• cümə axşamı, 25 aprel, 01:35
  • Baku Bakı 19°C

Türkiyə Almaniyanı məhkəməyə verir

10.03.17 09:30 748
Türkiyə Almaniyanı məhkəməyə verir
Türkiyə apreldə keçiriləcək referendum ərəfəsində çox ciddi sınaqlarla üzləşməkdədir. Konstitusiya islahatları ərəfəsində bir sıra Qərb dövlətləri, konkret olaraq Almaniya ilə münasibətlər gərgin məcraya yönəlib. Rəsmi Berlin Türkiyənin bir sıra yüksək rütbəli nazirlərinin ölkə ərazisində türk icması ilə görüşlər keçirməsinə qadağa qoyub.
İki ölkə arasında gərginliyə səbəb isə türk əsilli alman jurnalistin Türkiyə ərazisində həbsi olub. Bunun ardınca isə Almaniya ölkə ərazisində türk icması ilə görüşlər keçirməyi planlaşdıran türk nazirlərə qadağa qoyub. Gərginlik o həddə çatıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Berlinin siyasətini faşizmlə əlaqələndirib. Almaniya kansleri Angela Merkel də dünən bəyan edib ki, "Türkiyə prezidenti və rəsmilər tərəfindən "nasist üsulları”nın tətbiqi barədə bəyanatlar qeyri-məqbuldur və onlara son qoyulmalıdır”. Kansler ölkə parlamentinə müraciətində bildirib ki, "bir tərəfdən Avropa və Türkiyənin çox sayda ümumi maraqları var. Digər tərəfdən isə Avropa İttifaqı ilə Türkiyə və Almaniya ilə Türkiyə arasında fərqli mövqelərin dərinləşməsini hiss edirik. Bu müqayisələr Almaniyada nasist dönəmində yaşananların əhəmiyyətsiz olduğunu göstərir”.
Öz növbəsində, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkci bəyan edib ki, Almaniyanı məhkəməyə veriblər. O, Almaniyanı toplantıların keçirilməsinin qarşısının alınmasına və alman mətbuatında çıxan təhqir dolu xəbərlərə görə məhkəməyə verdiklərini bildirib. Qeyd edək ki, Almaniya bir müddət əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybəkçinin bu ölkədə baş tutacaq toplantılarını ləğv edib. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşib. Lakin ən yüksək səviyyədə səslənən hədə və tənqidlərdən sonra deyəsən tərəflər arasında buzlar bir qədər əriməyə başlayıb. Belə ki, xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniyada həmkarı Siqmar Qabriel ilə görüşüb.M.Çavuşoğlu paytaxt Berlində baş tutan görüşdən sonra mətbuata açıqlama verərək deyib: "Həmkarım yaxşı düşüncələrini və diləklərini, Almaniyanın gözləntilərini səmimi şəkildə dilə gətirdi. Dostum Qabrieli yay aylarında Türkiyədə qonaq edəcəyik”. M.Çavuşoğlu Qabrielə son bir ildə Almaniyada yaşayan türk icmasına istiqamətli sistemli təzyiqdən narahatlıq duyulduğunu və türk icmasının bundan təsirləndiyini, bunun Almaniyanın inteqrasiya siyasətinə də zidd olduğunu söyləyib. Bəzi terror təşkilatı mənsublarının Almaniyada olmasından duyulan narahatlığı da görüşdə ifadə etdiyini vurğulayan nazir "bu ilanlar sizi də vurar, çünki bunlar insanlığın düşmənidir” sözlərini dilə gətirib.
Almaniyadakı sistemli Türkiyə əleyhdarlığına son qoyulmasının vacibliyini qeyd edən Çavuşoğlu bildirib: "Dostluğumuz davam edəcəkmi, əlaqələrə sonmu qoyulacaq? Almaniya seçimini etməli, qərar verməlidir”. M.Çavuşoğlu onu da əlavə edib ki, "türk siyasi xadimləri Almaniyanın siyasətinə qarışmaq üçün deyil, sadəcə, Almaniyada yaşayan seçicilərə, hər seçkidə olduğu kimi, 16 aprel referendumunda da özümüzü ifadə etmək üçün getmək istəyirlər. Çünki Almaniyanın demokratik ölkə olduğunu düşünürük”. "Türkiyə Respublikasının xarici işlər naziri və səlahiyyətliləri gələ bilməz” deyən Hollandiyaya da reaksiya verən xarici işlər naziri Çavuşoğlu, belə ifadələrdən tərəfdaşlar və dostlar arasındakı əlaqələrin mənfi təsirlənəcəyini sözlərinə əlavə edib.
Bir saat yarım davam edən görüşdən sonra açıqlama verən Almaniyanın xarici işlər naziri isə bildirib ki, əlaqələr çətin proseslə qarşı-qarşıyadır: "Ayrılıqlara baxmayaraq, Türkiyə ilə dialoqdan başqa alternativimiz yoxdur. Almaniya-Türkiyə əlaqələrinin nailiyyətlərini unutmamalıyıq. Həm Almaniya, həm də Türkiyə əlaqələrin normallaşmasını istəyir”.
Öz növbəsində, Avropa İttifaqıüzrə nazir Ömәr Çelikdə iki ölkə arasındakı mövcud durumu qiymətləndirib. O, Almaniyanın Türkiyə ilə arasına "Berlin divarı” çəkdiyini deyib. Ömər Çeliktürk nazirlərin Almaniyada qatılacağı tədbirlərin ləğv edilməsinə reaksiya göstərib və yaşanan toplantı böhranı ilә bağlı: "Bu, şübhəsiz,ağır böhrandır” deyib. Toplantıların qarşısının alınmasından hökumətin məsul olduğunu bildirən Ömər Çelik "Bu, sistematik maneədir. Almaniya Türkiyə ilə öz arasına "Berlin divarı” çəkir” deyib.
Ömər ÇelikTürkiyənin Avropa İttifaqına tam hüquqlu üzvlüyü ilə bağlı bunları bildirib: "Vaxtaşırı mənə "Türkiyə hələ də Avropa İttifaqının üzvü olmaq istəyirmi” sualını verirlər. "Türkiyə hələ də Avropa İttifaqının üzvü olmaq istəyirmi”cümləsində "Avropa” kəlməsi çox əhəmiyyətlidir. Hansı Avropa? Əgər dediyiniz Avropa Sarkozinin, Le Penin və Vildersin dərk etdiyi Avropadırsa,Türkiyə belə bir Aİ daxilində heç vaxt olmaq istəməz. Amma siyasi dəyərlər əsasında inteqrasiya olmuş, insan haqları və demokratiya məsələsində ikili standartlardan təmizlənmiş, Avropanın qurucularınınortaya qoyduğu çərçivədə sülh və sabitlik layihəsi olan Avropa deyirsinizsə, Türkiyə onsuz da bunun təbii bir hissəsi olmaq arzusundadır”.
Baş nazirin müavini Numan Kurtulmuş isə Avstriyanın XİN rəhbəri Sebastyan Kruzun türk siyasətçilərinin Avstriyaya gəlməsini istəmədikləri ilə əlaqədar açıqlamasına reaksiya göstərib. N.Kurtulmuş S.Kruzundövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Avstriyaya gəlməsini istəmədikləri ilə əlaqədar açıqlamasına "hər kəs təmkinli addım atsın” deyərəkreaksiya göstərib. Baş nazirin müaviniS.Kruzun ötən il Makedoniyada keçirilən seçki kampaniyasına qatılaraq bu ölkədə qeydiyyatda olan Avstriya vətəndaşlarından Avstriya Xalq Partiyasına səs vermələrini istədiyini xatırladıb.
Yeri gəlmişkən, bəs Türkiyənin Avropanın qalan ölkələri ilə münasibəti necədir? Bir çox hallarda stabil deyil. Hollandiya və Avstriya hökumətləri də Türkiyə dövlətinin Aİ ölkələrində yaşayan Türkiyə vətəndaşları üçün referendum seçki kampaniyasına tənqidlə yanaşıb. Bir çox Avropa dövlətləri çevriliş cəhdi ilə bağlı Türkiyənin davranışları haqqında narahatlıqlarını bildiriblər. Türkiyə miqrantların Aİ-yə keçməsinin qarşısının alınmasında əsas rolu oynayır, lakin vətəndaşları üçün vizasız səyahət və Aİ-yə üzvlük müzakirələrini sürətləndirmədiyi təqdirdə, İttifaqı sərhəd qapılarını açacağı ilə hədələyib.
Eyni zamanda, hər iki ölkənin Aİ ilə münasibətlərinin soyuqlaşdığı bir məqamda Türkiyə ilə Rusiya arasında yaxınlaşma baş verir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər