AZE | RUS | ENG |

Türkçülük, İslamçılıq və Müasirlik bayramı

Türkçülük, İslamçılıq və Müasirlik bayramı
Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il 9 noyabr ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir


“Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”. Bu fikirləri ölkə başçısı İlham Əliyev Dövlət Bayrağımız haqqında səsləndirib.
Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan Dövlət Bayrağı bu gün respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Ölkə prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət Bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir.

Dövlət başçısının Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncamına əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
“Türkçülük, islamçılıq və müasirlik”
Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilərək qaldırılıb. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Bayrağın üzərindəki ağ rəngli ay nişanı türkçülüyü, səkkizguşəli ulduz isə "Azərbaycan" sözünün əski əlifbada səkkiz hərflə yazılışının göstəricisidir. Mülahizələrə görə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət prinsipləri müəyyənləşərkən səkkiz atributa əsaslanıb. Bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. Səkkizguşəli ulduzun hər bucağı bu prinsiplərin biri rəmzindədir. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il dekabrın 7-də Cümhuriyyət Parlamentinin birinci toplantısının açılışında dalğalanıb. 1919-cu ildə keçirilən Paris Sülh Konfransında bayrağımız Fransada dalğalanıb.
Görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəfər Cabbarlı, zəmanəsinin böyük şairləri Məhəmməd Hadi, Əhməd Cavad və başqaları şeirlərində üçrəngli bayrağı böyük sevgiylə öymüş, onu ulduzlardan da yüksəklərdə dayanan nazlı hilala bənzədiblər.
Ən uca bayraq
2010-cu ilin sentyabrın 1-də Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışında iştirak edən dövlət başçısı 2009-cu il noyabrın 17-də Azərbaycan Dövlət Bayrağı Günü təsis edildiyini qeyd edib:
“Bildiyiniz kimi, Azərbaycan bayrağı, bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilib. Məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunacaqdır. Hər iki sərəncamın məhz noyabrın 17-də imzalanmasının səbəbi də çox məntiqli və aydındır. Məhz 1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda dövlət bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı və tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin”.
Qeyd edək ki, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Cümhuriyyətin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
Bizim milli dəyərimiz
Bu gün Azərbaycan Bayrağı Dövlət Bayraq meydanında qürurla dalğalanır. 2010-cu ildə Bayraq meydanının açılmasını tarixi, unudulmaz hadisə kimi dəyərləndirən ölkə başçısı tikilini nadir memarlıq abidəsi adlandırıb: “Bayraq meydanının yaradılması üçün çox böyük tikinti, quraşdırma, quruculuq işləri görülüb. Çox sevindirici haldır ki, bütün bu işlərin əksər hissəsini Azərbaycan mütəxəssisləri, fəhlələri görüblər. Bu gün imkanlarımız o qədər böyüyüb ki, biz istənilən məsələni həll edə, istənilən memarlıq əsərini yarada bilərik. Bu meydan nadir memarlıq abidəsidir”.

Dövlət başçısı Azərbaycan bayrağını “milli dəyərimiz” deyə qiymətləndirib: “Söhbət ondan getmir ki, bu gün bu bayraq dünyanın ən hündür bayrağıdır. Bəlkə nə vaxtsa, bir neçə ildən sonra başqa yerdə bundan da hündür bayraq qaldıra bilərlər. Əsas məsələ odur ki, bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir”. Dövlət başçısı bu möhtəşəm meydanın həmişə insanlarla dolu olacağına əminliyini bildirib: “Necə ki, bu gün bizim parklarda, dənizkənarı bulvarda minlərlə, on minlərlə insan hər gün gəzintiyə çıxır. Bax, bu meydanda, bu bayraq altında, milli rəmzlər ətrafında insanlar yığışacaqlar. Buradan gözəl Bakıya möhtəşəm bir mənzərə açılır. Burada, aşağıda gəzinti üçün gözəl yerlər vardır. Yəni, bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağının dalğalandığını bildirən ölkə rəhbəri Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımızın bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacağına inamını qeyd edib: “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır”.
Qeyd edək ki, bu gün 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayraqlarındandır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulan Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Səkkizguşəli ulduz formasında yaradılan muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir. Azərbaycanlı memar və dizaynerlərinin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları nümayiş olunur. Burada həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş Konstitusiya broşüraları da vardır. Muzeydə poçt markaları, pul nişanlarının nümunələri, orden və medallar nümayiş olunur. Sərgi stendlərində Heydər Əliyevin və İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes Dünya Rekordları Təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Qeyd edək ki, buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır.
Dövlət Bayrağı Günümüz mübarək!

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8846
GEL 1 1 Gürcüstan larisi 0.582
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0621
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7332
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.301