• cümə, 29 Mart, 13:01
  • Baku Bakı 14°C

“Türkiyə Mosul xalqına dəstək üçün oradadır”

14.10.16 13:53 1080
“Türkiyə Mosul xalqına dəstək üçün oradadır”
Son günlər Türkiyənin problem yaşadığı qonşuları sırasına daha biri əlavə edilib. Suriya ilə problemləri qalan Türkiyə indi də İraqla ciddi gərginlik yaşayır. İki ölkənin liderləri səviyyəsində qarşılıqlı və kəskin bəyanatlar səslənir. Bu dəfə sərt bəyanat Türkiyə baş nazirinin müavini Numan Kurtulmuşdan gəlib. O, Ankaranın Başika düşərgəsindəki hərbi qüvvələrinə dair İraq rəhbərliyinin açıqlamalarına reaksiya verib. N.Kurtulmuş Türkiyənin Başikada hərbi qüvvə yerləşdirməsinin legitim olduğunu və zərurət davam edənədək oradan ayrılmayacağını bildirib. N.Kurtulmuş İraqın baş naziri Heydər əl-İbadinin mövzu ilə əlaqəli şərhlərinə dair suala belə cavab verib: "Əgər beynəlxalq ictimaiyyət və İraq mərkəzi hökuməti həqiqətən də İŞİD-ə qarşı mübarizə aparırsa, təcili gündəm maddələrindən biri Mosulu xilas etmək olmalıydı. Türkiyə onsuz da bu məqsədlə Mosul xalqına dəstək üçün oradadır. Lakin bu məqsədimiz gözdən yayındırılaraq mövzunun belə bir vaxtda gündəmə salınması "deyənə yox, dedirdənə bax” sözünü xatırladır. Güman ki, İraq baş naziri başqalarının təsiri ilə belə şərhlər verir”. Mosul və İraqın digər şəhərlərinin terrorçulardan təmizlənməsinə dair Türkiyənin fikirlərinin aydın olduğunu ifadə edən N.Kurtulmuş mövzunun amerikalı səlahiyyətlilər, mərkəzi İraq hökuməti və oradakı bütün tərəflərlə daha əvvəl müzakirə edildiyini qeyd edib.

Bundan bir gün əvvəl isə baş nazir Binəli Yıldırım da İraqdakı Başika düşərgəsində Türkiyənin hərbi qüvvə yerləşdirməsinə reaksiya verən Bağdad rəhbərliyini pisləyib. O, ölkə rəsmilərinin PKK mənsubu olan quldurların İraq ərazilərində gizlənmələrinə biganə qaldıqlarını vurğulayıb. Terror təşkilatı İŞİD-i Mosuldan təmizləmək üçün İraq rəhbərliyinin Amerika Birləşmiş Ştatları və digər hərbi qüvvələr ilə birgə əməliyyat başlatmağı planlaşdırdığını xatırladan B.Yıldırım Türkiyənin buna etirazının olmadığını, yalnız Mosulun demoqrafik quruluşunun qorunmasını, əməliyyatın məqsədinin məzhəb probleminin yaranmasına imkan verməmək olmasını istədiyini qeyd edib. Onun sözlərinə görə, PYD və YPG-nin, PKK-nın Türkiyə xaricindəki qruplaşmasının olduğu aşkardır: "Baxmayaraq ki, ABŞ İŞİD-ə qarşı mübarizə üçün bu iki terror qruplaşması ilə əməkdaşlıq edir, bu, qəbuledilməzdir. ABŞ-a bu barədəki fikirlərimizi və Türkiyənin bunu qəbul etməsinin qeyri-mümkün olduğunu dəfələrlə bildirdik. Bir terror qruplaşması ilə əməkdaşlıq edərək başqa bir qruplaşmanı məhv etmək olmaz. Bu səhv və imtina ediləsi siyasətdir”.

Qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə məsələni Avropa Şurasında qaldırıb. İkitərəfli görüşlərdən sonra Parlament Assambleyasında məclisə xitab edən M.Çavuşoğlu terror təşkilatlarına qarşı ayrı-seçkilik etmədən bir siyasi xətt yürüdülməsinin əhəmiyyətinə işarə edib: "Təhlükəsizliyimizi, sabitliyimizi və ortaq dəyərlərimizi hədəfə alan terror və terrorçuların öhdəsindən gəlmək üçün arasında "yaxşı” və ya "pis” deyə ayrı-seçkilik etmədən həmişə birlikdə mübarizə aparmaq lazımdır”.

Xatıraladaq ki, indiyə qədər prezident Rəcəb Tayyib Ərdoğanın qəzəbinə adətən Qərb dövlətləri tuş gəlirdi. Və Türkiyə prezidenti onları terrorizmə dəstək verməkdə, Türkiyənin daxili işlərinə qarışmaqda və ya müsəlman dünyasında qızıl və ucuz işçi axtarmaqda ittiham edirdi. Lakin indi hədəf dəyişib. R.T.Ərdoğanın "İraqın baş naziri - yerini bil!” sözləri son günlərin ən qalmaqallı bəyanatı kimi yadda qalıb. "Sən mənimlə eyni səviyyədə deyilsən. Türkiyə ordusu səndən göstərişlər alacaq deyil”, - deyə o əlavə edib: "Onu bil ki, biz istədiyimizi edəcəyik”. Məlumat üçün bildirək ki, mübahisənin yaranmasına İraqın şimalındakı türk qoşunları səbəb olub. Keçən ildən bəri Başika hərbi düşərgəsində təxminən 2000 türk hərbçisi yerləşdirilib. İraqın baş naziri Heydər əl-İbadi türk qoşunlarını "regional müharibə təhlükəsi yaradan işğalçı qüvvə” adlandırıb. Bağdad və Ankara məsləhətləşmək üçün səfirlərini geri çağırıblar. Bu qarşıdurma Mosul əməliyyatında təkcə Türkiyənin iştirakına deyil, həm də əməliyyatın özünə təhlükə yaradır. Birləşmiş Ştatların mövqeyi belədir ki, İraqdakı bütün hərbi əməliyyatlar İraq hökumətinin razılığı və qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilməlidir.

Ən maraqlı mövqeni isə Rusiya nəşrləri və ekspertləri irəli sürürlər. Məsələn "Nezavisimaya qazeta” yazır ki, Mosulun terrorçulardan azad edilməsi üzrə başlanacaq əməliyyat bir sıra regional oyunçuların - Türkiyə, İraq və İranın maraqlarının toqquşması riski yarada bilər. "ABŞ İŞİD-ə qarşı döyüşə əngəl olacaq başqa bir döyüş istəmir”. Bunu isə "Al-Monitor” qəzetinin hərbi təhlilçisi və köşə yazarı Metin Gurcan deyir. "ABŞ-ın mövqeyi belədir: əgər Türkiyə İraqda İŞİD-ə qarşı müharibə aparmaq istəyirsə, bizim çətirimiz altına gəlməlidir. Məqsəd Türkiyənin yeni oyun oynamasının qarşısını almaqdır”. Onun sözlərinə görə, Türkiyənin əsas istəklərindən biri sünni türkmənlərin məskunlaşdığı Mosula təsirini itirməməkdir.

"Türkiyənin ətrafını bürüyən düşmənçilik klubuna daha bir ölkə qoşuldu: bu, İraqdır”. Bunu isə "Gatestone”araşdırma mərkəzi İraqla Türkiyə arasındakı gərginlikdən bəhs edən məqaləsində yazıb. Müəllif qeyd edir ki, Türkiyə Mosulda İŞİD-ə qarşı aparılacaq beynəlxalq əməliyyatların ərazidəki demoqrafik vəziyyəti kürdlərin, ya da şiələrin xeyrinə dəyişəcəyindən narahatdır: "Ankara, nəzarət kürdlərin, yaxud şiələrin əlinə keçərsə, ərazidəki sünnilərin, ya da türkmanların sıxışdırılacağından ehtiyat edir”.
Azər

banner

Oxşar Xəbərlər