• cümə axşamı, 25 aprel, 20:10
  • Baku Bakı 21°C

Türkiyə mediası viza rejiminin ləğvini alqışlayır

31.07.19 17:02 10102
Türkiyə mediası viza rejiminin ləğvini alqışlayır
Azərbaycan və Türkiyə arasında viza rejiminin aradan qaldırılması qardaş ölkə mediasında geniş müzakirə olunur. Əksər media vasitələri bunun onsuz da yüksək olan ikitərəfli münasibətləri daha da inkişaf etdirəcəyinə gətirib çıxaracağını bildirirlər. "Aksam”, "Sabah”, "Hürriyet”, "Star”, "Milliyet” və s. qəzetlərin məşhur köşə yazarları, telekanallar, informasiya agentlikləri bu məsələni şərh etməkdə davam edirlər. Məsələn, "haber 61” portalı yazır ki, "gözlənilən oldu və sonda Azərbaycan ilə Türkiyə arasında vizalar aradan qalxdı. Bununla da milyonlarca insan Azərbaycana getmək üçün planlar qurmağa başladılar”, - yazan müəllif daha sonra türk vətəndaşlara Azərbaycana gedərkən haralara səfər etməyi məsləhət görür.
"Azərbaycan və Türkiyə arasında münasibətlər səmimi, dost, praktiki və pozitiv strateji tərəfdaşlıq üzərində qurulub”. Bu sözləri "Anadolu” informasiya agentliyinə müsahibəsində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib. O əlavə edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafının həddi-hüdudu yoxdur. İki ölkə arasında münasibətlər ümummilli lider Heydər Əliyevin ifadə etdiyi kimi, "Bir millət-iki dövlət” prinsiplərinə əsaslanır.
"Sabah” qəzetində dərc edilən və ingilis dilində olan 'Sky is the limit' for Turkey-Azerbaijan relations, Baku's envoy to Ankara says” başlıqlı materialda xatırladılır ki, "Azərbaycan Demokratik Respublikası müsəlman Şərqində ilk dünyəvi respublika kimi 1918-ci il mayın 28-də yaradılıb. Onun əsasını qoyanlardan biri Məmməd Əmin Rəsulzadə olub. Azərbaycan Demokratik Respublikasını ilk rəsmi tanıyan dövlət isə o zaman Osmanlı imperiyası olub. Rusiya imperiyasından 1918-ci ildə müstəqillik əldə edən ADR cəmi 23 ay yaşaya bildi. Müasir Azərbaycan Respublikası müstəqilliyini 1991-ci ildə sovet imperiyasının süqutuna bir qədər qalmış əldə etdi. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim nəşrə müsahibəsində bildirib ki, sentyabrın 1-dən Azərbaycana gəlmək istəyən türk vətəndaşları üçün viza tələbləri aradan qaldırılacaq. Bu barədə razılıq Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və RəcəbTayyib Ərdoğan arasında əldə olunub. Məqalədə qeyd edilir ki, bu barədə ilk olaraq məlumatı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu yayıb. Məqalədə qeyd edilir ki, "Azərbaycan vətəndaşları Türkiyəyə vizasız səfər etsələr də, Türkiyə vətəndaşlarına ölkəmizə səfər üçün viza tələb olunurdu. Xalqlarımız arasında ortaq etnik-mədəni, tarixi köklərə, qardaşlıq və dostluq, həmrəyliyə söykənən Azərbaycan və Türkiyə əlaqələri ulu öndər "bir millət, iki dövlət” kəlamına uyğun olaraq ən yüksək səviyyədədir. İki ölkə liderlərinin səyləri ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf etməkdədir. Hərtərəfli inkişaf edən Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ölkələrimiz arasında viza sahəsində əməkdaşlığın dəyərləndirilməsini və xalqlarımızın sərbəst gediş-gəlişinin təmin edilməsi zərurətini şərtləndirir. Viza tələbinin ləğvi qərarı Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafına növbəti əsaslı töhfə olacaq”.
X.İbrahim bildirib ki, viza rejimi siyasi iradənin nəticəsində ləğv edilib. Bu qərar Azərbaycanda olan Türkiyə vətəndaşlarına çox güclü təsir edəcək. Onun sözlərinə görə, türklər Azərbaycana bir çox səbəblər üzündən, məsələn, səyahət, ailə məsələləri və biznes üçün gedirlər. Uzun zamandan bəri gözlənilən viza rejiminin ləğvi ilə bağlı danışan səfir onu da qeyd edib ki, "hər zaman qardaşlarımıza sevinc yaşatmaq əlamətdar haldır”. Səfir xüsusi vurğulayıb ki, belə qərarlar milli maraqlardan irəli gələrək qəbul edilir. "Belə bir qərarın qəbulu ikitərəfli münasibətlərdə çox ciddi stimul yaradacaq”. O, həmçinin əvvəllər belə viza tələblərinin erməni əsilli türk vətəndaşları üçün tələb edildiyini də təkzib edib. Səfir xüsusi vurğulayıb ki, hər iki tərəf hər zaman ölkələrə edilən qarşılıqlı səfərlərin sayının artırılmasına səy göstərib. "Qoy səyahətlər daha azad və sadə olsun”, - deyən diplomat əlavə edib ki, "həddən artıq sərt” viza tələbləri yersizdir. X.İbrahim vurğulayıb ki, viza rejimi ilə yanaşı, səfərlərə digər faktorlar, o cümlədən aviareyslərin sayının artırılması, dəmir yolları, yolların keyfiyyəti, ümumi iqtisadi şərtlər və iki ölkə vətəndaşlarının turist imkanları təsir edir. "Hərdənbir psixoloji baryerlər də mane olur” deyən diplomat onu da qeyd edib ki, "heç də hamı səfərlərlə bağlı qaydaları yaxşı bilmir. Bu səbəbdən də bürokratik panika başlayır”. Azərbaycanlı diplomat Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə də toxunub: "Biz Ermənistanın yeni rəhbərliyinin təşəbbüskarlığına ümid edirdik. Hələ ki, hər şey bizim gözlədiyimiz kimi getmir. Ermənistanın əvvəlki rəhbərliyinin rəhbər tutduğu taktika hazırda dəyişməyib. Lakin buna baxmayaraq, diplomatik səylər davam edir. Gözləntilər özünü doğrultmayıb, lakin potensial hələ də tükənməyib. Beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın ərazilərini qanunsuz işğal edən dövlətə qarşı ATƏT-in Minsk qrupunun həmsədrləri böyük təzyiq göstərməlidirlər”. Onun qənaətincə, belə bir hal 21-ci əsrdə qalmamalıdır: "Sadəcə, qonşu dövlətin ərazisini işğal edib qaçmaq olmaz. Özü də yaddan çıxarmaq gərək deyil ki, qonşu da onu çox asanlıqla geri qaytara bilər”.
Sonda "Sabah” nəşri xatırladır ki, BMT Təhlükəsizlik Şurasının üç qətnaməsi (853, 874 və 884) və BMT Baş Assambleyasının 19/13 və 57/298 qərarlarında Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi göstərilir. Avropa Şurası Parlament Assambleyası regionu erməni qüvvələri tərəfindən işğal edildiyini təsdiq edib. Ermənistanın Qarabağa qarşı fəaliyyəti Türkiyə ilə sərhədlərinin bağlanmasına gətirib çıxarıb. Rəsmi Ankara uzun zamandır ki, davam edən bu münaqişədə Azərbaycanın tərəfində durub. Ankara və Yerevan arasında siyasi əlaqələr Qarabağ münaqişəsi, eləcə də, Birinci dünya müharibəsində baş verən və erməni diasporu və hökumətinin "soyqırımı” adlandırdığı qətllər səbəbindən dondurulmuş vəziyyətdədir. Ankara hesab edir ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması prinsiplərinə uyğun həllini tapmalıdır.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər