• cümə axşamı, 28 mart, 16:38
  • Baku Bakı 16°C

Türkiyə-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib - Fotolar

25.04.18 19:59 2289
Türkiyə-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib - Fotolar
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi:"Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi,Azərbaycanıdaşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlınınqəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türkxalqının ona göstərdiyi köməyi heçvaxt unutmayacaqdır”. Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılanmilli mücadiləyə də azərbaycanlılar maddi və mənəvi yardım göstəriblər. Hələ Azərbaycan Sovet İttifaqının tərkibində olarkən də iki respublika arasında rəsmi münasibətlər mövcud olub. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynayıb.

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə olub. 1992-ci il yanvarın 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradılıb. Bu vaxtdan etibarən Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başlayıb. Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açıb. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başlayıb. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib. Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin edib.

2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına müstəsna diqqət ayırıb. Ötən dövr ərzində Prezident İlham Əliyev Türkiyəyə dəfələrlə rəsmi və işgüzar səfərlərdə olub. Eynilə Türkiyə dövlətinin rəsmiləri, rəhbər şəxsləri, o cümlədən prezidentlər, baş nazirlər dəfələrlə Azərbaycanda səfərdə olublar. Fəxrlə deyə bilərik ki, Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” fikirləri artıq həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.
Beynəlxalq təşkilatlarda da müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Türkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür. Tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, bir-birinə qarşılıqlı dəstək verir. Azərbaycan BMT, İKT, NATO, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlər Birliyi kimi təşkilatlar çərçivəsində Türkiyə ilə faydalı əməkdaşlıq edir.

Türkiyə-Azərbaycan münasibətləri hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək, hərtərəfli sıx qarşılıqlı əməkdaşlıq şəraitində davam etməkdədir. Bütün bu münasibətlərin nəticəsi kimi 2010-cu ildə iki qardaş ölkə arasında Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası da təsis olunub. Aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib.
İclas başa çatdıqdan sonra prezidentlərin iştirakı ilə sənədlərin imzalanması mərasimi keçirilib. Şübhə yoxdur ki, prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin ilk rəsmi səfərini Türkiyəyə etməsi, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasına qatılması ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrini bundan sonra daha da möhkəmləndirəcək. Bu əlaqələrin gücləndirilməsi sadəcə iki ölkədə deyil, ümumilikdə Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə xidmət edəcək.

Millət vəkili, siyasi şərhçi Sahib Alıyev də dövlət başçısı İlham Əliyevin yenidən Prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsinə diqqət çəkib. Bildirib ki, bu səfərin uydurma soyqırımın növbəti saxta ildönümünə təsadüf etməsi xüsusilə əhəmiyyətlidir: "Niyə məhz Türkiyəyə və niyə məhz bu gündə? Bu sualın cavabını çoxumuz bilirik, amma mən sadəcə bir faktı xatırlatmaq istəyirəm. Ermənistanda hakimiyyətdən qovulan Serj Sarkisyan düz dörd il bundan öncə, yəni 2014-cü il aprelin 24-də Praqada "Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə qardaş ölkəyə böhtanlar yağdıranda Azərbaycan Prezidenti "Türkiyə təmsilçiləri burada yoxdur, amma mən burdayam”, - deyərək onun cavabını vermişdi. Və təkcə onun cavabını verməmişdi, bizim "bir millət, iki dövlət”liyimizi türkə necə yanaşdıqları heç kimə sirr olmayanların gözləri önündə sərgiləmişdi. Onlar da anlamışdılar ki, eyni soyu, eyni dili, eyni dini, eyni geni daşıyanları bir də səfəvilərlə osmanlılar kimi üz-üzə qoya bilməyəcəklər! Biz məkrli "Sürix protokolları”yla yox, damarımızdakı qanın diqtəsiylə hərəkət edəcəyik. Tanrı bu birliyi və birgəliyi əbədi etsin! Türkün ən zəif tərəfi tarixdən ibrət götürməməsi elə tarixdə də qalsın! Bu gün Ankarada iki qardaş dövlətin bir-birilərini qardaş deyə səsləyən iki liderinin - cənab İlham Əliyevlə sayın Rəcəb Tayyib Ərdoğanın birgə açıqlamaları göstərdi ki, artıq Azərbaycan Türkiyə ilişgilərində yeni mərhələ - hərbi də başda olmaqla bütün sahələr üzrə daha dərin əməkdaşlıq və dayanıqlı strateji müttəfiqlik mərhələsi başlanır. Təki millətimiz üçün uğurlu-xeyirli olsun!”.

Millət vəkili Azər Badamov da ölkə rəhbəri İlham Əliyevin yenidən prezident seçiləndən sonra xaricə birinci səfərinin məhz qardaş Türkiyəyə etməsini əlamətdar hadisə kimi qeyd edib. Bildirib ki, bu hadisə Türkiyə ilə Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrin bariz göstəricisidir: "Ulu öndər Heydər Əliyev demişdi ki, Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir. Cənab Ərdoğanın da prezident kimi ilk səfəri Azərbaycana olmuşdu. Bu da Türkiyənin bizə eyni cür yanaşdığının göstəricisidir. Türkiyə həmişə beynəlxalq arenalarda Azərbaycanı dəstəkləyir və eyni ilə Azərbaycan da Türkiyə olmayan yerdə Türkiyənin sözünü deyir, qardaş dövlətin yanındadır. Bizim dostluğumuz nə qədər möhkəm olarsa, ölkələrimiz də bir o qədər güclü olar. Hamı bilər ki, dili bir, soy kökü bir qardaş iki ölkə var və hər zaman bizə qarşı yanaşanda böyük, güclü ölkə görəcəklər. Güclü ölkələrə dünyada münasibət də müsbət olur. Güc birlikdədir! Düşünürəm ki, cənab Prezidentin səfəri də Azərbaycan Türkiyə birliyini daha da möhkəmləndirəcəkdir”
Alpər TURAN
banner

Oxşar Xəbərlər