçular ya yox olacaq, ya da ədalətə hesab verəcək. Biz, kədərimizin ortaq olduğunu və hər cür siyasi düşüncə fərqliliyini bir kənara qoyaraq bu dərin kədəri paylaşdığımızı, ürəyimizdə hiss etdiyimizi xüsusilə ifadə edirik” deyilib.
Ərdoğan: "Biz bu yola kəfənlərimizi geyərək çıxdıq”
Prezident Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı bildirib ki, "əgər bizi bunlarla qorxutmağı hədəfləyirlərsə, biz qorxub meydanı bu alçaqlara, bu fahişələrə buraxacaq qədər alçalmadıq. Biz bu yola çıxarkən kəfənlərimizi geyərək çıxdıq”. O əlavə edib ki, hücumları edənlər ağır bədəl ödəyəcək. Millətə müraciət edən Ərdoğan bildirib: "Terror bəlası ilə mübarizəmiz axıradək davam edəcək. Matçdan sonra azarkeşləri əmin-amanlıq içində stadiondan çıxarıb daha sonra avtobuslara minmək üçün hazırlaşan bu gənc polis əməkdaşlarımıza əl istehsalı olan partlayıcılar yerləşdirilmiş maşınla iki ayrı yerdə bu terrorçular xain şəkildə hücum etdi. Bu xain terror aktı ürəyimizi yandırdı. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ailələrinə səbirlər diləyirəm. Millətimizin başı sağ olsun”. Dövlət başçısı bu kədərli hadisədən sonra Qazaxıstana səfərini təxirə salıb, İstanbulda Polis Müdirliyində təşkil edilən mərasimdə iştirak edib.

Hücumlarda həyatını itirən polis və hüquq-mühafizə işçiləri üçün Aksaray İstanbul Polis İdarəsi qarşısında mərasim keçirilib. Mərasimdə çıxış edən daxili işlər naziri Süleyman Soylu bildirib ki, "şəhidlərimizin önündə o insanlıqdan çıxmış alçaqlara deyirik ki, şəhidlərimizin intiqamını alacağıq: havada, quruda, dənizdə qanlarını yerdə buraxmayacağıq”.
Dəmirtaş "terror” kəlməsini işlətmədi
Ədirnə həbsxanasında saxlanılan HDP həmsədri Səlahəddin Dəmirtaş İstanbul terror aktına münasibət bildirib. Hər fürsətdə PKK-nı müdafiə edən, hücumlarda özünü partladan terrorçuların dəfninə qatılan və qardaşı PKK rəhbərliyində təmsil olunan kürd separatçı açıqlamasında "terror” kəlməsini belə işlətməyib: "Bütün toplumu, xalqımızı şiddət qarşılığında barış, qardaşlıq, demokratiya va azadlıq duyğuları ətrafında ümidlə bir arada durmağa dəvət edirəm. Şəraitimiz nə qədər çətin olursa-olsun, müqəddəs hesab etdiyimiz sülhü müdafiə etməkdən imtina etməməli, ümidimizi itirməməliyik. Bu çətin dövrü mübarizə ilə aşaraq, ölkəni stabil mərhələyə çıxarmağı bacarmalıyıq”.
Az sonra isə onun həbsxanada infarkt keçirdiyi xəbəri yayılıb. Bu barədə HDP sözçüsü Ayxan Bilgən məlumat verib.
"İndependent”: "Ankara terrorizmə qarşı daha sərt mübarizə aparacaq”
Qərb mətbuatı terror aktına ən müxtəlif münasibət ortaya qoyub. İngiltərənin "İndependent” qəzeti İstanbulda baş verən terror hücumundan yazıb. Qəzet rəsmi Ankaranın bundan sonra terrorizmə qarşı daha sərt mübarizə aparacağını proqnozlaşdırıb: "Ərdoğan hökumətinin ilk reaksiyasında, inqilab cəhdindən sonra olduğu kimi, qisasa çağırış hiss olundu. Rəsmilər partlayışdan dərhal sonra intiqamın alınacağına söz veriblər. Hadisənin arxasında kimin və yaxud hansı qrupun dayandığını bilmək, əslində, ədalətin bərqərar olması baxımından çox vacibdir. Ancaq indi vacib olan həm də türk hökumətinin kimi günahlandırmasıdır. Günahlandırılan isə kürdlərin PKK-sıdır. Türkiyənin son hadisələrə görə kürd separatçılarına qarşı hərbi əməliyyatları gücləndirəcəyi gözlənilir”.
PKK-ya bağlı təşkilatlara 30 milyon avro yardım ayrılıb
Avropada fəaliyyət göstərən PKK-ya bağlı təşkilatların illik 30 milyon avro yardım aldığı bəlli olub. Bu barədə məlumat Türkiyə kəşfiyyatının hesabatında qeyd olunub. Aİ tərəfindən terror təşkilatı elan edilməsinə baxmayaraq, PKK-nın qitədə sərbəst fəaliyyətinin təmin olunduğu bildirilib.

"İstanbul terror aktını PKK, İŞİD və ya başqa terror təşkilatının törətməsi əsas deyil, əsas məsələ bu qruplaşmaların ipinin Qərbin kəşfiyyat orqanlarının əlində olmasıdır”. Bunu "Aydınlıq” qəzetinə müsahibəsində Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş kəşfiyyat rəisi İsmayıl Haqqı Pekin söyləyib. Qərbi tənqid edən general PKK-nın sıxışdırılmasının çoxlarına sərf etmədiyini açıqlayıb: "PKK ilə AKP arasında aparılan açılım prosesinin sonlandırılmasından sonra türk ordusu terror təşkilatına qarşı böyük əməliyyat başlatdı. PKK öz xəndəyində basdırıldı. Bu vəziyyət ABŞ və Aİ-ni narahat etdi. 24 iyulda PKK-nın hədəf alınmasından sonra terror hücumları artdı. Bəzən PKK, bəzən İŞİD, bəzən də başqa terror təşkilatı aktivləşdirildi. Bunların hamısı eyni hədəf üçün hərəkət edir. ABŞ və Aİ Türkiyəni yenidən PKK ilə masaya oturtmaq istəyir. Ankara bu istəkləri qəbul etməsə, ona qarşı təhdidlər yaranacaq. ABŞ-la Aİ artıq indidən Türkiyənin önünə onu nə ilə təhdid edəcəklərini qoyublar. Birincisi, onlar Türkiyənin cənub-şərq bölgəsini qan çanağına döndərəcəklər. İkincisi, Türkiyədə daxili savaş yaradıla bilər. Bundan başqa, qərb bölgələrində destabilizasiya, sonda isə iqtisadi xaos yaradılacaq”.

İsmayıl Haqqı Pekin terror aktlarının artmasının məntiqi izahını belə verib: "Onlar təzyiqlərinin fayda vermədiyini görəndə, terror hücumlarını artırdılar. ABŞ Konqresinin suriyalı müxaliflərə müdafiə silahları vermək haqqında qərarı artıq Ankaranın əleyhinədir. Hazırda ABŞ-ın Suriyadakı quru qoşunları PYD-dir. Keçmişdə müxaliflərə verilən "Doçka” silahlarının böyük qismi Türkiyəyə gətirildi. Bu silahlarla helikopterimiz vuruldu və çoxlu sayda şəhid verdik. ABŞ Konqresinin qərarı ilə silahların birbaşa PKK-ya gedəcəyi aydındır. PKK son illər həm daxildə, həm də xaricdə böyük itkilər verib. İndi alacaqları silahlarla türk hərbi təyyarə və vertolyotlarını hədəf alacaqlar. ABŞ Suriyada Aralıq dənizinə qədər uzanan bölgədə dəhliz yaratmaq istəyir. Bunun üçün PYD-dən istifadə edir və Türkiyəni bunu qəbul etməyə məcbur edir”.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər