• cümə axşamı, 25 aprel, 02:21
  • Baku Bakı 19°C

Türkçülüyün nəzəri və praktik inkişafı, yeni hədəfləri

03.12.18 12:30 2396
Türkçülüyün nəzəri və praktik inkişafı, yeni hədəfləri
Türkçülük fikrini dil, tarix və kültür üçbucağına yerləşmiş və "müdafiə” xəttində qalmış bir fikir olmaqdan çıxarmağımız lazımdır.
Türkçülük türk dilində danışan və türk soyundan olan xalqlar arasında əlifbada, dildə, fikirdə, işdə, duyğuda və son mərhələdə siyasətdə birliyi hədəf alan fikir axınıdır. Çağdaş dövrümüzdə türkçülüyü mədəni birlik anlamında dəyərləndirməyin lazım olduğunu müdafiə edənlər də vardır.
Sovetlər Birliyi dövründə "Böyük Sovet Ensiklopediyası”nda türkçülük (türk birliyi, pantürkizm, turançılıq) həqiqi mahiyyətinə zidd olaraq "türk mürtəce burjua mülkədarlarının öz məqsədləri üçün bütün türkdilli xalqları Türkiyə hakimiyyəti altına almağı nəzərdə tutan irqçi anlayış” kimi göstərilmişdir.

Türkiyədə Rusiyanın hakimiyyəti altında yaşayan türklər arasındakı fikir axınlarını izləmək mümkün olmadığı üçün türkçülük fikrinin ortaya çıxması Osmanlı dövlətinə, xüsusilə, Çar Rusiyasından köç etmiş xaricilərin nəşr etdikləri əsərləri ilə əlaqələndirilirdi. Məsələn, Osmanlı dönəmində Osmanlı dövləti sərhədlərindən kənarda yaşayan türklərə marağın fransız tarixçisi Leon Cahunun 1896-cı ildə nəşr etdirdiyi "Asiya tarixinə giriş: Türklər və Moğollar” adlı əsərinin 1899-cu ildə Nəcib Asim Bəy tərəfindən edilən türk tərcüməsi ilə başladığı bildirilir. Lakin Azərbaycandakı nəşrlər, türkçülük fikrinin 1804-cü ildə tatar türklərindən olan ilahiyatçı Kursavinin "İslam dinində müasirləşmə” fikrini irəli sürən məqaləsiylə başlandığını göstərir. Kursavi bu məqaləsində "Cədidçilik” fəlsəfəsini "modern təhsil, qadın-kişi bərabərliyi, fərqli dinlərə qarşı humanist münasibət, türklərin mədəni birliyi, Avropanın mədəni dəyərlərinə bağlılıq” kimi müəyyənləşdirmişdir. 1844-cü ildə Kazan şəhərində Cədid (Yenilik) hərəkatı ortaya çıxmışdır. Tatar türklərinin paytaxtı Kazan şəhərində meydana gələn Cədidçilik (Yenilikçilik) hərəkatı "müasirləşmə, təhsil islahatı” ideyasını müdafiə etmiş və "tarixdə ilk dəfə dindən ayrı türk kimliyi” fikrini ortaya qoymuşdur.
Turançılıq fikri Hüseynzadə Əli Turanın 1892-ci ildə yazdığı şeiri ilə yeni ruh qazanmışdır. 1892-1905-ci illər arasında Turançılıq ideyası ilə türk xalqlarının bir-birini tanıması və qarşılıqlı əlaqəsi üçün "mədəni birlik” nəzərdə tutulurdu.
Rusiya müsəlmanları 1905-ci ildəki inqilab qığılcımlarını görüncə mədəni və siyasi sahədə birlikdə fəaliyyət göstərməyə qərar verdilər. Krım tatar türklərindən İsmayıl Qaspıralı yayınladığı "Tərcüman” qəzeti ilə Rusiya türklərinin mədəni oyanışı ideyasının liderlərindən birinə çevrildi. 15-28 avqust 1905-ci il tarixlərində İsmayıl Qaspıralı, Azərbaycan türklərindən Hüseynzadə Əli Turan, Kazan tatar türklərindən Yusif Akçura, Başqırd türklərindən Zəki Validi (Toğan) Nijni Novqorod şəhərində Bütün Rusiya Müsəlmanları Konqresini təşkil etdilər. Rusiya müsəlmanlarının digər görkəmli isimləri, Azərbaycan türklərindən Əhməd bəy Ağaoğlu, Kazan tatar türklərindən Sadri Maksudi (Arsal) və qazax türklərindən Mustafa Çokayev (Çokay) də bu konqresdə iştirak edirdilər.
İnqilabın məğlubiyyətə uğradığı bəlli olduqdan sonra 1906-cı ildə Rusiyadakı türk və müsəlman aydınlarının böyük bir qismi Rusiyanın nüfuz dairəsi xaricinə qaçmaq məcburiyyətində qaldıqları üçün Osmanlı dövlətinə, İstanbula gəldilər. Bu şəxsiyyətlər "İttihat və Tərəqqi” təşkilatına daxil oldular.
Bütün türkçülər bu fikrə şərik olmasalar da, Birinci Dünya Müharibəsinin başlaması ilə Ənvər Paşa başda olmaqla bəziləri türk birliyi fikrinə siyasi bir anlam vermişdilər. Lakin siyasi baxımdan türk birliyinin necə reallaşacağı fikri müzakirə olunmamışdı. Türk birliyi Qafqaz, Krım, Kazan və Türküstan türklərinin Osmanlı türklərinin idarəsinə daxil olması ilə gerçəkləşəcəkdirmi? Yaxud bu bölgələrdə yaşayan türklər bir federasiyanın parçası olacaqdırlarmı? İnsan və hakimiyyət necə bölüşdürülməlidir? Bu ərazilərdə yaşayan və türk olmayan etnik qrupların taleyi necə olacaqdır? İqtisadi resurslar necə bölüşdürülməlidir? Məsələn, bir nümunəyə diqqət yetirək. Osmanlı dövlətində monarxiya davam edərkən Ənvər Paşa siyasi birlik uğrunda çalışırdı, lakin 28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycan Demokratik Cümhuriyyəti elan edilmişdi. Məclis açılana qədər müvəqqəti şura elan edilərək türkçü aydın Məhəmməd Əmin Rəsulzadə rəhbər seçilmişdi. Bu inkişaf proseslərindən də aydın olduğu kimi, Osmanlı dövləti xaricində yaşayan türklərin türk birliyi idealı siyasi birlik mənası daşımırdı. Əgər siyasi birlik düşünülsəydi, Azərbaycan Demokratik Cümhuriyyəti elan edildikdən sonra Osmanlı dövləti ilə birləşmək qərarı verilərdi.
Bu və buna bənzər heç bir sualın cavabı araşdırılıb çözülmədən siyasi bir birlik arxasınca qaçmaq bir xəyal arxasınca yürümək olacaqdır. Elə də oldu.Ənvər Paşanın siyasi birlik ideyasının uğursuzluğu dəyərləndirilərkən türk birliyi fəlsəfəsinin müxtəlif tərəflərdən müzakirə edilərək ortaq düşüncəyə yetişmədiyini də göz önünə almaq lazımdır.
"İttihat və Tərəqqi” dönəmində Ziya Gökalpın məqalələri, Ömər Seyfəttinin hekayələri, Məmməd Əmin Yurdaqulun şeirləri, Xalidə Ədipin "Yeni Turan” romanı, Fuad Köprülünün ibtidai siniflər üçün hazırladığı "Turan” kitabı Turan düşüncəsinin yayılmasında mühüm rol oynamışdır.
Mirseyid Sultanqaliyev 1920-ci ildə Bakı Konqresindən sonra ortaya qoyduğu fikirlərlə Türküstan türk cümhuriyyətlərində yaradılmış Kommunist partiyalarının türk kimliyinə əsaslanan bir dövlət qurmasına yönəldilmiş fəaliyyəti ilə diqqəti cəlb edirdi. O, Sovetlər Birliyi daxilindəki türk xalqlarını kommunizm prinsipləri ətrafında birləşdirmək istəyirdi, lakin bu mübarizəsi "siyasi sapma” olaraq dəyərləndirildi və M.Sultanqaliyev məhkum olundu. Sultanqaliyevi türkçü kimi dəyərləndirməsəm də, rəhmətlik ustadımız Turan Yazqan söhbətlərimizdə ondan türkçü-turançı kimi söz etdiyindən M.Sultanqaliyevi xatırlatmaq istədim.
Birinci Dünya Müharibəsindən sonra bir sıra aydınlar Turançılıq fikrindən uzaqlaşdıqlarını elan etdilər. Məmməd Əmin Yurdaqul əsərlərində "Turan” əvəzinə "vətən” qavramını işlətməyə başladı. Əhməd bəy Ağaoğlu, Xalidə Ədip və Yusif Akçura kimi aydınlarımız da 1922-ci ildə Turançılıq ideyasından vaz keçdiklərini bildirdilər. Buna baxmayaraq Ziya Gökalp 1923-cü ildə dövlət tərəfindən nəşr olunan "Türkçülüyün əsasları” adlı əsərində Turançılığı "uzaq məfkürə” elan etdi. Atatürkün "fikirlərimin atası” kimi dəyərləndirdiyi Ziya Gökalp sözügedən əsərin yayınlanmasından sonra Mustafa Kamal tərəfindən millət vəkilliyinə namizəd irəli sürüldü. Çünki milli mücadiləyə "İttihad və Tərəqqi” təşkilatının türkçü və turançı kadrları böyük dəstək vermişdilər.
Reşit Saffet Atabinenin 1930-cu ildə nəşr etdirdiyi "Türklük və Türkçülük izləri” adlı kitabının Türk Ocaqları arasında böyük bir marağa səbəb olmasından sonra Türk Ocaqları Atatürkün əmri ilə bağlandı. Bu tarixdən sonra bir sıra türküçü-turançılar Fransa, Almaniya, Finlandiya kimi ölkələrə getdilər. Məhəmməd Əmin Rəsulzadə noyabr 1934 - iyul 1939-cu illərdə "Qurtuluş” dərgisini, Mustafa Çokayın qurduğu Türkistan Milli Konseyi 1931-ci ilin dekabrından sonra "Yaş Türkistan” (Genç Türkistan) dərgisini, İdil Ural Milli Komitəsi 1932-1939-cu illər arasında tatar türkcəsində çıxan "Yeni Milli Yol” dərgisini Berlində, İbrahim Arifulla 1932-ci ildən etibarən "Yeni Turan” qəzetini Helsinkidə nəşr etmişdir.
"Türk birliyinə inanıram və onu görürəm” deyən və "Türkçülüyün Əsaları”nı yazan Ziya Gökalpı "fikirlərimin atası” hesab edən Atatürkün türkçü və turançı aydınlarla sözügedən münasibəti Turançılığın "uzaq məfkürə” əvəzinə "yaxın məfkürə” halına gətirilməsi düşüncəsi ilə çox bağlı idi. Çünki Osmanlının küllərindən doğan Türkiyə Cümhuriyyətinin öz ayaqları üzərində durması düşünülməsi lazım olan ilk məsələ idi.
Ziya Gökalpın məşhur bir mənzuməsində işlətdiyi aşağıdakı beyt o dönəmdəki türkçü-turançı düşüncəsinin özəyi hesab edilirdi:

Vatan ne Türkiye’dir Türklere, ne Türkistan;
Vatan büyük ve müebbet bir ülkedir: Turan.

Cümhuriyyətin qurulmasından sonra Atatürk tamamilə bir türkçü siyasət izləmişdir. Atatürk dövründə türk birliyindən söz açmadan türklər arasında dil, tarix və kültür birliyini təmin edəcək işlər, xüsusilə, elmi sahədə işlər görülmüşdür. Yenidən yazılan tarix və sosioloji sahədəki kitablarda etnik baxımdan türklük şüuru verilməyə çalışılmışdır. Digər tərəfdən Türkiyə Cümhuriyyətinin pul və əskinazlarında Bozqurd kimi türklüyün simvolları istifadə edilirdi. Müasir dövrümüzdə Türkiyədə bir tərəfdən Atatürkçü görünərək Atatürk dönəmində nəşr olunan dil və tarix kitablarını "irqçi” kimi qiymətləndirənlər, əslində, türk millətinə gizli ya açıq şəkildə düşmənlik duyğuları bəsləyənlərdir.
İkinci Dünya Müharibəsindən əvvəl, bir sıra Avropa ölkələrində, xüsusilə də Almaniya, İtaliya və İspaniyada "üstün millət” fikri geniş yayılmışdır. Hər üç millət öz qövmünün üstün olduğuna inanırdı. Həmin axın dalğa-dalğa yayılarkən türkçülük düşüncəsi "irqçilik” kimi meydana çıxan Avropa axınlarının təsirinə məruz qalmadı. Bu fikri türkçülük ideyasını müdafiə edənlərin qətiyyən türk irqçiliyi düşüncəsinə sahib olmadıqlarından da asanlıqla anlaya bilərik. Eyni zamanda, türklərin minillik dövlət ənənələri, həyat fəlsəfəsi və kültürü də "irqçilik” fikrinə uyğun deyildi.

Hüseyn Nihal Atsız tərəfindən 1932-ci ildə İstanbulda nəşr olunan "Atsız Məcmua”, 1933-1934-cü illərdə yayınlanan "Orhun” və bir çox yerlərdə "Halkevleri” tərəfindən nəşr edilən dərgilər türkçülük fikrini daim çağdaş düşüncədə mühafizə etdi. Zəki Validi Toğan 1939-cu ildə yayınladığı "Bu­günkü Türkistan ve Yakın Mazi­si” adlı kitabında "Turan”ı "yaxın məfkurə” kimi təqdim etdi. Reha Oğuz Türkkanın 1939-cu ildə nəşr etdiyi "Bozkurt”, Fethi Tevetoğlunun 1943-ci ildə Samsunda yayınladığı "Ko­puz”, Orhan Seyfi Orhonun 1941-1944-ci illər arasında İstanbulda dərc etdiyi "Çınaraltı” dərgiləri türkçülük fikrinin inkişafı və geniş yayılmasında çox böyük xidmətlər göstərmişdir.
İkinci Dünya Müharibəsi türkçüləri o zamana qədər düşünülməmiş bir problemlə qarşı-qarşıya qoydu. Almaniya və Sovetlər Birliyi müharibə aparırdı. Sovetlər ölkədəki türk əhalisinin sayını azaltmaq üçün cəbhənin ön sıralarına türk əsgərlərini göndərirdi. Bununla da ən şiddətli hücumlarda türklər qətlə yetirilir, yaralanır və ya əsir düşürdülər.
Zaman keçdikcə Sovetlər Birliyi ordusunda Almaniyaya qarşı vuruşarkən əsir düşən türklərin sayı xeyli artmağa başladı. Bunlardan bir qismi "bu savaş bizim savaşımız deyil” düşüncəsilə alman ordusuna könüllü şəkildə təslim olmuşdular. Daha sonra Almaniya ilə alman ordusuna təslim olan türklər arasında gizli bir anlaşma bağlandığını düşünməyimizi zəruri edən hadisələr reallaşmağa başladı. Bu dəyərləndirməni indi daha dəqiq və konkret ifadə edə bilirik. Alman arxivləri tamamilə araşdırılmadığı üçün tam əminliklə söyləməsək də, Almaniyanın əsir türklərə "savaşı qazansaq, Sovetlər Birliyi daxilində yaşayan türklər müstəqil dövlətlərini quracaqlar” kimi söz verdiyini təxmin edə bilərik. Ən azından sözügedən dövrün canlı şahidlərinin xatırladıqlarından əldə etdiyimiz məlumatlar bu istiqamətdədir.
Daha sonrakı proseslər zamanı alman ordusunda əsir türklərin əsgəri birliyi təşkil edildi. Almaniya ordusundakı türk birliyi Almaniya sıralarında Sovetlər Birliyinə qarşı döyüşməyə başladı. Bu əsgərlərə "legion” adını vermək, fikrimcə, haqsızlıq olardı. Çünki onlar pul qarşılığında deyil, ölkələrinin müstəqilliyi uğrunda savaşırdılar.
Almaniyanın məğlub olacağı hiss edilməyə başlandığı zaman Türkiyə İngiltərə və ABŞ ittifaqına yaxınlaşmağa başladı. Bu mərhələdə mətbuat səhifələrində türkçü və turançıları "irqçi” kimi göstərən yazılar nəşr olunmağa başladı. Vəziyyət daha da kəskinləşərək rus işğalı altındakı vətənlərini qurtarmağa çalışan qardaşlarına yardım edən və mənəvi dəstək göstərən türkçü-turançılar xarici dövlətlərin "xidmətində” elan edildi və addım-addım təqib olunmağa başlanıldı. Bununla əlaqədar olaraq türkçü və turançı gənclər 3 may 1944-cü ildə İstanbul və Ankara şəhərlərində "Kommunizmə etiraz” mitinqi keçirməyə başladılar. Bu mitinqdən sadəcə 6 gün sonra türkçü və turançıların liderlərinin böyük bir qismi "mən türkçü bir rəhbərəm” deyən Şükrü Saraçoğlu hökuməti tərəfindən həbs edildi.
Bu mitinq günü ilk dəfə 3 may 1945-ci il tarixində Tophane Askeri Hapishanesi’ – Topxana Hərbi Həbsxanasında Hüseyn Nihal Atsız, Nejdət Sançar, Zeki Velidi Togan, R. Oğuz Türkkan və digər türkçülər tərəfindən qeyd edilmişdir. Sonralar bu tarix "Türkçülər bayramı” kimi qəbul edilmişdi. Uzun illər "Türkçülər bayramı” kimi müəyyən edilən sözügedən tarix daha sonrakı mərhələdə zahirən milliyyətçi görünən bir qrup şəxslər və dərnəklər tərəfindən "Türkçülər günü”, sonra da "Milliyyətçilər günü” olaraq qeyd olunmağa başladı.
Nihal Atsız daha sonrakı illərdə yazdığı yazılarında 3 may gününü belə dəyərləndirirdi: "... Ali Suaviler, Süleyman Pa­şalar, Məmməd Əminlər, Ziya Gö­kalplar, Rıza Nurlar yalnız duyğu, düşüncə, iş türkçüsü idilər. Hərəkat türkçüsü olmamışdılar. Çırağan basqını türkçü Ali Suavinin siyasi bir hərəkatı olmuşdur. Bunun türkçülərlə əlaqəsi yox idi. Sihhiyə vəkili olduğu zaman qeyri-türkləri uzaqlaşdıraraq yerinə türkləri yerləşdirən Rıza Nur faktiki türkçülük edirdi. Lakin bu da hərəkat deyildi.
Türkçülükdə ilk hərəkatı 3 may 1944-cü il çərşənbə günü Ankarada bir neçə min məchul türk gənci etdi. Bu baxımdan türkçülük tarixində onların xüsusilə şərəfli yeri vardır…
Xoşlanmayanlar onu mənimsəməsinlər. Yalnız özlərinə bənzəyənlər, yəni türkə bənzəməyənlər onu yadırğasın. Biz 3 mayı sevməkdə davam edəcəyik… Türkçülər! Toplu şəkildə və ya yalnız olaraq, hər yerdə 3 mayı yad edək. Yad edək və Kürşadın xatirəsinin ucaldaq…
Ne mümkün zulm ile bidad ile imha-ı hürriyet,
Çalış, idraki kaldır muktedirse ademiyetten!”
İsmət İnönünün rəhbərliyi dönəmində (1938-1950-ci illər arasında) türkçü təşkilatlar və dərgilər "Turançı” ittihamı ilə bağlanmış, türkçü elm və fikir adamları təzyiqlərə məruz qalmış və həbs edilmişdir. Nihal Atsızın başçılıq etdiyi türklər 1944-cü ildə həbs edilmiş və insanlığa zidd işgəncələrə məruz qalmışdır. İnönü dövründə Türkiyədəki türkçülər məhkəmələrdə ağır cəzalara məhkum edilmiş, həbs edilən elm və fikir adamları İstanbul Sirkəçidəki Sansaryan Handa eni və boyu 1 metr olan "tabut”lara qoyulmuşdur.
İkinci Dünya Müharibəsindən sonra türkçülük düşüncəsi "anti-kommunist” və "Sovetlər Birliyində yaşayan türklərin müstəqilliyinin əldə olunmasına” istiqamətləndirildi. Bu görüşlər 1950-ci ildən sonra Demokrat Partiyası və daha sonra da Demokrat Partiyasından ayrılan Mareşal Fevzi Çakmakın qurduğu Millət Partiyasında irəli sürülürdü. 1969-cu ildən etibarən Milliyyətçi Hərəkat Partiyası türkçü-turançıları birləşdirdi. Lakin bu birlik 1972-ci il Adana Konqresinə qədər davam etdi. "Hilalçılar” türklüklə islamın ayrılmaz olduğunu müdafiə edir və Milliyyətçi Hərəkat Partiyasının daha "islamçı” bir xətlə inkişaf etməsini irəli sürürdülər. "Bozqurdçular” isə Milliyyətçi Hərəkat Partiyasının türk kültürü istiqamətindən qətiyyən kənarlaşmaması mövqeyində dayanırdılar. Nəticədə "Hilalçılar” qazandı. Bozqurd və Hilal müzakirələrinin keçirildiyi həmin konqresdə başda Atsız olmaqla bir çox insan Milliyyətçi Hərəkat Partiyasından uzaqlaşdı. Bu ayrılmalar Türkeşin Atsızın cənazə törənində iştirak etməməsi ilə daha da nəzərə çarpdı.
Milliyyətçi Hərəkat Partiyası 1972-ci ildən etibarən islam düşüncəsini türkçülüklə birləşdirməyə çalışınca türkçülük ideyası da zəifləməyə başladı. Eyni dövrdə ABŞ-da Sovetlər Birliyini "yaşıl kəmər” (İslam çevrəsi) ilə mühasirə etmək fikrinin ön planda olduğunu da xatırlatmaq lazımdır. Türkiyədə 1974-cü ildə sosialist-sosial Cümhuriyyət Xalq Partiyası (CHP) və "İslamçı” Milli Selamet Partiyasının (MSP) "koalisiya hökuməti” qurmalarını da ABŞ-ın "yaşıl kəmər siyasəti” ilə əlaqələndirmək mümkündür. Çünki ABŞ Sovetlər Birliyi müsəlmanları arasında meydana çıxacaq islami oyanışın nəticə etibarilə onun parçalanmasına gətirib çıxaracağını proqnozlaşdırırdı. Bu məqsədlə, xüsusilə, Sovetlər Birliyinə qonşu olan müsəlman ölkələrdə "ABŞ nəzarətində bir islami oyanış” ABŞ siyasətinə uyğun idi.
1980-ci ildən Sovetlər Birliyinin dağılmasına qədər türkçülük geniş şəkildə gündəmə gətirilmədi. Türkiyədə 12 sentyabr 1980-ci il tarixində gerçəkləşən hərbi çevriliş ilə milliyyətçilərin liderləri həbs edilmiş, dərnəklər və siyasi təşkilatlar bağlanmış, siyasi fəaliyyətləri yasaqlanmışdır. Lakin türk respublikaları Sovetlər Birliyindən ayrılmağa başlayınca türkçülük fikri yenidən ön plana çıxdı.
1990-cı ildən sonra mətbuat sferasında Altan Deliormanın nəşr etdirdiyi "Orkun” dərgisi 2006-cı ilə qədər türkçülüyün səsi oldu. Digər tərəfdən, professor Turan Yazqan Türk Dünyası Araşdırmaları Vəqfi vasitəsilə türkçülüyü sadəcə fikir olaraq müdafiə etmədi, eyni zamanda, praktikasını ortaya qoydu. Türk dünyasında gerçəkləşdirdiyi fəaliyyətləri və xüsusilə azad bazar iqtisadiyyatına keçmək üçün Azərbaycanda göstərdiyi fəaliyyətlərinə görə Sovetlər Birliyinin o dövrdəki başçısı M.S.Qorbaçov tərəfindən belə təqdir edildi. Türk ölkələrində açdığı məktəblərlə, həyata keçirdiyi mədəni fəaliyyətlərlə praktik türkçülüyün də rəhbəri oldu. Fasiləsiz olaraq hər il gerçəkləşdirdiyi Türk Dünyası Cocuk Şöləni, nəşr etdirdiyi dərgilər, kitablar, açdığı kültür mərkəzləri, Türkiyə türkcəsi kursları, bazar iqtisadiyyatı kimi kurslarla türk respublikalarının dünya şərtlərinə sürətli uyğunlaşması üçün əlindən gələn hər şeyi etdi. Türk dünyasının ziyalılarını Türkiyə, Türkiyə və Avropadakı türk ziyalılarını da türk aydınları ilə görüşdürdü.
Turan Yazqan türk dünyasının iqtisadi qaynaqlarının türklər tərəfindən istehsalı və dəyərləndirilməsi fikrini israrla müdafiə edərək türkçülük fikrinə iqtisadi baxış bucağı qazandırdı. Digər tərəfdən, türk birliyinin gerçəkləşməsinin önündəki əngəlləri yenidən analiz edərək yeni həll yolları təqdim etdi və bunları birbaşa özü reallaşdırmaq üçün çalışdı. Buna görə də Turan Yazqanın türkçülüyü təcrübə ilə uyğunlaşdırması yolundakı fəaliyyəti hökumət ortağı kimi dövlət qaynaqlarından istifadə etmək imkanı əldə edənlər başda olmaqla bu günə qədər heç bir türkçü tərəfindən edilməmişdir. Təəssüf ki, yaxın gələcəkdə də Turan Yazqanın etdiyi xidmətlərdən daha artığını edə biləcək bir türkçü görünməməkdədir.
Türk birliyi fikri başlanğıcda "dildə, fikirdə, işdə birlik” kimi ortaya çıxsa da, inkişaf edən dünya şərtlərinə görə Turan Yazqan tərəfindən bu kontekstdə "əlifbada birlik” xüsusilə vurğulanmışdır. Turan Yazqan türk birliyinin gerçəkləşməsinin önündəki ən böyük əngəllərdən birinin türk xalqlarının "42 fərqli əlifba” istifadə etməsində olduğunu göstərirdi. Bu görüş başqa türkçülər tərəfindən o zamana kimi gündəmə gətirilməmişdir. Buna görə də Qaspıralı tərəfindən ortaya qoyulan "dildə, fikirdə, işdə birlik” fikri Turan Yazqan tərəfindən "əlifbada, dildə, fikirdə, işdə birlik” şəklində vurğulanmışdır.
Digər tərəfdən, bir mühüm məqamı da qeyd etmək lazımdır. Türk birliyinin təminatı vacib şəkildə "duyğu birliyi”nı qorumaqla mümkün olacaqdır.Müasir dövrümüz türkçülük və Turan düşüncəsini, coğrafiyasını daha da dəqiqləşdirməkdədir. Fikrimcə, "harda türk xalqından bir insan yaşayırsa, ora türk torpağıdır”. Bu insan mərkəzli bir türkçülük anlayışdır. Bu anlayışı tarixi coğrafiya baxımından da dəyərləndirə bilərik. Buna görə də "türk icmalarının tarixdə və günümüzdə yaşadığı torpaqlar türk coğrafiyasıdır”.
Bir türk dünyanın harasında yaşayırsa-yaşasın, hansı inanc və məzhəbə sahib olursa-olsun, Çin səddindən Vyanaya, Sibirdən Sudana, günümüzdəki Hindistandan Polşaya qədər tarixdə yaşamış bütün türk dövlətlərinin mirasında eyni dərəcədə haqq sahibidir. Murmanskdan Hindistana, Vladivostokdan Sudana, Yəməndən Mərakeşə, Mərakeşdən Polşaya uzanan xətt sanki bir "Türk paxlavası” simvolikası cızır.
Tarix boyunca türk dövlətlərində qardaş kimi yaşayan xalqların nəvələri günümüzdə və gələcəkdə də qardaşcasına yaşayacaq, qaynaqlarını ədalətli şəkildə bölüşəcəklər. Tarixdə yüzlərlə şəhəri birlikdə fəth etdiyimiz kimi, kosmosun fəthi üçün də yeni bir nəsil yetişdirəcəyik. Türkçülük fikrini dil, tarix və kültür üçbucağına yerləşmiş və "müdafiə” xəttində qalmış bir fikir olmaqdan çıxarmağımız lazımdır. Əvvəlcə istehsal edəcəyik, sonra rəqabət istehsalını ortaya qoyacağıq. Üçüncü mərhələdə "qlobal istehsal və qlobal rəqabət” yaradacağıq. Önümüzdəki əlli il üçün türkçülər istehsal etdikləri malları dünyanın hər ölkəsinə satmağı hədəfləməlidirlər. Getdiyimiz hər ölkədə "Türkiyədə çıxarılan Türk malı”, "Azərbaycanda istehsal edilən Türk malı”, "Qazaxıstanda çıxarılan Türk malı ...” görmək ana hədəfimiz olmalıdır. Türkçülər "İqtisadi türkçülük” ideyasını ön plana çıxararlarsa, türk ölkələrinin inkişafına, yeni iş sahələrinin açılmasına, sosial rifah və mədəni səviyyənin yüksəlməsinə kömək edə bilərlər. Türkçülük Türk millətini hər bir sahədə dünyanın millətləri ilə rəqabət edəcək səviyyəyə aparmaq idealıdır.
Türkçülük fikrinə yönəldilmiş haqsız "irqçilik” ittihamlarına qarşı gur bir səslə "tarix boyu türk dövlətlərində bir arada və hüzur içində yaşayan bütün xalqlar türklərə dost millətlərdir” sözlərini söyləyə bilərik. Bu anlayışın bizi "ortaq atalar”, "ortaq coğrafiya”, "ortaq tarix”, "ortaq fəaliyyət” fikrinə aparması üçün daha çox fəlsəfi müzakirələr etməyimiz, mühakimələr aparmağımız lazımdır.
Türkçülük qətiyyən irqçilik deyil. Türklərin simasında dünya sülhünün mühafizəsi, iqtisadi qaynaqların ədalətlə bölünməsi, hər kəsin inancını azad şəkildə yaşadığı, fikirlərini sərbəst şəkildə dilə gətirdiyi, insan haqq və azadlığının qorunduğu yeni bir dünya idealıdır. Türkçülük fikri irqçiliyə qurban edilməyəcək qədər dəyərli bir fikirdir. Türkçülüyü irqçilik olaraq anlayan və ya anlatmağa çalışanların böyük bir qismi türkçü görünərək türkçülük fikrini içdən çökdürmək istəyənlərdir. Digər bir qismi də az oxuduqları və az düşündükləri üçün məlumatsızlığından türkçülüyü yanlış anlamaqdadır. Bizim türkçülüyümüz keçmişinə bağlı, irqçilikdən uzaq, demokratik dəyərlərə bağlı, türk icmalarının seçimlərinə hörmət göstərən, bərabərlik və ədalətə inanan, mühakimə edən, araşdıran və əldə edən bir nəsil yetişdirmək, türk millətini mədəni millətlər arasında ən üst səviyyəyə daşımaq hədəfinə yönələn bir fikirdir.
Muhsin Kadıoğlu
Azərbaycan türkcəsinə uyğunlaşdıran: Bəsirə Əzizəli



banner

Oxşar Xəbərlər