“Türkiyə-Azərbaycan münasibətlərində fərqli mənzərənin ortaya çıxması mümkünsüzdür”
Türkiyənin Mərkəzi Seçki
Komissiyası (YSK) 24 iyunda keçiriləcək prezident və 27-ci parlament seçkiləri
prosesinə başlayıb.Prezidentlik üçün lazım olan 100 min imzanın 4-9 may
tarixlərində toplanması lazımdır.Siyasi partiyalar prezidentliyə
namizədlik ərizələrini 5 may saat 17.00-a qədər verməlidir.İttifaq protokolu
YSK-ya 6 maya qədər təslim edilməlidir. 14 mayda prezidentliyə, 20 mayda isə
birlik və siyasi partiya namizədlərinin seçki məntəqələrinin yerlərinin
müəyyənləşdirilməsi üçün YSK-da püşk atılacaq. Onu da əlavə edək ki, Türkiyənin
Cümhuriyyət Xalq, İYİ, Səadət və Demokrat partiyaları arasında koalisiya
yaradılması haqqında razılıq əldə olunub. Dörd partiya yalnız parlament
seçkisində birgə hərəkət edəcək. Prezident seçkisində isə hər partiya öz
namizədini ayrı-ayrılıqda dəstəkləyəcək. Yaranan koalisiyanın adının
"Demokratiya üçün Milli Birlik” və ya "Demokratiya Birliyi” olacağı gözlənilir.
Bundan öncə AKP ilə MHP "Cümhur Birliyi” yaradıb.
Qeyd olunanlardan da
göründüyü kimi, Türkiyədə iyunun 24-də prezident və parlament seçkiləri
keçiriləcək, ardınca yeni hökumət formalaşacaq. Bəs bu seçkilərin nəticəsi
Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyinə hansısa formada təsir
göstərəcəkmi? Milli Məclisin deputatı,
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev mövzu ilə
bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, 24 iyun seçkiləri heç şübhəsiz
Türkiyə xalqının iradəsini nümayiş etdirəcək. Onun sözlərinə görə, Türkiyə
xalqı hər zaman öz dövlətinin Azərbaycanla əməkdaşlığının, ittifaqının
tərəfdarıdır: "Türkiyədə Azərbaycana xüsusi münasibət var. Xalqın iradəsi əsas
götürüldüyündən, seçkilərdən sonra da bu münasibət dəyişməyəcək. Çünki,
Azərbaycana münasibəti Türkiyədəki hansısa hakimiyyət formalaşdırmayıb. Bu
münasibətlər hər iki xalqın arzusu, istəyi və tələbidir. Bu səbəbdən düşünürəm
ki, Türkiyədə hakimiyyətə kim gəlirsə gəlsin, Azərbaycana olan münasibət
dəyişməyəcək. Əksinə, zamanla bu münasibətlər daha da inkişaf etdiriləcək”.
Millət
vəkili, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa da bildirdi ki,
Türkiyədə həm iqtidarda, həm də müxalif düşərgədə təmsil olunan şəxslər
Azərbaycana səmimi münasibət sərgiləyirlər. Onun fikrincə, bu münasibətlərdə
prioritet olan ümumi maraqlarımızın qorunmasıdır: "Hər iki tərəfdəki insanlar
buna cəhd edirlər. Ona görə də Türkiyədə siyasi hakimiyyətdə kimin təmsil
olunması ilə bağlı narahatlığımız yoxdur. Əsas budur ki, Türkiyədə keçirilən
seçkilərdə xalqın iradəsi qalib gələcək. Bu seçki nəticəsində etimad göstərilən
şəxslər də ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafına öz
töhfələrini verəcəklər”.
Politoloq
Qabil Hüseynli də hesab edir ki, Türkiyədə gözlənilən seçkilərin
nəticəsində hətta ciddi dəyişikliklər olsa belə, bu, ölkələrimiz arasındakı
münasibətlərə mənfi təsir etməyəcək: "Türkiyədəki seçkilərdən sonra hansısa
dəyişikliklərin olacağı ehtimalı azdır. Ona görə də, seçkidən sonra
Türkiyə-Azərbaycan münasibətlərində fərqli mənzərənin ortaya çıxması
mümkünsüzdür. Seçkilərin nəticəsi hər necə olsa da, bu, münasibətlərimizə təsir
edə bilməz. Türkiyə-Azərbaycan münasibətləri barədə qərarı Türkiyə siyasi
elitasından, hakimiyyətindən daha çox türk xalqı verir. Hətta bu münasibətləri
azacıq da olsa "korrektə” etmək fikrinə düşən hər hansı siyasi lider, Türkiyə
xalqının böyük qəzəbi ilə üzləşə bilər. Ona görə də, qardaş ölkədə heç bir
siyasətçi buna cəsarət etməz, xalqın iradəsinin əksinə çıxış etməz.
Ümumiyyətlə, hazırda Türkiyənin siyasi palitrasında anti-Azərbaycan mövqedə
dayanan şəxs yoxdur”.
Rufik İSMAYILOV