• cümə axşamı, 25 aprel, 13:10
  • Baku Bakı 23°C

Türk xalqından tarixi seçim - Fotolar

18.04.17 10:30 979
Türk xalqından tarixi seçim - Fotolar
Beləliklə, Türkiyə öz tarixinin ən gərgin günlərindən birini də arxada qoydu - referendum sınağından uğurla, sakit formada çıxdı. Konstitusiyanın bəzi maddələrində dəyişiklikləri nəzərdə tutan referendumda51.35 faiz "hə” dedi.Təxminən 25 milyon seçici müzakirəyə çıxarılan məsələlərə öz razılığını bildirdi. Rəsmi olmayan nəticələrə görə, "yox” səslərinin nisbəti isə 48,65 faizdir.Ən yüksək "hə” səsi Bayburtda, "yox” səsi isə Tuncelidə verilib.
Seçkinin nəticələri açıqlandıqdan sonra tərəfdarlarının qarşısına çıxan Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğan çıxışında deyib ki, parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid ölkə tarixində ən mühüm islahatdır: "Seçkiyə gedən hər kəsə təşəkkür edirəm. Siz Türkiyənin gələcəyinə səs verdiniz. Səsvermənin nəticələri nümayiş etdirdi ki, xalq öz ölkəsini, öz gələcəyini müdafiə edir. Bu gün tarixi bir qərar qəbul edilib.İlk dəfədir ki, biz ölkənin idarəetmə sistemini sivil formada dəyişirik. Bu, bizim ümumi qələbəmizdir. Bütün mübahisələr arxada qaldı. Biz xalqımızın qərarına hörmətlə yanaşmağa çağırırıq”. Ərdoğan çıxışında Türkiyənin gələcəyi ilə bağlı digər mühüm mesajlar da verib. O, eyni zamanda seçki prosesində dəyişikliyi dəstəkləyən MHP lideri Dövlət Bahçeliyə də təşəkkür edib:"Ona və MHP-li qardaşlarımıza da təşəkkür edirik. Cənab Bahçeli öz tərəfdarlarına, qruplarına sahib çıxaraq, bu yolda bizimlə birlikdə Türkiyənin yolunun açılmasına böyük dəstək vermiş oldu".
Dəyişikliklər nədən ibarət idi?
Bəs Türkiyə xalqı nələrə səs verdi? Bunların içində ən önəmliləri parlamentdə deputatların sayının 550-dən 600 nəfər qaldırılması,parlament seçkilərində iştirak etmək üçün yaş senzinin 25-dən 18-ə endirilməsi, həqiqi hərbi xidmətdə olmaq tələbinin ləğvi idi. Eləcə də, Silahlı Qüvvələrə aidiyyəti olan şəxslərin seçkilərdə namizəd olmaları qadağan olunur.Parlamentin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Parlament və prezident seçkiləri hər 5 ildən bir eyni gündə baş tutmalıdır. Parlamentin nazirləri sorğu-sual etmələri, hökuməti cavabdehliyə çağırması ləğv olunur. Prezident vetosunu qüvvədən salmaq üçün parlament qanunu təkrarən mütləq çoxluqla (301) qəbul etməlidir. Nazirlərin parlamentin suallarına şifahi cavab verməsi qaydası ləğv olunur. Prezidentliyə namizəd olmaq üçün hər bir şəxs azı 5 faiz səs toplamış partiyanın dəstəyini qazanmalıdır. Prezident daha siyasi partiyada üzvlüyünü dayandırmalı deyil. Prezident dövlət və hökumət başçısı olaraq nazirləri və vitse-prezidentləri təyin etmək yaxud vəzifədən azad etmək səlahiyyətinə malikdir. Prezident referendum təşkil etmək hüququna malikdir.

Parlament prezidentin cinayət əməli haqda yalnız o zaman araşdırmaya başlaya bilər ki, buna deputatların beşdə üçü səs versin. Prezident bir və ya bir neçə vitse-prezident təyin edə bilər. Əgər prezident postu vakantdırsa, onda seçkilər 45 gün ərzində keçirilir. Əgər parlament seçkilərinin vaxtı növbədənkənar prezident seçkilərinin keçiriləcəyi tarixdən 1 ildən az vaxt ayırırsa, onda parlament seçkiləri də prezident seçkiləri ilə eyni gündə keçirilir. Lakin əgər parlamentin müddəti növbədənkənar prezident seçkilərinin keçiriləcəyi tarixdən 1 ildən çox sonra keçiriləcəksə, onda prezident parlamentlə onların səlahiyyət müddəti başa çatana qədər işləyir və sonra yeni seçkilər keçirilir. Bu müddət prezidentə verilən 2 seçki müddətinin biri sayılmır. Fövqəladə vəziyyət elan etmək səlahiyyəti prezidentə məxsusdur, lakin parlamentin razılığı tələb olunur. Hərbi məhkəmələr ləğv edilir.
Referendumdan sonra ilk qərar və təşəbbüs
Hakim AKP Türkiyədə keçirilən referendumdan sonra ilk addımı ataraq, fövqəladə vəziyyətin müddətini (OHAL) uzadıb. Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət iyulun 15-dən baş vermiş hərbi çevrilişə cəhddən sonra elan edilib. Prezident Rəcəb Tayyib Ərdoğan isə Türkiyə Böyük Millət Məclisində (TBMM) təsdiqlənib təqdim ediləcəyi təqdirdə edam hökmünütəsdiq edəcəyini bir daha dilə gətirib. Ərdoğan ümumxalq səsvermənin nəticəsinin bəlli olmasından sonra İstanbulda Huber Köşkü qarşısında toplanan kütləyə səslənib. TBMM-də qrupu olan 3 partiyanın liderlərinin də "edam hökmünə” dəstək verəcəklərini söylədiklərini xatırladan Ərdoğan deyib ki, "dəstəklənməyəcəyi təqdirdə bunun üçün də referendum təşkil edərik”.
CHP etiraz edir
Yeri gəlmişkən, Türkiyənin əsas müxalifət partiyası - CHP referendumun nəticələrini sorğulayacağını bildirib. Cümhuriyyət Xalq Partiyası (CHP) səsvermə prosesində qanunsuzluqları misal çəkərək qapalı nəticələrin legitimliyinə şübhəli yanaşıb. Partiyanın sədri Kamal Kılıçdaroğlu seçicilərin 50 faizinin referendumda "yox” dediyini irəli sürüb. Kılıçdaroğlu "bəli” səslərinin 51 faiz səviyyəsində olmasına baxmayaraq, nəticələrin mübahisəli olduğunu söyləyib. Bundan əlavə, Ankara, İstanbul və İzmir şəhərlərində referendumun nəticələrinə etiraz edən bir qrup vətəndaşla polis arasında gərginlik yaşanıb. İstanbulda referendumun əleyhdarları ənənəvi etiraz kimi qazan və tavaları bir-birinə vuraraq etiraz bildiriblər. Polis İzmirin Bornova mahalında icazəsiz nümayiş keçirən qrupa müdaxilə edib. Yaşanan gərginlikdən sonra 4 nəfər həbs olunub. İstanbulun Kadıköy mahalında da bir qrup vətəndaş referendumun nəticələrinə görə Seçki Qurumuna etiraz edib. Çevik Polis Alayının nəzarəti altında Buğa meydanına qədər irəliləyən etirazçılar şüarlar səsləndirib. Nümayiş heç bir xoşagəlməz hal baş vermədən bitib.

Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı isə referendumda inkarı qeyri-mümkün olanqazanc əldə edildiyini söyləyib. Bağçalı ümumxalq səsverməsində türk millətinin iradə və seçimini ortaya qoyduğunu vurğulayıb.
Dünya liderlərindən təbriklər
Türkiyədə keçirilən referendumun nəticələrinə dünyanın aparıcı ölkələrindən rəsmi münasibət bildirilib. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov"Bu, Türkiyənin daxili məsələsidir” - deyə, bildirib. Fransa prezidenti Fransua Oland "Nəticələr göstərir ki,Türkiyə cəmiyyəti planlanan islahatlar qarşısında bölünüb”, - deyə bildirib. Fransa prezidenti bütün siyasi tərəfləri problemləri dialoq yolu ilə həll etməyə dəvət edib. Yunanıstan hökuməti isə yazılı açıqlama yayaraq, referendumda ortaya çıxan nəticəyə hörmətlə yanaşdığını bəyan edib:"Biz, qonşu ölkədə sabitlik və demokratiyanı dəstəkləyirik. Qarşılıqlı dialoq və işbirliyinə üstünlük verəcək bir Türkiyə görmək istəyirik”.

Avropa Komissiyası isə bəyanatında Türkiyə hakimiyyətini konstitusiya islahatlarının həyata keçirilməsi zamanı "ən geniş mümkün milli konsensus axtarmağa” çağırıb. Avropa İttifaqı (Aİ) türk səlahiyyətliləri referendumla qəbul edilən əsas qanun dəyişikliyinin qüvvəyə mindirilməsində mümkün olan ən geniş dairəli razılığı tətbiq etməyə çağırıb. Aİ Komissiyasının sədri Jan-Klaud Junker, İttifaqın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə qurumun qonşuluq və genişlənmə məsələləri üzrə məsulu Johannes Han referendumun nəticəsilə əlaqəli birgə bəyanat yayıblar. Bəyanatda bildirilib ki, konstitusiya dəyişikliyi və xüsusilə də onun faktiki olaraq tətbiqi Türkiyənin Aİ-na üzv olmaq üçün namizəd bir ölkə və Avropa Şurası üzvü məsuliyyətləri işığında dəyərləndiriləcək. Referendumun bir-birinə yaxın nəticəsi və əsas qanun dəyişikliyinin ətraflı şəkildə nəticələrinə nəzər salaraq, türk səlahiyyətliləri bu dəyişikliyi həyata keçirməkdə mümkün olan ən geniş miqyaslı razılığa üz tutmağa dəvət edirik. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti də referendumla bağlı bəyanat verib.Dövlət Departamenti bildirib ki, ABŞ Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumun nəticəsi haqda ATƏT-in bəyanatı olmadan hər hansı bir şərh verməyəcək. "Türkiyədəki referendumun nəticələrini əlbəttə ki, izləyirik. Nəticələrin təsdiqlənmədən və ATƏT-in müvafiq hesabatları olmadan şərh verməyəcəyik”, -deyə Dövlət Departamenti bəyan edib.

Almaniya kansleri Angela Merkel də referendumla bağlı açıqlama verib. Angela Merkelin Almaniya xarici işlər naziri Sigmar Gabriellə verdiyi ortaq açıqlamasında deyilir: "Almaniya hökuməti Türkiyədəki referendumun rəsmi olmayan nəticələrini nəzərə alır. Alman hökuməti türk xalqının konstitusiya ilə bağlı qərarına hörmət edir”.
Nəticə türk toplumunun bölünmüş olduğunu göstərir
Lakin bəziləri yekun nəticəni heç də xoşagələn hesab etmirlər. Nəticənin Türkiyəni dərindən qütbləşdirdiyi və ölkəni Orta Şərqin xroniki qeyri-sabit hissəsinə çevirə biləcəyini iddia edənlər də var. Onların qənaətincə, referendumda əldə edilən nəticə türk toplumunun nə qədər bölünmüş olduğunu göstərir."Türkiyədə prezident idarəçilik sistemi tərəfdarlarının referendumda 51 faiz səslə qalib gəlməsi cəmiyyətdə parçalanmanın olduğunu göstərir”. Bunu "RİA Novosti”yə açıqlamasında türkiyəli politoloq Volkan Özdəmir söyləyib. O, Aİ və ABŞ-ın Türkiyədəki bu parçalanmadan məharətlə istifadə edəcəyini bildirib: "Müxalifətin seçki komissiyasının möhürsüz bülletenlərini qəbul etməsinə qarşı etirazları referendumun nəticələrini mübahisəli edir. Bunlar göstərir ki, Türkiyə cəmiyyəti iki yerə bölünüb. Məncə, bu nəticə hər kəsdən çox Aİ və ABŞ-a sərf edir. Onlar Ankaranı avtoritarizmə getməkdə günahlandıracaq, amma əslində Qərb ölkələri bu nəticələr sayəsində Türkiyədən böyük güzəştlər tələb edəcəklər. Bu isə daha çox Kiprin birləşdirilməsi və Şimali İraqın müstəqilliyi məsələlərində özünü göstərəcək”.
Azər

banner

Oxşar Xəbərlər