AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkdilli dövlətlərin Bakı görüşünün iştirakçılarına məktub

Türkdilli dövlətlərin Bakı görüşünün iştirakçılarına məktub

Siyasət
28 Noyabr 2014, 10:39 958
Azərbaycan prezidenti: “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirilən layihələr tarixi mədəni əlaqələrin dərinləşməsinə xidmət göstərir”

“Türkdilli ölkələrlə əməkdaşlığın daim yüksələn xətlə inkişaf etdirilməsi Azərbaycan dövləti üçün həmişə mühüm əhəmiyyət daşıyıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində birgə həyata keçirilən çoxsaylı layihələr ölkələrimiz və xalqlarımız arasında tarixi mədəni əlaqələrin dərinləşməsinə xidmət göstərir. Әsrlər boyu formalaşmış ənənələrimizin gələcək nəsillərə layiqincə çatdırılmasında təhsilin misilsiz rolunu nəzərə alaraq, bu sahədə aparılan siyasəti təqdirəlayiq hal kimi yüksək qiymətləndirirəm”.

APA-nın xəbərinə görə, bu fikirlər prezident İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin bu gün Bakıda keçirilən üçüncü görüşünün iştirakçılarına ünvanlanan təbrik məktubundandır. Təbrik məktubunda daha sonra bildirilir: “İnanıram ki, artıq müntəzəm şəkil alan görüşlərimiz dostluq və qardaşlıq münasibətimizin daha da genişlənməsi baxımından yeni imkanlar yaradacaq.

Son illər ərzində türk universitetlərin birliyinin qurulması, Türk Akademiyasının təsis olunması və eləcə də bu qəbildən digər müştərək layihələr türkdilli ölkələrin əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Hazırda ölkəmizdə təhsil sahəsində islahatların "Azərbaycan Respublikasının təhsilinin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, reallaşdırılması keyfiyyətcə yeni dövrün başlamasının bariz nümunəsidir. Qardaş türkdilli dövlətlərin bu istiqamətdə nailiyyətlərini, müsbət təcrübələrinin öyrənilməsinin tərəflər üçün faydalı olacağına və ölkələrimizin təhsil sisteminə layiqli töhfələr verəcəyinə inanıram. Ümidvaram ki, görüş zamanı müzakirə olunacaq problemlər, aparılacaq fikir mübadiləsi və qəbul ediləcək qərarlar ölkələrimiz arasında təhsil üzrə əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirərək cəmiyyətlərimizin daha da yetkinləşməsi istiqamətində əhəmiyyətli addım olacaq”.