• cümə, 19 Aprel, 19:46
  • Baku Bakı 24°C

Türkçülüyə çağırış

27.12.13 08:26 1395
Türkçülüyə çağırış
İxtisasımla bağlı bir çox konsertlərdə iştirak etmişəm və yazılar hazırlamışam. Amma doğrusunu deyim ki, ilk dəfə idi ki, belə bir təmənnasız sevgi ilə, sayğı ilə coşub-daşan, vətən sevgisini tərənnüm edən konsertin iştirakçısı oldum. Burada hər şey Böyük Türk Dünyasının tərənnümünü təbliğ edirdi. Türklüyün sadəcə folkloriq bir sima olduğunu yox, əslində bir sənət olduğunu aşlayan zəngin və qədim türk mədəniyyətinin bir daha ölməzliyini, həmişəyaşarlığını gördüm, duydum. Dahi Cavidimiz demiş: “Böyük Turana gedən yol; Mədəniyyət, mədəniyyət, mədəniyyət”.
... 21 dekabr 2013. Saat 20.00. Dahi Üzeyir bəyin hər daşına ruhu hopmuş, Opera və Balet Teatrı. Möhtəşəm və bütün salonu riqqətə gətirəcək əzəmətli, yanıqlı bir səsin sehrinə yığışmışdıq. Ruhumuza, qəlbimizə hakim kəsilən o, səs ki, hər sözündə, hər sədasında Azərbaycan-Türkiyə sevgisini, sayğısını, dostluğunu, yenilməzliyini, qardaşlığını tərənnüm edirdi.
Konsertin təşkilatçısı Azəri-Türk Evinin başqanı Tənzilə Rüstəmxanlının təbrincə desək: “Azərbaycan-Türkiyə birliyinin canlı körpüsü” olan Əhməd Şəfəqın səsi idi bu səs. Vətənpərvərlik ruhunda olan bu mahnıları Əhməd Şəfəq sevgi dolu bir səslə bir az yanqılı, bir az mübariz ruhda oxuyurdu...
İki qardaş dövlətin bayraqları altında səhnəyə çıxan Əhməd Şəfəq ilk olaraq konsertini “Vətən gözlü” mahnısı ilə açdı. Böyük Vətən sevdası, varlığı və ruhu ilə oxuyan Əhməd o möhtəşəm sevgi dolu səsilə Böyük Turan Dünyasının Birliyinə hayqırırdı. Çox qədim qərinələrdən süzülüb gələn qardaşlıq sədasının əksi idi bu hayqırtı... İllərin sınağından çıxan, saf, təmiz məhəbbətin rəmzi olan dostluğun, qardaşlığın sədası idi bu hayqırtı. Ona görə də oxuduğu hər mahnı səsinin sehrinə yığışan ifacılar tərəfindən böyük coşğu ilə qarşlanırdı. Xüsusən də sözləri və bəstəsi özünə məxsus olan “Qarabağ” mahnısını oxuduqca sanki qəlbindən bir fəryad qopurdu... “Azərbaycan”, “Çırpınırdı Qara dəniz”, “Azərbaycan-Türkiyə” ,“Sarı Gəlin” mahnılarını müğənni daha şövqlə oxudu və tamaşaçıları da ona qoşuldu.
Əhməd Şəfəq Azərbaycana ilk dəfə 2004-cü ildə Azəri-Türk Evinin başqanı, təpədən-dırnağa, bütün varlığı ilə türkçü, turançı, millətçi olan Tənzilə xanım Rüstəmxanlının dəvətilə gəlib. Əhməd bu gündə “Manevi Annem” adlandırdığı Tənzilə xanımın dəvətilə Azərbaycandadır. Yenə də o əzəmətli səsi ilə Əli bəy Hüseynzadənin bizə miras qoyub getdiyi TÜRKÇÜLÜYÜN təbliğinin çağrışındadır...
Dünyanın əksər ölkələrində yarım milyonluq meydanlarda konsert verən Əhməd Şəfəq yenə də səhnədə və tamaşaçılar arasında tam sərbəst, onlarla sadə, səmimi ünsiyyət quraraq oxudu. Qəribədir, istər Türkiyə də, istər Azərbaycan da hələ dünən səhnəyə çıxan, səsindən çox ədası olan “müxəni”lər oxuyanda can güdən “gedələri” onları camaatdan elə qoruyur ki, guya camaat onu yeyəcək. Yəqin ki, onların Əhməd Şəfəq kimi səsləri olsaydı, xalqla aralarına bir daş hasar çəkərdilər.
Bu ondan irəli gəlir ki, belə “sənətçi”lərdən Əhməd Şəfəqin sənəti də, sənətçilik mədəniyyəti də, titulları da qat-qat ucadır. Axı Əhməd həm də bir yazar, publisist kimi Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, maraqlı və məzmunlu bir necə kitabın müəllifi və “Tərəqqi” medalının sahibidir.
Konsertini “Allahın izni ilə torpaqlarımız geri qaytarıldıqdan sonra Üzeyir Hacıbəylinin torpağında konsert verəcəyəm” arzusu ilə yekunlaşdıran Əhməd Şəfəqin arzularına qoşularaq hər kəsi torpağımız, vətənimiz və BÖYÜK TÜRK DÜNYAMIZIN BİRLİYİ uğrunda mübarizəyə səsləyirəm.
banner

Oxşar Xəbərlər