• şənbə, 20 Aprel, 10:00
  • Baku Bakı 14°C

Türkiyə Krım tatarlarını qətiyyətlə müdafiə edir

13.03.14 08:22 1112
Türkiyə Krım tatarlarını qətiyyətlə müdafiə edir
Rusiya ilə Ukrayna arasında gərginlik başlanandan bəri Türkiyə proseslərdə aktiv iştirakı ilə yadda qalır. Qanlı hadisələr başlayandan bir neçə gün sonra Türkiyə xarici siyasət idarəsinin rəhbəri Əhməd Davudoğlu Kiyevə səfər etdi, Krım məsələsi ortaya çıxanda Ukraynanın ərazi bütövlüyünün pozulmasına qarşı çıxdıqlarını dilə gətirdi. Özü də Davudoğlu siyasi gərginlik başlayandan Ukraynaya və Krıma səfər edən ilk xarici rəsmi nümayəndələrdən biri olub.
“Baş nazirimiz və prezidentin bizim Krım, ya da dünyanın hər hansı bir yerində olursa-olsun, maraqlarımıza biganə qalacağını fikrinizə gətirməyin. Qardaşlarımız hər hansı bir yerdə əziyyət çəkirsə, biz birinci olaraq onlara yardın göstərib əlimizdən gələni edirik” - deyə Əhməd Davudoğlu bildirib. Nazir Türkiyənin Krımda referendumu ləğv etməyə çağırdığını dilə gətirərək, Ankaranın Krımda vəziyyətin siyasi nizamlanması yollarını tapmaqdan ötrü əlindən gələni etməyə hazır olduğunu bəyan edib. Davudoğlu qeyd edib ki, indiyədək Ukraynada siyasi böhranın nizamlanması üçün göstərilən səylər bir nəticə verməyib. Onun sözlərinə görə, Ukraynadakı qeyri-sabit siyasi vəziyyət bütün Qara dəniz regionuna təsir edə bilər: “Ukraynanın ərazi bütövlüyü Türkiyə üçün çox önəmlidir”. Krım tatarlarının təhlükəsizliyini Ankara üçün prioritetlərdən biri hesab edən nazir Türkiyənin öz prioritetlərini müdafiə etməyə tam haqqı olduğunu da vurğulayıb. Bir faktı da qeyd edək ki, son 20 ildə Türkiyə hökumətləri Krımdakı tatarlara maliyyə, siyasi və mədəni dəstək göstərib.
Ümumiyyətlə, Türkiyədə Ukraynadakı böhran, xüsusilə də Krımda baş verən hadisələrə xüsusi diqqət verilir. Qara dənizdə Türkiyə sahillərindən 280 kilometr məsafədə yerləşən Krım yarımadasında türk mənşəli Krım tatarlarının böyük icması mövcuddur. Və onlar Rusiyanın Krıma müdaxiləsinin əleyhinədir. Ankarada dəfələrlə yüzlərlə Krım tatarının iştirakı ilə nümayişlərdə “Rusiya Krımdan əlini çək” şüarları səsləndirilib. Krım tatarlarının milli parlamentində Türkiyə təmsilçisi Zəfər Kalatay dəfələrlə Rusiyanın Krımda mövcudluğunu kəskin tənqid edib. “Tarix özünü təkrar edirmi?” sualını verən Zəfər Kalatay Krımda baş verən hadisələrin dərin narahatlıq doğurduğunu əlavə edib.
Ankaradakı aksiya böyük etnik tatar icmasının Türkiyədə keçirdiyi nümayişlərdən biri olub. Tatarlar Osmanlı imperatorluğu dövründə Rusiyadan qaçaraq, Türkiyəyə pənah gətiriblər. Daha çox ölkə daxilində baş verən hadisələrə diqqət verən Türkiyə mediası bu günlər Krımda dərinləşən böhranla bağlı məlumatlara geniş yer verir.
İstanbul Texniki Universitetindən türk xalqları məsələləri üzrə mütəxəssis Umut Üzer türklər və tatarlar arasında güclü qardaşlıq əlaqələrinin olduğunu bildirir. “18-ci əsrə qədər Krım Osmanlı imperatorluğunun bir hissəsi idi. Yəni ora türklər və müsəlmanların yaşadığı bizim ərazi idi. Xarici işlər nazirinin ora səfər etməsi və nümayəndələrlə görüşməsi Krım tatarlarının taleyinə marağı əks etdirir” - deyə o bildirir.
Bəlli olduğu kimi, Türkiyədə çox mühüm yerli seçkilərə hazırlıq gedir. İqtidarda olan Ədalət və İnkişaf Partiyasının tərəfdarlarının böyük hissəsini regionda türk xalqlarının vəziyyətinə xüsusi həssaslıqla yanaşan çoxluq təşkil edir. Türkiyə hökuməti tatarlara dəstək məsələsində qəti mövqe göstərir. Lakin professor Üzer deyir ki, Krımda vəziyyət gərginləşsə, Ankara vəziyyətə ehtiyatlı mövqedən yanaşacaq. “Böyük nümayişlər olacaq, çünki Türkiyədən xaricdə türklərin, ya da türk xalqlarının qətliamı baş versə, bu, insanları birləşdirəcək. Bu nümayişlərə millətçilər gedəcək. Lakin bu gün mən rəsmilərin hərbi yolla məsələyə müdaxilə edəcəyini gözləmirəm” - deyə professor bildirib. Etnik tatarların Ədalət və İnkişaf Partiyasının dəstəyini almaq üçün lobbiçilik səylərini gücləndirəcəyi gözlənilir. Lakin Türkiyə enerji ehtiyaclarını ödəmək üçün Rusiyadan asılıdır və ikitərəfli münasibətlərdə Suriya məsələsinə görə artıq gərginlik müşahidə edilir. Elə Davudoğlu da gərginliklərin rolunu azaltmağa çalışaraq, Ankaranın Krıma görə Moskva ilə böhranın dərinləşməsinə imkan verməyəcəyini bildirib. Təhlilçilər rəsmi Ankaranın Ukraynada hadisələr davam etdikcə ehtiyatlı mövqe tutacağını deyir.
Türkiyədə fərqli düşünənlər də az deyil. Bəzi ekspertlər hesab edir ki, 21-ci əsrdə Avropanın ən böyük böhranı hesab edilən Ukrayna qarşıdurmasına Türkiyədə az toxunulur. “Halbuki Rusiyanın Krımı işğal etməsi və Ukraynada dərinləşən böhran Türkiyənin lap qapısının ağzında regional sabitliyə və ölkənin onsuz da həssaslaşan iqtisadiyyatına ciddi ziyan vura biləcək siyasi qeyri-sabitlik deməkdir. Rusiya hərbi gəmiləri İstanbuldan görünür. Türkiyə müxalifəti də Ukraynanın ərazi bütövlüyünü öz prioriteti olaraq görür” - deyə ekspert Yəhya İldırım bildirib.
Qərb üçün ən böyük narahatlıq Rusiyanın Ukraynanın şərq hissələrini özünə birləşdirməsinin mümkünlüyü barədə olsa da, Türkiyəni ən çox narahat edən Krım tatarlarının taleyidir.
Türkiyənin Krım tatarları ilə bağlı həssaslığının tarixi kökləri var. Əsrlər boyunca Krım çoxlu əllərdən keçib. 15-16-cı əsrlərdə bura Osmanlı imperiyasının bir hissəsi olub. 1783-cü ildə ilk dəfə Rusiyaya birləşdirilib. 1853-1856-cı illərin Krım müharibəsi Rusiya və (Britaniya və Fransanın müttəfiqliyilə) Osmanlı imperiyası arasında baş vermişdi, 750 min insan bu müharibədə həyatını itirmişdi. Krım müharibəsindən sonra böyük sayda tatar Osmanlı imperiyasında yaşamağa başladı. Sayları mübahisəli olsa da, hazırda Türkiyədə Krıma güclü mədəni bağlarla bağlı olan tatar icması var. Son 200 il ərzində Krım Rusiyanın nəzarəti altında olub. Lakin 1954-cü ildə Moskva bu vilayəti Ukraynaya hədiyyə edib. Etnik ruslar bu addımın “tarixi səhv” olduğunu deyirlər. Lakin Krım tatarları onların bir vaxtlar Ukraynada çoxluq təşkil etdiklərini diqqətə çəkirlər. Onlar adadan 1944-cü ildə nasist işğalçılarla əməkdaşlıq etdiklərinə görə Stalin tərəfindən deportasiya edilmişdilər. 2001-ci ilin statistikasına görə, Krımda etnik ukraynalılar 24%, ruslar 58%, tatarlar isə 12% təşkil edib. 1991-ci ildə SSRİ dağılandan sonra tatarlar Krıma qayıtmağa başlayıblar. Bu, etnik ruslarla Krım tatarları arasında gərginliyin artmasına səbəb olub. Qanunla Krım Ukraynanın tərkib hissəsidir. Bu statusu Rusiya 1994-cü ildə ABŞ, Britaniya və Fransa ilə birgə memorandum imzalayaraq təsdiqləyib.
Muxtar respublikanın seçilən parlamenti var. Prezident vəzifəsi isə 1995-ci ildə rusiyapərəst separatçı siyasətçi böyük üstünlüklə qələbə qazandıqdan sonra ləğv edilmişdi. Onu da qeyd etmək yerinə düşər ki, Türkiyədəki abxaz və çeçen icmaları kimi, onlar da xarici siyasətdə Krım məsələlərini aktual saxlamaq üçün lobbiçilik edirlər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər