• cümə, 19 Aprel, 16:50
  • Baku Bakı 25°C

Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb

25.01.18 15:44 619
Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb
Keçən ilin noyabr ayında Türkiyə Azərbaycandan 575,02 milyon kubmetr təbii qaz idxal edib.
AZƏRTACxəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bununla da Azərbaycan qazının Türkiyənin ümumi idxalındakı payı 10,55 faiz olub. 2017-ci ilin oktyabrında isə Türkiyə Azərbaycandan 463 milyon kubmetr təbii qaz idxal etmişdi.
Ümumilikdə ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə təxminən 5,8 milyard kubmetr təbii qaz ixrac olunub. 2016-cı ilin noyabrında Türkiyə Azərbaycandan 576,76 milyon kubmetr təbii qaz idxal etmişdi.
Noyabrda Türkiyə boru kəmərləri ilə ümumilikdə 4 milyard 43 milyon kubmetr, LNG terminalları vasitəsilə 1 milyard 405 milyon kubmetr təbii qaz idxal edib. Beləliklə də Türkiyə 2017-ci ilin noyabrında ümumilikdə 5 milyard 448 milyon kubmetr təbii qaz idxal edib. Türkiyənin noyabrda ən çox təbii qaz idxal etdiyi ölkə 2,67 milyard kubmetr ilə Rusiya (idxaldakı payı 49,17 faiz), ikinci sırada 789 milyon kubmetr ilə İran (idxaldakı payı 14,49 faiz), üçüncü yerdə isə Azərbaycan (575 milyon kubmetr) olub.
Qeyd edək ki, Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) ilə idxal edir. 2006-cı ilin sonlarında istismara verilən bu boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), "AzCQBK” (10 faiz), "SNG Midstream” (6,7 faiz), "Petronas” (15,5 faiz), "LUKOIL” (10 faiz), "NICO” (10 faiz), və "TPAO” (19 faiz).
banner

Oxşar Xəbərlər