• cümə axşamı, 28 mart, 15:46
  • Baku Bakı 16°C

Türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmalıyıq - Fotolar

28.12.17 11:30 2236
Türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmalıyıq - Fotolar
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə təsis edilib. Fondun məqsədi layihə və proqramların dəstəklənməsi və maliyyələşdirilməsi vasitəsilə türkdilli xalqların mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və təşviq edilməsidir.2015-ci ilin 11 sentyabr tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astana Zirvə Toplantısının müvafiq qərarı ilə Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti təyin edilib. Fond həmin ildən etibarən fəaliyyət göstərir.Günay Əfəndiyeva "Kaspi”yə müsahibəsində rəhbərlik etdiyi Fondun gördüyü işlərdən və həyata keçirəcəyi layihələrdən danışıb.
Türk xalqlarını daha da doğmalaşdırmaq
- Günay xanım, siz Fonda rəhbər təyin olunandan sonra ilk müsahibənizdə qardaş ölkələrin – Türkiyə, Qazaxıstan və Qırğızıstanın Fondla bağlı ümidləri, arzu və istəklərinin öz bəhrəsini verəcəyinə əminliyinizi ifadə etmişdiniz. Keçən müddət ərzində türk mədəniyyəti və irsinin qorunması istiqamətində Fond hansı işlərə imza atıb?
- Türk dünyası çox zəngindir və nə qədər onu öyrənirsən, onun daha da dərinliyini hiss edirsən. Türk xalqları demək olar ki, dünyanın bütün qitələrində yaşayırlar. Bundan əlavə, türk dünyası özü müxtəlif xalqları ehtiva edir. Həmçinin türk dünyası müxtəlif dinlərə malikdir. Bu, əsas etibarilə islam dini ilə bağlıdır, ancaq xristian dinli qaqauzlar, iudaizmə sitayiş edən karaimlər, buddizmə malik tuvalılar və başqaları da mənşəcə türkdür. Şamanlar ayrı bir dini qrupu təşkil edirlər. Macarlar artıq özlərinin türk köklərindən bəhs edirlər. Bu etnik və dini rəngarənglik türk dünyasının böyük məkandan ibarət olmasının göstəricisidir və sözsüz ki, bu xalqları bir-birinə daha da yaxınlaşdırmağa ehtiyac duyulur. Çünki damarlarımızda türk qanı daşısaq da, bir-birimiz haqqında az məlumatlıyıq. Bu baxımdan, Fondun əsas məqsədlərindən biri türk dünyasını bir-birinə yaxınlaşdırmaq, xalqları daha da doğmalaşdırmaqdır. Digər tərəfdən, qədim türk mədəni irsini üzə çıxarmaq, onu dünyada tanıtmaq Fondun əsas prioritetlərindəndir. Təşkilat yeni fəaliyyətə başlasa da, qısa müddət ərzində BMT və UNESCO-nun Baş qərargahlarında keçirilən konfranslarda, digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən mötəbər forumlarda təmsil olunub. Bu yaxınlarda Azərbaycanda keçirilən "Asiyanın Qəlbi – İstanbul Prosesi” 7-ci xarici işlər nazirləri konfransında iştirak etməklə türk dünyasında, həmçinin islam aləmində terror nəticəsində məhv olan tarixi abidələr haqqında söz açmışıq, onların qorunmasının vacibliyini vurğulamışıq.Bildiyiniz kimi, bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilmişdir. İslam sivilizasiyasının əsas mərkəzlərindən biri kimi Azərbaycanda cari ildə IV İslam Həmrəyliyi Oyunları daxil olmaqla, bir sıra əhəmiyyətli tədbirlər həyata keçirildi. Bu çərçivədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfrans təşkil olundu. İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət məsələləri ilə bağlı qurumu olan İRCİCA ilə Fond arasında anlaşma memorandumu imzalandı və bu da, əlbəttə, türk dünyasının islam tarixi və mədəniyyəti ilə sıx bağlılığından irəli gəlir. Və yaxud bilirsiniz ki, bu il Bakıda artıq IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Fond tərəfindən Forum çərçivəsində "Türk Dünyası mədəniyyət və sivilizasiyaların kəsişməsində" adlı dəyirmi masa təşkil edildi. Türk dünyasına həsr edilmiş bu cür görüş ilk dəfəydi ki, belə bir mühüm platformada keçirilirdi. Tədbirdə beynəlxalq təşkilatların rəhbərləri, səfirlər, müxtəlif ölkələrin tanınmış alim və ictimai xadimləri bir araya gəldi. Görüşün məqsədi türkdilli xalqların dini müxtəlifliyini, mədəni zənginliyini və tarixi irsini təqdim etmək, türk dünyasının mədəniyyətlərarası dialoqdakı rolu, dünyaya verdiyi töhfələr barədə iştirakçılara məlumat vermək idi.Həmçinin bu yaxınlarda Türkiyənin Azərbaycandakı səfirliyi ilə birgə gənc rəssam-karikaturaçı Alp Gürhan Yalçınerin "Bir millət, iki dövlət!” adlı fərdi sərgisini keçirdik. Bu sərgi bir az qeyri-adi idi, çünki rəsmlər iki qardaş ölkənin mədəni irsi ilə yanaşı, yazılışı eyni, lakin fərqli məna daşıyan söz və ifadələrə həsr olunmuşdu. Sərgi olduqca maraqla qarşılandı və hətta tədbirdə iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ölkələr arasındakı dostluqdan, qardaşlıqdan söz açaraq Azərbaycan və Türkiyə türkcəsi ilə bağlı rastlaşdıqları maraqlı əhvalatları iştirakçılarla bölüşdülər.
Latın Amerikası və türk dünyası mədəniyyətlərin kəsişməsində
- Siz bu yaxınlarda Latın Amerikasında səfərdə olmusunuz. Keçirilən tədbirlərə qatılan iştirakçılar üçün türk dünyasının mədəniyyəti və irsi maraq doğurdumu?
- Bilirsiniz ki, Latın Amerikası öz musiqisi, ədəbiyyatı ilə tam fərqli dünyadır. Latın Amerikası ədəbiyyatda Qabriel Qarsia Markes, Xorxe Luis Borxes, Xuluo Kortasar, Jorje Amadu və başqalarıdır. Latın Amerikası musiqidə məşhur tanqolar, sambalardır, idmanda futboldur. Onların rəngarəng mədəniyyəti var və hətta görüşlərin birində "Latın Amerikası dünyanın o tayından ekzotik bir dünya kimi görünür” - deyə təəssüratlarımı bölüşəndə, onlar cavabında "türk dünyası da bizə kəşf edilməmiş kimi görünür” - söylədilər. Düşünürəm ki, onları türk dünyasının sahib olduğu Nizami, Yunus Əmrə, Nəsimi, Füzuli, Məhtimqulu, Abay, Nazim Hikmət, Yaşar Kamal, Çingiz Aytmatov və başqa dühaların yaradıcılığı ilə daha yaxından tanış etməliyik.Braziliya şəhərində Fondun, Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı səfirliklərinin, Milli Konqresin Federal Senatının və TÜRKSOY-un təşkilatçılığı ilə "Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma” mövzusunda konfrans keçirildi. Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəriKristovam Buarke ilə görüşdük. Konfrans çərçivəsində Parlament binasında "Braziliyada türk irsi” mövzusunda fotosərgi açdıq. Bundan başqa, Braziliya Poçt və Teleqraf Şirkətinin təşkilatçılığı ilə Beynəlxalq Filateliya Sərgisinin açılış mərasiminə qatıldıq. Azərbaycanın Braziliyadakı səfirliyinin təşəbbüsü və Fondun dəstəyi ilə sərgidə Azərbaycan, Qazaxıstan və Türkiyəyə aid poçt markalarından ibarət guşə təşkil etdik. Sərgi iştirakçıları türk dünyasının tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və adət-ənənələri haqqında ətraflı məlumat aldılar.Daha sonra Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovla birlikdə Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən və Azərbaycanın adını daşıyan məktəbi ziyarət etdik. Məktəbin uşaqları bizi böyük sevinclə qarşıladılar. Biz onların Azərbaycanla bağlı bilgilərini artırmaq məqsədi ilə şagirdlər arasında "18 oktyabr - Müstəqillik günü” adlı müsabiqə keçirdik və qalibləri mükafatlandırdıq.Argentinaya səfərimiz də maraqlı görüşlərlə yadda qaldı. Azərbaycanın və Türkiyənin Argentinadakı səfirliklərinin, Fondun təşkilatçılığı, Argentinanın La Plata və Belqrano Universitetlərinin dəstəyi ilə "Latın Amerikası və türk dünyası mədəniyyətlərin kəsişməsində” mövzusunda elmi seminar keçirildi. Bu ölkədə ermənilər çoxdur və odur ki, onların diasporları xeyli fəaldır. Seminarda türk dünyası ilə bağlı geniş təqdimat etdik, işğal olunmuş ərazilərdə mədəni abidələrin işğaldan əvvəlki və sonrakı vəziyyətindən danışdıq, fotoları təqdim etdik. Abidələrin hazırkı vəziyyətini faktlarla izah etdik. Tədbir böyük maraq doğurmuşdu.

- Beynəlxalq təşkilatların təcrübəsinə uyğun olaraq, Fondun əsas prioritetləri sırasında təhlükə altında qalan, unudulmaqda olan maddi və qeyri-maddi mədəni irs nümunələrini ölkələr üzrə sistemləşdirmək missiyası da var. Azərbaycanın işğalda qalan maddi və qeyri-maddi mədəni irs nümunələri var. Fond bu istiqamətdə hansı işləri görməyi planlaşdırır?
- Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birgə "Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı böyük layihə üzərində işləyir. Layihənin ilk mərhələsi olaraq artıq Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğalı nəticəsində məhv edilən abidələrin bugünkü acı taleyinə əsaslanan kitab çap olunub. İkinci mərhələ kimi, bu dağıntıların öncəki və sonrakı hallarını nümayiş etdirən foto şəkillərdən ibarət kataloqun hazırlanması nəzərdə tutulub. Dünyanın bir çox yerlərində türk dünyasına aid qədim tarixi və dini abidələr var. Abidələrin bərpası Fondun məqsədlərindən biridir. Gələcəkdə bu layihələrlə məşğul olmağı düşünürük.Fond ümumilikdə Dağlıq Qarabağ problemi ilə bağlı məsələlərə həssaslıqla yanaşır.
Bir-birimizi daha yaxından tanımalıyıq

- Türkdilli dövlətlərdə çoxlu təşkilatlar fəaliyyət göstərir. Fondun həmin qurumlarla əməkdaşlığı hansı səviyyədədir?
- Türk dünyası ilə bağlı çoxlu beynəlxalq təşkilatlar yaranıb ki, Fond onların içərisində ən gənc qurumdur. Fond Türk Şurası, TÜRKSOY, TürkPA ilə sıx əməkdaşlıq edir. Düşünürəm ki, hər təşkilat öz istiqamətində layiqli iş həyata keçirir. Bu da türk dünyası ilə bağlı görülən ümumi işlərə öz bəhrəsini verəcək. Həmçinin Fondun artıq UNESCO, İSESCO kimi nüfuzlu təşkilatlarla əlaqələri qurulmaqdadır. Maraqlı ideyalar var və gələcəkdə onları həyata keçirməyi düşünürük. Əsas məqsəd türk dünyasına aid olan mədəniyyəti, irsi, adət-ənənələri üzə çıxarmaq, bənzərlikləri nümayiş etdirməkdir. Türkdilli dövlətlər öz aralarında hansısa yabançı dillərdə deyil, türk dillərində danışmalıdır. Mədəniyyətlə bağlı tədbirləri genişləndirməyə ehtiyac var. Həmçinin gördüyümüz işləri türk dünyasından kənarda təbliğ etmək lazımdır. Türkdilli dövlətlərin əməkdaşlığının təhsil, elm, ekologiya və s. sahələrdə də inkişaf etdirilməsi vacibdir. Gələcəkdə türkologiya üzrə tədqiqat aparan tələbələrə dəstəyin verilməsi nəzərdə tutulub. Universitetlərlə əlaqələr bu istiqamətdə əməkdaşlığı inkişaf etdirər. Biz artıq bu istiqamətdə işlərə başlamışıq. Fond müxtəlif sahələr üzrə öz fəaliyyətini həyata keçirməyi planlaşdırır.
Türk dünyasının izi ilə
- Dünya muzeylərində türk dünyasına aid nadir eksponatlar mövcuddur. Həmin eksponatları araşdırıb ortaya çıxarmaq və haqlarında məlumatları ictimailəşdirmək işin xeyrinə olmazmı?
- Bu, çox vacibdir. Söhbət həm də mənimsənilmə prosesindən gedir. Həmin eksponatların, nümunələrin türk xalqlarına aid olmasını araşdırıb üzə çıxarmaq və dünyaya nümayiş etdirmək lazımdır.

- Fondun təşəbbüsü və iştirakı ilə hansı yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur?
- Türk dünyasının dahi şəxsiyyətlərinin yaşadılması, həyat və fəaliyyətlərinin araşdırılması çox vacib əhəmiyyət kəsb edir. Çünki onları nə qədər ansaq, bizim tariximiz, mədəniyyətimiz o qədər yaşayacaq. Gələn il türk dünyasının görkəmli nümayəndələrinin yubileylərinin keçirilməsi üçün üzv ölkələrdə müəyyən tədbirlər planlaşdırılır. Azərbaycanla bağlı yalnız birini misal gətirim ki, Hüseyn Cavidin 135 illiyi münasibətilə gələn il böyük şairin "İblis” əsəri gözəl aktrisa və rejissor Məlahət Abbasova tərəfindən İstanbul Bələdiyyə Teatrında səhnələşdiriləcək. Bu tamaşa vasitəsi ilə Hüseyn Cavidi qardaş Türkiyədə daha yaxından tanıyacaqlar.

- Son olaraq oxucularımıza nə demək istərdiniz?
- "Kaspi” oxucularını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm. Türk mədəniyyəti və irsi ilə bağlı məsələlərdə, əslində, hər birimiz öz töhfəmizi verməliyik. Məsələn, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə Azərbaycan muğamına faktiki olaraq yeni həyat verildi. Bu isə eyni zamanda ümumtürk irsinə böyük ehtiramın göstəricisidir, onun dirçəldilməsi və dünya miqyasında təbliğ edilməsidir. Bizim hər birimiz öz imkanlarımız daxilində bu şərəfli işlə məşğul olmalıyıq.
Təranə Məhərrəmova


banner

Oxşar Xəbərlər