Türkçülük və insanlıq şairi

Türkçülük və insanlıq şairi

20 Aprel 2015, 08:50 1417
Ötən ayın son həftəsi Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada dahi Hüseyn Cavidin əsərlərindən bəhs edən kitabın tanıtımına həsr olunmuş konfransla yadda qaldı. Azərbaycandan gələn rəsmi heyətin, eləcə də Türkiyə Cümhuriyyəti rəsmilərinin çoxluq təşkil etdiyi tədbirdə açılış proqramı Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri Ömər Faruk Çeliyin təbrik məktubunun oxunması ilə başladı.

Türkiyənin müxtəlif bölgələrindən dəvət olunan alimlər Ankara Universitetinin konfrans salonunda Cavid əfəndi rüzgarı əsdirdilər. Bir az da iddialı ifadə etmək mümkündürsə, o salonda gələcəyin Cavidləri vardı. Türk dilinin qeyrətini çəkənlərdən professor Ahmet Bican Ercilasun vardı, Azərbaycan ədəbiyyatını tanıtmaq üçün azərbaycanlı yazarların əsərlərini sovet dönəmində İran üzərindən Türkiyəyə gətizdirib çap etdirən, türk ədəbiyyatının təəssübünü sözün əsl mənasında çəkən professor Yavuz Akpınar vardı, eləcə də onların açdıqları cığırla mərdi-mərdanə addımlayan alimlər vardı. Kamran Əliyev vardı, yaradıcılığı bir tərəfə, bütün simasından türkçülük yağan Azər Turan vardı. Və onlar elə bir şövqlə anlatdılar, elə bir istəklə dinlənildilər ki, sayələrində dahi Cavid bir daha yaddaşlara həkk olundu.

"Azərbaycan ədəbiyyatının söz və fikir adamı Hüseyn Cavidin düşüncə dünyası və əsərləri" adlı konfransa Azərbaycan və Türkiyədən xeyli elm adamı qatılmışdı. Jurnalistlər, Ankaradakı Azərbaycan ziyalıları, müxtəlif Azərbaycan dərnəklərinin nümayəndələri, eləcə də iş adamları və tələbələrin geniş iştirakı ilə keçirilən tədbir maraqla izlənildi.
Toplantının açılışında “DTCF çağdaş türk ləhcələri və ədəbiyyatları” bölümünün rəhbəri Prof. Dr. Sema Barutçu Özöndər, DTCF dekanı Prof. Dr. Abdulkadir Gürer, Ankara Universitetinin rektoru Prof. Dr. Erkan İbiş, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov çıxış etdilər.
Sema Barutçu Özönder başçısı olduğu bölümün quruluşu və türk dünyası ilə əlaqələrini açıqladı. Abdulkadir Gürer Hüseyn Cavid haqqında qısa məlumat verdi, rektor Erkan İbiş universitetin türk dünyasına göstərdiyi maraq və bu mövzudakı bəzi fəaliyyətlərindən bəhs elədi. Səfir Faiq Bağırov Azərbaycanın Hüseyn Cavidə verdiyi dəyəri dilə gətirdi və Cavidin Türkiyədə xatırlanmasından məmnuniyyət duyduğunu dedi. Azərbaycanlı sənətçilər Cavidin bəzi şeirlərini səsləndirdilər, daha sonra yığıncağın ikinci hissəsinə keçildi.
Prof. Dr. Ahmet Bican Ercilasunun başçılıq elədiyi birinci iclasda Azərbaycanın tanınmış elm xadimlərindən Prof. Dr. Kamran Əliyev "Hüseyn Cavid. Min illərin yazarı" adlı ətraflı məruzəsində Cavid yaradıcılığının xüsusiyyətlərindən, Cavidin türklük və insanlıq anlayışından, ona olan sovet təzyiqlərindən və ulu öndər Heydər Əliyevin Cavidə olan xüsusi marağından söz açdı. O, ulu öndərin şairin şəxsiyyətinə böyük hörmət bəslədiyini, məhz buna görə də Cavidin İrkutskdakı məzarının açılıb cənazəsinin qalıqlarının Azərbaycana gətirildiyini xüsusi qeyd etdi. Dedi ki, Hüseyn Cavid artıq Naxçıvandadır, məzarının üstündə də məqbərə tikilib. Bütün bunlar ulu öndər Heydər Əliyevin Cavid sənətinə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Prof. Dr. E. Uyğur "Hüseyn Cavidin əsərləri və düşüncə dünyası" haqqındakı çıxışında Cavidin yaradıcılığını geniş formada təhlil etdi, əsərlərindən danışdı.
“Kaspi” qəzetinin təsisçisi, Dos. Dr. Sona xanım Vəliyeva "Hüseyn Cavid yaradıcılığında türkçülük fikri" adlı geniş çıxışında Cavidin türçülük anlayışını açıqladı, şairin Azərbaycan-Türkiyə əlaqələrindəki yeri və türk dünyasındakı əhəmiyyətinə diqqət çəkdi. O, öz çıxışını Cavid Əfəndinin “Qız məktəbində” şeiri ilə tamamladı.
Prof. Dr. Ahmet Bican Ercilasun çıxışında bunları qeyd etdi: “Hüseyn Cavid XX əsrin əvvəllərində Azərbaycanın yetişdirdiyi ən böyük dramaturqlardan biridir. Onun Naxçıvan, Təbriz, İstanbul, Gəncə, Bakıda keçən ömür yolu fikirləri və yaradıcılığını da təyin etmişdir. Gənc yaşda Azərbaycan üsuli-cədid məktəbində qazanılan yeni anlayış, Təbrizdə klassik türk və fars ədəbiyyatları mədəniyyəti, İstanbulda bir tərəfdən Avropanın təsiri ilə ortaya çıxan müasir ədəbiyyat, digər tərəfdən isə bütün dünya türklərini əhatə edən milli fikirlər və bu fikirlərin təsirindən meydana çıxan milli ədəbiyyat gələcəyin Hüseyn Cavidini yaratmışdı. Əlbəttə, onun yaradıcılığında ömrünün böyük hissəsini keçirdiyi Azərbaycanın siyasi və ictimai şəraiti də mühüm rol oynamışdı. Belə bir mühitdən və belə bir həyatdan Hüseyn Cavid çıxacaqdı və çıxdı!”
Prof. Dr. Kamran Əliyevin başçılıq elədiyi ikinci iclasda isə Prof. Dr Yavuz Akpınar xüsusilə Cavidin türk fikir və ədəbiyyat həyatı ilə, İsmayıl Qaspıralının idealları ilə əlaqələrindən, İstanbulda çar Rusiyası və Güney Azərbaycandan gəlmiş tələbələrlə münasibətlərindən və onun “Sırat-ı Müstakim” məcmuəsində dərc olunan "Son baharda" adlı şeiri haqqındakı ədəbi qiymətləndirmədən söhbət açdı.
Hüseyn Cavidlə bağlı araşdırmaları ilə tanınan Dos. Dr. Azər Turan Cavidin Türkiyədəki başqa şəxsiyyətlərlə münasibətlərini açıqladı, dram əsərlərindəki xarakterik xüsusiyyətlərdən bəhs etdi və əsaslı dəyərləndirmələri ilə Cavid yaradıcılığının türk dünyasındakı yerindən danışdı.

Konfransda çıxış edənlə öz düşüncələrini konfransdan sonra “Kaspi”nin müxbiri ilə də bölüşüblər..

Prof. Dr. Ahmet Bican Ercilasun: “Azərbaycandan gələn Kamran Əliyev, Sona Vəliyeva və Azər Turan Cavidin yaradıcılığındakı bu təsirləri və onun fikirlərini çox ətraflı və dərin bir şəkildə izah etdilər. Dil və Tarix-coğrafiya fakültəsinin müəllimi Ərdoğan Uyğur da onun əsərlərini xronoloji bir şəkildə izah etdi. Türkiyədə Azərbaycan ədəbiyyatının ən böyük mütəxəssisi hesab edilən Yavuz Akpınar dərin araşdırmaları əsasında Hüseyn Cavidin ədəbi-bədii fikirlərini analiz etdi. Mən isə əsasən Cavidin dili və üslübundan danışdım. O, sadə bir İstanbul türkcəsi ilə əsərlərinə həyat vermişdi və o dövrdə onun dili bir türkiyəli aydına da, bir azərbaycanlı ziyalıya da eyni dərəcədə yaxın idi. Sovet dövründə şairin dəyişdirilən dilini mərhum qızı Turan Cavid tərtib etdiyi beşcildlik nəşrdə düzəltməyə çalışmış, yenə də bəzi fonetik xüsusiyyətləri köhnənin təsirində qalmışdı. Bu gün tanış olduğum Azər Turanın yeni nəşrində Cavidin dili daha da düzgün hala gətirilib. Bəzi nümunələrlə Cavidin dilinin fonetik və morfoloji cəhətdən tamamilə İstanbul türkcəsi olduğunu, yalnız leksik cəhətdən bəzi Azərbaycan kəlmələrini işlətdiyini göstərməyə çalışdım.
Bu konfransla ulu Cavid bir daha yad edildi və onun ölməz bir şair və dramaturq olduğu bir daha könüllərdə öz əksini tapdı”.

Prof. Dr. Yavuz Akpınar: “Mən bu konfransdakı müşahidələrimi sizinlə paylaşmaq istəyirəm. Hüseyn Cavidlə bağlı araşdırmaları ilə tanınan Dos. Dr. Azər Turan Cavidin Türkiyədəki başqa şəxsiyyətlərlə münasibətlərini açıqladı, dram əsərlərindəki xarakterik xüsusiyyətlərdən bəhs etdi və əsaslı dəyərləndirmələri ilə Cavid yaradıcılığının türk dünyasındakı yerindən danışdı.
Türkiyənin tanınmış türkoloqlarından Prof. Dr. Ahmet Bican Ercilasun Cavidin dilindəki Türkiyə türkcəsində olan sözlərdən misallar gətirdi. Azər Turanın əsərində bu mövzulara kifayət qədər diqqət göstərildiyini, Cavidin şeirlərinin orijinalına uyğun bir şəkildə nəşr edildiyini qeyd etdi. Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun xüsusi marağı və təşəbbüsü ilə “Kaspi” Təhsil Mərkəzi və “Kaspi” qəzeti tərəfindən çox gözəl və keyfiyyətli bir şəkildə nəşr olunan, Azər Turanın çapa hazırladığı "Hüseyn Cavid əsərləri" adlı kitabın yığıncaqda iştirak edənlərə hədiyyə edilməsi xoş və mənalı bir sürpriz oldu.
Azərbaycanlı sənətçiləri də yaddan çıxarmayaq. Cavidin şeirlərini mükəmməl bir ustalıqla oxumaları, Ankara universitetinin türkiyəli və güneyli tələbələrinin ifa etdikləri mahnılar (Cavid əfəndinin sözlərinə bəstələnən) salondakılara gözəl təsir bağışladı.
Mən inanıram ki, bu toplantı Cavidin əsərlərinin Türkiyədə tanınmasına, gənc nəslin Cavidin əsərləri və fikirləri haqqında məlumat əldə etməsinə bir daha vəsilə oldu”.
Konfransda yaxın keçmişdə Azərbaycana ziyarəti zamanı “Kaspi” qəzetinə qonaq olan İLESAM (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) sədri Mehmet Nuri Parmaksız da iştirak edirdi. O öz düşüncələrini bu cür ifadə etdi: “Hüseyn Cavid tədbirində çıxış edənləri dinlədiyim vaxt özüm, sənətim və həyatım bir kino lenti kimi gözlərimin önündən keçib getdi. Gördüm ki, sənət və sənətçi qəlbən eyni şeyləri düşünüb, əslində başqa şeyləri ifadə edir.
Bir çox dostla bir araya gəlmə imkanı qazandığım bu proqramda çıxış edənlərdən Sona xanım Vəliyeva öz xitabəti ilə diqqətçəkən isimlərdən biri oldu. Mən onu tanıyırdım. Çox deyil, elə bu ilin mart ayında Türkiyənin Azərbaycandakı Böyükelçiliyinin kültür və tanıtma müşaviri Seyid Ahmet Arslanla bilrikdə Bakıda ziyarət elədiyimiz Sona xanım öz duruşu, mövzuya bələd olmağı və səs tonlamaları ilə iyirmi dəqiqəlik çıxışı ərzində Hüseyn Cavid sənətini yaşayaraq, eyni zamanda da bizə yaşadaraq anlatdı. Bu xanıma qulaq asanda bir həqiqəti daha dərindən dərk elədim, akademik olmaq bir şairi anlamaq və anlatmaq üçün yetərli deyilmiş.
Digər çıxışçılar da Hüseyn Cavidlə bağlı lazımi məlumatlar verirdi, amma Sona xanım şairəliyindən qaynaqlanan bir ehtişamla Hüseyn Cavidin ürəyini, sənətini və hüznünü məhz onun dilindən, onun ucalığından bizə çatdırdı. Bu uğurlu çıxışdan sonra Sona xanımı bir daha təqdir elədim. Ədəbiyyatla bağlı akademik karyera qurmaq istəyənlərin bu sənətlə dərindən məşğul olmalarının əslində nə qədər önəmli və nə dərəcədə lazımlı olduğunu Hüseyn Cavid konfransıyla bir daha anladım.
Gözəl və müvəffəq bir proqram idi. Hər çıxışçı özü ilə başqa bir ahəng gətirdi.
Təşəkkürlər, Sona xanım, təşəkkürlər, Türkiyədəki Azərbaycan Böyükelçiliyi, təşəkkürlər, Ankara Universiteti! Arzu edirəm ki, sadəcə Hüseyn Cavid deyil, daha bir çox şair və yazarımız həm Bakıda, həm də Ankarada tanıdılsın”.

Yekun olaraq konfransda iştirakdan duyduğum məmnuniyyəti bir daha ifadə etmək istəyirəm. Azərbaycan sözü sənətə çevirənlərin məmləkətidir və o konfransda Cavid Əfəndinin yad edilməsi, xatırlanması həm də o deməkdir ki, Azərbaycan dövləti öz ulusuna, yazarına sahib çıxır. Bu millətin, bu dövlətin böyüklüyü Cavid əfəndilərin olduğu zirvədən daha gözəl görünür.
Yerin behişt, məkanın cənnət olsun, Turan şairi! Bu gün yüksək tribunalarda sənin həyat verdiyin o balaca qız “Gülbahar” böyük mənəviyyat sahiblərinin dilindən dünyaya səslənirsə, deməli, sən hələ çox yaşayacaqsan, daha neçə yaş gələcək yaşının üstünə!

Nigar İsfəndiyarqızı
Ankara