• şənbə, 20 Aprel, 02:00
  • Baku Bakı 15°C

Türkiyə NATO-dan çıxacaq?

05.02.20 16:51 2154
Türkiyə NATO-dan çıxacaq?
"National Interest”: "Alyans Türkiyənin milli maraqlarına cavab vermir”

Türkiyənin NATO-da təmsilçiliyi məsələsi yenidən gündəmi tutub. Qərb və ara-sıra Türkiyə nəşrləri xüsusilə də bu məsələni qabardır, Ankaranın sürətlə Moskva ilə yaxınlaşması fonunda üzvlüyün dayandırılmasının prioritet mövzuya çevrildiyinə toxunurlar. Məsələn, "National Interest” nəşri yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatlara son səfəri zamanı hər iki partiyanın təmsilçiləri tərəfindən ciddi tənqidlərə tuş gəlib. Müəllif vurğulayır ki, Alyans, artıq Türkiyənin milli maraqlarına cavab vermir və NATO-nun geosiyasi tendensiyaları Ankaranın Şərqə doğru istiqamət götürməsinə səbəb olur. Ardınca da bildirilir ki, ölkənin Alyansdan çıxması baş verərsə, bu presedent hal olmayacaq. Məsələn, Şarl de Qoll Fransanı 1967-ci ildə Alyansdan çıxardı. "Ankaranın NATO ilə münasibətlərində kuliminasiya anı türk Hərbi Hava Qüvvələri tərəfindən Rusiyaya məxsus Cu-24 təyyarəsinin vurulması oldu. O zaman müşahidəçilər narahat idilər ki, bu insident daha böyük miqyaslı müharibəyə çevrilə bilər. Lakin ABŞ o zaman faciənin türk versiyasını dəstəkləməkdən imtina etdi. Ərdoğan da ardınca baş verənlərə görə üzr istədi və Rusiya ilə münasibətlərin bərpası üçün əlindən gələni edəcəyinin vəd etdi. Moskva da bu müraciəti cavabsız qoymadı”, - deyə müəllif yazır. Türkiyə NATO-dan çıxacağı təqdirdə, Birləşmiş Ştatlardan və Avropadan strateji müstəqillik əldə edəcək. Bununla da, Ərdoğan bir daha mürəkkəb geosiyasi vəziyyətdə qalmayacaq. Ankara onun maraqlarını təmin etməyən NATO və Avropa İttifaqının təzyiqindən azad olacaq. Belə bir qərar Türkiyəni Alyans qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən azad edəcək, Qərbin tənqidlərindən qorxmayaraq Yaxın Şərq, Mərkəzi Asiya, hətta Afrikada nüfuzunu yüksəltmək üçün maksimal strateji rahatlıq əldə edəcək. Türkiyə Rusiya ilə tərəfdaşlıq məsələlərində də azad olacaq, özünün müdafiə sənayesini möhkəmləndirmək üçün Moskvanın texniki yardımından yararlanacaq. Daha çox Rusiya hərbi avadanlığı, məsələn C-400 hava hücumundan müdafiə sistemini əldə edəcək. Ankarada hesab edirlər ki, Rusiya tərəfi müdafiə xidmətləri göstərməkdə daha etibarlı tərəfdaşdır. Belə ki, onları Ərdoğanın müəyyən məsələlərdə sərt mövqeyi maraqlandırmır. Türk diplomatlarından biri
"Defense News”ə müsahibəsində bildirib ki, bizim Qərb ölkələrinə silah idxalımız məhduddur. Onlardan heç birinin hansısa bir sistemə monopoliyası yoxdur. Qeyri-qərb tədarükçüləri Qərb istehsalçılarını əvəzləməyə cəhd göstərirlər. Ankara kommersiya cəbhəsində aktiv şəkildə Çinin bir qurşaq - bir yol təşəbbüsünə qoşulacaq. Alyansdan çıxdıqdan sonra AKP-in Türkiyə üçün güclü dövlət statusu almaq imkanları olacaq. Bununla yanaşı, Ankaranı qondarma erməni soyqırımına görə tənqid etməyəcəklər. Məqalədə o da qeyd edilir ki, NATO-dan ayrılma və münasibətlərin pisləşməsi artıq başlayıb. Pentaqon Ankaranı "F-35 Joint Strike Fighter” proqramından çıxarıb. Səbəb də onun C-400-ləri almasıdır. ABŞ Konqresi və Senatı isə qondarma soyqırımı tanıyan qətnamə qəbul edib.
Bəziləri isə bu qənaətdədir ki, Türkiyənin Suriyanın şimalına hücumu NATO-nun hücumla əlaqədar tənqidləri və sanksiyalarla bağlı təhdidlər ilə yanaşı, dünyanın ən böyük hərbi ittifaqında böhrana səbəb ola bilər. Lakin siyasi-hərbi gərginliyin yüksək olmasına baxmayaraq, Türkiyənin 29 üzvlü ittifaqdan çıxarılması ehtimalı azdır, çünki NATO əvvəllər də gərgin vaxtlar yaşayıb və həmin gərginliklərdən çıxa bilib. 1956-cı ildə Süveyş kanalı böhranından tutmuş, 1967-ci ildə ittifaqın Fransadakı hərbi komandanlığını Belçikaya köçürməsinə, 2003-cü ildə İraq müharibəsi zamanı müttəfiqlər arasında baş verən dərin parçalanmaya qədər NATO bütün bu sınaqlardan keçib. Lakin heç bir ölkə ittifaqı tərk etməyib və ya zorla çıxarılmayıb. Bundan əlavə, Türkiyə NATO üçün böyük strateji əhəmiyyət kəsb edir. Böyük, Boğazda yerləşən bu müsəlman ölkəsi Avropa, Orta Şərq və Orta Asiya arasında həyati körpü rolunu oynayır. Bu, eyni zamanda Rusiyanın hərbi dəniz donanmasının yerləşdiyi Qara dənizə çıxan yeganə su yoludur. Türkiyə Birləşmiş Ştatlardan sonra NATO-nun ikinci ən böyük ordusu olan ölkədir və Alyans bu ölkəni tərkibində saxlamaqla qonşusu Yunanıstanla tarixi gərginliyin qarşısının alınmasına yardım edir. NATO müttəfiqləri eyni zamanda Türkiyənin cənub-şərqindəki İncirlik hərbi hava bazasını Yaxın Şərqə çıxış yolu kimi görür. Alyans İncirlikdəkı bazada havaya nəzarət əməliyyatları keçirir və ABŞ burada nüvə silahlarını yerləşdirib.
Öz növbəsində "Financial Times” isə NATO-Türkiyə böhranı ilə yanaşı, Rusiya və Türkiyənin Suriyada qarşı-qarşıya gəldiyini yazır. Müəllifin fikrincə, Ərdogan Suriyanın Hələb və İraqın Mosul regionlarına keçmiş iddiaları dirçəltməyə başlayıb. Bu, ritorika da sayıla bilər, ancaq Türkiyə artıq Suriyanın şimalında mövqelərini möhkəmləndirir və bunun bir səbəbini sərhədləri boyunca kürd separatçılarla mübarizə ilə izah edir. Rusiyanın məqsədi daha sadədir. Putin Suriyadan, Rusiyanın superdövlət kimi statusunu təsdiqlətmək üçün tramplin kimi istifadə edib. İndi bunun bir hissəsi olaraq Əsəd rejiminin ölkəyə bütövlükdə nəzarətini ələ almasını istəyir. Bu səbəbdən Moskva ilə Ankara toqquşma üzrədirlər. Türkiyənin Suriyanın şimal-qərbində mövcudluğu Rusiyadan asılıdır. Ancaq şimal-şərqdə bufer zona yaratması, Suriya kürdlərini Əsədin qucağına atıb ki, bu da Rusiya və İranın xeyrinədir”,– yazan müəllif Rusiya ilə Türkiyənin Liviyada vətəndaş müharibəsində də əks mövqe tutduğunu yazır. Üstəlik, Ərdogan ABŞ və Aİ ilə də körpülərin çoxunu yandırıb."Deyəsən, Ankara çəkə bilməyəcəyi yükün altına girib”,– məqalədə deyilir.
Azər NURİYEV


banner

Oxşar Xəbərlər