Türkiyə Konstitusiya dəyişikliyinə gedir
Türkiyə Böyük Millət Məclisi hakim AKP-nin Konstitusiyaya dəyişiklik
edilməsi ilə bağlı təkliflər paketini qəbul edib. Məclisin sədr müavini Əhməd
Aydın Konstitusiya dəyişikliyi təklifinin maddələrinin müzakirəsinin
qanunauyğun olduğunu bildirdikdən sonra təklifin birinci maddəsi oxunub. Keçirilən
gizli səsvermədə iştirak edən 480 millət vəkilindən 338-i dəyişikliyin lehinə
səs verib. 134 deputat dəyişikliyin əleyhinə çıxıb. 2 nəfər bitərəf qalıb, 5
nəfər səs verməyib. 1 millət vəkilinin səsi isə etibarsız sayılıb. Qeyd edək
ki, bununla da Türkiyədə referendumun keçiriləcəyi rəsmiləşib. Ümumxalq
səsverməsinin 2017-ci ilin yazında keçiriləcəyi gözlənilir.
Onu da qeyd edək ki, AKP-nin Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə
razılaşmasından sonra məclis rəhbərliyinə təqdim etdiyi 21 maddəlik qanun
layihəsi 18 maddəyə enib.
Bir çox maddəsində dəyişiklik edilən yeni Konstitusiya təklifində
dövlətin və icra hakimiyyətinin başçısının prezident olması, baş nazirlik
dövrünün tarixə təslim olunması, parlament və prezident seçkilərinin 3 noyabr
2019-cu ildə keçirilməsi nəzərdə tutulur.
Konstitusiya təklifindəki dəyişikliklərdən bəziləri bunlardır:
- Prezident siyasi partiyası ilə əlaqəsini kəsməyəcək və partiyanın
rəhbəri hüququna malik olacaq.
- Prezident müşavirlərini və nazirləri millət vəkilləri arasından özü
seçə biləcək.
- Prezident və TBMM-ın səlahiyyət müddəti 5 il olacaq. Yerli seçkilər
2019-cu ilin mart ayında keçiriləcək.
- Prezident nazirliklər və təşkilatların qurulması və bağlanması
barədə qərar verə biləcək.
- Prezident yüksək rütbəli dövlət rəsmilərinin təyin edilməsi
səlahiyyətinə malik olacaq.
- Prezident haqqında Məclis İstintaq Komissiyası açılması üçün 5/3
səs çoxluğu və onun Ali Məhkəməyə cəlb olunması üçün 3/2 səs çoxluğu tələb
olunacaq.
- Prezident fövqəladə hal elan etmək hüququna malik olacaq. Bundan
əlavə, millət vəkillərinin sayı 550-dən 600-ə qaldırılacaq. Millət vəkili
seçilmək üçün aşağı yaş həddi 25-dən 18-ə endiriləcək.
Tənqidçilər Ərdogan və onun tərəfdarlarının hakimiyyəti öz əllərində
cəmləşdirməyə çalışdığını iddia etsələr də, hakim "Ədalət və İnkişaf” Partiyası
ittihamı rədd edir və Fransadakı sistemi buna misal göstərirlər.
Qərb ekspertlərinin böyük bir qisim hesab edir ki, bu gün mahiyyət
etibarilə heç bir qüvvə Ərdoğannın parlament üsul-idarəsindən prezident
üsul-idarəsinə keçidi müəyyən edən yeni daxili siyasi kursuna mane olmaq
iqtidarında deyil. Qeyd olunur ki, Türkiyə yeni üsul-idarəli dövlətlərin modeli
kimi ABŞ, Rusiya və Braziliyanı əsas götürür. Qərb nəşrləri vurğulayır ki, bu
sırada daha çox Rusiya modelinə üstünlük verilir.
Onu da qeyd edək ki, R.T.Ərdoğan dövlət başçısının səlahiyyətlərini
genişləndirmək təşəbbüsü ilə iki il əvvəl, prezident seçiləndən sonra çıxış
edib. Prezident o zaman bildirmişdi ki, bu, idarəçilik sistemini
sadələşdirəcək.
Baş nazir Binali Yıldırımın qənaətincə isə yeni təşəbbüsün
gerçəkləşməsi nəticəsində ölkə dövlət çevrilişlərindən yaxa qurtara bilər.
Ana müxalifət partiyası CHP təşəbbüsə etiraz edərək bildirir ki,
Türkiyə şəraitində hakimiyyətin bir şəxsin əlində cəmləşdirilməsi qərarların
demokratik qəbul olunma əsaslarına təhlükə törədəcək.
Xatırladaq ki, yeni layihə ilə bağı müzakirələr çoxdan bəri idi ki,
davam edirdi. İyulda baş verən uğursuz hərbi qiyam isə bununla bağlı müzakirələri
sürətləndirib. Qiyamdan sonra məsələ ilə bağlı hakimiyyət müxalifət partiyaları
ilə də danışıqlar aparıb. Onların iştirakı ilə komissiya da yaradılıb.Komissiyada
hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi
Hərəkat Partiyası yer alıb. Komissiyada CHP-ni sədr müavini Bülent Tezcan,
MHP-ni isə millət vəkili Mehmet Parsak təmsil edib.Öncə CHP lideri Kamal
Kılıçdaroğlu layihəyə qarşı olmasa da, sonradan fikrini dəyişib. Ərdoğanın
prezident olmaq istəyinə qarşı bəyanatlar səsləndirən Kılıçdaroğlu, prezidentin
ölkədə müxtəlif qurumların işinə qarışdığı və xeyli insanın həbsini həyata
keçirdiyi üçün belə bir haqqı itirdiyini söyləyib. Ötən gün isə CHP-nin sabiq
başqanı, millət vəkili Dəniz Baykal referenduma çıxarılacaq konstitusiya
layihəsi haqqında sərt çıxış edib. D.Baykal fövqəladə vəziyyət rejimində
keçirilən bu referendumun xalqın iradəsinin zorlanmasına, bir nəfərin
hegemonluğunun təmin edilməsinə hesablanan bir layihə olduğunu bildirib.
CHP-nin sabiq sədri hesab edir ki, bu, sifarişli bir layihədir. "Layihənin
müəllifi bəlli deyil, amma arxasında hansı siyasi iradənin dayandığı bəllidir.
Qarşımızda millətin suverenliyinə dayanan bir əsrlik siyasi ənənəsini məhv
edəcək, milli siyasi mədəniyyətimizi çökdürəcək, suverenliyin yerinə bir şəxsin
hegemonluğunu inşa edəcək bir layihə var”, - deyə o bildirib.
O ki qaldı MHP-yə, partiyada bu məsələ ilə bağlı ikitirəlik var. MHP
başqanı Dövlət Bahçeli partiyasının Türkiyə Konstitusiyasının dəyişdirilməsinə,
prezident üsul-idarəsinin yaradılmasına dəstək verdiyini açıqladıqdan sonra
təşkilat daxilində narazılıqlar yaranıb. Partiyanın nüfuzlu üzvü Atilla Kayanın
istefasının da bundan qaynaqlandığı söylənilir.
Beləliklə, Türkiyə ciddi sınaq qarşısındadır. Dəyişikliklərə xalqın
hansı cavabı verəcəyi indi hamının diqqət mərkəzindədir. Keçirilən rəy
sorğularına görə, xalqın böyük bir qismi prezident üsul-idarəsinə keçidi dəstəkləyir.
İstənilən halda, son seçim türk xalqının olacaq.
Azər