• şənbə, 20 Aprel, 10:13
  • Baku Bakı 14°C

Türkiyə Azərbaycanın çevrilişə cəhd günlərindəki dəstəyini yüksək qiymətləndirir - Yenilənib

14.07.17 21:59 1664
Türkiyə Azərbaycanın çevrilişə cəhd günlərindəki dəstəyini yüksək qiymətləndirir - Yenilənib
Bu gün Türkiyənin Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya Baş İdarəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiya sözçüsü Mahir Ünal, həmçinin Baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşüb.

AKP sədr müavini, partiya sözçüsü M.Ünal Mesopotomiya, Şimali Afrika və Anadolunun qədim insan məskənləri olduğunu söyləyib. O, soyuq savaşın başa çatması, SSRİ-nin süqutu, iki qütblü dünyanın təkqütblü, əslində çoxqütblü dünyaya çevrilməsi ilə Türkiyədə də dəyişiklik yaşanmağa başladığını bildirib. Qeyd edib ki, bu dəyişikliyin təzahürü olaraq Türkiyədə xalqın istəklərini nəzərə alan AKP hakimiyyətə gəlib: "Bir xalq hərəkatı olan AKP bir çox problemlərlə, hətta qapadılma təhlükəsi ilə qarşı-qarşıya qaldı. AKP rasional yanaşma ilə bu təhlükələri dəf etdi. Ancaq vətəndaş cəmiyyəti institutu görünüşündə bir terror təşkilatı - Fətullahçı Terror Təşkilatı dövlət strukturlarına sızmışdı. 2013-cü ilə qədər nə üçün FETÖ-nu aşkara çıxarmadığımız barədə sual verirlər. 40 illik keçmişi olan FETÖ guya demokratiyanı, dəyişikliyi müdafiə edən bir hərəkat kimi çıxış edirdi. Ancaq 2013-cü ildə biz onların kənardan əmr alaraq hərəkət edən bir qurum olduğunu gördük. Bir anda Pensilvaniyaya gedib-gələn jurnalistlərin, digərlərinin zombiyə çevrildiyini gördük. Bəzən bizə deyirlər ki, 2013-cü ildə rüşvətxorluq və korrupsiya ittihamı ilə həbs edilənləri, saxlanılanları niyə müdafiə edirsiniz. 2013-cü il 17-25 dekabrda hüquq adı altında çevriliş cəhdindən sonra onların mahiyyəti məlum oldu. Çünki, eyni təşkilatın üzvü olan prokuror ittiham irəli sürür, hakim qərar verirdi".

AKP sədrinin müavini nəzərə çatdırıb ki, 20 il əvvəl Çində bir mülki şəxsin tank önünə çıxmasından dünya illərlə bəhs edib. 2016-cı il iyulun 15-də isə Türkiyə xalqı FETÖ-nün hərbi çevriliş cəhdinə qarşı çıxıb, demokratiyanı, parlamenti, hökuməti müdafiə edib: "O gecə heç bir soyğunçuluq halı yaşanmadı. Analar tankların üzərindəki əsgərlərə dedilər ki, aldanmısınız. O gecə saxlanılanların hamısı ədalətə təslim edildi. Biz həmin gün insan haqlarının məhdudlaşdırılmasını ağlımıza belə gətirmədik. Biz ədalətə, insan haqlarına böyük önəm veririk. Bu hərbi çevriliş cəhdi insan haqlarına qarış yönəlmişdi. Hazırda FETÖ dünyada 160 ölkədə fəaliyyət göstərir. FETÖ-nün fəaliyyət göstərdiyi 160 ölkəyə xəbərdarlıq edir və diqqətli olmağa çağırırıq. FETÖ-nün yatmış hücrələri fəaliyyətə keçən zaman Türkiyədə olduğ ğu kimi o ölkələr də böyük təhlükə, fəlakətlə üzləşə bilərlər”.

Türkiyədə hərbi çevriliş cəhdinin xaricdən dəstəkləndiyini diqqətə çatdıran M.Ünal deyib ki, bu xain hücumun ABŞ-la NATO-da müttəfiq olan, Avropa İttifaqına üzvlüyə namizəd bir ölkədə baş verməsi təəccüblüdür. O, bu hərbi çevriliş cəhdinin konkret hansı xarici ölkə tərəfindən dəstəkləndiyi barədə səhih dəlil olmadığını da dilə gətirib. M.Ünal hərbi çevriliş cəhdi dönəmində Azərbaycanın Türkiyə xalqına, dövlətinə dəstəyinə də toxunub, buna görə təşəkkürünü çatdırıb. O, Dağlıq Qarabağ münaqişəsinə də toxunub: "Azərbaycan xalqı Dağğlıq Qarabağ münaqişəsində haqlı tərəfdir. Buna görə də Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal azad etməlidir. 2 yaşlı Zəhranı öldürməsi qəbuledilməzdir, beynəlxalq bir cinayətdir".

Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan KurtulmuşFətullahçı Terror Təşkilatının gizli bir dini təşkilat olduğunu, İŞİD kimi İslam dininə ləkə gətirməyə çalışdığını qeyd edib. O, bildirib ki, İŞİD kimi FETÖ də gözünü qırpmadan insanları qətlə yetirir: "FETÖ tək Türkiyəni təhdid etmir, bir çox ölkələri də təhdid edir. Həmin ölkələrdə nüfuzlu insanların övladlarını yaratdıqları təhsil müəssisələrinə cəlb edib, gələcəkləri üçün təhlükə yaradırlar. FETÖ həmin ölkələrdə silahlı çevrilişə cəhd etməsə belə, parlamentlərində elə bir qanun qəbul etdirərlər ki, həmin ölkələr böyük ziyan çəkərlər. Bunu mən həmin ölkələrin rəhbərlərindən birinə dedim. FETÖ-nün siyasi iddiası yoxdursa, niyə müxtəlif ölkələrdə düşüncə mərkəzlərində, mediada təsir gücünə malik olmağa çalışırlar?".

Türkiyə baş nazirinin müavini 15 iyul hərbi çevriliş cəhdinin planlaşdırılmış və nəzarətdə olan çevriliş cəhdi adlandıranların yanlış yolda olduğunu vurğulayıb. Bildirib ki, terrorçular 15 iyul gecəsi Rəcəb Tayyib Ərdoğanı və digər vəzifəli şəxsləri tapsaydılar, hər kəsi elə oradaca öldürəcəkdilər: "Çevriliş baş tutsaydı Türkiyədə parlament, partiyalar olmayacaqdı, Türkiyə Suriya kimi bir daxili savaşa sürüklənəcək, bəlkə də İraq kimi işğala məruz qalacaqdı. İndi hansı ağıl sahibi Türkiyədə yaşananlara nəzarətdə olan çevriliş cəhdi deyə bilir? Bu, millətin qarşısını aldığı bir çevriliş ccəhdi idi. Türkiyə üçün ən təhlükəli gecə 15 iyul gecəsi olub. FETÖ-cular ilk dəfə 1975-ci ildə hərbi məktəblərə qəbul suallarını oğurlayıblar. Sonrakı mərhələdə özlərinə yaxın olanların hərbi sistemdə yüksəlişinə şərait yaradıb, digərlərinin qarşısını kəsiblər. Bir məqamı da qeyd edim. Almaniya birləşəndə 600 minə qədər dövlət orqanlarında çalışanları işdən çıxardılar. Bizdə isə çevriliş cəhdində iştirak edən 160 min nəfər barədə araşdırma aparılıb, onların 50 mini civarında olan qismi həbs edilib. Eyni zamanda müvafiq komissiya yaradılıb, bu həftədən müvafiq şikayətləri qəbul edəcək. Yəni, bu sahədə şəffaf bir proses aparırıq. Məqsədimiz bu terror təşkilatının içində olanları Türkiyədə təmizləmək, günahı olmayanların da ziyan çəkməməsinə çalışmaqdır. Ona görə də Qərb dairələrinin bu sahədə iddiaları əsaslı sayıla bilməz. Həmin gün yanımızda olan dost ölkələrə təşəkkür edirik".

N. Kurtulmuş deyib ki, 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı xarici media mənsubları istənilən məlumatı əldə edə bilərlər. Türkiyə baş nazirinin müavini Türkiyə tarixi üçün 15 iyul 2016-cı il tarixinin iki üzünün olduğunu da diqqətə çatdırıb: "15 iyul gecəsi tariximizdə ən böyük xəyanət hərəkəti ilə üzləşdik. 40 il ərzində orduda əldə etdiyi imkanlardan xalqı qətlə yetirməyə çalışanlarla üzləşdik. Bu xəyanəti planlaşdıranları və onların arxasındakı qaranlıq əlləri unutmayacaq, unutdurmayacağıq. Təəssüf ki, 67 il ərzində milli iradəyə qarşı 5 dəfə hərbi çevriliş olub. Bu çevrilişlərdən birində baş naziri iki nazirlə birlikdə edam ediblər. 1997-1998-ci illərdə xalqın iradəsi ilə hakimiyyətə gələn baş nazir təhdidlə hakimiyyətdən uzaqlaşdırılıb. Millətimiz bu 5 çevriliş zamanı müxtəlif səbəblərdən yetərincə müqavimət ortaya qoya bilmədi. 15 iyulda isə xalqımız iradəsini ortaya qoydu. Böyük bir qəhrəmanlıq dastanı yazıldı. Beynəlxalq aləmdəki dostlarımızdan da bu həqiqətləri paylaşmağı xahiş edirik. 15 iyul həm də Türkiyə xalqının böyük qəhrəmanlıq dastanıdır".

N.Kurtulmuş Azərbaycan xalqı və hökumətinin bir millət, iki dövlət olaraq 15 iyul dövlət çevrilişi cəhdi zamanı ilk andan Türkiyəyə, türk xalqına dəstək verdiyini söyləyib. O, buna görə Azərbaycan prezidentinə və xalqına təşəkkür edib. N. Kurtulmuş deyib ki, Azərbaycanın dəstəyini yüksək qiymətləndirirlər.

Günortadan sonra media mənsubları Ankara Ticarət Dərnəyində təşkil edilən tədbirə qatılıblar. Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək ölkəsində insane haqlarının qorunma səviyyəsindən, azadlıqların təminatından söhbət açıb. O, bildirib ki, 15 iyul hərbi çevriliş cəhdi zamanı hədəf Çanaqqaladakı hədəf ilə eyni olub: "15 iyul Türkiyədə insan hüquqlarının ağır şəkildə pozulduğu bir gündür. Şəhidlərin 45-i atıcı silahlardan hədəf kimi atəş açılması, 21-i təyyarələrin bombalanması, 9-u tankların əzməsi, 63-ü vertolyotlardan açılan atəşlə öldürülüb. Türkiyə hüquq dövləti olmasa, bu gün hərbi çevriliş cəhdində xalqa atəş açanlar həbsxanalarda yox, öldürülmüş çuxurlara atılmış olardı. Almaniya birləşərkən dövlət qulluğunda çalışan yüz minlərlə insan işdən çıxarılıb. İndi bizdə Fətullahçı Terror Təşkilatı ilə əlaqəli insanların işdən çıxarılmasının dərdinə qalıblar. Onlar gedib özəl sektorda çalışsınlar. Onları dövlətmi saxlamalıdır? Dövlət saxladı, dövlətə xəyanət etdilər. Hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı həyatını itirən və yaralananlara göstərilməyən diqqət hərbi çevrilişə cəhdində iştirak edənlərə göstərildi. Bir çox Qərb dövlətləri hərbi çevriliş dönəmində susqunluq göstərdilər, bir qismi də hələ susqunluğunu pozmayıb. Zərər çəkənlərə yox, terrorçulara göstərilən diqqət bizi incidir. Belə insan haqları anlayışını qəbul etmirik”.

R.T.Ərdoğan bildirib ki, bu il 15 iyul ərəfəsində də bir qrup şəxs Böyük adada yeni mənfur layihə hazırlayan zaman polis tərəfindən yaxalanıb: "Almaniyala G20 sammitində də mənə yaxınlaşıb, dedilər ki, Türkiyədə jurnalistlər saxlanılıb. Dedim ki, jurnalist yox, casus və təxribatçılar saxlanılıb, məhkəmə qərar verəcək. Mən Almaniyaya terrorla əlaqəli şəxslərlə bağlı 4500 sənəd vermişəm, bir nəticə yoxdur, bir iş belə məhkəməyə göndərilməyib. ABŞ-da FETO lideri ilə bağlı hansı addımlar atılır? Biz soruşanda deyirlər ki, ölkəmizdə məhkəmə var. Türkiyədə də məhkəmə var. Biz insan hüquqları məsələsində Qərbdən öndəyik".

Türkiyədə ana müxalifət partiyasının liderinin hərbi çevriliş cəhdinin iştirakçıları, terrorçuları müdafiə etdiyini söyləyən Türkiyə prezidenti Qərbdə fövqəladə vəziyyət rejiminin nə vaxt ləğv olunacağının soruşulduğunu da nəzərə çatdırıb: "Dövlətə təhdidlər aradan qalxdıqdan, terrorla mübarizə yekunlaşandan sonra fövqəladə vəziyyət rejimi ləğv olunacaq. Türkiyə Milli Təhlükəsizlik Şurasında fövqəladə vəziyyət rejiminin uzadılıb-uzadılmaması barədə qərar veriləcək. Qarşıdan gələn bazar günü Milli Təhlükəsizlik Şurasının iclası var, fövqəladə vəziyyət rejimi ilə bağlı müzakirə ediləcək. Mən fövqəladə vəziyyət rejiminin davam etməsinin tərəfdarıyam və bunu hökumətə çatdıracam. Milli Təhlükəsizlik Şurasının iclasında fövqəladə vəziyyət rejiminin uzadılmasının dəstəklənəcəyinə inanıram".

Həmin günün sonunda media mənsubları 15 iyul hərbi çevriliş cəhdi zamanı şəhid olmuş jurnalist Mustafa Canbazın xatirəsinə həsr olunmuş "Yerli medianın həvəsləndirilməsi müsabiqəsi" adlı tədbirə qatılıblar.

Türkiyə baş naziri Binəli Yıldırım tədbirdə çıxış edərək mətbuatın, KİV-in gücünün 15 iyul hərbi çevriliş cəhdi zamanı bir daha göründüyüni vurğulayıb. Bildirib ki, media o gün, hərbi çevrilişə cəhd zamanı proseslərin istiqamətini, qədərini dəyişib. Baş nazir deyib ki, həmin gün Türkiyə mediası çox gözəl imtahan verib: "Mən bütün fədakar media orqanlarına, jurnalistlərə minnətdarlığımı bildirirəm. Türkiyə hökuməti keçmişdə olduğu kimi bundan sonra da yerli mətbuatın inkişafı üçün lazımi addımlar atacaq. 15 iyul silahsız, tanksız, təyyarəsiz xalqın qazandığı bir qələbədir. Türkiyədə indiyə qədər də hərbi çevrilişlər olub. 15 iyulda ilk dəfə çevriliş etmək istəyənləri xalq çevirdi. Haqqın, xalqın gücü tanka qalib gəldi".

Türkiyə baş naziri deyib ki, hərbi çevriliş cəhdində iştirakla bağlı saxlanılanlar məhkəmələrdə müxtəlif oyunlar ortaya qoyurlar: "Biz səbrli olmalı, hüquqa inanmalıyıq. Sonda ədalət yerini tapacaq. Hüquq çərçivəsində hərbi çevriliş iştirakçıları cəzalarını alacaqlar".

B.Yıldırım 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrindən Türkiyəyə 350 jurnalist gəldiyini xatırladıb. O, xarici media mənsublarına bu gün Türkiyə ilə olduqları üçün təşəkkür edib. Bildirib ki, ölkəsi bütün həqiqətləri media ilə paylaşmağa hazırdır.

Çıxışlardan sonra bir qrup türkiyəli media mənsubuna mükafatlar təqdim olunub.

Rufik İSMAYILOV
Türkiyə, Ankara

banner

Oxşar Xəbərlər