• şənbə, 20 Aprel, 07:06
  • Baku Bakı 14°C

Türk düşüncəsinin əzəmətli abidəsi

03.04.18 10:00 1397
Türk düşüncəsinin əzəmətli abidəsi
Türk dünyasının böyük dühası İsmayıl bəy Qaspıralı (1851-1914) mədəniyyət tarixində misilsiz xidmət göstərmişdir. Onun naşiri olduğu, XIX əsrin sonu, XX əsrin əvvəllərində çapdan çıxan "Tərcüman” qəzeti türk xalqlarının düşüncəsində əzəmətli yer tutur. Bu il aprel ayında "Tərcüman” qəzetinin 135 illiyidir.
"Tərcüman” qəzetini İsmayıl bəy Qaspıralının ən böyük əsəri ad­landıran böyük mütəfəkkir Yusif bəy Akçura yazmışdır ki, "Tərcüman” qəzeti otuz ildir məsləyini, fikrini əsla dəyişdirmədən, fasiləsiz davam edir. "Tərcüman” hər nüsxəsində öz məsləyini belə ifadə edir: "Türk, Tatar, Azərbaycan, Kumuk, Noqay, Başqırd, Özbək, Sart, Tarança, Kaşğari, Türkmən və sair adlarla bilinən türk qövmlərinin cümləsi arasında yayılmış və məlum olan "Tərcüman”, müsəlmanlar arasında maa­rifin intişarına və İslam məktəblərinin islahına çalışır. Sadə və açıq, hər kəs anlayacaq surətdə qələm işlədir”.
Türkiyənin görkəmli ictimai xadimi Ziya Gökalp Mirzə Fətəli Axundzadəni və İsmayıl bəy Qaspıralını Rusiyada yetişən iki böyük türkçü adlandırmışdır. Mirzə Fətəli Axundzadənin "Azəri Türkcəsində yaz­dığı özünəməxsus komediyalar, bütün Avropa dillərinə çev­ril­mişdir. Krımda "Tərcüman” qəzetini çıxaran İsmayıl bəy Qaspıralının Türkçülükdəki prinsipi "dildə, düşüncədə və işdə bir­lik” idi "Tərcüman” qəzetini şimal türkləri anladığı qədər, şərq türkləri ilə qərb türkləri də anlardı. Bütün türklərin eyni dildə birləşə biləcəyinə, bu qəzetin varlığı canlı bir arqumentdir”.
"Tərcüman” qəzeti bütün türk xalqlarının maariflənməsinə çalışmış, onların dilinin, mədəniyyətinin təbliğinə xidmət etmişdir. Yusif bəy Akçura "Böyük Türklük” nəzəriyyəsindən bəhs edər­kən İsmayıl bəy Qaspıralının və "Tərcüman” qəzetinin rolunu yüksək dəyərləndirmişdir. Bu nəzəriyyəni gizli bir surətdə ilk əvvəl mey­da­na çıxaran, əski Krım xanlarının bugünkü tərk olunmuş və unu­dul­muş, adətən dünyadan ayrı və uzaq kimi yaşayan kiçik paytaxtların­da, həftədə bir dəfə intişar edən balaca bir qəzet olmuşdur. Otuz il əv­vəl Bağçasarayda çıxmağa başlayan bu kiçik qəzet "Tərcüman”dır. "Tərcüman”ın baş redaktoru və naşiri isə Krım mirzələrindən İsmayıl bəy Qaspıralıdır. İsmayıl bəy, bütün türk aləmini göz önündə tu­taraq, ona görə çalışdı. "Tərcüman”a görə, Kazan tatarları, Orta Asiya sartları, tarançılar filan yoxdur. Bir dinə inanmış, bir dil ilə danışan türklər vardır. "Tərcüman” məhəlli türk ləhcələrinin üstündə ümu­mi bir türk dilinin öyrənilməsini tövsiyə edir. İsmayıl bəyin Türklüyə etdiyi böyük xidmətlərdən birincisi, heç şübhə yoxdur ki, milli ibtidai məktəblərin Rusiya türkləri arasında yayılması ol­muş­dur.
AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov "Tərcüman” qəzetinin nəşrinin ilk dövr­lə­rində Rusiyanın türkdilli xalqlarının tərəqqisi, maarifçilik ideyaları və s. bu kimi məsələləri təbliğ etdiyi üçün rəğbət qazandığını qeyd et­miş­dir. Alim, qə­zetin müsəlmanlar arasında geniş yayıldığını, nəşrdə Azərbaycan haq­qında yazıların müəlliflərinin əsasən M.Sidqi, Eynəli Sultan, Ə.Gəngərli, Firudin bəy Köçərli, Ömər Faiq olduğunu yazmışdır.
İsmayıl bəy Qaspıralının məşhur araşdırıcısı Sabri Arıkan "İsmayıl bəy Qaspıralıya görə "Dildə-Fikirdə-İşdə Birlik” nə üçün şərtdir” adlı yazısında onu, gələcə­yi çox yaxşı görmə qabiliyyətli, səbirli kimi xarakterizə etmiş, çox ehtiyatlı mə­ziy­yə­ti i­lə "Tərcüman”ın bu dövrədə senzuraya toxunmadan çapını təmin et­dir­diyini göstərmişdir. İsmayıl bəy Qaspıralı 1905-ci ildə, bəziləri buna islahat, bəziləri inqilab de­yir, məşruti idarəyə keçiddən, bəzi hürriyyətlərin tanınmasından son­ra zəmin yaradığını görərək, yazılarında dü­şün­cələrini, fikirlərini və hazırlanmasını istədiyi şeyləri daha açıq bir şə­kildə yaymağa başlamışdır. O tarixə qədər rusca çıxardığı bir sə­hi­fə­ni də ixtisar edərək, bütün "Tərcüman”ı türkcə çap etdirmişdir. İsmayıl bəy Qaspıralı etmək istədiyini, ideallarının nə olduğunu, han­sı hədəfə varmaq istədiyini yazılarında açıqca, dəfələrlə bildirmiş, is­rar­la anlatmışdır.
Göründüyü kimi, İsmayıl bəy Qaspıralının dərc etdiyi "Tərcüman” qəzeti müasirləri tərəfindən yaxşı qarşılanmış və təbliğ edilmişdir. Bu, öncə onların da eyni amal, məqsəd uğurunda çalışmaları, türk xalqlarının düşüncə tarixində böyük xidmət göstərmələri ilə əlaqədardır.
Azərbaycanın ictimai xadimi, yazıçı, jurnalist Cəlil Məmmədquluzadə (1866-1932) də belə şəxsiyyətlərdəndir. Onun irsinin görkəmli araşdırıcısı, akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşr olunmuş "Molla Nəsrəddin” jurnalında Azərbaycan xalqı ilə yanaşı, Qafqaz xalqlarının, Avropa və Şərq ölkələrinin həyatı, milli azadlıq mübarizəsinin əksini tapdığını qeyd etmişdir.
Cəlil Məmmədquluzadə 110 il öncə - 1908-ci ildə "Molla Nəsrəddin” jurnalında dərc edil­miş "Tərcüman” qəzetinin çapının 25 il­li­yi münasibətilə "Milli bayram” adlı məqaləsində, "bir müsəlman qə­zetinin faydalı və səmərəli bir yolda 25 il davam etməyi nəinki Rusiyada, bəlkə bütün dünyada əvvəlinci dəfə görülən bəx­ti­yar­lıq­lardan” olduğunu yazmışdır. Görkəmli yazıçı gös­tərmişdir ki, mətbuat aləmində 25 il qələm çalan böyük yolda­şı­mız İsmayıl bəy Qaspıralı həqiqətən bəxtiyardır: "İsmayıl bəy 25 il ça­lışıb min zəhmətlə əkdiyi toxumun meyvəsini fərəh və şadlıqla gö­rür. İsmayıl bəyin millətimizə, insaniyyətə etdiyi böyük-böyük xid­mət­ləri burada saymaq bizim üçün çox çətindir. İsmayıl bəy mahir həkim kimi millətimizin dirilməyini məktəbdə, maarifin nəşrində gördü: qüvvətinin ən çoxunu bu yolda sərf etdi. Üsuli-cədidəsini, üsuli-cədidə kitablarını Bağçasaraydan Çinə, Kazandan İrana qədər nəşr etdi”.
XX əsrin əvvəllərində Türk xalqları arasında sözlər kimi terminlərin də ortaq olmasına, yəni bütün türklərin ortaq bir ədəbiyyat və elmi dilinin olması məsələsi diqqət çəkir. Belə ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayında öz dillərində - türkcə, tatarca, özbəkcə, çuvaşca, başqırdca, qazaxca və b. türk dillərində çıxış edən alimlər bir-birlərinin danışıqlarını başa düşürdülər. Bu dövrdə bütün türk xalqları bir-birlərinin dillərini anlayırdılar.
"Bir qövmü udmaq üçün parçalamaq lazımdır” mülahizəsini gös­tərən Ziya Gökalp milləti parçalamaq üçün də öncə onun dilini bö­lüb parçalamağın zəruri olduğunu, bunu edənlərin bəzilərinin bi­lə­rəkdən, bəzilərinin isə bilmədən etdiklərini bildirmişdir: "Türk dili məhz bu yoldan parçalanmağa, birdən artıq ədəbiyyatlar yaranmağa baş­landı. Bu durumun təhlükəsini duyan Qazi Rzaəddin və Musa Bigiyev əfəndilər kimi türkçülər yazılarını həmişə ümumi türkcədə yaz­mağa davam etdilər. Krımda çap edilən "Tərcüman” qəzeti də ənə­nəvi "fikirdə birlik, dildə birlik, işdə birlik” prinsipini sürdürür”.
Sabri Arıkan İsmayıl bəy Qaspıralının hər bir­li­yin təməli və böyük sərmayə kimi dil birliyi məsələsi üzərində ge­niş dayandığını göstərmişdir. Alim fikrini əsaslandır­maq üçün "Tərcüman” qəzetinin "Rusiya müsəlmanlarının tə­rəq­qi­si” adlı məqaləsini təqdim etmişdir: "Ümumi ədəbi dili olmayan mil­lət, millət sayılmır. Türk övladlarından olan tarançe, sart, özbək, qır­ğız, qazax, kumuk, noqay, Azərbaycan və sair tayfalar türkcə da­nış­dıq­ları halda, şivələri başqadır. Bir-birlərini çətinliklə anlarlar. Bu hal bir­ləşməyə, birliyə, bilgilərin, elmlərin hər kəsə duyurulmasına, tərəqqiyə, ədəbiyyata, dostluğa və qaynaşmağa əngəldir.
Buna görə ən əvvəl və ən ziyadə hamımız üçün ehtiyac və lü­zumlu olan, ümumi dil, ədəbi türkcə dildir. Buyurun, mərhəmət edin qar­daşlar, buna ayrıca əzmlə çalışaq. Bu iş lap o qədər qalibiyyət de­yilsə də, çarəsi tapılmaz və müşkül də deyildir. "Tərcüman” qəzeti Bağçasaraydan ta Kaşğara qədər oxunduğu, yəni anlaşıldığı halda, dillə bir­ləşmənin mümkün olduğuna böyük dəlildir.
İyirmi beş ildən bəri əziz millətimə əldən gəldiyi qədər aci­za­nə xidmət etdim. Bu sayədə ən böyük nişan, aldığım "Təşəbbüs və Sebat” medalıdır. Ömrümün qalan illərini, dil birliyinə fikir birliyinə və iş birliyinə fəda edəcəyəm”.
İsmayıl bəy Qaspıralının mədəniyyət ta­ri­xindəki fəaliyyətini yüksək qiymətləndirən Cəlil Məmmədquluzadə qeyd etmişdir: "İndiyə qədər millətin ehtiyacını, gələcəyini haqqı ilə nəzərə alıb ciddi və səmərəli yolda ça­lı­şan, türk millətinin içində birinci dəfə İsmayıl bəy çıxdı. İsmayıl bəyin böyüklüyünü, xidmətini tarix və gələcək bizdən daha yaxşı tədbir edəcək və adı­nı qızıl xətlə yazacaq, bizsiz də o uca mərtəbəsinə çatacaq.
Beləliklə, İsmayıl bəy Qaspıralının 135 il öncə dərc etdirməyə başladığı "Tərcüman” qəzeti türk xalqlarının maariflənməsində, düşüncəsinin yüksəlişində əvəzsiz xidmət göstərmiş, tarixdə özünəməxsus iz qoymuşdur.
Aytək Zakirqızı,
fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər