• cümə, 29 Mart, 14:33
  • Baku Bakı 14°C

Türkiyə-Azərbaycan Dərnəyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

20.01.19 13:45 405
Türkiyə-Azərbaycan Dərnəyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Türkiyə-Azərbaycan Həmrəyliyi və Mədəniyyəti Dərnəyində (İSTAD) 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.
AZƏRTACxəbər verir ki, tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Dərnəyin sədri Səfər Qaraqoyunlu çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilmiş faciədən danışıb. Bildirilib ki, yaddaşlara əbədi həkk olunmuş bu faciə əslində Azərbaycan türklərinin 70 illik əsarətə son qoyduğu və zalımlıq qarşısında əzmlə dayandığı gündür. 20 Yanvar hadisələri Azərbaycan tarixinə qanlı bir faciə kimi daxil olub. Lakin, eyni zamanda, bu faciə Azərbaycan türklərinin milli qəhrəmanlıq tarixinin ən yaddaqalan səhifələrindən biridir. Həmin gün şəhid olanlar müstəqil Azərbaycan dövlətinin təməlini qoydular.
Bu gün bu güclü təməlin daha da möhkəmləndiyini bildirən S.Qaraqoyunlu deyib: "Bu tarixi dərin hüzn, eyni zamanda, qürur hissi ilə xatırlayırıq. Türkiyə-Azərbaycan Dərnəyi olaraq Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan soydaşlarımızı daim hörmətlə anırıq”.
Digər çıxış edənlər 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat veriblər, Türkiyə ilə Azərbaycan arasındakı həmrəyliyin və qardaşlığının davamlı olacağını bildiriblər.
Tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulluğunun nümayəndələri, siyasətçilər, elm və mədəniyyət xadimləri, ziyalılar, Türkiyədə yaşayan, işləyən və təhsil alan həmvətənlərimiz iştirak ediblər.
Sonda qanlı faciədən bəhs edən videoçarx nümayiş olunub.

banner

Oxşar Xəbərlər