AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyə ilə viza məsələsində dəyişiklik yoxdur - XİN

Türkiyə ilə viza məsələsində dəyişiklik yoxdur - XİN

Siyasət
02 Sentyabr 2014, 18:05 694
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş viza rejiminin tətbiqində dəyişiklik olması barədə yayılan xəbərləri təkzib edib

XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında bildirib ki, 1 sentyabr 2014-cü il tarixindən etibarən Azərbaycanla Türkiyə arasında qüvvədə olan bir illik və çoxgirişli Azərbaycan vizası verilməsi qaydasının ləğv edildiyi barədə məlumat yanlış və əsassızdır, həqiqəti əks etdirmir.

E.Abdullayev deyib ki, vizaların verilməsi qaydalarında hər hansı dəyişiklik yoxdur: “Əksinə, Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş viza rejimi tətbiq olunub. KİV-lər bu cür yanlış, əsassız və yoxlanılmamış məlumatların yayılmasına yol verməməlidirlər”.

Azərbaycanın Türkiyədəki səfirliyi də məsələ ilə bağlı açıqlama yayaraq qeyd edib ki, Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş viza rejiminin tətbiqində heç bir dəyişiklik olmamaqla, iki qardaş ölkə arasında mövcud sadələşdirilmiş viza rejimi bu günə qədər tətbiq olunduğu qaydada davam etdirilir: “Viza rejiminin dəyişdirilməsinə dair səfirliyin mətbuat xidmətinə istinadla yayılmış məlumatlar siyasi təxribat xarakterli şayiədən başqa bir şey deyil”.

Qeyd edək ki, mətbuatda 2014-cü il 1 sentyabr tarixindən etibarən Azərbaycanla Türkiyə arasında qüvvədə olan bir illik və çoxgirişli Azərbaycan vizası verilməsi qaydasının ləğv edildiyi haqda məlumat yayılıb. Məlumatda qeyd edilib ki, yeni qaydaya əsasən, Türkiyə vətəndaşları 1 illik viza ilə Azərbaycana yalnız bir dəfə səfər edə bilər. Bu günə qədər ildə bir dəfə viza alan Türkiyə vətəndaşları bundan sonra bir ayda 3, bir ildə isə 40 dəfə viza almaq məcburiyyətində qalıblar.