• çərşənbə axşamı, 19 mart, 12:56
  • Baku Bakı 8°C

Türk xalqı Ərdoğan və AKP dedi

25.06.18 18:35 929
Türk xalqı Ərdoğan və AKP dedi
Bazar gün Türkiyə öz tarixinin ən önəmli seçkilərindən birinə şahidlik elədi. Bütün proqnoz və sorğuları alt-üst edən bu seçkidə də hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və onun lideri olduğu hakim Ədalət və İnkişaf Partiyası qalib çıxıb. Proses başlananda belə bir fikir var idi ki, Ərdoğan ilk turda çətinliklə prezident seçilsə də, parlament seçkiləri bir qədər fərqli nəticə ilə sonuclanacaq. Lakin gözləntilər tam əksinə oldu. Bir faktı da qeyd edək ki, qardaş ölkədə keçirilən seçki kampaniyası ilk gündən ölkəmizdə maraqla izlənilib. Səmimi qardaşlıq və strateji münasibətlərlə yanaşı, ölkələrimizi milyardlarla dollarlıq investisiya və iqtisadi münasibətlər bağlayır. Bu səbəblərdən də qardaş ölkədə seçkilərin dinc axarda keçməsi və xalqın iradəsini əks etdirməsi bizim üçün çox əhəmiyyətli idi. Təsadüfi deyil ki, elə Ərdoğanın qalibiyyəti məlum olan kimi onu ilk təbrik edən prezident İlham Əliyev olub. Dövlət başçısı bildirib ki, Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib. Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və inkişafı naminə yeni uğurlar arzulayıb. Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər. Prezident İlham Əliyev həmkarını ölkəmizə rəsmi səfərə dəvət edib.Qeyd edək bu xəbəri qardaş ölkənin əksər media orqanları öz səhifələrində baş xəbər ediblər.

Ərdoğan nə qədər səslə qalib oldu?

Beləliklə, nəticələrə nəzər salaq. Rəsmi nəticələrinə görə, seçicilərin 87,42 faizinin iştirak etdiyiprezidentvəparlament seçkilərindəsəslərin əksəriyyəti sayıldıqdan sonra hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın 52,51, CHP-dən olan namizəd Məhərrəm İncənin 30,73, HDP-nin sədri Səlahəddin Dəmirtaşın 8,31, İYİ Partiyanın sədri Meral Akşenerin 7,36 faiz, Səadət Partoyasının namizədi Temel Karamollaoğlu 0.89 və Vətən Partiyasının namizədi Doğu Perinçəkin 0.20 faiz səs topladığı bəlli olub. Maraqlıdır ki, 110 min 30 imza toplayan D.Perinçək qeyri-rəsmi nəticələrə görə, seçkilərdə yığdığı imzadan daha az səs faizi qazanıb. Məlumata görə, ötən gün keçirilən prezident seçkilərində Perinçək cəmi 98 min 25 səs toplaya bilib.
Parlament seçkilərində də "Cümhur ittifaqı” səslərin çoxunu qazanıb. AKP 42,43, MHP isə 11.15 faiz toplayıb. Müxalifətin cəm olduğu "Millət ittifaqı”na gəldikdə CHP – 22,72, Səadət – 1,36, İYİ – 10,05, HDP – 11,55 faiz səs toplayıb. Digərləri isə 0,56 faiz toplayıb.
Qeyd edək ki, hazırkı nəticələrə görə,600 nəfərlikBöyük Millət Məclisində AKP 293, MHP 49, CHP 146, İYİ 45, HDP isə 67 deputat mandatıqazanıb.
Türkiyənin iri şəhərlərində –Ankara, İstanbul və Trabzonda Ərdoğan və partiyası ciddi fərqlə üstünlük qazanıb. CHP və namizədi İncə isəİzmirdəmütləq qələbə əldə edib.

"Türkiyə bütün dünyaya demokratiya dərsi verdi”

Ərdoğan ölkədə keçirilən növbədənkənar prezident və 27-ci dövr parlament seçkiləri ilə bağlı partiyanın Ankaradakı Mərkəzi Qərargahında "balkon konuşması” ilətərəfdarlarına xitab edib. Çıxışına "Əziz xalqım” sözləri ilə başlayan dövlət başçısı deyib: "Türkiyə xalqı öz demokratik hüququndan istifadə edərək, səsvermədə iştirak etdi. Xalqımızyüksək seçki fəallığı ilə bütün dünyaya demokratiya dərsi verdi. Millətimiz mənə, partiyamıza və ittifaqımıza etimad göstərib. Bu etimada görə millətimə təşəkkür edirəm. ArtıqTürkiyə xalqının rifahı naminə birgə fəaliyyət göstərmək vaxtı gəlib”.
Seçkilərin azad, ədalətli və şəffaf təşkil olunduğunu diqqətə çatdıran dövlət başçısı qeyd edib ki, ölkədəki seçki fəallığı Türkiyə xalqının öz hüquqlarına və müstəqilliyinə verdiyi dəyərdir. AKP lideri qələbəyə görə bütün partiyadaşlarına, eləcə də MHP sədri başda olmaqla bütün MHP mənsublarına minnətdarlıq edib və qarşıda duran vəzifələrdən danışıb. Türkiyə prezidenti bildirib ki, xalq yüksək seçki fəallığı ilə bütün dünyaya demokratiya dərsi verib. Seçkilərin nəticələrinə kölgə salınmamasını arzulayan Ərdoğan onu təbrik edən bütün ölkələrin liderlərinə və xalqlarına minnətdarlıq edib. Türkiyənin hər sahədə daha da irəliləməsi üçün mübarizənin gecə və gündüz davam edəcəyini bildirən dövlət başçısı keçmişdə hər hansı bir səbəblə yadlaşdırılan hər bir şəxsin demokratiyanın bütün imkanlarından istifadə etməyə davam edəcəyini bildirib. Məclislə əməkdaşlıq edərək yeni sistemin (prezidentsistemi) tələb etdiyi konstitusion dəyişikliklərətezliklə başlanacağını bildirən Ərdoğan hüquq və azadlıqlar sahəsində yeniliklər etmək yolunda qətiyyətli olduqlarının vurğulayıb: "Bu seçkilərin qalibi demokratiyadır, milli iradədir, xalqımızdır”.

İncə Ərdoğanı təbrik etdi

Prezident seçkilərində fəal təbliğat aparan CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə mətbuat konfransı keçirib və məğlubiyyətini etiraf edib:"Əgər ortada rəsmi protokollar varsa, məğlubiyyətini necə etiraf etməyə bilərsən ki?! Aramızda bu qədər açıq fərq var. Demokratiya budur, yarış budur. Uduzduğunu qəbul edə bilmirsənsə, bu, demokratiya ola bilməz. Ərdoğanın qazandığını qəbul edirəm. İstəyirəm ki, o, bir kəsimin deyil, bütün Türkiyənin prezidenti olsun”. İncə deyib ki, 40 ildən sonra CHP ilk dəfə 30 faizlik barajı aşa bilib:"Mən 50 gün içində bu psixoloji barajı aşdım. Düzü, düşündüyüm kimi olmadı. Hesab edirdim ki, İYİ və HDP 12, Səadət isə 3 faiz səs alacaq. Mən isə CHP-nin ənənəvi bazası olan 25 faizi və özümün güclü kampaniyamla 10 faiz əlavə səslə 35 faiz həddi ilə seçkini ikinci tura daşıyacağıq. Lakin digər müxalifət partiyaları gözlədiyimin çox altında səs aldı və bu da Ərdoğanın qalibiyyətinə səbəb oldu. Əgər digər müxaliflər gözləntilərim kimi səs alsaydılar, vəziyyət başqa cür olacaqdı”. İncə nədən axşam geniş açıqlama vermədiyinə də aydınlıq gətirib:"Gecə bütün zamanımı səsvermənin dəqiq nəticələrinin öyrənilməsinə həsr etdim. Əlimdə rəsmi sənəd olmadan necə danışa bilərəm? Belə vəziyyətdə xalqı necə küçələrə çağırmaq olar? Belə demokratiya olarmı? Bu, 1000-2000 səs fərqi və ya oğurluğu deyil axı. Bəli, belə olsaydı, qabağa düşərdim, xalqı meydanlara dəvət edərdim. Amma dediyim kimi, aramızda səs fərqi çoxdur, 10 milyondan çox”. İncə Ərdoğanın qalibiyyətini gecə ilə etiraf etməsinə də toxunaraq bildirib ki, kimsə onu təhdid etməyib:"Sosial şəbəkələrdən yayılanlara inanmayın. Mən kimsədən qorxmaram, kimsə də məni qorxuda bilməz. Amma yenə deyirəm, yarışda uduzduğunu qəbul etmək də demokratiyanın qələbəsidir”. İncə CHP sədrliyinə iddialı olacağı haqda söyləntilərə də toxunub. O, bu post uğrunda mübarizə aparıb-aparmayacağını açıq deməsə də, səsləndirdiyi ifadə qarşıda partiyada yeni çalxalanmaların olacağına işarə sayıla bilər:"Təkrar edirəm, mən 40 ildən sonra ilk dəfə CHP-nin 23-25 faizlik psixoloji barajını aşdım. Siyasət günlük deyil, nəfəs tələb edir, uzun nəfəs. Heç nə bitmiş deyil”. İncə Ərdoğanla yenidən görüşə biləcəyini də istisna etməyib:"Mən seçkidən əvvəl həm onunla, həm də digər namizədlərlə görüşdüm. Bundan sonra da bu, mümkündür.Xahiş edirəm, belə məsələlərdən özəl nəticə çıxarmayın. Biz hər sahədə barışın tərəfdarıyıq”.
Onu da qeyd edək ki, konfrans zamanı İncəTRT kanalının əməkdaşlarını zaldan çıxartdırıb:"Mitinqimi göstərməyənlərin burada nə işi var?”.
HDP-nin həbsxanada olan namizədi Səlahəddin Dəmirtaş seçkinin nəticələri ilə bağlı açıqlama verib. Bu barədə o, tvitterdə yazıb. "O biri namizədlər 100 mitinq edərkən mən 100 tvit yaza bildim. Rolumu və vəzifəmi yerinə yetirməyə çalışdım. HDP-ni parlamentə daşımaqla qismən uğur qazandığıma inanıram”.

Dünya liderləri Ərdoğanı təbrik etdilər

"Yenidən Türkiyə prezidenti seçilməsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm”. Bu sözləri Ukrayna prezidenti Petro Poroşenko Tvitter hesabında yazıb. "İnanıram ki, xalqın etimadı və yeni konstitusiya səlahiyyətləri Türkiyənin gələcək inkişafı və türk millətinin rifahı üçün yeni yollar açacaq”, - deyə Poroşenko bildirib.
Rusiya prezidenti Vladimir Putin də türkiyəli həmkarına yenidən prezident seçilməsi münasibətilə təbrik teleqramı göndərib. Bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb. "Rusiya dövlət başçısı səsvermənin nəticələrinin Rəcəb Tayyib Ərdoğanın böyük siyasi nüfuzunun göstəricisi olduğunu deyib”, - Kremlin məlumatında bildirilib.
Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib ki, Türkiyə ölkəsi üçün vacib tərəfdaşdır: "Birgə səylərlə Suriyada terrorla mübarizə aparırıq, bölgədə təhlükəsizliyin təmin olunması üçün addımlar atırıq. Bütün bunlara görə də Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi Suriya sülh prosesi başda olmaqla, Rusiya və Türkiyə münasibətlərinin əsas nöqtələrində aşkarlıq yaradacaq”. Komitə sədri Türkiyədəki seçkilərin azad və demokratik şəraitdə keçirildiyini qeyd edib.
Avropa İttifaqı da Türkiyədə keçirilən prezident seçkiləriylə bağlı açıqlama yayıb. Qurum sözçüsü prezident Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi Türkiyənin Aİ üçün strateji tərəfdaş olaraq qalacağına inandıqlarını bildirib. Açıqlamada Türkiyə ilə Aİ arasında miqrant böhranı, təhlükəsizlik, sabitlik və terrorla mübarizə kimi məsələlərdə əməkdaşlığın davam edəcəyi vurğulanıb.

Beləliklə, bir çox yeniliklərlə Türkiyə siyasi tarixinə keçən bu seçki ciddi məqamlar və mesajlarla yadda qalacaq. Hər halda seçim Türkiyə xalqınındır və bu səbəbdən də ona uğurlar diləmək lazımdır. Ümumiyyətlə, Ərdoğanın qələbəsi Türkiyənin gələcək inkişafı və sabitliyi baxımından çox mühüm bir hadisə kimi qiymətləndirilməlidir. Türkiyənin qədəm qoyduğu yeni mərhələ qardaş ölkənin gələcək yerinin müəyyənləşməsi baxımından da önəmli rol oynayacaq. Türkiyə xalqı bu və digər siyasi reallıqları obyektiv qiymətləndirməyi bacarmaqla ən doğru qərarı qəbul etdi.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər