• çərşənbə, 24 Aprel, 17:00
  • Baku Bakı 27°C

Türkiyə məhsullarının Azərbaycanda istehsalı

31.01.20 19:33 5624
Türkiyə məhsullarının Azərbaycanda istehsalı
Ekspertlər deyirlər ki, türkiyəli iş adamlarının və biznes mühitinin Azərbaycana gəlişi, real sektorun inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək

Türkiyənin qida, sənaye, tekstil və elektronika məhsullarının ehtiyat hissələrinin bir qisminin Azərbaycanda istehsal olunması təşviq ediləcək. Bunu Trendə Türkiyənin Sənaye və Texnologiya Nazirliyindən bildiriblər. Nazirlikdən verilən məlumata əsasən, hazırda bir istiqamətdə tərəflər arasında danışıqlar davam etdirilir. Qeyd olunub ki, bütün bunlarla yanaşı, Türkiyə Azərbaycanla elmi-tədqiqat sahəsində əməkdaşlığı genişləndirəcək. İki qardaş dövlətin texnoparkları arasında əməkdaşıq da daha aktiv şəkildə həyata keçiriləcək: "Elmi-tədqiqat və texnoparklar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi əlaqələrin genişlənməsi ilə yanaşı, təcrübə mübadiləsi üçün də önəmlidir", – deyə nazirlikdən bildiriblər. Məlumata əsasən, 2020 və 2022-ci illər çərçivəsində texnoparklar arasında təcrübə mübadiləsinin aparılması üçün qarşılıqlı səfərlər təşkil olunacaq.
Bəzi Türkiyə mallarının Azərbaycanda istehsal olunmasının hansı iqtisadi üstünlükləri var? İstehsal mühitinin formalaşdırılması üçün potensial varmı?
İqtisadçı ekspert Cəfər İbrahimli qeyd etdi ki, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi kifayət qədər böyük həcmdədir: "Azərbaycandan Türkiyəyə neft-qaz ixrac olunur. Qardaş ölkədən Azərbaycana daha çox elektronika, qida məhsulları və aqrar texnika idxal olunur. İndi tələb olunan məhsulların müştərək şəkildə Azərbaycanda istehsalı nəzərdə tutulub. Təbii ki, indiki halda bu, Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Çünki bu həm də türkiyəli investorların və oradakı böyük şirkətlərin Azərbaycana gəlişi deməkdir. İnvestisiya təkcə pul demək deyil. İnvestorlar özləri ilə buraya inkişaf etmiş təcrübələrini və potensiallı kadrlarını gətirəcək. Beləliklə, Azərbaycan həm də dünya təcrübəsini mənimsəyə biləcək. İstehsalın Azərbaycanda qurulması idxaldan asılılığın aradan qaldırılması baxımından da bizim üçün vacibdir. Çünki məhsullar artıq ölkə daxilində istehsal olunacaq. Daxili bazarda istehsal olunduğuna görə, məhsulların qiyməti də münasib olacaq. İstehsalın Azərbaycanda qurulması həm də yeni iş yerlərinin açılması deməkdir. Bu gün hər bir ölkə kənardan özünə investisiya cəlb etməklə istehsalı öz ölkəsində qurmaq istəyir. Türkiyəli iş adamlarının və biznes mühitinin Azərbaycana gəlişi və burada istehsal mühitinin stimullaşdırılması real sektorun inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək. Düşünürəm ki, birgə əməkdaşlıq təkcə bizim üçün deyil, qardaş ölkə üçün də əhəmiyyət kəsb edir. Son 5 il ərzində Azərbaycanda qurulan sənaye məhəllələri və texnologiya parkları kifayət qədər müasir avadanlıqlarla təchiz olunub. Eləcə də, qida sənayesi məhsullarının istehsalı və emal müəssisələri müasir standartlara cavab verir. Türkiyə şirkətlərinin texnoparklarda, yaxud yeni yaradılan müəssisələrdə fəaliyyət göstərəcəyi bəlli deyil. İstənilən halda Azərbaycanın kifayət qədər böyük potensialı var. Kadr çatışmazlığının olacağını düşünmürəm. Ölkələr arasında münasibətlərin inkişafı üçün qanunvericilik bazası da gücləndirilib. Hesab edirəm ki, bu yatırımların Azərbaycana gəlməsi üçün hər hansı ciddi əngəl yoxdur”.
İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, Türkiyə Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında çox sıx və çoxşaxəli iqtisadi və ticarət əlaqələri qurulub: "Türkiyə Azərbaycanın ən çox investisiya yatırdığı ölkələrdən biridir. Belə ki, Türkiyədə Azərbaycanın investisiya yolu ilə yaradılan regional əhəmiyyətli müəssisələri fəaliyyət göstərir. Buna misal olaraq, "Star” neftayırma zavodunun adını çəkmək olar. Adı çəkilən müəssisə Türkiyə üçün çox böyük əhəmiyyətə malikdir. İki ölkə arasında ticarət əlaqələri və iqtisadi münasibətlər ilbəil daha da inkişaf etdirilir. Bu əlaqələr eyni zamanda, strateji xarakter də daşıyır. Azərbaycan Türkiyə iqtisadiyyatına investisiya yatırdığı kimi, eləcə də Türkiyə Azərbaycana böyük yatırımlar edib. Türkiyəli sahibkarlar Azərbaycan iqtisadiyyatının ən müxtəlif sahələrinə vəsait qoyuluşu edib. Gələcəkdə əlaqələrin daha da şaxələndirilməsi və möhkəmləndirilməsi əsas hədəflər sırasındadır. Amma hesab edirəm ki, qarşılıqlı iqtisadi və ticari münasibətlərin inkişafı yalnız alış-veriş üzərinə köklənə bilməz. Bunun üçün isə ilk növbədə istehsal müəssisələrinin yaradılmasına ehtiyac var. Bu mənada iki ölkə arasındakı qarşılıqlı əməkdaşlığın gücləndirilməsi təqdirəlayiq addımdır. Türkiyə zəngin emal sənayesinə və ənənələrinə malik bir ölkədir. Qeyri-neft sektoru məhsullarının istehsalına görə dünyanın aparıcı ölkələrindən biri hesab olunur. Maşınqayırma, elektroenergetika, qida sənayesi orada böyük inkişaf yolu keçib. Qardaş ölkədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün geniş imkanlar yaradılıb. Son illər ərzində Azərbaycan da bu istiqamətdə ciddi addımlar atır. Post-neft dövründə qeyri-neft sektorunun inkişafı bizim üçün həyati əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, qeyri-neft sektorunun inkişafı prioritetlər sırasındadır. Dövlət başçısı da bu məsələni xüsusilə diqqətdə saxlayır. İndi Azərbaycanda emal müəssisələrinin yaradılması təşviq edilir. Bütövlükdə götürdükdə, bu əməkdaşlıq hər iki tərəf üçün çox faydalı ola bilər. Xüsusilə, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı istiqamətində Türkiyənin üzərinə ciddi öhdəliklər qoyur. Bir qardaş ölkə kimi Türkiyə Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verə biləcək ölkədir. Bu sahədə onun imkanları kifayət qədər genişdir. Digər qonşu ölkələrlə müqayisədə, Türkiyə ilə əməkdaşlığın bizim üçün xüsusi strateji əhəmiyyəti də var. Hesab edirəm ki, birgə əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda müvafiq istehsal sahələrinin yaradılması olduqca təqdirəlayiq bir addımdır”.

Şəbnəm




banner

Oxşar Xəbərlər