• şənbə, 20 Aprel, 07:09
  • Baku Bakı 14°C

Türkiyə lirəsi böhrandan çıxacaqmı?

24.05.18 16:36 1026
Türkiyə lirəsi böhrandan çıxacaqmı?
Türkiyədə iyunun 24-də keçiriləcək prezident və parlament seçkilər ərəfəsində gərgin və narahatlığa səbəb olan proseslər yaşanır. Seçki prosesində hər şey öz axarı ilə getsə də, iqtisadi sahəyə bunu aid etmək olmur. Məsələ ondadır ki, seçki kampaniyası başlanandan bəri, lirə dollar qarşılığında dəyərini 20 faiz itirib. Bu isə idxal edilən malların qiymətinin artması və bunun nəticəsində insanların yoxsullaşması riskini yaradır. Ötən gün lirənin dəyərini beş faiz itirməsi nəticəsində bir dollar 4.80 lirə səviyyəsində qərarlaşıb. Bunun nəticəsində Türkiyənin Mərkəzi Bankı iyunun 7-də maliyyə siyasəti ilə bağlı keçiriləcək iclasdan öncə faiz dərəcələrini artırmaq kimi təzyiqlə qarşılaşır. Lakin prezident Rəcəb Tayyib Ərdoğan faiz dərəcələrinin aşağı səviyyədə qalmasını istədiyinə görə, bunun baş verəcəyi gözlənilmir.
Qərb mediası yazır ki, 1994-cü ildə İstanbulun meri seçildikdən bəri seçkilərdə bir dəfə də məğlubiyyətlə üzləşməyən hazırkı prezident Rəcəb Tayyib Ərdoğan hökuməti ciddi sınaqlar qarşısındadır. İki aparıcı kredit reytinqi agentlikləri olan Fitch və Standard & Poor's xəbərdarlıq edib ki, Türkiyənin suveren kredit reytinqinin mötəbərliyini sual altına alır. Ölkə iqtisadiyyatı xeyli dərəcədə xarici kapitala bel bağlayır. Milli valyutanın kəskin ucuzlaşması iri həcmlərdə xarici valyutada borclar alan bank və böyük şirkətləri çətin vəziyyətə salmaqla yanaşı, Türkiyədəki istehlakçıların da alıcılıq qabiliyyətini zəiflədəcək. Türkiyə enerji idxal edən ölkədir. İddia olunur ki, türk lirəsinin son həftələr ərzində zəifləməsi yanacağın qiymətlərinin artmasına, nəticədə isə dolanışığın bahalaşmasına gətirib çıxaracaq. Seçici kütləsinin dəstəyini qoruyub saxlamaq üçün hökumət seçkiqabağı dövrdə səxavətliliyini əsirgəməməyə çalışır. Vəd edildiyi kimi, təqaüd ödənişlərinə, vergi amnistiyası və ƏDV-nin endirilməsinə ayrılan xərclərin 5,6 milyard dollara çatması beynəlxalq kreditorları təşvişə salmağa yetər. Türkiyə iqtisadiyyatının necə deyərlər, "qızdırmaya” düşməsi çoxlarını nigaran etməkdədir. Lakin bazarlarda narahatlığa daha çox səbəb olan Ərdoğanın Türkiyənin monetar siyasəti barədə söylədikləridir. Bundan əvvəl, may ayında Londona 3 günlük səfəri zamanı prezident Ərdoğan böyük şirkətlərin yüksək rütbəli təmsilçiləri, bankçılar və investorlarla görüşüb. O, "Bloomberg” televiziyasına geniş müsahibə verib. Türkiyənin Mərkəzi Bankının müstəqilliyi və artan institusional zəifliyindən narahat olanları sakitləşdirmək əvəzinə, Ərdoğan iyun seçkilərindən sonra monetar siyasət üzərində nəzarətini gücləndirəcəyini vəd edib.
Öz növbəsində, ana müxalifətdən prezidentliyə namizəd Muharrem İnce günahı AKP hökumətində görür. O, Türkiyə institutlarına inamı bərpa edəcəyinə və xarici investorlara təminatların veriləcəyini vəd edib. "Mərkəzi Bank müstəqil olmalıdır, digər iqtisadi qurumlara sərbəstlik verilməlidir. Qaydalar işləməlidir”, - o deyib.
Baş nazirin müavini Bekir Bozdağ isə lirənin dəyər itirməsini Ərdoğana zərbə endirmək və seçkinin nəticələrinə təsir göstərmək məqsədilə xarici qüvvələr tərəfindən qəsd kimi qiymətləndirib.
Yeri gəlmişkən, ölkəmizin əsas ticarət tərəfdaşı olan qardaş Türkiyədə lirə ilə baş verənlər də diqqətlə izlənilir. Millət vəkili Tahir Mirkişili "Kaspi”yə açıqlamasındabildirib ki, Türkiyədə milli valyuta olan lirənin son zamanlar ucuzlaşmasının siyasi və iqtisadi səbəbləri var. "24 iyunda ölkədə növbədənkənar seçkilərin keçirilməsi siyasi səbəbləri daha da qabardıb. Daha əvvəllər də Türkiyədə seçkilər öncəsi iqtisadiyyata təzyiqlər artmış və milli valyuta öz dəyərini itirməyə məruz qalıb. Bu il sürətlə seçkilərə gedilməsi, gözlənildiyi kimi, Türkiyə ilə Avropa İttifaqı və ABŞ arasında müəyyən siyasi gərginliklərlə müşahidə olunur. Bu isə öz növbəsində qeyri-müəyyənlik ab-havası yaratmaqla, iqtisadiyyata strateji təsirlərini göstərir. İqtisadi cəhətdən isə Türkiyədə inflyasiyanın səviyyəsi yüksəkdir”, - deyə millət vəkili bildirib. Onun qənaətincə, ilin sonuna kimi 9-10% arasında inflyasiyanın olması gözlənilir. Əlavə edib ki, digər tərəfdən neftin qiymətlərinin artımı ilə xarici ticarətdə kəsir getdikcə böyüməkdədir: "İnvestorların öz fəaliyyətlərində xarici valyutaya üstünlük vermələri də ölkə daxilində valyuta tələbini artırır. Türkiyənin Mərkəzi Bankının uçot dərəcələrini artırmaq barədə qərar qəbul edə bilməməsi də lirənin dəyərinə təsir göstərən əsas iqtisadi amillərdən biridir. Düşünürəm ki, lirənin dəyərinə təsir edən siyasi amillərin taleyi tezliklə bəlli olacaq. 24 iyun seçkilərindən sonra Türkiyədə sabit hökumətin formalaşması siyasi amilləri xeyli azaldacaq. İqtisadi amillərin neytrallaşdırılması da bir çox hallarda siyasi amillərdən asılıdır. Ancaq eyni zamanda xarici ticarət kəsrini azaldılması üçün Türkiyənin yeni ixrac bazarlarına xeyli ehtiyac var və bu yöndə də əslində Türkiyə xeyli aktivlik nümayiş etdirir” Millət vəkili sonda bildirib ki, Türkiyə lirəsini ucuzlaşması, digər tərəfdən, Türkiyə məhsullarını ixrac üçün ucuzlaşdırır: "2017-ci ildə Azərbaycan Türkiyəyə 1.36 milyard dollar dəyərində ixrac, 1.27 milyard dollar dəyərində isə idxal həyata keçirib. Lirənin ucuzlaşması Azərbaycan bazarında da türk mallarının ucuzlaşmasına və milli məhsullara təzyiqlərin artmasına səbəb olacaq”.
Azər
banner

Oxşar Xəbərlər