• cümə, 19 Aprel, 02:55
  • Baku Bakı 18°C

Türkiyə Konstitusiya dəyişikliyinə gedir

11.01.17 09:00 852
Türkiyə Konstitusiya dəyişikliyinə gedir
Türkiyə Böyük Millət Məclisi hakim AKP-nin Konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı təkliflər paketini qəbul edib. Məclisin sədr müavini Əhməd Aydın Konstitusiya dəyişikliyi təklifinin maddələrinin müzakirəsinin qanunauyğun olduğunu bildirdikdən sonra təklifin birinci maddəsi oxunub. Keçirilən gizli səsvermədə iştirak edən 480 millət vəkilindən 338-i dəyişikliyin lehinə səs verib. 134 deputat dəyişikliyin əleyhinə çıxıb. 2 nəfər bitərəf qalıb, 5 nəfər səs verməyib. 1 millət vəkilinin səsi isə etibarsız sayılıb. Qeyd edək ki, bununla da Türkiyədə referendumun keçiriləcəyi rəsmiləşib. Ümumxalq səsverməsinin 2017-ci ilin yazında keçiriləcəyi gözlənilir.
Onu da qeyd edək ki, AKP-nin Milliyyətçi Hərəkat Partiyası (MHP) ilə razılaşmasından sonra məclis rəhbərliyinə təqdim etdiyi 21 maddəlik qanun layihəsi 18 maddəyə enib.
Bir çox maddəsində dəyişiklik edilən yeni Konstitusiya təklifində dövlətin və icra hakimiyyətinin başçısının prezident olması, baş nazirlik dövrünün tarixə təslim olunması, parlament və prezident seçkilərinin 3 noyabr 2019-cu ildə keçirilməsi nəzərdə tutulur.
Konstitusiya təklifindəki dəyişikliklərdən bəziləri bunlardır:
- Prezident siyasi partiyası ilə əlaqəsini kəsməyəcək və partiyanın rəhbəri hüququna malik olacaq.
- Prezident müşavirlərini və nazirləri millət vəkilləri arasından özü seçə biləcək.
- Prezident və TBMM-ın səlahiyyət müddəti 5 il olacaq. Yerli seçkilər 2019-cu ilin mart ayında keçiriləcək.
- Prezident nazirliklər və təşkilatların qurulması və bağlanması barədə qərar verə biləcək.
- Prezident yüksək rütbəli dövlət rəsmilərinin təyin edilməsi səlahiyyətinə malik olacaq.
- Prezident haqqında Məclis İstintaq Komissiyası açılması üçün 5/3 səs çoxluğu və onun Ali Məhkəməyə cəlb olunması üçün 3/2 səs çoxluğu tələb olunacaq.
- Prezident fövqəladə hal elan etmək hüququna malik olacaq. Bundan əlavə, millət vəkillərinin sayı 550-dən 600-ə qaldırılacaq. Millət vəkili seçilmək üçün aşağı yaş həddi 25-dən 18-ə endiriləcək.
Tənqidçilər Ərdogan və onun tərəfdarlarının hakimiyyəti öz əllərində cəmləşdirməyə çalışdığını iddia etsələr də, hakim "Ədalət və İnkişaf” Partiyası ittihamı rədd edir və Fransadakı sistemi buna misal göstərirlər.
Qərb ekspertlərinin böyük bir qisim hesab edir ki, bu gün mahiyyət etibarilə heç bir qüvvə Ərdoğannın parlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçidi müəyyən edən yeni daxili siyasi kursuna mane olmaq iqtidarında deyil. Qeyd olunur ki, Türkiyə yeni üsul-idarəli dövlətlərin modeli kimi ABŞ, Rusiya və Braziliyanı əsas götürür. Qərb nəşrləri vurğulayır ki, bu sırada daha çox Rusiya modelinə üstünlük verilir.
Onu da qeyd edək ki, R.T.Ərdoğan dövlət başçısının səlahiyyətlərini genişləndirmək təşəbbüsü ilə iki il əvvəl, prezident seçiləndən sonra çıxış edib. Prezident o zaman bildirmişdi ki, bu, idarəçilik sistemini sadələşdirəcək.
Baş nazir Binali Yıldırımın qənaətincə isə yeni təşəbbüsün gerçəkləşməsi nəticəsində ölkə dövlət çevrilişlərindən yaxa qurtara bilər.
Ana müxalifət partiyası CHP təşəbbüsə etiraz edərək bildirir ki, Türkiyə şəraitində hakimiyyətin bir şəxsin əlində cəmləşdirilməsi qərarların demokratik qəbul olunma əsaslarına təhlükə törədəcək.
Xatırladaq ki, yeni layihə ilə bağı müzakirələr çoxdan bəri idi ki, davam edirdi. İyulda baş verən uğursuz hərbi qiyam isə bununla bağlı müzakirələri sürətləndirib. Qiyamdan sonra məsələ ilə bağlı hakimiyyət müxalifət partiyaları ilə də danışıqlar aparıb. Onların iştirakı ilə komissiya da yaradılıb.Komissiyada hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası yer alıb. Komissiyada CHP-ni sədr müavini Bülent Tezcan, MHP-ni isə millət vəkili Mehmet Parsak təmsil edib.Öncə CHP lideri Kamal Kılıçdaroğlu layihəyə qarşı olmasa da, sonradan fikrini dəyişib. Ərdoğanın prezident olmaq istəyinə qarşı bəyanatlar səsləndirən Kılıçdaroğlu, prezidentin ölkədə müxtəlif qurumların işinə qarışdığı və xeyli insanın həbsini həyata keçirdiyi üçün belə bir haqqı itirdiyini söyləyib. Ötən gün isə CHP-nin sabiq başqanı, millət vəkili Dəniz Baykal referenduma çıxarılacaq konstitusiya layihəsi haqqında sərt çıxış edib. D.Baykal fövqəladə vəziyyət rejimində keçirilən bu referendumun xalqın iradəsinin zorlanmasına, bir nəfərin hegemonluğunun təmin edilməsinə hesablanan bir layihə olduğunu bildirib. CHP-nin sabiq sədri hesab edir ki, bu, sifarişli bir layihədir. "Layihənin müəllifi bəlli deyil, amma arxasında hansı siyasi iradənin dayandığı bəllidir. Qarşımızda millətin suverenliyinə dayanan bir əsrlik siyasi ənənəsini məhv edəcək, milli siyasi mədəniyyətimizi çökdürəcək, suverenliyin yerinə bir şəxsin hegemonluğunu inşa edəcək bir layihə var”, - deyə o bildirib.
O ki qaldı MHP-yə, partiyada bu məsələ ilə bağlı ikitirəlik var. MHP başqanı Dövlət Bahçeli partiyasının Türkiyə Konstitusiyasının dəyişdirilməsinə, prezident üsul-idarəsinin yaradılmasına dəstək verdiyini açıqladıqdan sonra təşkilat daxilində narazılıqlar yaranıb. Partiyanın nüfuzlu üzvü Atilla Kayanın istefasının da bundan qaynaqlandığı söylənilir.
Beləliklə, Türkiyə ciddi sınaq qarşısındadır. Dəyişikliklərə xalqın hansı cavabı verəcəyi indi hamının diqqət mərkəzindədir. Keçirilən rəy sorğularına görə, xalqın böyük bir qismi prezident üsul-idarəsinə keçidi dəstəkləyir. İstənilən halda, son seçim türk xalqının olacaq.
Azər
banner

Oxşar Xəbərlər