Türkiyə Azərbaycanı Aralıq dənizinə dəvət edir
Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan
Türkiyənin "Aralıq dənizi qalxanı” təlimlərində iştirak edəcək. Azərbaycan
Rusiyadan sonra Xəzər dənizində güclü donanmalardan birinə sahibdir. Müxtəlif xəbərlərə
görə, iki ölkənin hərbi dəniz qüvvələri arasında yekun anlaşmanın əldə olunmaq
üzrədir.
Azərbaycanıın Aralıq dənizində hərbi təlimlərdə
iştirakı Türkiyə üçün geosiyasi əhəmiyyət daşıyır. Türkiyənin hazırda Aralıq dənizi
sahillərindəki bır sıra dövlətlə münasibətlərində
gərginlikləri var. Ona görə də Türkiyə istəyir ki, Aralıq dənizi hövzəsində tərəfdaşları
çoxalsın. Türkiyənin Aralıq dənizi sahili ölkələri – Yunanıstan, Fransa, Misir
və İsraillə münasibətləri gərgindir. Türkiyə Yunanıstanın Misirlə dəniz sərhəddinə
dair imzaladığı son sazişi tanımır. Ankara haqlı olaraq Yunanıstanla Misir
arasında Aralıq dənizində sərhəddinin olmadığını bəyan edib. Razılaşmada nəzərdə
tutulan ərazi Türkiyənin qitə şelfində yerləşir. Bu saziş Kuzey Kıbrıs Türk
Cumhuriyyətinin və Liviyanın da maraqlarına ziddir. Yunanıstan və Misir yeni
sazişlə Aralıq dənizində birgə enerji yataqlarının kəşfiyyatına və istismarına
ümid edirlər. Ancaq Türkiyə buna imkan verməyəcək.
Belə vəziyətdə Türkiyənin tərəfdaşlara ehtiyacı
var. Türkiyə Aralıq dənizi sahilində olan İtaliya ilə sıx əlaqələr qurub. Türkiyə
ada ölkəsi olan Malta ilə də danışıqlar aparır. Təsadüfi deyil ki, bugünlərdə
Türkiyə və Maltanın xarici işlər nazirləri birgə Liviyaya səfər ediblər. Türkiyə
kimi Malta da Liviyada mərkəzi hakimiyyətlə əməkdaşlıq edir. Türkiyənin strateji
müttəfiqlərindən biri də Azərbaycandır. Aralıq dənizindəki təlimlərə Azərbaycanın
simvolik olaraq belə qoşulması Türkiyənin həmin sahədəki tərəfdaşlarının sayını
artıracaq. Bu, Türkiyə üçün çox vacibdir.
Ancaq Azərbaycanın Aralıq dənizindəki təlimlərdə
iştirakı o demək deyil ki, Bakının Türkiyənin həmin bölgədə rəqibləri ilə münasibətləri
avtomatik olaraq gərginləşəcək. Azərbaycan Türkiyə ilə strateji müttəf olsa da,
xarici siyasətdə fərqli çalarlar da var. Məsələn, Türkiyədən fərqli olaraq Azərbaycanın
İsraillə münasibətləri yaxşıdır. Yunanıstan Ermənistanla sıx əlaqələr qursa da,
Bakının Afina ilə də dərin fikir ixtilafı yoxdur.
Buna baxmayaraq, strateji müttəfiqlik qarşılıqlı dəstəyi
diqtə edir. Əgər Türkiyə ordusu Azərbaycanda hərbi təlimlərdə iştirak etməklə
müttəfiqinə hərtərəfli dəstəyini ifadə edirsə və bu işğalçı Ermənistana təzyiqi
artırmaq baxımından bizim üçün vacibdirsə, eyni ilə Azərbaycanın da Aralıq dənizində
planlaşdırılan hərbi təlimlərdə iştirakı Türkiyə üçün vacibdir.
Elxan Şahinoğlu
"Atlas”
Araşdırmalar Mərkəzi