• cümə, 29 Mart, 09:19
  • Baku Bakı 5°C

Türkiyə Bəşər Əsədsiz Suriya mövqeyində qalır

02.12.16 12:12 1253
Türkiyə Bəşər Əsədsiz Suriya mövqeyində qalır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya prezidenti Bəşər Əsədlə bağlı söylədiyi sensasion fikirlər yenidən gündəmi bir-birinə vurub. Türkiyə prezidenti "Fərat qalxanı” əməliyyatının 100-cü günündə bəyan edib ki, Suriyada türk ordusunun həyata keçirdiyi əməliyyatın əsas məqsədi heç də İŞİD deyil, Bəşər Əsədi devirməkdir. "Bizə Suriya torpaqları lazım deyil. Biz ədaləti bərpa etmək və dövlət terrorunu dəstəkləyən qəddar tiranın hökmranlığına son qoymaq üçün oradayıq”, -deyə Ərdoğan məlum bəyanatında qeyd edib.
Dərhal da bu bəyanat Rusiya mətbuatı tərəfindən iki ölkə arasında gərginliyin növbəti mərhələsinin start götürməsi kimi qələmə verilib. Əksəriyyət dərhal bunun ciddi bir regional böhrana gətirib çıxaracağını, Ankara ilə Moskvanın münasibətlərini gərginləşdirə biləcəyini bəyan edib. Bəzi ekspertlər isə Ankaranın mövqeyində dəyişikliyi Moskva ilə əldə olunan müəyyən razılaşmalarla izah edirlər. Bu razılaşmanın mahiyyəti isə aşağıdakı kimi qeyd edilir: Suriya qoşunları Rusiyanın köməyi ilə Hələbə nəzarəti ələ alır və türklər də buna mane olmurlar. Əvəzində Rusiya-Suriya-İran koalisiyası Ərdoğana Suriyanın şimal rayonlarında kürdlərə qarşı hərəkətə keçmək üçün imkan yaradır. Lakin Ərdoğanın son bəyanatı Suriya qarşıdurmasında bütün kartları dəyişdirir. Moskva üçün bu mənada Ərdoğanın son bəyanatı sürpriz olur. Gələcək münasibətlərin necə olacağı Ərdoğanın məsələyə isti-isti aydınlıq gətirməsindən sonra mümkün ola bilərdi və belə də olub.
Bir gün sonra Kreml Ankaradan bu bəyanatla bağlı izahat tələb edib. Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb kı, prezidentin Suriya lideri Bəşər Əsədin devrilməsi ilə bağlı verdiyi açıqlama hərfi mənada başa düşülməməlidir. "Prezidentin sözügedən açıqlaması ötən gün yayımlanıb. Lakin bu, hərfi anlamda qəbul edilməməlidir. Ümid edirik ki, yaranan anlaşılmazlıq qısa zamanda həllini tapacaq”, - deyə məlumatda bildirilib. Yaranmış qeyri-müəyyənlikdə tərəflər dərhal fikirlərinə aydınlıq gətirməyə çalışıblar. Ötən gün gecə Ərdoğan rusiyalı həmkarı Viladimir Putinlə telefonla danışıb. Türkiyə və Rusiya liderləri bununla son günlərdə bir neçə dəfədir ki, telefonda bölgə məsələlərini müzakirə edirlər. Söhbət zamanı iki ölkə başçısı Hələbdə qarşıdurmaların dayandırılması və şəhər vətəndaşlarına humanitar yardımların çatdırılmasını təmin etməyə istiqamətli səylərin sürətləndirilməsi mövzusunda razılığa gəlib. Bundan başqa, telefon danışığında Türkiyə-Rusiya arasındakı əlaqələrin normallaşmasının əhəmiyyəti vurğulanıb. Az sonra açıqlama verən beynəlxalq məsələlər üzrə prezident köməkçisi Yuri Uşakov liderlərin Suriya böhranını müzakirə etdiyini, həmçinin Ərdoğanın Əsədlə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirdiyini deyib: "Yeganə bildiyim budur ki, dünən prezidentlər arasında telefon danışığında Ərdoğan Suriya ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib”.
Məsələyə Antalyaya səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov da münasibət bildirib. Qeyd edək ki, nazir burada Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun V Toplantısında iştirak edib.Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iclas çərçivəsində Sergey Lavrov ilə görüşüb və birgə mətbuat konfransı keçirilib. Rusiyalı nazir bildirib ki, Rusiya ilə Türkiyə terrorçuluğa qarşı mübarizədə və Suriyada siyasi böhranın həllində birlikdə mübarizə aparır. Onun sözlərinə görə, Türkiyə və Rusiya ikitərəfli münasibətlərin gələcəkdə bərpa edilməsində maraqlıdır: "Noyabrın 24-də Türkiyə Silahlı Qüvvələrinə Suriyada hava zərbəsi endirilib. Rusiyanın bununla heç bir əlaqəsi yoxdur. Bu hücum Suriya Silahlı Qüvvələri tərəfindən həyata keçirilib”.
Rusiyanın Türkiyəyə tətbiq etdiyi viza rejimi ilə də bağlı məsələyə toxunan S.Lavrov qeyd edib ki, viza rejiminin ləğvi üçün təhlükəsizliklə bağlı bəzi məsələlərin həlli lazımdır: "Konsulluqlar vasitəsilə iş davam edir. Əminəm ki, yaxın vaxtlarda konkret addımlar atılacaq. Xarici ticarət həcmi də artacaq. Xarici ticarət dövriyəsinin azalması təkcə sanksiyalarla əlaqəli deyil, həm də xammalın qiymətinin düşməsi ilə əlaqədardır”.
Öz növbəsində, Mövlud Çavuşoğlu bildirib ki, "Rusiyanın Qarabağ problemini çözmə iradəsinə hörmətlə yanaşırıq.Suriya, İraq, Aralıq dənizi məsələlərində əməkdaşlıq iki ölkə münasibətləri baxımından çox önəmlidir. Suriyadakı durum ortadadır, göz yaşı var. Humanitar yardımlar lazım olan yerlərə çatdırılmalıdır”. O bildirib ki, hər iki ölkə Suriyanın ərazi bütövlüyü məsələsində ortaq mövqedədir və problemin siyasi yolla həlli məsələsində həmfikirdir.
Xəbərdə o da bildirilib ki, Mövlud Çavuşoğlu Türkiyə prezidentinin Bəşər Əsədin hakimiyyəti ilə bağlı dediklərinə aydınlıq gətirib: "Ankara Bəşər Əsədi qatil sayır. Bununla belə, Rusiya ilə üst-üstə düşən siyasəti davam etdirəcək”. XİN rəhbəri onu da deyib ki, Türkiyə Suriyanın İŞİD terror təşkilatından tamamilə təmizlənməsini qarşısına hədəf qoyub. Nazirin sözlərinə görə, türk ordusu məhz bu məqsədlə Suriya ərazisindədir: "Lakin biz hesab edirik ki, Suriyada siyasi sabitlik təmin olunmayana qədər terror təhlükəsini aradan qaldırmaq mümkün olmayacaq. Biz Suriyada sabitliyin bərqərar olmasını Əsəd hökuməti olmadan görürük. Bu məsələdə bizim Rusiya ilə mövqeyimiz fərqlənir. Amma bəzi məsələlərdə yanaşmaların fərqlənməsi normaldır”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər