Türkiyə ilə hərbi ittifaqı üst səviyyəyə qaldırmalıyıq
Azərbaycanın əsas strateji müttəfqinin
Türkiyə olduğu bir daha sübut olundu. Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatda
sərhəddəki son insidentdə birmənalı Azərbaycanı müdafiə etdi, xarici işlər
naziri Mövlüd Çavuşoğlu "Ermənistan ağlını başına toplasın” sözləri ilə günə
damğasını vurdu. Mövlüd Çavuşoğlunun bir cümləsi də diqqəti çəkdi. Türkiyənin
xarici işlər naziri dedi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün
hansı qərarı versə, Türkiyə Azərbaycanın yanında olacaq. Mövlüd Çavuşoğlu bu
cümlə ilə demək istədi ki, bir gün Azərbaycan öz torpaqlarını hərbi yolla azad
etməyə qərar versə, Türkiyə Azərbaycana hərbi dəstəyini əsirgəməyəcək. Xarici təzyiqlərə
rəğmən, Suriyaya, İraqa və Liviyaya ordusunu göndərməkdən çəkinməyən Türkiyə
Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Azərbaycan üçün də eyni qərarı verməkdən çəkinməyəcək.
Türkiyə hazırda Liviyada iki hərbi
baza formalaşdırmağa başlayıb. Türkiyəni Aralıq dənizində sıxışdırmaq istəyən
dövlətlər var. Türkiyə son illərdə bölgənin aparıcı gücünə çevrilib. Türkiyə
Cumhuriyyəti tarixində bu ölkə eyni zamanda sərhədlərindən kənarda 3 ölkədə -
İraqda, Suriyada və Liviyada hərbi əməliyyatlar həyata keçirir. Bu Türkiyənin
bölgədə hərbi bazalar yaratmasını da aktuallaşdırır. Vaxtilə deyirdilər ki,
Türkiyə NATO üzvü olduğundan qurumun kollektiv icazəsi olmadan başqa ölkədə hərbi
baza yarada bilməz. Ankara bu arqumenti Qətərdə hərbi baza yaratmaqla ortadan
qaldırdı. Həmin hərbi bazalar ilk növbədə Qətərin özünə lazım idi. Çünki, bir
neçə il əvvəl Qətərin qonşu ərəb dövlətləriylə münasibətləri gərginləşdi. Səudiyyə
Ərəbistanı Qətərə qarşı bir neçə maddəlik ultimatum irəli sürdü, ətrafında
ittifaq yaratmaqla Dohaya qarşı sanksiyalar tətbiq etdi. Türkiyə Qətərdə hərbi
baza yaratmasaydı, Dohanın ciddi təhlükəsizlik problemləri yaranacaqdı. Türkiyənin
Qətərdəki hərbi bazası Ankaranın bölgədə artan roluna işarə idi. Bundan sonra
Türkiyə İraqda PKK ilə mübarizə aparmaq üçün dağ massivlərində hərbi postlar
yaratdı. Əslində həmin postları da kiçik hərbi bazalar hesab etmək olar. Türkiyə
Somaliyə humanitar və iqtisadi yardım
etdikdən sonra bu Afrika ölkəsi ilə hərbi əməkdaşlıq imkanlarını hərəkətə gətirdi.
Türkiyənin Suriyada hərbi varlığı da inkarolunmaz faktdır.
Hazırda Türkiyə Liviyada möhkəmlənir.
Keçmişdə bəziləri deyirdi ki, Türkiyənin Liviyada və ya Suriyada nə işi var? Bu
sual hazırda aktuallığını itirib, Türkiyədə hakimiyyətə müxalif olanlar belə
anlamağa başlayıblar ki, Türkiyə İraqda, Suriyada, Liviyada və Somalidə hərbi
varlğını ortaya qoymasa, oralarda Türkiyəni qəbul etməyən dövlətlərin hərbi
bazaları olacaq və bu amil Türkiyə üçün gələcəkdə ciddi təhdidə çevriləcək. Bu
baş verməsin və Türkiyənin bölgədəki rolu hamıya aydın olsun deyən Ankara dost
dövlətlər və qüvvələlər hərbi əməkdaşlığını genişləndirmək siyasətinə üstünlük
verir və bu strateji baxımdan doğru siyasətdir.
Türkiyənin hərbi baza quracağı
növbəti ölkə Azərbaycan olmalıdır. Azərbaycan öz torpaqlarını azad etmək istəyir.
Biz Ermənistanla qarşı-qarşıya qalsaq Dağlıq Qarabağ və ətraf rayonların
boşaldılması məsələsini çoxdan həll etmişdik, bunu ermənilərin özləri də etiraf
edirlər. Ancaq Ermənistanın arxasında Kreml və Rusiyanın Ermənistandakı hərbi
bazaları dayanır. Azərbaycanın müdafiə naziri Zakir Həsənov da son müsahibəsində
etiraf etdi ki, 2016-cl ilin aprel savaşının 4-cü günündə Rusiyanın müdafiə
naziri Sergey Şoyqu ona zəng etdi və hücumu dayandırmağı xahiş etdi. Yəni bu zəng
olmasaydı, Azərbaycan ordusu daha çox ərazini işğaldan azad edəcəkdi. Bu ondan
xəbər verir ki, növbəti savaşda Rusiya yenidən bizə torpaqlarımızı azad etməyə
mane olacaq. Biz bu əngəllərə rəğmən, döyüşləri davam etdirsək, Rusiyanın Ermənistandakı
hərbi bazaları 1990-cı illərin əvvəllərində olduğu kimi erməni separatçılarına
dəstək verəcəklər. Bunun qarşısının almağın yolu Türkiyənin Liviyada olduğu
kimi Azərbaycanda iki hərbi bazasının yaradılmasından gedir.
Birinci baza Naxçıvanda, digəri
Abşeronda formalaşdırılmalıdır. Türkiyənin Abşeronda hərbi hava qüvvələrinin
yerləşdirilməsi zəruridir. Bu həm işğalçı Ermənistana, həm də Rusiyaya ciddi
mesaj olacaq. Biz də təhlükəsizliyimizə təminat almıq olarıq ki, kimsə Azərbaycana
hücum etməyəcək, dövlətimizi bölməyə çalışmayacaq. Bəziləri bu fikrin əleyhinə
çıxaraq deyir ki, guya Türkiyə Azərbaycanda hərbi bazalar yaratsa, biz qardaş
dövlətin təsiri altına düşəcək və ondan asılı olacağıq. Əlbəttə, hərbi
bazaların yaradılması halında Türkiyədən
asılılığımızın artacağını istisna etmirəm. Aydındır ki, bir dövlət səni
soruyursa, həmin dövlətin maraq və istəklərini nəzərə almalısan. Ancaq hazırki
vəziyyətdə hesab edirəm ki, bizim üçün vacib olan dövlətimizin təhlükəsizliyini
sonsuzadək təminat altına almaq və işğalçıya, o cümlədən onun arxasındakı dövlətlərə
və güclərə göz dağı verməkdir. Biz tək Ermənistanla bacararıq, ancaq onun
arxasındakı güclərə müqavimət göstərmək üçün Türkiyənin yardımına ehtiyacımız
var. Bunun yolunda xarici və təhllüksəzilik siyasətini Türkiyə ilə uzlaşdırmağa
dəyər. Məgər Türkiyənin hərbi bazalarının var olduğu Qətər Ankaradan tam asılı
vəziyyətə düşüb? Bəli bunun qarşlığında Qətər Türkiyəyə milyardlarla dollar
yatırım qoymağa boyun olub. Ona qalsa Azərbaycan hərbi bazalar mövzusu olmadan
da Türkiyəyə ən böyük yatırım qoyan ölkələrdəndir. Türkiyənin Azərbaycanda hərbi
bazalar yaratmasına heç nə mane olmur, yetər ki, biz bunu istəyək.
Elxan ŞAHİNOĞLU
"Atlas”
Araşdırmalar Mərkəzi