• cümə, 29 Mart, 13:08
  • Baku Bakı 14°C

Türk ədəbiyyatında ilk psixoloji roman “Sentyabr”

31.10.16 09:48 2035
Türk ədəbiyyatında ilk psixoloji roman “Sentyabr”
Türk ədəbiyyatında isə psixoloji romanın ilk nümunəsi Məhməd Raufun "Eylül” (Sentyabr) romanıdır. "Sərvət-i fünun” jurnalında 1900-cu ildə nəşr olunan "Eylül” romanında Nəcib və Suadın ruh portretləri, daxili aləmləri Məhməd Rauf tərəfindən uğurla qələmə alınmışdır. "Sərvət-i fünun”çuların Xalid Ziya Uşaqlıgildən sonra ikinci böyük romançısı Məhməd Raufdur.
Məhməd Rauf "Eylül” adlı romanında hadisələrdən çox, qəhrəmanlarının daxili dünyalarının izahına üstünlük vermişdir. "Eylül” romanının ən əsas mövzusu "qanunsuz sevgi”dir. Boğaziçində bir villada yaşayan Sürəyya ilə Suad 5 illik evli cütlükdür və yalnız qalmaqdan sıxıldıqları üçün təkidlə yaxın dostları Nəcibi dəvət edirlər. Nəcib Sürəyyanın xalası oğludur, qohumdan başqa həm də ailənin yaxın dostudur. Sürəyya ilə Suad arasında tam mənada bir zövq uyuşmazlığı mövcuddur. Sürəyya uşaq kimi sadə həvəslərə qapılaraq musiqini sevmir, Suad pianino çalarkən o, eyvana çıxar, dənizi seyr edərdi. Sürəyyanın ən böyük sevgisi qayığına minib dənizdə üzməkdir. Sürəyya dənizdə uşaq kimi əylənərkən Suad evdə tək qalaraq bir əskiklik, əzginlik hiss edirdi. Suad həyat yoldaşını sevgili kimi deyil, bir ana nəvazişiylə sevirdi. Bunun əksi olaraq, Suad ilə Nəcibin çox ortaq zövqləri vardır. Hər ikisində də güclü bir musiqi sevgisi olduğundan zamanlarının çoxunu pianino başında keçirirdilər. Bir müddət sonra aralarındakı dostluq duyğusu sevgiyə çevrilir. Nəcib ilə Suad arasındakı məhəbbət sadəcə ruhi səviyyədə yaşanırdı, fiziki münasibətə keçə bilməzdi. Duyğularını sözlə dilə gətirməyə cəsarət edə bilmədiklərində musiqiyə sığınırdılar. Eşqlərini musiqinin yaratdığı bir xəyal aləmində yaşayırdılar. Bir müddət sonra bu eşq gözlərdə, gizli baxışlarda, gülüşlərdə yaşanır. Romanın sonuna doğru Nəcib Suadın əllərindən və titrəyən gözlərindən öpərək bu eşqə vida edir.
"Eylül” qəmli bir eşq romanıdır. Bu eşq, gözlərdə başlayıb gözlərdə yaşanan və yenə gözlərdə bitən, vüsalın olmayacağını bilə-bilə, yenə də ürəklərə söz keçirəmədikləri üçün yaşanan, duyğusal səviyyədə qalaraq saflığını qoruyan, fiziki münasibətə daşınaraq kirlənməyən güclü bir məhəbbətdir. Sevgilərini bu dünyada yaşama imkanı olmayan Nəcib ilə Suad romanın sonunda yanaraq can verirlər. Bir mənada, məhəbbətlərini öldükdən sonra başqa bir aləmdə yaşamaqdadırlar.
Romanın "Eylül”, yəni "Sentyabr” adlandırılmasının səbəbi nədir? "Eylül” sözü simvolik mənada istifadə olunmuşdur. Sentyabr payızı, saralmış, qurumuş, tökülən yarpaqları xatırladır. Təbiətdəki canlılığın yavaş-yavaş qeyb olduğu aydır eylül. Kimi zaman isə hüzünü, ayrılığı, xəstəliyi, ölümü xatırladır bizə. Qara qışın xəbərçisidir bəzən də.
Romanda Suad ilə Nəcibin bahar mövsümündə başlayan dostluq münasibəti yay mövsümü boyunca inkişaf edərək sevgiyə dönür. Ancaq qadağan olunmuş eşqin yaratdığı qayğılar, sıxıntılar, mümkünsüzlüklər bu münasibətin yönünü payıza-qışa çevirir.
Nəcib ilə Suad arasında dillə açıqca söyləməyə cəsarət edilməyən duyğular musiqi vasitəsilə ifadə edilir. Bir-birlərinə qarşı duyduqları sevgini gözləriylə, musiqiylə ifadə edirlər. Nəcib-Suad məhəbbəti qadağan olunmuş bir eşqdir. Cəmiyyət tərəfindən qəbul olunmayan bir sevgidir. Nəcib ilə Suad vüsalı olmayan bir eşqi nəticəsi olmayacağını bilə-bilə yaşayırlar. Musiqinin yaratdığı xəyali aləmdə qorxu, tədirginlik, qanunlar, ictimai qınaq, cavabdehlik, məsuliyyət kimi sanksiyalar yoxdur.
"Eylül” romanındakı Suadın daxili monoloqunu təsvir edən bir nümunəyə nəzər salaq:
"Demək ki, sevirdi, demək ki bir ildən bəri, bəlkə, bəlkə də daha əvvəldən, bəlkə illərdən bəri sevir və bunu gizlədirdi... Nəcibin özünə qarşı bu qədər ciddi davranıb qəlbindəkiləri açmamağı, onu ruhunun dərinliklərində gizləməsi, ürəyində istəməyərək hiss etdiyi razılığa indi bir hörmət əlavə edirdi; bu hərəkəti o qədər səmimi, təmiz, böyük edirdi ki... Bir dəfə başa düşülüncə tərəddüdlər, qorxular, şübhələr, bunlar gəlib keçən, gəldikləri zaman belə bu etibarı yox etməyən qara buludlar oldu; əsas olaraq, "O, məni sevir....”
Roman 22 bölümdən ibarətdir. Romanda Suadla evlərinə gəlib-gedən gənc bir qohumu arasında gizli eşqdən bəhs edilir. Suad bir yandan həyat yoldaşına, digər yandan isə Nəcibə qarşı duyduğu eşq arasında çırpınıb qalır. Məhməd Rauf romanında gizli eşqdən yaranan çarəsizlikləri, bu iki aşiqin psixoloji hallarını, acılarını, sevinclərini, həyəcanlarını, vicdan əzablarını real bir şəkildə əks etdirməyi bacarıb.
"Eylül” romanı faciəvi bir şəkildə sona çatır. Romanın sonunda evdə yanğın çıxır, hər kəs çölə qaçır, lakin Suadı tapmır. Tam bu anda Nəcibin faciəsi başlanır. Nəcib ya içəriyə girməyib sağ-salamat qalacaq, fəqət sevdiyi qadını itirdiyi üçün könlü yanıb qovurulacaq, ya da içəriyə, yanan evə girib özü də Suadla birlikdə yanacaq. Nəcib özünü alovlar içərisinə atır və bu dünyada yaşaya bilmədiyi məhəbbətini başqa bir aləmdə yaşayacağına ümid edir.
Romanda araşdırılan mövzulardan biri də evlilikdir. Məhməd Rauf, ruhsal yöndən bir-biriylə uyuşmayan, aralarında zövq ortaqlığı olmayan cütlüklərin evliliklərinin sağlam təməllərə dayanmadığı üçün zamanla dağılmağa məhkum olduğunu göstərməyə çalışmışdır. Yazıçı romanda Sürəyya ilə Suadın evliliyinin doğru olmadığını bildirir, çünki onların heç bir ortaq cəhəti yoxdur. Sürəyya Suadla maraqlanmır, öz uşaq həvəslərinin ardınca düşür. Qayıq və dəniz onun hər şeyidir. Suad isə musiqini sevir. O, pianino çalarkən Sürəyya sıxılır və çölə qaçır. Yazıçı Sürəyya Suad evliliyini tənqid edir, səhv cəhətlərini göstərir. Məhməd Raufa görə ideal bir evlilikdə əsl vacib olan şey tərəflər arasındakı zövq ortaqlığıdır. Suad və Nəcib arasında zövq ortaqlığı olduğu üçün qısa bir zamanda yaxınlaşırlar, bir-birlərinə aşiq olurlar. Suad axtardığı mehribanlığı, dostluğu, sevgini Nəcibdə tapır.
Romanın əvvəlində Nəcib evliliyə qarşıdır. Evlənməkdən həddindən artıq qorxur. Nəcib keçmişdə çox sayda pul düşkünü və evli qadınla münasibət yaşamış, bu münasibətlərdən dərin yaralar almışdır. Nəcibə görə ən namuslu qadınlar belə, saflıq maskası altında gizlənərək ərlərinə xəyanət etməkdədirlər. Nəcibin qadınlar haqqındakı bu mənfi düşüncələri Suadı tanıdıqdan sonra dəyişir. Evlənəcəyi qadının tam Suad kimi olmasını istəyir. Nəcib, Sürəyya-Suad evliliyini yaxından izləyir. Münasibəti canlı tuta bilmək üçün davamlı Suadın buna səy göstərdiyini, Sürəyyanın laqeyd davranışlarıyla Suadı yalnız qoyduğunu, hər keçən gün Suadın ürəyinin yağının əridiyini görür.
Yazıçının romanda tənqid etdiyi digər bir ailə Sürəyyanın bacısı Həcər ilə Fatin cütlüyüdür. Həcər xarici görünüş baxımından Suaddan daha cəlbedici bir qadındır. Lakin daxili gözəllik baxımından Suadla ölçülə bilməz. Həcər son dərəcə boşboğaz, bəsit bir qadındır. Fatinlə sırf atası istədiyi üçün evlənmişdir. Ərinə qarşı ürəyində ən kiçik bir həyəcan, sevgi, eşq yoxdur. Evin önündən keçən yaraşıqlı gənc oğlanlara baxar, onlarla bağlı xəyallar qurar. Ərinə sədaqət göstərməz. Eyni şəkildə Fatin də xaraktercə olduqca zəif bir tipdir. Həyat yoldaşına qarşı ürəyində heç bir sevgi yoxdur.
Nəcib-Suad sevgisinin ilk günlərində çıxılan bir gəzintidə, Suad dalğın və hüznlü bir şəkildə ətrafını seyr edər. Çinar ağaclarından düşən saralmış, qurumuş yarpaqların yaratdığı payız mənzərəsi ilə öz hüznlü, həyəcansız daxili dünyası arasında bənzərlik görür. Suad ömrünün bahar və yay mövsümlərinin geridə qaldığını, bundan sonra bədbin, həyəcansız qış mövsümünün yaşanacağını, bunun qaçılmaz olduğunu düşünür. Özünün də ətrafındakı yarpaqlar kimi saralıb-solacağını, çürüyəcəyini düşünür. Suad bir mənada həyatının "Eylül” (sentyabr) ayını yaşamaqdadır. Bundan sonrakı mövsüm isə qışdır.
Romanda diqqət çəkən digər bir mövzu "musiqi”dir. Sürəyya və Suad evlilik bağı ilə bir-birlərinə bağlıdır, lakin ruhsal mənada bir-birinə bənəzmirlər. Birisinin zövq aldığı şeydən digəri sıxılır. Suad musiqini, pianino çalıb mahnı oxumağı sevir, Sürəyya isə dənizdən, yelkənə minib dənizdə gəzməkdən zövq alır. Sürəyya dənizdəykən Suad evdə tək qalır, sıxılır... Yazıçı, ortaq zövqü olmayan ər-arvad arasında psixoloji mənada bir uzaqlaşmanın qaçılmaz olduğunu göstərməyə çalışır. Suad yalnızlığını musiqi və Nəciblə unutmağa çalışır. Başlanğıcda musiqi Suad və Nəcib üçün bir əyləncədir. Eyni şeydən xoşlanmaları, eyni parçalara heyranlıq duymaları zamanla yaxınlaşmalarını təmin edir. Suad hər keçən gün ərindən bir az daha uzaqlaşır. Özünü yalnız, həyəcansız, bədbin hiss edir. Eyni şəkildə Nəcib də keçmişdə fiziki münasibətlərdən yorulmuşdur. Bu nöqtədə musiqi, real dünyanın sıxıntılarından, pisliklərindən qaçıb sığındıqları bir liman olur. Nəcib ilə Suadın pianinoda çalıb-oxuduqları parçalar, tamamilə Qərb musiqisinə aiddir. Udun yerini pianino almışdır. "Sərvət-i fünun”çular sadəcə musiqi sahəsində deyil, hər mövzuda qərbi nümunə seçmişdilər.
"Eylül” romanında işlənən digər bir mövzu isə "dəniz vurğulunğu”dur. Suad Sürəyya ilə birlikdə dəniz qırağında gözəl bir villaya köçdükdən sonra vaxtının çoxunu dənizdə keçirir. Bir uşağın anasına olan həddindən çox bağlılığı kimi, Sürəyyanın dəniz sevgisi, vurğunluğu da olduqca güclüdür. Sürəyya üçün dəniz, adətən bir sevgidir, eşqdir, sevdadır. Söhbət sırasında dənizdən söz açıldığında, Sürəyya coşar, həyəcanlanar, böyük bir zövqlə dənizi, dalğaları, gəmiləri, yelkən yarışları, balıq tutmaq haqqında həvəslə danışardı. Sürəyyanın dənizə olan sevgisi arvadına qarşı etinasız yanaşmasına, onu unutmasına səbəb olur. Suad həyat yoldaşı ilə birlikdə dənizə getmək istəyir, lakin baş dönməsi və ürək bulantıları buna imkan vermirdi. Əri dənizdəykən Suad evdə yalnız qalır. Nəciblə birlikdə pianino çalırlar. Sürəyya özünü bu yükdən qurtardığı üçün Nəcibin Suad ilə maraqlanması xoşuna gəlir. Suadın evdə yalnız qalması, sıxılması Sürəyyanı maraqlandırmır. Onu maraqlandıran, həyəcanlandıran şey dənizdir, Suad ikinci planda qalır.
Beş illik evli bir qadın olan Suadın özünü yalnız və bədbin hiss edərək evlilik haqda düşünməməsini, sevgini və həyəcanı başqa qollarda axtarmasının əsas səbəbi Sürəyyanın dəniz vurğunluğudur.
Nəsr sahəsində Məhməd Rauf sadəcə ədəbi əsər verməklə yetinməyərək, sevmiş, hiss etmiş, yaşamış və bütün yaşadıqlarını ədəbiyyata köçürmüşdür. Çox zaman qəhrəmanların öz duyğu və düşüncələrini nəql etmək üçün bir vasitəçi olaraq istifadə etmişdir. Bu səbəblə də, "Eylül” romanındakı Nəcib obrazı yazıçının özü olduğu iddia edilir.
"Eylül” romanında təbiət hadisələrini əks etdirən əsərdir. Xüsusilə də, Boğaziçindəki gəzintilər Suad və Nəcibin duyğularının inkişafında və möhkəmlənməsində təbiətin əsas rol oynadığını da göstərməkdədir. Həmçinin, əsərin adının mövsüm dəyişikliyini özündə birləşdirən bir ay adı olması maraqlı detaldır. Eylül yay mövsümünün qışa çevrilməsi kimi Boğaziçində yetişib cücərən bu eşq ağacının saralıb solmasının bir simvoludur.
Aydan UMUDOVA
banner

Oxşar Xəbərlər