• şənbə, 20 Aprel, 03:19
  • Baku Bakı 15°C

Türkiyə-NATO əməkdaşlığı bitir?

17.03.17 09:30 795
Türkiyə-NATO əməkdaşlığı bitir?
İllər uzunu Türkiyəni min bir bəhanə göstərməklə, öz sıralarına daxil etmək istəməyən Avropa İttifaqı qardaş ölkəyə qarşı ikili standartlar nümayiş etdirmək siyasəti yürüdür. Təəssüfedici hal ondan ibarətdir ki, başqa nüfuzlu qurum - NATO da ondan geri qalmır. Üzv dövlətə, onun terrorçu qruplaşmalara qarşı apardığı siyasətə zidd addımlar atır. Bütün bunların nəticəsidir ki, Alyansla Ankara arasında əməkdaşlıq məsələlərində mütəmadi olaraq problemlər yaşanır. "Türkiyə NATO tərəfdaşları ilə bəzi təlim planlarını və bir neçə sahədə əməkdaşlığı dayandırmağa qərar verib”.Belə bir sensasion xəbərlə nüfuzlu "Röyters” agentliyi çıxış edib. Agentliyin diplomatik mənbələrdən aldığı məlumata görə, NATO-nun 2017-ci ildə Avropa İttifaqına (Aİ) üzv olmayan ölkələrlə əməkdaşlığını nəzərdə tutan proqram bloklanıb, o cümlədən siyasi tədbirlər, təhsil proqramları, layihələr və hərbi təlimlər təxirə salınır. Türk rəsmiləri bu haqda məlumat verməyiblər.
Türkiyəni acıqlandıran Aİ ölkələrindən Almaniya və Hollandiyanın türklərin referendum öncəsi təbliğatına icazə verməməsidir. Aprelin 16-da Türkiyədə konstitusiyaya düzəlişlərlə bağlı səsvermə olacaq və Türkiyə liderləri türklərin çox olduğu Avropa ölkələrində də seçki kampaniyası aparmaq istəyirdilər. Britaniyanın "The Daily Mail”qəzeti Hollandiyada 400 min, Almaniyada isə 1.4 milyon vətəndaşlığı olan türkün yaşadığını, onların İstanbul, Ankara və İzmirdən sonra ən böyük elektorata sahib olduqlarını vurğulayır. Amma Hollandiya keçən həftə Türkiyənin xarici işlər nazirinin təyyarəsinin enməsinə icazə vermədi, iki başqa türk naziri də ölkəyə buraxmamaqla Ankaranı qəzəbləndirdi. Ancaq hər biri NATO-ya üzv olduğundan Türkiyə nə Hollandiya, nə də Almaniya ilə əməkdaşlığı bloklaya bilər. Adının açıqlanmasını istəməyən NATO rəsmisinin "Reuters”ə bildirdiyinə görə, Türkiyənin hədəfi yəqin ki, Avstriyadır. Avstriya NATO üzvü deyil, alyansa tərəfdaş ölkədir. Avstriya da türklərin referendum öncəsi tədbirlərinə icazə verməyib. Həm də ötən il Avstriya Avropa İttifaqını Türkiyənin quruma daxil edilməsilə bağlı danışıqları dayandırmağa çağırıb. Səbəb kimi Türkiyədə çevriliş cəhdindən sonra baş verənləri, 10 minlərlə adamın "təmizləmə” əməliyyatlarına qurban getdiyini, həbsə atıldığını, işdən qovulduğunu göstərib. "Hazırkı durum və bu durumun tərəfdaşlarla əməkdaşlıq proqramlarına təsiri bizi məyus edir. Türkiyə ilə Avstriyanın aralarındakı məsələni tezliklə həll edəcəklərinə ümidliyik”. NATO rəsmisi "Reuters”ə müsahibəsində belə deyib. Türkiyənin əməkdaşlıq proqramlarını blokladığını Avstriyanın Müdafiə Nazirliyi təsdiqləyib, amma bunun onlara, hələ ki, bir təsiri olmadığını bildirib.
"Reuters” isə Türkiyənin bu addımının 22 NATO tərəfdaşına, o cümlədən İsveç, Gürcüstan və Kosovo kimi Əfqanıstana missiya göndərmiş bəzi ölkələrə təsir etdiyini yazır. Daha bir NATO rəsmisi problemin siyasi xarakter daşıdığını, Türkiyədə referendum keçiriləndən, ara sakitləşəndən sonra proqramların bərpa ediləcəyinə inandığını söyləyib. NATO-ya üzv olmayan ölkələr isə Türkiyənin bu addımının əməkdaşlığı əngəllədiyini, alyans müttəfiqləri və tərəfdaşlarının birgə fəaliyyətinə zərbə vurduğunu deyirlər. Onu da qeyd edək ki, Türkiyədə baş verən son terror hadisələri, Suriyada yaşananlar Birləşmiş Ştatlarla Türkiyə arasında gərginliyi artırıb. Rəsmi Ankara Birləşmiş Ştatları terrorçu qruplaşmalara qarşı mübarizədə Ankaraya lazımi dəstəyi göstərməməkdə günahlandırıb. Gündəmə İncirlik bazası da gəlib. Belə ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyəyə dəstək verməyən ölkələrin bazada qalmalarının mənası yoxdur: "Türk xalqı ABŞ hərbçilərinin İncirlik bazasında davam edən mövcudiyyətinin lüzumluluğunu sual edir”. O deyib ki, bazadan istifadə edən ölkələr Türkiyənin əməliyyatlarına dəstək verməlidir. Bununla belə, Çavuşoğlu ABŞ-ın Türkiyənin mühüm müttəfiqi olaraq qaldığını deyib.
Qərb ekspertləri xüsusi qeyd edirlər ki, belə vəziyyət Türkiyəni Rusiyanın himayəsi altında olan təşkilatlara doğru istiqamət götürməsinə səbəb ola bilər. Artıq Türkiyə prezidenti, xüsusilə də Türkiyə - Aİ münasibətləri korlandıqdan sonra alternativ müttəfiqlər axtardığını gizlətmir. O, bir neçə dəfə Rusiya və Çinin rəhbərlik etdiyi təhlükəsizlik və iqtisadi blok Şanxay Əməkdaşlıq Təşkilatına, Avrasiya İqtisadi İttifaqına qoşulmaq marağını bildirib.
Azər
banner

Oxşar Xəbərlər