“Türk sonetləri” kitabının təqdimatı keçirilib
Azərbaycan
Dillər Universitetinin (ADU) İngilis dilinin tərcüməsi kafedrasının dosenti,
şair, tərcüməçi Sabir Mustafanın "Türk sonetləri” adlı kitabının təqdimatı
keçirilib.
Tədbirdə çıxış edən universitetin
Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, İngilis dilinin fonetikası
kafedrasının müdiri Fərman Zeynallı, Sosial elmlər kafedrasının professoru Məhəmməd
Teymurlu, Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev,
Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov, İngilis
dilinin üslubiyyatı kafedrasının dosenti Vahid Ərəbov, Pedaqogika kafedrasının
dosenti Oqtay Abbasov şairin yaradıcılığı barədə geniş məlumat verib, onun Azərbaycan
dilinin zərifliyindən və zənginliyindən istifadə etdiyini nəzərə çatdırıblar. Natiqlər
şairin heç kimi təkrar etmədiyini, tərcümələrində kifayət qədər öz sözünü
dediyini vurğulayıblar. Onlar türklərin tarixi, keçmişi, keçdiyi ömür yolundan
bəhs edən bu kitabın hər sonetdə türklərin əzəmətini, qüdrətini, mənəvi
dünyasını əks etdirdiyindən söz açıblar.
Sonda çıxış edən şair
S.Mustafa təqdimatı təşkil etdiklərinə görə universitetin rəhbərliyinə dərin təşəkkürünü
çatdırıb. S.Mustafa müəllifi olduğu kitab haqqında ətraflı məlumat verib. Ana
dilinin önə çıxmasının vacibliyini vurğulayan şair obrazlılığı ilə, fikir
aydınlığı ilə öz dilimizdə yazılan şeirlərin daha səlist olduğunu qeyd edib.
Qeyd edək ki, S.Mustafa
ilk növbədə ingilis şairi və dramaturqu Uilyam Şekspirin sonetlərinin, məşhur
faciələrinin orjinalından dilimizə tərcüməçisi kimi tanınır. Əsərləri ilə
oxucuların rəğbətini qazanan şairin yaradıcılığında "Türk sonetləri” əsas yer
tutur. Şair bu kitabda oxucularına 263 sonet təqdim edir.
S.Mustafanın bu şeirlər kitabına
türk dünyasının böyüklüyü, əzəməti və ölməzliyi barədə, həmçinin həyat, zaman,
məhəbbət haqqında yazdığı sonetler daxil edilib.