• şənbə, 20 Aprel, 07:03
  • Baku Bakı 14°C

Türkiyə müxalifəti ABŞ-a qarşı birləşdi

02.08.18 19:06 433
Türkiyə müxalifəti ABŞ-a qarşı birləşdi
Türkiyəyə qarşı təhdidlərini gücləndirən Birləşmiş Ştatlar artıq sanksiya dili ilə danışmağa üstünlük verməyə başlayıb. ABŞ Maliyyə Nazirliyi ötən gün amerikalı keşiş Endrü Bransonun işi ilə əlaqədar Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edib. Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, prezidentin göstərişinə əsasən, Maliyyə Nazirliyi Bransonun saxlanılmasında və həbsində aparıcı rol oynamış Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edib. O qeyd edib ki, nazirlərin ABŞ-ın yuridiksiyasında olan bütün hesabları və aktivləri dondurulub.
Rəsmi Ankara da ABŞ-ın sanksiyalarını cavabsız qoymaq niyyətində deyil. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın sanksiya təhdidinə cavabın Milli Təhlükəsizlik Şurasının bəyannaməsində verildiyiniifadə edib: "Bizə belə təhdid ifadələri ilə yanaşmaq heç kəsə heç nə qazandırmaz. Biz indiyədək ABŞ ilə NATO-da ən gözəl həmrəyliyi ortaya qoyduq. Hələ də NATO-da yüksək səviyyədə həmrəyliyi göstərən Türkiyəyə qarşı belə bir təhdid dilindən istifadə etmək yaraşmaz. Təhdid ifadələrinə isə əhəmiyyət vermərik”.
Öz növbəsində Türkiyə parlamentinin sədri Binəli Yıldırım rəsmi Vaşinqtonun türkiyəli nazirlərə qarşı sanksiyalar tətbiq etməyə dair qərarının qanunsuz və özbaşına olduğunu bildirib: "ABŞMaliyə Nazirliyinin Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edilməsi barədə qərarı qanunsuz və ifrat dərəcədə özbaşına qərardır”. O, sanksiyaların ABŞ-ın Türkiyənin məhkəmə orqanlarına hörmət etməməsinin göstəricisi olduğunu deyib.
Ardınca Türkiyənin Xarici İşlər Nazirliyidə ABŞ-ın təhdidlərinə qarşı hər cürtədbirləri həyata keçirəcəklərini bəyan edib:"Şübhəsiz ki, ABŞ-ınbuhərəkətləri hüquq və ədalət prinsiplərinə ziddir və bu qərar bizim hüquqlarımıza, ABŞ-Türkiyəmünasibətlərinə ziddir. Bu cür aqressiv hərəkətlərin dərhal cavabını alacaqlar”.
Önəmli olan odur ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (ÇHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İYİ Partiya ABŞ Maliyyə Nazirliyinin qəbul etdiyi sanksiya barədə qərara qarşı birgə etiraz açıqlaması yayıb.
"Son hadisələr göstərir ki, böyük dövlət olmaq iqtisadi, hərbi və coğrafi böyüklük anlamı ilə uyğun gəlmir”. Bu sözləri isə öz Tvitter səhifəsində Türkiyə prezidentinin köməkçisi Fuad Oktay paylaşıb. "Böyük dövlət olmaq beynəlxalq hüquq çərçivəsində hərəkət etmək, imzalanan razılaşmalara bağlı olmaq, ədalətə sadiq qalmaq, xalqının maraqlarını kiçik qruplardan üstün tutmamaq deməkdir. Biz bayrağı, vətəni və milləti ilə böyük dövlətik”, – deyə o bildirib.
Sanksiyaya məruz qalan daxili işlər naziri Süleyman Soylu ABŞ-ın qərarına reaksiya verib. O. jurnalistlərə açıqlamasında diqqəti FETÖ-ya yönəldib: "ABŞ-da bir malımız var, o da FETÖ-dur. Onu da orada qoymayacağıq, geri alacağıq”.
Bir faktı da qeyd edək ki, hazırda ev dustağı olan keşiş Türkiyədə terroru dəstəkləmək, FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıq etmək və s. qanuna zidd əməllərdə təqsirli bilinir. Türkiyə tərəfi əsaslandırır ki, rahibin həbsi qanunidir, onun qeyri-şərtsiz azad olunması barədə tələblər beynəlxalq hüquqa ziddir.
Yeri gəlmişkən Qərb mediası yazır ki, ABŞ-ın sanksiyaları sadəcə iki naziri əhatə edir və Türkiyə üçün ümumi yükü yoxdur. Buna görə də sanksiyaların iqtisadiyyata təsirinin böyük olmayacağı düşünülür. ABŞ-da sanksiyaları tətbiq edən qurum Maliyyə Nazirliyinin nəzdində olan Xarici Aktivlərə Nəzarət İdarəsidir (XANİ). XANİ-nin tətbiq etdiyi sanksiyalar iki əsas qrupa bölünür. Birincisi, hökumətləri hədəf alan və bütün ölkəni əhatə edir. İkincisi, real və ya hüquqi şəxslərin ölkə xaricindəki aktivlərini hədəf alır. Türkiyədə iki nazirə qarşı tətbiq olunan sanksiyalar ikinci qrupa aiddir. Birinci qrupdakı sanksiyalar tətbiq olunan ölkənin iqtisadiyyatını hədəf alan və daha geniş miqyaslı nəticələri olan addımlar olaraq qəbul olunur. Bu, ABŞ-ın Türkiyədən olan real və ya hüquqi şəxslərə qarşı ilk sanksiyası deyil. XANİ-nin sanksiya siyahısında ümumilikdə yeddi türk vətəndaşı ilə bərabər Türkiyədə qeydiyyatdan keçmiş 12 şirkət də var. Nazirlərə sanksiya tətbiq olunması ilə siyahıdakı real insanların sayı doqquza çatıb. Bloomberg-in məlumatlarına görə, ABŞ-ın iki nazirə qarşı sanksiya qərarının ardından Türkiyədə dolların türk lirəsinə qarşı məzənnəsi 5.01-ə yüksələrək bütün dövrlərin rekordunu qırıb.
Beləliklə, mövcud vəziyyət ürəkaçan deyil və hər şey Çavuşoğlunun amerikalı həmkarı ilə gözlənilən görüşündən asılı olacaq. Dünən tərəflər arasında telefon söhbəti olub. Diplomatik mənbələrin məlumatına görə, söhbət Mayk Pompeonun istəyi ilə reallaşıb. Son 15 gün ərzində 4 dəfə telefon əlaqəsi saxlayan Çavuşoğlu və PompeonunASEAN ölkələrinin xarici işlər nazirləri toplantısı çərçivəsindəbir araya gələrək görüş keçirmələri nəzərdə tutulur. Pompeo isə ötən gün bildirib ki, türkiyəli nazirlərə sanksiya tətbiqi yerində verilmiş bir qərardır. Ümumiyyətlə isə ABŞ-ın Türkiyəyə qarşı təzyiqləri fəsadlara səbəb olsa da, bunun ölkəyə ciddi zərbə vuracağı gözlənilən deyil.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər