• şənbə, 20 Aprel, 16:34
  • Baku Bakı 23°C

Türkiyə bir az da gücləndi

25.06.18 20:14 517
Türkiyə bir az da gücləndi
İyunun 24-də Türkiyədə həm prezident, həm də parlament seçkiləri keçirildi. Bu seçkilərdə böyük səs çoxluğu ilə Rəcəb Tayyib Ərdoğan və Ədalət və İnkişaf Partiyası (AKP) qələbə qazandı. Seçkidə iştirak edən digər namizədlərin çoxu R.T.Ərdoğanı qələb münasibətilə təbrik etdi. Nəticələr açıqlanana qədər bir çoxları hesab edirdi ki, bu seçkilərdən sonra Türkiyədə siyasi gərginlik yaşanacaq. Amma bu bədbin proqnozların heç biri özünü doğrultmadı və Türkiyə dünyaya demokratiya dərsi keçdi. Bəs, görəsən R.T.Ərdoğanın və partiyasının nə vəd edir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, Türkiyə Cümhuriyyəti 24 iyun seçkiləri ilə ən yeni siyasi tarixinin mühüm bir mərhələsinə qədəm qoydu: "Bu mərhələdən sonra başlayan siyasi era qardaş ölkənin önümüzdəki yüz illikdə yerini və rolunu müəyyən edəcək. Mən bu seçkini önümüzdəki yüz illik kontekstində təsadüfən qiymətləndirmirəm. Hazırda beynəlxalq münasibətlər tarixinin çox mürəkkəb bir dövrünü yaşamaqdayıq və Türkiyənin yerləşdiyi geostrateji rayon da daxil olmaqla bütövlükdə Yaxın Şərq və Şimali Afrika təhlükəsizlik baxımından ən çox təhdidlərə məruz qalan siyasi coğrafiyadır. Bu təhdidlərin mənbəyi bir sıra imperialist mərkəzlərdir. Onlar həmin siyasi coğrafiya üzərində siyasi və demoqrafik mühəndislik edərək, yeni hibrid müharibələr vasitəsilə öz maraqlarına xidmət edəcək yeni nizam yaradırlar.
Belə kritik mərhələdə Türkiyənin regionun ən güclü aktoru kimi davranışları həm öz siyasi gələcəyi, həm də bütövlükdə regionun gələcəyi üçün olduqca vacib idi. Qısacası, ya türk xalqı doğru qərar qəbul edərək dövlətçilik və regionda söz sahibi ola bilmə problemini həll edəcək, ya da müsəlman Şərqinin digər dövlətlərinin taleyini yaşamağa məhkum ediləcəkdir. Düşünürəm ki, Türkiyə xalqı bu siyasi reallığı obyektiv qiymətləndirməyi bacarmaqla ən doğru qərarı qəbul etdi. "Cümhur İttifaqı”nın qələbəsi Türkiyənin gələcək inkişafı və sabitliyi baxımından olduqca mühüm bir hadisədir. Qələbənin təmin olunmasında isə heç şübhəsiz ki, təcrübəli dövlət adamı, ciddi siyasi iradə nümayiş etdirməyi bacaran, Türkiyənin milli maraqları baxımından mühüm qərarlar qəbul edən Rəcəb Tayyib Ərdoğanın liderlik keyfiyyəti əhəmiyyətli rol oynadı. Ədalət naminə qeyd etmək lazımdır ki, bu prosesdə Milliyyətçi Hərəkat Partiyasının da başından bəri prinsipial mövqe ortaya qoyması, əslində bu ittifaqın gələcəyini və bütövlükdə qardaş ölkənin uğurlu siyasi gələcəyini müəyyən etdi”.
H.Məmmədovun sözlərinə görə, başqa bir məsələ ondan ibarətdir ki, Türkiyə bu seçkilərdən sonra yeni idarəetmə üsuluna keçəcək: "Həm tarixi reallığı, həm də bugünkü siyasi prosesləri nəzərə alsaq deyə bilərik ki, bu mürəkkəb mərhələdə yeni idarə üsulunun tətbiqi həm milli mentalitetimiz, həm də siyasi məqsədlərə çatmaq baxımından ən doğru olanıdır. Türkiyə kimi mürəkkəb bir coğrafiyada yerləşən və olduqca mürəkkəb demoqrafik və ideoloji daxili mikrostruktura malik olan bir ölkənin vahid bir mərkəzdən idarə olunması sosial sifariş kimi ortaya çıxmışdı və Türkiyə xalqı öz sifarişini demokratik seçkilər vasitəsilə təmin etdi. Türkiyə-Azərbaycan münasibətlərinə gəlincə, iki ölkə arasında perspektivlər həmişə yüksək səviyyədə olub və seçkilərdən sonra daha da yüksələn xətlə inkişaf edəcək. Həm iki ölkə xalqının siyasi sifarişi, həm də qardaş ölkələrin liderlərinin dostluq və qardaşlıq münasibətləri, daim xalqlarımızın mənafeyi baxımından çıxış etmələri və bu maraqları uzlaşdırma bacarıqları Türkiyə-Azərbaycan münasibətlərini strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Azərbaycan həmişə ən çətin məqamlarda Türkiyəni və onun dəstəyini yanında hiss edib. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev TANAP layihəsinin açılışında çıxış edərkən bir daha bildirdi ki, Türkiyənin gücü bizim gücümüzdür. 24 iyun seçkilərindən sonra Türkiyə bir az daha gücləndi. Deməli, həm də Azərbaycan gücləndi. Mən qəbul etdikləri müdrik qərar münasibətilə Türkiyə xalqını, qardaş ölkədəki dostlarımı və bütövlükdə "Cümhur İttifaqı”nı təbrik edirəm”.
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxov bildirdi ki, Türkiyədəki seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi gözlənilən hadisə idi: "Düşünmürəm ki, kimsə Ərdoğanın qələbəsinə şübhə ilə yanaşsın. Onun kifayət qədər yüksək reytinqi var və xalq arasında nüfuza malik siyasətçidir. Ərdoğanın yeni konstitusiya çərçivəsində dövlət başçısı olması, xalq tərəfindən geniş rəğbət qazanması, təbii ki, onun mövqeyini həm Türkiyədə, həm regionda, həm də dünyadakı beynəlxalq münasibətlər sistemində daha da möhkəmləndirəcək. Onun səlahiyyətləri də artıq genişlənir. Düşünürəm ki, Ərdoğanın xarici siyasətdə atdığı bir sıra addımlar xalq tərəfindən bəyəniləcək və dəstəklənəcək. Bu da hər bir dövlət başçısı üçün əsas meyardır. Fikrimcə, Türkiyənin ABŞ və Avropa ilə münasibətləri müəyyən dərəcədə gərgin vəziyyətdə qalacaq. Rusiya ilə münasibətlər indiki formatda inkişaf edəcək. Amma biz onu da yaddan çıxarmamalıyıq ki, Türkiyə-Rusiya münasibətləri taktiki xarakter daşıyır. Yəni, hazırda bu mərhələdə həm Türkiyəni, həm də Rusiyanı qane edən münasibətlər mövcuddur”.
F.Sadıxov vurğuladı ki, Türkiyənin regionda güclü bir dövlət olması artıq sübut olunub: "Ərdoğan bundan sonra da Yaxın Şərq regionunda öz sözünü deyəcək, Türkiyənin maraqları çərçivəsində addımlar atacaq.
Eyni zamanda düşünürəm ki, bundan sonra Türkiyə-Azərbaycan münasibətləri daha yüksək səviyyədə olacaq. Buna qədər də iki qardaş ölkə arasında əlaqələrin inkişafı göz qabağında idi. Hesab edirəm ki, Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətləri daha da yüksək səviyyədə inkişaf edəcək”.
Politoloq Tofiq Abbasov bildirdi ki, Türkiyə kimi bir dövlətin siyasəti ziqzaqvari, təzadlı ola bilməz: "Türkiyə regionun və Avrasiya məkanının ən böyük, qüdrətli dövlətlərindən biridir və onun siyasi elitasının ardıcıl xətt yürütməsi tək özü üçün deyil, həm də ətraf dövlətlər, ümumi qlobal nizam üçün son dərəcə vacibdir. Bu baxımdan hesab eləmək olar ki, Türkiyə xalqı son illər uğurla aparılan siyasətin davamına "hə” demiş oldu. Xaricdən bu ölkəyə qıcıq doğuran, məkr dolu müdaxilələrin olmasına baxmayaraq, Türkiyə elektoratı göstərdi ki, onlar öz yolları ilə getməyə israrlıdırlar, onların demokratiyaya, sabitliyə münasibəti, regiondakı proseslərə yanaşması ölkə daxilində formalaşır və bundan irəli gələn addımlar da ardıcıl şəkildə atılır. Bu baxımdan hesab edirəm ki, Türkiyə tək özünü yox, kənar qüvvələri də sakitləşdirdi. Özünə yaxın, tərəfdaş olduğu dövlətlərə bir daha göstərdi ki, sabit dövlətdir, adekvat siyasət yürüdən məmləkətdir. Prioritetləri hər hansı bir təsadüfi amillərin nəticəsində yox, düşünülmüş şəkildə formalaşır və həyata keçirilir. Ona görə də təsadüfi deyil ki, seçkilərə bir neçə gün qalmış izdihamlı bir mitinqdə Rəcəb Tayyib Ərdoğan üzünü həmvətənlərinə tutaraq dedi ki, necə bilirsiniz, biz xarici qüvvələrə öz demokratiyamızın dərsini keçə biləcəyikmi? Onun tərəfdarları və hətta əleyhdarları belə, birmənalı şəkildə bu "dərsi” verməyə hazır olduqlarını bildirdilər”.
T.Abbasov qeyd etdi ki, bu seçkidə çoxdan gözlənilən sensasiyaların heç biri baş tutmadı: "Belə başa düşürəm ki, Ərdoğanın böyük qələbə qazanması ən aktivistlərin belə gözləntilərini üstələdi. Bu, onu göstərir ki, Rəcəb Tayyib Ərdoğan, onun arxasınca gedən siyasi qüvvə, partiyası, tərəfdarları təsadüfi faktor deyil. Yəni, bu hərəkatın, izdihamın önündə gedən insan həqiqətən də dövrün ən güclü siyasətçilərindən biridir və nə etmək istədiyini də hamıdan yaxşı anlayır”.

Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər