• cümə axşamı, 25 aprel, 12:44
  • Baku Bakı 23°C

Türk dünyasının qapısı

16.02.17 13:30 2563
Türk dünyasının qapısı
XX əsrin əvvəllərində Naxçıvanın tarixi taleyində mühüm rol oynamış şəxsiyyətlərdən biri də Azərbaycan SSR Xalq Ədliyyə Komissarı, Azərbaycan SSR-nin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Naxçıvan SSR Fövqəladə Komissarı və Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Fəhlə-Kəndli Müfəttişliyinin Xalq Komissarı və Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini kimi mühüm dövlət vəzifələrində işləyən və Naxçıvanın taleyi ilə bağlı Moskva (1921, mart) müqaviləsində Azərbaycanı təmsil edən və Qars (1921, oktyabr) müqaviləsini imzalayan Behbud Şahtaxtinskidir.
Rusiyanın Azərbaycana münasibətdə imperiya siyasətini pərdələmək vasitəsi
Məlumdur ki, 1918-1921-ci illərdə Zaqafqaziyada mürəkkəb bir siyasi vəziyyət yaranmış, üç "müstəqil respublika” dörd xarici dövlətin -Türkiyə, Rusiya, İngiltərə və ABŞ-ın geosiyasətinin düyün nöqtəsinə çevrilmişdi. Belə bir dövrdə daşnak Ermənistanı "böyük Ermənistan” yaratmaq xülyası ilə Azərbaycana olan torpaq iddiasından əl çəkmir, Rusiyanın Azərbaycan ilə Ermənistan arasında olan münasibətlərin həllində ermənipərəst əhval-ruhiyyəsi, xüsusilə Naxçıvan diyarına münasibətdə özünü daha aydın göstərirdi.
Əslində, 20-ci illərdə Rusiya Azərbaycana və Türkiyəyə qarşı ikiüzlü siyasət yeridirdi. Ermənilərə xoş olsun deyə, imkan daxilində bütün vasitələrdən istifadə edirdilər. Bu regionda Rusiyanın ikili mövqeyi onun əbədi imperiya maraqlarından irəli gəlirdi. Bu haqda sonralar Behbud Şahtaxtinski yazırdı: "Azərbaycan Türkiyə ilə Rusiya arasında bir əlaqə vəsiləsidir. Şərqin oyanması üçün gələcək bəşər məqsədinin körpüsüdür. İki tərəfdən dartılan sallaq vəsilədir. Rusların at oynatmaq istədikləri körpüdür”.
Münasibətlərin kəskinləşdiyi zamanda 1920-ci ili iyulun 13-15-də AK (b) P MK bürosu Rusiya ilə Azərbaycan arasında bir sıra siyasi, hərbi, iqtisadi xarakterli məsələləri aydınlaşdırmaq üçün müzakirə keçirdi və Azərbaycan İnqilab Komitəsi Xalq Ədliyyə Komissarı Behbud Şahtaxtinskini Rusiyada fövqəladə və səlahiyyətli nümayəndə təyin etdi və ona RSFSR hökuməti ilə bütün məsələlər barədə danışıqlar aparmaq və sonradan təsdiq olunmaq şərti ilə Azərbaycan SSR adından hər cür müqavilə və öhdəliklər imzalamaq üçün mandat verdi. Bu səlahiyyətdən istifadə edən Behbud Şahtaxtinski Rusiya ilə münasibətləri qaydaya salmaq məqsədilə 1920-ci il sentyabrın 30-da Moskvada "Hərbi və iqtisadi ittifaq haqqında RSFSR ilə Azərbaycan SSR arasında bağlanmış müqavilə”ni Rusiya Xarici İşlər üzrə Xalq Komissarı C.V.Çiçerin ilə birlikdə imzaladı. Əslində RSFSR ilə Azərbaycan SSR arasında bağlanmış bu müqavilə Rusiyanın Azərbaycana münasibətdə imperiya siyasətini pərdələmək vasitəsi idi. Çünki, RK (b) P MK-nın hələ həmin ilin sentyabrın 20-21-də keçirilmiş plenumunda "Qafqazda və Şərqdə” siyasəti qaydaya salmaq barədə tapşırığı ilə əlaqədar İ.V.Stalinin Qafqaza göndərilməsi və onun 1920-ci il noyabrın 4-də RK (b) P MK Qafqaz bürosu üzvlərinin iştirakı ilə AK (b) P MK-da "Ermənistanda vəziyyət” haqqında məsələ müzakirə etməsi və həmin iclasda dediyi sözlər Rusiyanın Azərbaycana qarşı yeritdiyi siyasətdə Ermənistanın mənafeyini müdafiə etməsini tam şəkildə göstərirdi. İ.V.Stalin demişdi: "Əgər bilmək istəyirlərsə ki, Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, sovet hökuməti olanda vermək olar”.
Gümrüdə türklərlə aparılan danışıq
Bundan sonra Türkiyə Rusiyanın Azərbaycana qarşı yeritdiyi siyasətin mahiyyətini dərk edərək, Sevr (1920, 10 avqust) müqaviləsini rədd etdi və daşnak Ermənistan tərəfindən ona qarşı həmin ilin sentyabrın 18-də başlayan müharibədə hərbi əməliyyatı gücləndirib, noyabrın 18-də Ermənistanı məğlub edərək, 2 dekabr 1920-ci ildə onu Aleksandropol (Gömrü) müqaviləsi bağlamağa məcbur etdi. Gömrü müqaviləsinin ikinci maddəsində "Naxçıvan, Şahtaxtı və Şərur bölgəsində bu yerlərin idarə formasını müəyyən edəcək plebissitin keçirilməsinə qədər, Türkiyənin himayəsi altında yerli özünüidarəetmənin yaradıldığı və Ermənistanın bu bölgənin daxili işlərinə qarışa bilməyəcəyi təsbit edilmişdir”. Gümrüdə müqavilə imzalanan zaman danışıq proseslərində iştirak edən B.Şahtaxtinski orada Türkiyə hökuməti tərəfindən səlahiyyətli nümayəndələr olan Ərzurum valisi Həmid bəy və Ərzurum millət vəkili Süleyman Nəcati bəylə Naxçıvanın taleyi ilə bağlı söhbətlər aparmışdır. Belə ki, Antanta ilə gələcəkdə hər hansı sazişi istisna etməyən türklər, onun (Antantanın) əleyhinə mübarizə hərəkatını davam etdirmək üçün baza əhəmiyyətli Naxçıvan qəzasını, Şərur-Dərələyəz qəzasının bir hissəsini və Makab xanlığını özünüidarə vadisinə çevirmək fikrində olduğunu bildirdikdə, B.Şahtaxtinski göstərilən məqsəd üçün əlverişli Bəyazid sancağını və Van vilayətini baza seçməyi təklif etmişdir. Bütün bunlardan sonra Naxçıvan əhalisi içərisində böyük nüfuzunu nəzərə alan AK (b) P MK Siyasi və Təşkilat Bürosu özünün 1921-ci il 12 yanvar tarixli qərarı ilə Behbud Şahtaxtinskini İnqilabi Hərbi Şuranın mandatı ilə Naxçıvana komissar göndərmişdir. Bu isə Naxçıvanın taleyi ilə bağlı Azərbaycanın Rusiya, Türkiyə, Ermənistan arasında gedən sonrakı məsələlərin müzakirəsində və həllində öz müsbət nəticəsini vermişdir. Bu cəhətdən onun 1921-ci il martın 1-də RSFSR Xalq Komissarları Sovetinin sədri V.İ.Leninə göndərdiyi məktub çox maraqlıdır. Həmin məktubda Behbud Şahtaxtinski əsasən Naxçıvanla bağlı problemləri çox ədalətli, xalqların milli mənafeyini nəzərə almaq əsasında humanistcəsinə həll etmək haqqında öz təkliflərini vermişdir. Məktubun məzmunu V.İ.Leninin diqqətini cəlb etmiş və müzakirə üçün Siyasi Büroya göndərmişdir və bunun nəticəsi Rusiya ilə Türkiyə arasında bağlanan 16 mart 1921-ci il tarixli "Dostluq və qardaşlıq haqqında” müqavilədə öz əksini tapmışdır.
Moskva müqaviləsi və Atatürkün tövsiyəsi
N.Nərimanovun tapşırığı ilə Naxçıvan məsələsi ilə əlaqədar 1921-ci il martın əvvəlində Moskvaya gedən Behbud Şahtaxtinski əslində Rusiyanın təkid etməsinə baxmayaraq, Azərbaycan hökuməti adından Moskva konfransında iştirakının əleyhinə olmuşdur. Bunun səbəbini türk diplomatları içərisində böyük hörməti olan Behbud Şahtaxtinski belə izah etmişdir: "Şəxsən mən Azərbaycanın konfransda iştirak etməsinə mənfi münasibət bildirməyimi onunla izah etmişəm ki, mənim orada deyəcəyim elə bir şey yoxdur. Hər bir xırda məsələyə görə isə türklərin əleyhinə getməyimiz, ümumiyyətlə bizə sərf etmir, çünki mənim onlara böyük hörmətim var. Məni Anadoluda həyata keçiriləsi bir çox kombinasiyalar gözləyir və əgər mən konfransda Azərbaycana heç bir dəxli olmayan məsələlərdə türklərə qarşı çıxsam, bütün bu imkanlardan məhrum olaram” .Buna baxmayaraq, Behbud Şahtaxtinski Moskva danışıqlarında Naxçıvanla bağlı siyasi komissiyanın keçirdiyi bütün iclaslarda fəal iştirak etmiş və Türkiyə nümayəndə heyətinin ciddi səyləri və köməkliyi nəticəsində Azərbaycanın ərazi bütövlüyü qismən də olsa qorunmuş və Naxçıvanın Azərbaycanın tərkibində Muxtar ərazi təşkil etməsi və onun hüquqlarının Azərbaycandan başqa heç bir dövlətə verilə bilməyəcəyi təsbit edilməklə, bölgənin sərhədləri də müəyyənləşdirilmişdir. Moskva müqaviləsində üzərində israr edilən "Türk qapısı” adlanan (birinci Stalinin, ikinci Atatürkün ifadəsidir–F.İ) Naxçıvan məsələsi özünün ədalətli həllini tapdıqda, Türkiyə diplomatları Mustafa Kamal Paşaya müraciətlə "Naxçıvan üzərində əldən gələni yapdıq” dedikdə, o, "Qapımızın mövcudiyyətini mühafizə edin, bizim üçün mühüm olan budur” söyləmişdir.
Qars müqaviləsinə görə müəyyənləşən sərhəd
Moskva müqaviləsindən sonra bu müqavilənin maddə və şərtlərini daha da konkretləşdirmək və müəyyən mənada tamamlamaq, bununla həm də onu reallaşdırmaq, yəni Sovet Rusiyası və üç Cənubi Qafqaz Respublikalarının Türkiyə ilə münasibətlərində həll olunmamış məsələləri nizama salmaq məqsədilə yeni konfrans çağırılması zərurəti yarandı. Uzun sürən müzakirələrdən sonra konfransın Qarsda keçirilməsi razılaşdırıldı. AK (b) MK Siyasi Bürosunun 1921-ci il 26 avqust tarixli qərarı ilə Behbud Şahtaxtinski Azərbaycan SSR-in konfransda nümayəndəsi təyin olundu. 26 sentyabr-13 oktyabr 1921-ci ildə 18 gün davam edən və 6 dəfə işinə fasilə verilən Qars konfransının materiallarının təhlili göstərir ki, danışıqlar çox gərgin və prinsipial şəraitdə keçmiş, tərəflər çoxlu mülahizə və təkliflərlə çıxış etmişdilər. Konfransda Türkiyə onunla Qafqaz respublikaları arasında ayrı-ayrılıqda müqavilələr imzalanmasına dair mövqeyini dəfələrlə təkrarlasa da, vasitəçi rolunda çıxış edən Rusiya və əks tərəflər buna razı olmamışdılar. Azərbaycan nümayəndəsi Behbud Şahtaxtinski isə vahid müqavilənin Cənubi Qafqaz Respublikaları və Türkiyə üçün qarşılıqlı surətdə faydalı olduğunu, inqilabi zərurətin bunu tələb etdiyini söyləmişdir: "...Mən Azərbaycan Respublikası adından müqavilənin vahid olmasını və bu müqavilədə hər bir respublikaya aid ayrıca fəsillərin olmasını təklif edirəm”. Yalnız Behbud Şahtaxtinskinin çıxışından sonra Türkiyə nümayəndə heyətinin başçısı, TBMM üzvü, Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir Paşa öz fikrindən daşınmış və bir ümumi müqavilənin imzalanmasına razılıq vermişdir. Bu müqavilə 16 mart 1921-ci il Moskva müqaviləsini təkrar edirdi. Müqavilədə yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanılması və muxtariyyət verilməsi məsələsi təsbit olunmaqla, bölgənin ərazisi sərhədlər daxilində müəyyən edilmişdir. Müqaviləyə görə, Naxçıvan ərazisinin Türkiyə ilə sərhədi Arazdəyən stansiyasına qədər 11 km uzunluğunda müəyyən edilmiş, İranla sərhədi isə 176 km uzunluğunda, yəni 1828-ci il Türkmənçay müqaviləsində müəyyən olunduğu kimi dəyişilmədən saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Türkiyə Cümhuriyyətinə aid olan İqdır vilayətinin Aralıq-Dilucu məntəqəsi ilə Naxçıvanın Sədərək rayonu arasından keçən Araz çayı vasitəsilə sərhədlənən həmin on bir kilometrlik məsafə mühüm strateji əhəmiyyətə malik olduğu üçün XX əsrin əvvəllərində istiqlal savaşı dövründə Mustafa Kamal Atatürk tərəfindən İran hökumətindən qızıl pul ödənilməklə, savaşsız olaraq alınmışdır. Bu fakt Atatürkün Azərbaycana və onun ayrılmaz parçası olan Naxçıvana, bütövlükdə türk birliyinə münasibətini parlaq şəkildə ifadə edir. Böyük Atatürkün aşağıdakı müdrik və uzaqgörən kəlamları da həmin münasibəti bir daha təsdiqləyir: "Naxçıvan türk dünyasının qapısıdır. Onu qorumaq lazımdır.”
Beləliklə, Türkiyə dövlətinin köməyi və mahir diplomat Behbud Şahtaxtinskinin siyasi gedişləri nəticəsində Moskva və Qars kimi beynəlxalq müqavilələrdə Naxçıvanın taleyi tam şəkildə həll olunmuşdur. Böyük öndərimiz, xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "...Naxçıvanın statusunun beynəlxalq müqavilələrdə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir.
...Azərbaycanın o vaxt hökuməti çox ciddi mövqe göstərərək Naxçıvanın statusunu müəyyən etmiş və Naxçıvana muxtariyyət verilməsi haqqında qərar qəbul edilmişdi. Bəli, o vaxt o insanlar çox milli qürurlu insanlar olublar. İndi bəziləri onların hamısının kommunist, bolşevik kimi, necə deyərlər, üzərindən qara xətt çəkirlər. Bu, ədalətsizlikdir. Mən buna həmişə etiraz etmişəm, bu gün də etiraz edirəm. Hansı partiyaya, hansı siyasi qüvvəyə mənsubluğundan asılı olmayaraq, kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalıdır və tariximizə daxil olmalıdırlar. Qars müqaviləsinin altında Behbud Şahtaxtinskinin imzası vardır”.
Füzuli İBRAHİMZADƏ
Azərbaycan Respublikası Fövqəladə HallarNazirliyinin Akademiyasının Humanitar fənlərkafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər