• cümə axşamı, 25 aprel, 08:10
  • Baku Bakı 14°C

Türk jurnalist yazır: Qərb şəhərləri qədər gözəl olan Bakı

01.02.18 16:53 2047
Türk jurnalist yazır: Qərb şəhərləri qədər gözəl olan Bakı
Foça,Türkiyə
Müəllif: Sebahattin Karaca
İnsan elə ancaq Qərbə, Qərbə getmək fikrilə Şərqi unudur. Məndə də belə olmuşdu. Qərb ölkələrinə o qədər gedib-gəlirdim ki, Şərqə qarşı diqqətsiz qalmışdım. Amma əslində, uzun illərdir ki, beynimdə Nepal və Azərbaycanı görmək fikri dolaşırdı. Nepalın özünəməxsus həyat tərzi olduğunu tədqiqatlarımdan bilirdim. Qardaş ölkə olan Azərbaycan isə özümü tanıyandan, hər zaman diqqətimi çəkirdi.
Bir gün 1991-ci ildə Sovet İttifaqından müstəqillik qazanmış Azərbaycana səfər etmək xəyalım idi. Nəhayət, bu, mənə qismət oldu. Artıq "Sabiha Gökçen” hava limanında, Azərbaycan Hava Yollarına məxsus təyyarədəyəm. Yanımda həyat yoldaşı azərbaycanlı, restoran işlədən istanbullu iş adamı əyləşib. Mənə Bakı və Azərbaycan haqda uzun-uzadı məlumat verir. Onun söhbətlərindən sonra həyəcanım bir qədər də artır. 70-80 il rusların hakimiyyəti altında qalmış, 27 ildir müstəqillik qazanmış başqa dövlət, lakin eyni millət olduğumuz, eyni dili danışdığımız Azerbaycan xalqı necə yaşayır, nə yeyir, nə içir, mədəniyyətə, incəsənətə, musiqiyə nə qədər diqqət yetirir, nə işlə məşğul olur, iqtisadiyyatları nə vəziyyətdədir? Artıq bu sualların bir qisminə cavab almışam.
Heydar Əliyev Hava Limanındakı ilk heyrət
2 saat 45 dəqiqləlik uçuşdan sonra təyyarə Bakının hava limanına enir. Burada içəriyə addım atdığım anda gördüyüm mənzərə qarşısında donub qalıram. Neçə illərdir səyahətlərdəyəm, lakin heç zaman bu qədər təmiz, görkəmli bir hava limanı görməmişəm. Sağa-sola boylanaraq addımlarkən ayaqlarım bir-birinə dolaşır. Şişirtmədən deyirəm ki, ağzım açıq qalmışdı.
Qapıda viza növbəsinə dayanıram. Çox sadə bir anketi dolduraraq pasportumu verirəm və 3-5 dəqiqə sonra 60 günlük vizamı alıram. Polis yoxlamasından sonra adını internetdən bildiyim taksi sürücüsü Teymur ilə görüşürəm. Teymur 35-40 yaşlarında bir Azərbaycan vətəndaşıdır. "Teymur, mehmanxanaya qədər yol nə qədər çəkər?” soruşuram. "Yarım saat, abi” deyir. Ondan mənə Bakı haqda danışmasını istəyirəm: "Bakı çox gözəl şəhərdir, abi. Ruslardan qalmış binaların köhnələrini uçurur, yenilərini tikirlər. Möhkəm olanlara yeni fasad qurur və gözəlləşdirirlər. Estetikaya, gözəlliyə və möhkəmliyə çox diqqət yetirilir. 20 ildə Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Amma Bakının kənarındakı qəsəbələrdə inkişaf bir az yavaş gedir”.
Yol gedərkən bir tərəfdən Teymuru dinləyir, digər tərəfdən ətrafı müşahidə edirəm. Yol kənarında ikimərtəbəli evlər var. Amma magistralın kənarı boyu tikilmiş divardan onların birinci mərtəbəsi görünmür... Şəhərə girdikdə gördüyüm hər şey isə mənə "bu qədər də olmaz” dedirtdirəcək qədər gözəldir...
Dörd zolaqlı yolla qalacağım otelə doğru gedirik. Sol tərəfdə istirahət zonaları, sağ tərəfdə möhtəşəm binalar məni hər şeydən əvvəl təmizliyilə təəcübləndirir və sanki ovsunlayır. Artıq nə Teymuru dinləyir, nə də hər hansı başqa şey haqda düşünürəm. Sadəcə, gördüyüm hər şeyi yaşamağa çalışıram.
Otelə çatıram. Gözəldir. Lakin şəhərin inkişaf etməkdə olan hissəsində yerləşir. Gecə İzmirdən başlamış səyahətimi burda tamamlayıb dincəlmək üçün özümü yatağa atıram. 2 saatlıq istirahətdən sonra çantamı çiynimə vurub otelin qəbul şöbəsinə enirəm. Burada məni şirindil, gülərüz xanım qarşılayır. Adilə xanım mehribanlıqla mənə günün qarşıdakı hissəsində nələr edə biləcəyimi deyir. Onun dediyi kimi də edirəm. Oteldən çıxır, qısa vaxtda dəniz kənarına çatıram. Kilometrlərlə uzanan, tər-təmiz sahil... Sağa yol Dövlət Bayrağı Meydanına, sola şəhər mərkəzinə aparır.
Şəhər mərkəzinə tərəf gedirəm. Bakıya gələcək hər kəsə bu sahildə azı 1 dəfə gəzişməsini məsləhət görürəm. İnanılmaz dərəcədə gözəldir. Meydanlar, gəzinti sahələri, istirahət sahələri, yaşıllıqlar, parklar, çox diqqətlə inşa edilmiş tər-təmiz piyada keçidləri... Heyrətamizdir.
Bir tərəfində "Hilton” oteli, digər yanında Hökumət Evinin olduğu meydana çatıram. 360 dərəcə dönür, gördüyüm hər şeyin şəklini çəkirəm. Elə buradaca ayaqüstü bir neçə nəfərlə söhbətləşirəm. Türkcə danışırıq və bir-birimizi anlayırıq. Burada türk dilində hər kəs gözəl danışır...
Səhəri gün avtobusla şəhər gəzintisinə çıxmaq fikrindəyəm. O üzdən dayancağa gedir, ordan məlumat istəyirəm. Deyir ki, "səyahət 9:20-də başlayır və 1 saat fasilə ilə təkrarlanır”. Oradan ayrılır, bir neçə prospekti, küçəni dolaşır, axşam yeməyi yemək üçün "Park Bulvar”da yerləşən "Abşeron Cafe and Loung”a gəlirəm. Buradan da taksi ilə otelimə...
Səhər yeməyindən dərhal sonra oteldən çıxıram. Təxminən saatyarım sahildə gəzir, böyük həzzlə deyilən vaxtda avtobus dayanacağına çatıram. Saat gəlir keçir, amma avtobus gəlmir. Vəziyyətdən xəbərdar olan bir taksi sürücüsü mənə yaxınlaşır. "Salam. Avtobusu gözləyirsinizsə, gəlməyəcək” deyir. Səbəbini soruşuram. Deyir ki, "avtobusun getdiyi marşrutda yol təmirə bağlanıb”. Tənbəllik etməyib araşdırıram. Məlum olur ki, doğru söyləyirmiş. Elə ordaca razılığa gəlirik: mənə həm gidlik, həm də sürücülük edəcək. Adı Namiqdir. Təminən 3-4 saat məni şəhəri gəzdirir, gördüklərimiz haqda məlumat verir. Əvəzində sadəcə 65 türk lirəsi alır. Məncə buna təmamilə layiqdir. Şəhərdə nə qədər gəzməli, görməli yerlər varsa, məni hamısı ilə tanış edir: Azadlıq meydanı, "Port Baku” ticarət mərkəzi, Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Qız qalası və İçərişəhər, "Alov qüllələri”, Dağüstü park, Bəhramgurun heykəli, Dövlət Bayrağı Meydanı, Kukla Teatrı və "Park Bulvar”. Bütün bunlarla məhz Namiqin sayəsində tanış oluram. Gəzintiyə avtobusla çıxsaydım, bəlkə də bu qədər faydalı olmayacaqdı.
Namiqdən məmnun qaldığım üçün ertəsi gün məni oteldən götürməsini, bir neçə şəhərətrafı qəsəbəni gəzdirməsini, eyni zamanda "Atəşgah” məbədinə aparmasını xahiş edirəm. Razılaşırıq və məni mehmanxanaya düşürüb gedir.
Saatyarımlıq səhər gəzintisi və 3,5 saat çəkmiş şəhər gəzintisindən sonra çox yorulmuşdum. Dincəlmək, gördüklərimi "həzm etmək” üçün otağıma çəkilirəm...
Səhəri gün Namiq danışdığımız kimi, mehmanxananın qarşısına gəlir. Taksiyə əyləşirəm və təkərlər fırlanmağa, Namiq isə danışmağa başlayır. Azərbaycanın tarixindən, 2 dövlət 1 millət olduğumuzdan başlayır, İranda yaşayan 45 milyon azərbaycanlı ilə davam edir. Deyir ki, qarşıdakı 10 ildə Bakın görkəmini tamamilə dəyişəcək, indikindən daha gözəl olacaq.
Bakıda baş çəkməyinizi tövsiyə edə biləcəyim yerlər
Qız qalası
Bakıda yayılmış əfsanəyə görə, padşah müharibəyə yollanan zaman hamilə xanımından oğlan uşağı gözləyirmiş. Müharibədən qayıtdıqda övladının qız olduğunu öyrənir və dərhal onın öldürülməsi əmrini verir. Lakin dayəsi şahzadəni qaçıraraq, gizli bir yerdə böyüdür. Günlərin birində padşah 17 yaşına çatmış gözəllər gözəli qızını görür və ona... aşiq olur. Padşah qızla ailə qurmaq istəyir...
Qız mümkün qədər çox zaman qazanmaq üçün padşahdan elə bir qala istəyir ki, onun inşasına illər lazım gəlir. Amma günlərin birində qala da hazır olur. Belə olduqda qız həmin qalaya çıxaraq özünü Xəzər dənizinə atır.
Bu gün Bakıya gələnlərin ilk baş çəkdiyi abidələrdən biri məhz Qız qalasıdır. Onu həqiqətən də görməyə dəyər.
İçərişəhər
İçərişəhər bir qədər İzmirin Qızlar ağası Xanını, müəyyən qədər Ödəmiş Birgisini, bir qədər Konyada Mevlana Türbəsini, yaxud Boğazın Qız qalasını xatırladır. O, UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Bakının ən qədim yaşayış məskənlərindən olan İçərişəhər, XII əsrdə müdafiə olunmaq məqsədilə divarlarla əhatələnib. O, ən qədim şəhər mərkəzlərindəndir.
İçərisində Qız qalası və Şirvanşahlar sarayı ilə yanaşı, bir çox digər tarixi yerlər, restoranlar, mehmanxanalar və təbii ki suvenir dükanları var. Bura Bakının göz bəbəyidir! Bu tarixi məkanda yerləşən "Meydan” restoranında bir axşam "Foça”dan tanıdığım Sedef Kaynarkan və Bakıda tanış olduğum Firudin bəylə yediyim yeməyin dadını, etdiyimiz gözəl söhbəti heç zaman unutmaram.
Buralara bir də gələ bilsəm, istətdim ki, azı 2-3 həftə qalım. Türk dilində danışılan, Qərb şəhərləri qədər gözəl olan Bakı üçün 3-4 gün yetmir.
(Türk dilindən tərcümə - WorldMedia.Az)
banner

Oxşar Xəbərlər