Türkiyə ilə Azərbaycan arasında daha bir körpü - Fotolar
Azərbaycan
və Türkiyə universitetləri arasında təhsil əlaqələrini möhkəmləndirmək, tələbə
mübadiləsi sahəsində mövcud olan geniş imkanları təqdim etmək məqsədi ilə
keçirilən "Türkiyə-Azərbaycan təhsil körpüsü” adlı konfrans ölkələrimiz
arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyədə olmasını bir daha təsdiqlədi.
Türkiyənin Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri Erkan Özoral da konfransı ölkələrimiz arasında təhsilin
inkişafına dəstək kimi dəyərləndirdi: "Təhsil konfransının keçirilməsi heç də təsadüfi
deyil. Bu, Türkiyə ilə Azərbaycan arasında genişmiqyaslı münasibətlərin göstəricisidir.
Bu münasibətlər heç də yaxın zamanlara aid deyil, Azərbaycan müstəqilliyini
elan etdikdən - 1991-ci ildən bəri get-gedə daha da inkişaf edib. O vaxtdan
indiyə qədər Türkiyədə təhsil alan azərbaycanlıların sayı təxminən 125 minə
çatıb. Bu rəqəm təkcə universitet sahəsində deyil, orta təhsil, ixtisas təhsili,
həmçinin hərbi, iqtisadi, mədəni sahələrə də aiddir. Hazırda Türkiyədə təhsil
alan azərbaycanlı tələbələrin sayı 14 min 800-dən çoxdur. Azərbaycanlı tələbələr
Türkiyənin hər bir vilayətində təhsil alırlar. Bu, onlara təkcə təhsil aldıqları
sahənin deyil, həmçinin Türkiyədə yaşayan insanların həyatını, ölkənin
tarixini, mədəniyyətini, həyat dərsini öyrədir. Bunun Türkiyə və Azərbaycan
arasındakı münasibətlərə böyük təsiri var. Bu, bizim bir millət, iki qardaş
olduğumuzu, sevincimizin, kədərimizin bir olduğunu anladır. Bu, Türkiyə ilə Azərbaycanı
daha da yaxınlaşdırır”. Özoral Türkiyə səfirliyinin əlaqələrimizə təsir edəcək,
birliyimizə güc verəcək, ölkələrimizi bir-birimizə yaxınlaşdıracaq bütün müsbət
amilləri dəstəklədiyini vurğuladı: "Bu baxımdan konfransın böyük əhəmiyyəti
var. Çünki Türkiyə ilə Azərbaycan hər zaman birlikdə daha güclüdür».
"Kaspi” Təhsil Şirkətinin təsisçisi
Sona Vəliyeva
konfransa qatılan bütün iştirakçıları salamlayaraq «Siz doğru ünvana gəlibsiniz.
Çünki «Kaspi» Təhsil Şirkətinin təşkilatçılığı ilə keçirilən bu tədbirin ünvanı
ölkələrimiz arasındakı təhsil əlaqələrinin inkişafına yönəlib» dedi. Təsisçi
ulu öndər Heydər Əliyevin milli təhsilimizin inkişafı ilə bağlı səsləndirdiyi
fikirləri xatırladı: «Ulu öndər Heydər Əliyev "Təhsil bir millətin gələcəyidir.
Əgər millətin gələcəyinin gözəl olmasını istəyiriksə onun təhsilinə şərait
yaratmalıyıq» deyirdi. Prezident İlham Əliyev bu fikirləri daha da genişləndirərək
«Qara qızıl kapitalını insan kapitalına çevirək” mesajını verdi”. S.Vəliyeva həm
Türkiyə, həm də Azərbaycan dövlətinin inkişafının təhsilin yüksək səviyyədə
qurulmasından asılı olduğunu qeyd etdi: "Sizi əmin etmək istəyirəm ki, təhsil
adına üz tutduğunuz Azərbaycan sizin doğma məkanınızdır. Bu ölkədə təhsilə yüksək
önəm verildiyi üçün doğru ünvandasınız». S.Vəliyeva rəhbərlik etdiyi şirkətin
uğurlarından söz açaraq indiyə qədər KTŞ-nin bir neçə beynəlxalq sərgi təşkil
etdiyini, dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini söylədi: «
ABŞ, Kanada, İngiltərə və s. ölkələrə göndərdiyimiz tələbələr təhsil alıb
qayıdıblar. Onların bir qismi bizimlə çiyin-çiyinə çalışır. Biz təhsilin
fundamental inkişafını nəzərə alaraq beynəlxalq universitetlərlə əməkdaşlıq çərçivəsində
iş görürük. Ümid edirəm ki, Türkiyə universitetləri ilə də əlaqələrimiz də
uğurlu olacaq. Əməkdaşlığımızın hər iki ölkənin təhsilinə töhfə verəcəyinə
inanıram”. S.Vəliyeva konfransa qatılan türkiyəli təhsil təmsilçilərinə səsləndi:
"İstərdik ki, öz imtahanlarınızı bizim məkanda keçirəsiniz. Biz təhsil alan tələbələrin
sonrakı taleyinə də nəzarət edir, daim fəaliyyətləri, iş, yaşam şəraitləri ilə maraqlanırıq. Siz gözəl bir işlə, təhsil işi
ilə məşğulsunuz. Bu fəaliyyətinizdə sizə uğurlar arzulayıram!”
Altınbaş Universitetinin rektoru Çağrı
Erhan konfransın
Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığa müsbət təsir edəcəyini qeyd etdi:
«Azərbaycan tələbələri Türkiyədə təhsil alırlar. 125 minə qədər tələbənin bu günə
qədər təhsil alması və bu siyahının get-gedə artması, gənclərin Türkiyə
universitetlərində oxumağa can atması, ölkələrimiz arasında münasibətlərin möhkəm
olmasından xəbər verir. Təhsil ölkələr arasında gözəl münasibətlər yaradır,
körpü salır, yeni fəaliyyət imkanları ortaya çıxarır”. Rektor təhsil arasındakı
əlaqələrimizin həmçinin Türkiyədən Azərbaycana gənclərin oxumağa gəlməsinə şərait
yaratdığını qeyd etdi. Belə ki, bu fakt da ölkələrimiz arasındakı işbirliyinin
daha da genişlənməsinə səbəb olub: "Türkiyə universitetlərində bu gün Azərbaycandan
çox dəyərli professorlar çalışır. Həmçinin Azərbaycan ali məktəblərində də
Türkiyədən gələn müəllimlər işləyirlər. Ortaq layihələrə imza atılır. Bu əlaqələr
dövlət başçılarının ölkələrimiz arasındakı münasibətlərin daha da yaxşı olması
üçün çalışmalarına sübutdur”.
Altınbaş Universitetinin təsisçisi Alı
Altınbaş təhsil
ocağının Altınbaş ailəsinin qurduğu vəqf universiteti, həmçinin dövlətin dəstəklədiyi
bir təhsil ocağı olduğunu diqqətə çatdırdı: "Bir iş adamı olaraq cəmiyyətə
sosial öhdəliyimizi yerinə yetirməyi düşünürük. Yəni insanın faydalı olmasının
yolunun təhsildən keçməsi düşüncəsi ilə sosial öhdəlik layihəsini təhsil yolu
ilə həyata keçirməyə çalışırıq. Hazırda bizim universitetdə 71 ölkədən tələbə təhsil
alır”. Təsisçi artıq 10 ildir ki, fəaliyyət göstərən universitetin çoxlu
uğurlara imza atdığını qeyd etdi: "Bir iş adamı kimi həyatda gördüklərim təhsil
dünyasında gördüklərimdən çox fərqlidir. İş mühitində gördüyün işləri bir-birinə
göstərməmək, sirlərini bir-birindən gizlətmək kimi xüsusiyyətlər var. Ancaq təhsil
sistemində belə gizlinlər yoxdur. Bütün dünya təhsil sistemində əldə etdiyi
nailiyyətləri bir-biri ilə paylaşır. Ona görə, Türkiyə universitetləri dünya
universitetləri ilə əlaqəli fəaliyyət göstərir. Bu gün Türkiyənin təhsil
sistemi dünya təhsil sisteminə inteqrasiya olunmuş, onunla paralel vəziyyətdə
çalışır. Buna görə də, Türkiyədə hər hansı universiteti seçərkən, könül
rahatlığı ilə qərar verə bilərsiniz».
Alı Altınbaş təhsil əlaqələrinin təkcə bakalavr və magistr pillələri ilə
məhdudlaşmadığını bildirdi: "Azərbaycanlı tələbələr həmçinin Türkiyə ali məktəblərində
doktorantura təhsili alır, elmi araşdırmalarla məşğul olurlar. Elmi əlaqələrimiz
get-gedə genişlənir. Əminəm ki, keçirilən bu tip konfranslar ölkələrimiz
arasında təhsil körpüsünü daha da möhkəmləndirəcək”
"Hər
bir ölkənin inkişafı onun insanlarının bilik və bacarığından və bu xüsusiyyətləri
formalaşdıran sistemdən asılıdır” deyən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının
rektoru, professor Urxan Ələkbərov
27 il bundan əvvəl müstəqilliyini bərpa edən ölkəmizin çətin dövrlər
keçirməsinə baxmayaraq, qısa müddətdə böyük nəticələr əldə etdiyini diqqətə
çatdırdı: "Sosial və iqtisadi inkişafına, ÜDM-in nəticələrinin artması tempinə
görə, Azərbaycan bu gün dünya liderləri sırasındadır. Təbii ki, bu uğurların əsasında
təlim və təhsil sahəsində qazanılan nailiyyətlər dayanır”. Təhsil sahəsində
qazandığı uğurlara görə, «Kaspi» Təhsil Şirkətini xüsusi qeyd edən rektor bu
şirkətin fəaliyyətinin sosial məsuliyyəti ifadə etdiyini bildirdi: "Kaspi Təhsil
Şirkətinin fəaliyyəti ölkənin təhsil strategiyasına dəstək olur və təhsilin
inkişafına töhfələr verir. Türkiyə təhsil ocaqları ilə əlaqələrin qurulması isə
şübhəsiz ki, təhsilimizin inkişafına dəstək olacaq”.
Təhsil
almağın, bir peşənin sahibi olmağın hər bir insan üçün vacib olduğunu bildirən Slavyan Universitetinin rektoru, professor
Nurlana Əliyeva gənclərə tövsiyə verərək "təhsil alan zaman elə ölkələr seçin ki, Azərbaycana qayıdanda
dövlətimizin inkişafında əlinizdən gələni edəsiniz” dedi: "Bütün dünyada təhsil
mühüm rol oynayır. Bizim gənclərimiz dünyanın istənilən nüfuzlu universitetlərinə
qəbul olunurlar. Türkiyədə yaşayan insanların milli-mənəvi dəyərləri, dünyaya
baxışı, mövqeyi də bizim adət-ənənəmizə çox yaxındır”.
Millət vəkili Elman Nəsirov konfransın ölkələr arasındakı təhsil əlaqələrinin
inkişafına müsbət təsir edəcəyini söyləyərək "Türkiyə dövlətində təhsil almaq
üçün "Kaspi” şirkətinin yaratdığı imkandan istifadə edin” deyərək, gənclərə səsləndi:
"Təhsil almaq sizin həyatınızda böyük əhəmiyyət kəsb edəcək. Bu nöqteyi-nəzərdən,
Türkiyə ilə bu sahədə əlaqələrimizin böyük əhəmiyyəti var”.
Konfransda
çıxış edən digər iştirakçılar "Azərbaycan və Türkiyə arasında təhsil-təcrübə
mübadiləsi”, "Türkiyədə ali təhsil imkanları” və s. mövzularda müzakirələr
apardılar. Tədbirə qatılan abituriyentlər Türkiyədə fəaliyyət göstərən texniki
universitetlərdə təhsil imkanları ilə yaxından tanış olmaq, eyni zamanda ali təhsil
ocaqlarının rəhbərləri ilə canlı ünsiyyət qurmaq imkanı əldə etdilər.
Konfransda "Kaspi" Təhsil Şirkəti ilə "Altınbaş" Universiteti arasında əməkdaşlıq sazişi imzalandı.
Konfransda iştirak etdi
Təranə Məhərrəmova