AZE | RUS | ENG |

Türkiyə ilə türk dünyası arasında bir körpü

Türkiyə ilə türk dünyası arasında bir körpü
Və ya Yavuz Akpınar ərməğanı

Ankaranın "Bengü” nəşrləri seriyasından olan  "Türkiyə ilə türk dünyası arasında bir körpü: Yavuz Akpınar ərmağanı” adlı nəfis tərtibli kitab  nəşr edilib. Nazim Muradov və Yılmaz Özkayanın redaktorluğu ilə təqdim olunan  840 səhifəlik kitab Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin araşdırılmasında öncülük etmiş, Mirzə Fətəli Axundzadənin komediyalarının, bir çox bədii əsərlərin Türkiyədə nəşrində  və universitetlərdə  tədqiq olunmasında böyük xidmətləri olan professor Yavuz Akpınarın həyat və yaradıcılıq yoluna işıq salır.
Kitabın redaktorlarından və tərtibçilərindən olan Egey Universitetinin dosenti Yılmaz Özkaya deyir ki, professor Ali Yavuz Akpınar türk dünyasında böyük bir  nəslinin yetişməsində, türkçülük ənənələrinin oyanış və formalaşmasında əvəzsiz xidmətləri  olan ziyalıdır: "Bu kitabın hazırlanması da çoxdan planlaşdırılmışdı, nəhayət ki, ərsəyə gətirib, hörmətli və çox tələbkar müəllimimizin  adına layiq bir şəkildə nəşrinə nail olduq. Kitab  təkcə mənim yox,  indi Quzey Kiprdə çalışan Nazim müəllimin, eləcə də  onlarca məsləkdaşımızın, bizlərə təkcə elm yox, həm də həyat dərsləri vermiş ustadımızın adına bir ərməğandır”.
İllərdir ki, Türkiyədə Azərbaycan ədəbiyyatından və mətbuatından söz düşəndə, ilk olaraq Yavuz Akpınarın adı dilə gəlir. O, Türkiyə ilə türk dünyası, eləcə də Azərbaycan arasında canlı körpü olmuş, sovetlər dönəmində Abbas Zamanov, Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə, Həmid Məmmədzadə, Qafar Kəndli, Müsəddiq, Qulamhüseyn Beqdeli, Mirvarid Dilbazi, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və sonralar  İsa Həbibbəyli, Anar, Elçin, Kamil Vəliyev, Məmməd Aslan, Xəlil Rza, Fikrət Sadıq, Aqşin Babayev, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Əsgər Rəsulov, Vilayət Quliyev kimi  yazıçı və ziyalılarla dostluq əlaqələri qurmuşdur. Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin şeirlərini Türkiyədə ilk yayan və nəşr etdirən də o olmuşdur. Azərbaycan ədəbiyyatı, mətbuatı haqqında  bir çox elmi araşdırmaların müəllifi olan professor, bu istiqamətdə  çoxsaylı elmi işlərə rəhbərlik etmişdir.
   Yavuz müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvü, BDU-nun fəxri professorudur.  Hələ Sovet dövründə müasir Azərbaycan ədəbiyyatının qurucusu olan Mirzə Fətəli Axundzadə haqqında doktorluq işi müdafiə etmişdir. Azərbaycanın təbliğində gördüyü işlər görə, 1989-cu ildə Dövlət Mükafatına, 2017-ci ildə "İlin elm adamı” mükafatına layiq görülmüşdür. Onun Azərbaycanın mətbuat tarixinin  araşdırılmasında, Türkiyəyə və türk dünyasına təqdimatında əvəzsiz xidmətləri var. "Kaspi”nin  rəqəmsal arxivinin Almaniyadan Azərbaycana gətirilməsinə də işıq tutan o olmuş,  qəzet rəhbərliyinin səyləri ilə bu tarixi arxiv alınıb Azərbaycana verilmiş, rəqəmsal nüsxələr «Kaspi»nin elektron səhifəsində yerləşdirilmişdir.
 Türkiyədə Cənubi Azərbaycandan Səhəndin və  Şəhriyarın şeirləri, bəzi ədəbi mətinlərin nəşri İranda qadağan edildiyindən,  əlyazma şəklində əldən-ələ gəzəndə, onların Türkiyədə çapına nail olan da, məşhur «Heydərbabaya salam» poemasını Türkiyədə təqdim edən də  Yavuz Akpınar  olmuşdur. Yavuz Akpınar universitet tələbələri üçün "Çağdaş Türk ədəbiyyatları” (19-20-ci əsrlər) adlı iki cildliyin həm baş redaktoru olmuş, həm də bu əsərin giriş, Azərbaycan, Krım, Tatar ədəbiyyatları  hissələrinin müəllifidir.
Onun İbrahim Bozyellə birlikdə nəşr etdirdiyi "Qardaş ədəbiyyatlar” jurnalı  türk dünyasının tanıdılmasında çox böyük işlər gördü. Professor müsahibələrinin birində bildirir ki,  bu dərgi vasitəsi ilə  Türkiyədəki ədəbiyyat adamlarını türk xalqlarının ədəbiyyatları ilə geniş bir şəkildə tanış edə bildik. Jurnal Türkiyədə və diğər türk ölkələrində gözlədiyimizdən də çox populyarlıq qazandı. Bu gün qürurla söyləyirəm ki, bu jurnal  İrana, Çindəki uyğurlara, Kiprə, Balkanlara qədər gedib çıxırdı. Sovetlər Birliyi dağılandan sonra onun əhəmiyyəti daha da artdı. 45 sayı nəşr olunan jurnal Türkiyədə yalnız Azərbaycan ədəbiyyatını deyil, özbək, türkmən, tatar ədəbiyyatının da tanıdılmasında əvəzi olmayan xidmətlər göstərdi.
Geniş oxucu auditoriyasına təqdim olunan "Türkiyə ilə türk dünyası arasında bir körpü: Yavuz Akpınar ərmağanı” adlı nəfis  kitabda Azərbaycan ziyalılarının tanınmış nümayəndələri olan İsa Həbibbəyli, Anar, Kamil Vəliyev, Vilayət Quliyev, Egey Universitetinin professorları Aydın İbrahimov, Ürfər Nuriyevin və eləcə də türk dünyasının ünlü elm adamlarının da Yavuz Akpınar  haqqında səmimi qeydləri yer alır.
 
N.Qədimoğlu,
Türkiyə, İzmir

 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.935
GEL 1 1 Gürcüstan larisi 0.6371
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1877
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1888
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.6061
TRY 1 1 Türkiyə lirəsi 0.3174