• cümə, 29 Mart, 14:26
  • Baku Bakı 14°C

Türkiyə-İran gərginliyi artır

24.02.17 09:00 725
Türkiyə-İran gərginliyi artır
Son günlərin aktual və gərginliyə səbəb olan mövzularından biri də sözsüz ki, Türkiyə-İran qarşıdurmasıdır. İki ölkənin mətbu orqanlarında, eləcə də, Qərb mətbuatında bu gərginliyi doğuran səbəblər və proseslərin gələcək taleyi ciddi müzakirəyə səbəb olub. Hələ ki, qarşıdurma diplomatların qarşılıqlı ittihamları səviyyəsindədir. Ümumiyyətlə isə iki ölkənin diplomatları arasında söz müharibəsi Türkiyə və İranın regionda nüfuz uğrunda mübarizə aparmasının göstəricisi hesab edilir. Diplomatların son çıxışları "qazanın örtülü qaynamadığını” göstərir”. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının ötən gün səsləndirdiyi fikir isə diqqət mərkəzinə düşüb. "İran bizim böyük qonşumuzdur, uzun bir sərhədimiz var. Həm ikitərəfli əlaqələrimizdə, həm də regional münaqişələrin həllində biz həmişə dialoqdan yana olduq. Amma bu, bəzi vaxtlar İran rəhbərliyinin müəyyən bölgələrdəki təbii sərhədlərini aşan nüfuz əldə etmək cəhdlərini görməməzliyə gəldiyimiz mənasına gəlməməlidir. Biz bunu Suriya və İraq ərazisində yaşamağa davam edirik. "Rejimin dəvəti ilə getdik” kimi bir arqumentin bizim üçün heç bir etibarlılığı yoxdur. Biz o rejimi onsuz da tanımırıq. Dünyada bu rejimi tanıyan neçə ölkə var görəsən? İran hansı rejimlə iş görərək oraya girib, bunun qanuni bir addım olduğunu iddia edir? Əvvəlcə bunu özlərinin aydınlaşdırması lazımdır. 600 mindən çox insanın qatili olan bir rejim ilə iş görmək beynəlxalq münasibətlər baxımından düzgün bir mövqe kimi səciyyələndirilirsə, İran buna özü qərar verməlidir”, - deyə Kalın qeyd edib.
Türkiyənin heç kimdən icazə almaq məcburiyyətində olmadığını deyən Kalın İranın Ankaranı təqdir etməli olduğunu vurğulayıb: "İran tərəfindən bizə qarşı səsləndirilən açıqlamaları izləyirik. Biz toqquşmaların, münaqişənin gərginləşdirilməsi tərəfdarı deyilik. Türkiyənin Suriya və İraq ərazisində terrorla mübarizə məsələsində mövqeyi ortadadır. Bu cür ölkələr Türkiyəni tənqid etmək əvəzinə, bizim İŞİD-lə mübarizədə ortaya qoyduğumuz səyi və fədakarlığı təqdir etməlidirlər. Bir çox ölkə İŞİD ilə mübarizə adı altında regiona dizayn verməyə, ərazi əldə etməyə çalışır. Bunun nəticələrini də görürük. İranın körfəz və region ölkələri ilə münasibətlərinin niyə sıfıra düşdüyü ortadadır. Bizim milli təhlükəsizliyimizi təhdid edən bir ünsür varsa - istər Hələbdə, istərsə də Telaferdə, Sincarda, Rakkada olsun - Türkiyə addımını atar. Bunun üçün də başqa ölkədən icazə almaq məcburiyyətində deyil”.
Qeyd edək ki, İranın Ali dini liderinin xarici məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Türkiyənin Suriyada hədəfinə çata bilmədiyini, onların Dəməşqdə namaz qılmaq istədiklərini, ancaq heç bir zaman bunu edə bilməyəcəklərini bildirib: "Çevrilişin nəticələri hələ də Türkiyədə görünür. Türkiyə Suriyadakı hədəflərinin heç birinə çata bilməyib. Onlar Dəməşqə gəlib namaz qılmaq istəyirdilər. Bunu edə bilmədilər və heç bir zaman da edə bilməyəcəklər. Zəfəri Suriya dövləti qazanacaq”.
Öz növbəsində "Global Source Partners”in biznes məsləhət şurasında siyasi təhlilçi Atilla Yeşilada hesab edir ki, İran və Türkiyə arasında rəqabət ciddidir: "Hamı bunu bilir. Onlar elə bil kiçik bir otaqda iki fildir”. Ekspertlər bildirir ki, dini məzhəbçilik şiə İran və sünni Türkiyə arasında gərginlik yaradır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üstüörtülü şəkildə İranı dini məzhəbçilikdə ittiham edir. Bu ayın əvvəli Ərdoğan Tehranın dəstəklədiyi Hizbullah qrupunu terrorçu təşkilat olmaqda ittiham edib. Tehran isə bu ittihamı rədd edir. Lakin Türkiyədə Ankaranın "çox uzağa getdiyi” ilə bağlı narahatlıqlar da səsləndirilir. Türkiyənin keçmiş yüksək səviyyəli diplomatı olmuş Aydın Selcen Ankaranın qarşıdurma mövqeyini yumşaltmalı olduğunu hesab edir. ”Bizim hərbi gücümüz nədir, xarici siyasətdə gücümüz, kəşfiyyat sahəsində gücümüz nədən ibarətdir? Biz regional qüdrətikmi? Bəli. Qlobal səviyyədə qüdrətli dövlətikmi? Xeyr. Biz bütün bu problemləri özümüz həll edə biləcək bir regional gücükmü? Xeyr. Biz İran kimi başqa regional qüdrətlərlə işləməliyik”, - deyə o bildirir.
Ekspertlər deyirlər ki, Tehran bölgədə kürdlərin üsyançı qrupu olan PKK və onunla əlaqəsi olan başqa qruplarla dil tapmağa çalışır. "İran kürd kartından istifadə edə bilər. Türkiyə İranı əvvəllər də PKK-ya sığınacaq vermək və yardım göstərməkdə ittiham edib. Lakin burada bir dilemma var. İranın özünün də kürd azlıqla problemi var, buna görə də əli yana bilər”, - deyə Al Monitor vebsaytının siyasi şərhçisi Semih İdiz bildirir. Təhlilçilər İran və Türkiyə arasında gərginliklərin iki ölkənin nüfuz uğrunda mübarizə aparmağa davam etməsi ilə artacağını gözlədiklərini bildirirlər.
Beləliklə, bütün bunlardan bir nəticəyə gəlmək olar ki, Türkiyə-İran münasibətlərində nəzərəçarpacaq gərginlik səngiyəcək, ancaq gizli qarşıdurma davam edəcək. Türkiyə və İran arasında münasibətlər heç zaman ideal olmayıb və bundan sonra da olacağı görünmür. Özü də İranın islam ölkələrinə lider dövlət olmaq istəyinə tək Türkiyə deyil, digər dövlətlər də qarşıdır. İrana ərəb dünyasında da münasibət yaxşı deyil. Səudiyyə və Qətərlə münasibətlər kritikdir və hər iki ölkə Türkiyə ilə çox yaxın münasibətləri ilə seçilir.
Azər
banner

Oxşar Xəbərlər