• çərşənbə axşamı, 16 aprel, 20:37
  • Baku Bakı 18°C

Türkiyə Hollandiya ilə diplomatik münasibətləri kəsir

15.03.17 12:30 1213
Türkiyə Hollandiya ilə diplomatik münasibətləri kəsir
Türkiyə ilə Hollandiya arasında münasibətlər kritik həddə çatıb. Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş Hollandiya ilə yüksək səviyyəli rəsmi əlaqələrin təxirə salındığını söyləyib. Baş nazirin müavini Hollandiyadakı son hadisələrlə bağlı deyib: "Türkiyənin Hollandiyaya qarşı verəcəyi qərarlar ciddi şəkildə müzakirə olunur. Bu ölkə etdiklərini kompensasiya edənə qədər yüksək səviyyəli əlaqələr dayandırılacaq və planlaşdırılmış yığıncaqlar təxirə salınacaq. Nazirlərimizə qarşı rəftarlar insan hüquqlarına, siyasi əlaqələrə, demokratiyaya və Avropada tez-tez dilə gətirilən ortaq dəyərlərə uyğun gəlmir. Biz bundan üzüldük, yaşananlara məna verə bilmədik. Hollandiyada 460 min türk var. Bu insanların hər birinin haqqını, hüququnu qoruyacağıq. Türkiyə Hollandiyaya lazımi cavabı verəcək tədbirləri ortaya qoyacaq”.

Numan Kurtulmuş baş nazir Binəli Yıldırımın Danimarkanın baş naziri Lars Lokke Rasmusse ilə 20 martda olacaq görüşünün də təxirə salındığını bildirib.

Prezident Rəcəb Tayib Ərdoğan isə A-Haber telekanalına müsahibəsində Merkeli Ankara tərəfindən göndərilmiş 4500 dosye barədə heç bir tədbir görməməkdə günahlandırıb. Bu dosyelər Ankaranın nəzərində terrorçu sayılan şəxslər barədə idi. Bundan başqa, Ərdoğan televiziya müsahibəsində Hollandiyanı "demokratiyanı anlamamaqda” ittiham edib. "Avropa İttifaqı ilə münasibətlərə yenidən baxılması gündəmdə qalmaqdadır. Lakin hazırda ən önəmli məsələ 16 apreldə Konstitusiyaya dəyişiklik üzrə referendumdur”. "Mənim Avropa İttifaqı ilə bağlıfikirlərim bəllidir. Avropa əvvəlki kimi bizim başımızı aldadır. Onlar ikiüzlülük nümayiş etdirir. Qaçqınlara görə vədlər vermişdilər, 6 milyard avrodan danışırdılar. Gələn 750 milyon oldu. Viza rejiminin liberallaşdırılması məsələsi də eyni, 2016-cı ilin sonunda qüvvəyə minməli idi, o da olmadı”, - deyə Ərdoğan bildirib. Almaniya kansleri Angela Merkelə isə bu sözləri ünvanlayıb: "Hollandiyanın tərəfindəsiniz. İstədiyiniz qədər olun. Onsuz terrorçulara da dəstək verirsiniz. Niyə siz terror təşkilatı üzvlərini ölkənizdə saxlayırsınız?”

Ərdoğan, həmçinin Hollandiyada türkiyəli nazirlərin çıxışlarının yasaqlandığına görə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyini deyib.Dövlət başçısı Hollandiyanın baş naziri Mark Ruttenin seçki kampaniyasında özünü hədəf alan çirkin hərəkətinə də reaksiya göstərib. Ərdoğan Ruttenin dediyi kimi, bu ölkənin sahibininözü deyil, millətin olduğunu, bu şəxsin hələ demokratiyanı başa düşmədiyini, öncə demokratiyanı öyrənməsinin vacibliyini vurğulayıb. "Müharibənin də bir əxlaqı, qayda-qanunu var, məsələn, həkimlərə, tibb bacılarına atəş açmaq olmaz. Hollandiyalı isə atəş açar. Biz Hollandiyanı Srebrenitsadan tanıyırıq. Orada 8 min bosniyalını necə qətlə yetirdiklərini bilirik. Heç kim bizə mədəniyyət dərsi verməsin. Bu millətin tarixi ağdır, amma onlarınkı qapqara. Türkiyənin böyüməsi bəziləri üçün ümid, bəziləri üçünsə faciə oldu: Hollandiya, Almaniya kimi. Dözə bilmirlər. Türkiyə güclənir, nəhəng şəhər xəstəxanaları tikilir. Gözləyin, görün hələ daha nələr olacaq”, - Ərdoğan bildirib.

Maraqlıdır ki, bir sıra ölkələr Hollandiyanın atdığı qərarı pisləməkdədirlər. Məsələn, Polşanın xarici işlər naziri Vitold Vaşikovski hesab edir ki, Türkiyənin iki nazirinə Rotterdamda mitinq keçirməyə icazə verməyən hollandlar olduqca sərt davranıblar. Bu barədə nazir Polşa radiosuna müsahibəsində bildirib. O qeyd edib ki, Türkiyə və Niderland arasındakı diplomatik böhran Avropa İttifaqı üçün faydalı deyil. Ankara Brüsselin əhəmiyyətli müttəfiqlərindən biridir. "Hollandlar səhv ediblər, çünki belə kəskin reaksiya verməyə heç bir lüzum yox idi. Bu səfərləri minimum məhdudlaşdırmaq olardı” - deyə o qeyd edib. Polşanın XİN rəhbəri vurğulayıb ki, rəsmi Ankara Avropaya qaçqın axınının qarşısının alınmasında mühüm rol oynayır: "Əgər Türkiyə ilə ötən il əldə olunmuş saziş pozulsa, bu ölkə əsasən Suriyadan olan miqrant dalğasının qarşısını almasına gözlərini yumacaq. Onda bu dalğa Avropanı yenidən bürüyəcək”.

Yeri gəlmişkən, Türkiyə Nazirlər Kabinetinin keçirdiyi toplantıdan sonra Hollandiyaya tətbiq olunacaq sanksiyaların açıqlanmasını gözləyərkən ekspertlər iqtisadi sanksiyaların Türkiyə üçün ciddi nəticələrə gətirib çıxaracağını da söyləyirlər. "Reuters”-in yaydığı xəbərə görə, Hollandiya 22 milyard dollar ilə Türkiyəyə birbaşa investisiya qoyan ölkədir. Türkiyəyə birbaşa gələn xarici investisiyada ən böyük pay Hollandiyanındır. İqtisadçı Özgür Altuğun fikrincə, diplomatik böhran qısa zamanda iqtisadi münasibətlərə ciddi şəkildə təsir göstərməyəcək. "Lakin təzyiqlər artarsa və ölkələr bir-birinə sanksiyalar tətbiq etməyə başlayarsa, o zaman Türkiyə iqtisadiyyatı üçün ciddi nəticələrə gətirib çıxara bilər”, - deyə Altuğ bildirb. Türkiyə Statistika İnstitutunun məlumatına görə, 2016-cı ildə Türkiyə Hollandiyaya 3,6 milyard dollarlıq ixracatı reallaşdırıb. Bu isə Hollandiyanı Türkiyə malları üçün ən böyük 10-cu bazar edib. 2016-cı ildə Hollandiyadan idxal edilən malların dəyəri isə 3 milyard dollar səviyyəsindədir. "Reuters” hollandiyalı turistlərin İŞİD və PKK hücumları nəticəsində təhlükəsizlik səbəbiylə çətin vəziyyətdə olan turizm sənayesi üçün də önəmli olduğuna diqqəti çəkib. Məlumata görə, ötən il 900 min hollandiyalı Türkiyəni ziyarət edib. 2015-ci ildə isə bu rəqəm 1,2 milyon təşkil edib.

Hökumətə yaxın bir mənbənin Reuters-ə verdiyi açıqlamada, sanksiyalar tətbiq olunacağı təqdirdə, bunun nəticələri iqtisadiyyatla məhdudlaşmayacaq: "Sanksiyalar tətbiq olunarsa, doğru olmağa diqqət etməliyik. Qapını tamamilə bağlamırıq. Amma yenə də Türkiyəyə edilən bu davranışların bir qarşılığı olduğunu göstərmək istəyirik”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər