• cümə, 29 Mart, 15:25
  • Baku Bakı 14°C

Türk dünyasının ortaq və güclü səsi

25.08.14 15:35 1834
Türk dünyasının ortaq və güclü səsi
TRT Avaz 5 il öncə qurulan və Türk dünyasına ünvanlanan telekanaldır. Türk dünyasının ortaq dəyərlərini, mədəniyyətini, tarixini bir-birinə daha yaxşı tanıtmaq məqsədilə qurulan telekanal bu illər ərzində həqiqətən bütün türk dünyasında tanınan və sevilən bir yayım qurumuna çevrilib.
TRT Avaz-ın kordinatoru Yüksəl Dəyərcan “Kaspi” qəzetinə müsahibəsində kanalın yeni layihələri haqqında danışıb.
Ən önəmli tərəfdaşlardan biri
-TRT Avaz-ın türk dünyasında rolunu necə dəyərləndirirsiniz?

- TRT Avaz Türk dünyasının ortaq və güclü səsi olma düşüncəsi ilə qurulan bir kanaldır. 6-7 ay əvvəl telekanalda rəhbər dəyişikliyi oldu. Biz türk dünyasına yönəli məqsədi daha sürətli və diqqətli şəkildə həyata keçirmək istədik. Türk dünyası ilə əlaqəli mövzulara daha çox diqqət yetirilməyə başlandı. Ən önəmli tərəfdaşlarımızdan biri də Azərbaycandır. İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə gerçəkləçdirdiyimiz ortaq proqramlar bizi daha da gücləndirdi. Eyni şəkildə Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan da ortaq yayımlar həyata keçiririk. Türkmənistan və Özbəkistanda bürolarımız fəaliyyət göstərir. Bu ortaq yayımları öz bürolarımızın texniki vasitələri ilə həyata keçiririk. Azərbaycanla bağlı xəbərlər isə İTV və Bakıdakı büromuzdan həyata keçirilir. Gerçəkdən türk dünyasının sevincini, acısını, hüznünü, təbii gözəlliklərini, mədəniyyətini ən yaxşı şəkildə tanıtmağa çalışırıq. Qarşıda çox önəmli layihələrimiz var. Bu layihələrdən ən önəmlisi türklərin ilk ortaya çıxışından etibarən və bu günə qədər gəlişini anladan sənədli filmlərlə bağlıdır. Həmin sənədli filmlərlə bağlı hazırlığımız davam edir. İlk yayımı da TRT ilə biz həyata keçirəcəyik. Sentyabrın ikinci həftəsindən etibarən “Türklər” sənədli filmini TRT Avaz- da yayımlayacağıq. Üstəlik film 8 dildə yayımlanacaq. Bu dillərin içərisinə rus dilini də daxil etdik. Bizi bütün türk dünyasının, Orta Asia coğrafiyasının- hər kəsin tanımasını istəyirik. Yayım coğrafiyamızı ən yaxşı şəkildə genişləndirmək niyyətindəyik. İnşallah TRT Avaz musiqili-əyləncəli proqramları, filmləri, musiqi yarışmaları ilə yeni mövsümdə yayım həyatına başlayacaq. Yeni yayım dönəmində çox fərqli formatda auditoriya ilə görüşəcəyik. Son 6 ay ərzində biz kanal kimliyimizi, loqomuzu, dekarativlərimizi tamamilə dəyişdik. 6 dildə xəbər yayırıq. Alt yazılarımızı qazaxca, qırğızca, özbəkcə və s. dillərdə dəstəkləyirik. Amma yeni bir yenilik “subtitle” deyilən alt yazı sistemini tətbiq etməyimizdir. Yəni həmişə gördüyünüz yazılar olmayacaq, İnsanlar özləri istədikləri tədirdə həmin yazıları görə biləcəklər. Yəni bu yazılar rus, özbək, türkmən və s. dillərə çevrilə biləcək – ümumilikdə 8 dildə alt yazını görə biləcəksiniz Ancaq türkcə əsasli bir yayım olacaq – bu da bizim yeniliklərdən biridir. Daha sonra türk dünyasına ünvanlanan daha bir layihə - Türklər yarışır ya da Səs yarışması adlı bir yarışmamız olacaq. Türk dünyasına faydalı olacaq. Yenə türk dünyası istedad yarışması təşkil etmək haqqında düşünürük. Bizim yayım coğrafiyası ölkələrinə də maraq çəkə biləcək proqramlar olacaq. Biz hansı ölkələrə xitab edirik? 27 ölkə və 12 muxtariyyat qazanmış özəl respublikaya – təxminən 500 milyonluq bir əhaliyə xitab edirik. Biz oralarda təsirli olmağa və türk mədəniyyətini daha yaxşı tanıtmağa çalışırıq. Yəni ortaq mədəniyyətimizi, dəyərlərimizi vurğulamağa çalışırıq. TRT Avaz-da Azərbaycanın önəmli bir yeri var. Çünki orada çalışqan bir büromuz fəaliyyətdədir. Həmin büroda Azərbaycanla bağlı hər cür xəbəri hazırlayır və yayırıq. Bunlar mədəniyyət, cəbhə və Qarabağla bağlı xəbərlər və s. ola bilər. Yəni hər hansı bir Azərbaycan televiziyasının hazırladığı xəbərlərin hamısını, o cümlədən proqramlar hazırlayırıq. Yayımımızın bəlkə də 1/4-ni Azərbaycana həsr edirik. Çünki mən də Azərbaycanda çalışmışam, o da burda rol oynayır. Bu günlərdə TRT-nin Azərbaycan təmsilçisi dəyişdi. Hesab edirəm ki, bu vəzifəyə təyin olunan Yıldıray Arslanın da iştirakı ilə Azərbaycanın səsini ən fəal şəkildə türk dünyasına çatdırmağa çalışacağıq.
-Telekanal bolluğunda TRT Avaz-ın reytinqini necə müəyyənləşdirirsiniz?
-TRT Avaz-ın yayım cografiyası çox geniş olduğu üçün reytinqlərdə ölçülmürük. Amma onu bilirik ki, son 6 ayda kanalın Facebook səhifəsi yüzdə 2000 civarında artdı. Yəni 6-7 min izləyicimiz vardısa, indi 150 min insan bizi izləyir. Həftədə 6 min insanla əlaqə yarada bilirik. Üç ay bundan əvvələ qədər reytinqlərin ölçü sistemlərində biz də vardıq. Həmin rəqəmlərə görə reytinqimiz 444 dəfə artıb. Həm Türkiyədə çox izlənirik, həm də türk dünyasında çox izlənməyimizin fərqindəyik. Çünki kabelli yayımlra daxil olmağa çalışırıq. Özbəkistanda və Türkmənistanda olmasa da Qazaxıstan, Qırğızıstan və Rusiyada kabelli yayımlara girməyə çalışırıq, eyni zamanda Balkanlardan bu yayım sisteminə daxil olmaq üçün bizə təkliflər gəlir. Bu baxımdan Balkanlarda və Avropa ölkələrində də izlənirik. Önümüzdəki 6 ay dönəmində Avrasiya coğrafiyasında bir çox kabelli yayımlara qoşulacağıq. Bu da bizim izləyicilərimizi daha da artıracaq. Yəni bizim reytinq itkimiz yoxdur, amma daha çox izlənə bilmək üçün keyfiyyətli yayımlara çalışırıq. Bunu rəhbərliyimiz də çox dəstəkləyir, həmçinin hökumətimiz çox önəm verir. Biz də işimizlə bu etimadı dogrultmağa çalışırıq.
Gələcəyin mediası
-Tez-tez fikirlər səslənir ki, yeni media ənənəvi medianı, o cümlədən elektron medianı da zamanla sıradan çıxaracaq. Sizcə, bu fikirlərdə nə qədər gerçəklik var?
-Gerçək söyləmək lazımdırsa, gələcəyin mediası yeni mediadır. Televiziyaların və qəzetlərin təsiri bu qədər olmayacaq, bəlkə də daha aşağı düşəcək. Təbii ki, qəzetçilik daha fərqlidir. Səhifələri vərəqləmək, kağızı qoxlamaq insana fərqli bir zövq verir. Amma dövr dəyişir. Gələcəyin mediası yeni medianın olacağı kimi görünür. Mən də buna inanıram.
-Bəs o qoxunun, o təsirin itməməsi üçün hansı addımları atmaq lazımdır ki, oxucu qəzetdən uzaqlaşmasın?
- Bunun qarşısını almaq mümkün deyil. Zaman bir çox şeyi dəyişdirir. Ola bilsin ki, önümzdəki 10 il ərzində qəzetlər və televiziya olacaq, ancaq təsiri hazırda olduğu kimi olmayacaq. Mən belə düşünürəm. Çünki zaman sürətlə dəyişdiyi kimi, insanların ehtiyacları da sürətlə dəyişir. Zaman cox önəmli olduğu üçün internetdə dünya ilə əlaqə saxlamaq daha asan olduğundan əlavə vaxt itirmək istəmirlər. Yeni nəsil də texnoloji vasitələrə daha yaxın olduğu üçün online media onlara daha asan görünə bilər. Önümüzdəki illərdə bəlkə də bütün təhsil internet üzərindən olacaq. Ancaq fikrimcə, vərdiş edən insanlar qəzetdən asanlıqla vaz keçməyəcəklər.
- Bəs telekanalların öz reytinqini qoruması, auditoriyasını saxlaması üçün nə etmək lazımdır?
- Təbii ki insanların ehtiyacları və zövqləri fərqlidir. Bizim kanalımız türk dünyasına yönəli bir kanaldır. Amma bunu da qəbul etmək lazımdır ki, insanların maraq dairələri də fərqlidir. Kimi Avropaya, kimi Amerikaya, kimi Rusiyaya maraq göstərir və bəlkə özünü o mədəniyyətə daha yaxın hiss edir. Dünyada minlərlə telekanal var. Bir kanalın sürətli açıq qalması asan deyil. İnsanların seçimləri var – kimi musiqi dinləmək, kimi film seyr etmək, kimi xəbərlərə baxmaq istəyir. Eyni evin içərisində belə insanlar fərqli proqramları seyr etmək istəyirlər. Buna görə, eyni bir evin içərisində fərqli olursa eynir kanalın daima açıq qalması mümkün deyil. Seçimləri və onlarıbilə bilmək önəmlidir. Müştərək insanların marağını çəkə biləcək proqramlar verə bilərsiniz, bəlkə hər zaman olmasa da, günün bəlli saatlarında eyni kanal açıq qala bilər.
-Mənə maraqlıdır, telekanalları özləri haqqında dəyişdikcə “ilk”, “ən yaxşı”, “yeganə”və s. sözlər az qala kanalın loqosuna çevrilir. Bunu kim müəyyənləşdirir. Auditoriyanın bu qiymətləndirmədən nə qədər xəbəri olur?
- Təbii ki, ölçü sistemləri var. Evdəki ölci sistemləri haqqında da yəqin məlumatınız var. Təəssüf ki, bu sistemlərdə də oyunlar oynanılır. Biz TRT olaraq xəbərçiliyimiz sırasında bu olayla çox maraqlandıq. Evlər müəyyən edilib və həmin mənzillərdə televizorların açıq qalması üçün sahiblərinə hədiyyələr verilib, pul təklif edilib – yəni oyunlar oynana bilər. Çünki bütün reklam kampaniyaları bunların üzərinə dayanır. Təəssüf ki, reklam verən şirkətlər də bu saxta sistem üzərində dayanır. Sistemi də böyük şirkətlər və iş adamları müəyyənlşdirmiş olur. Amma bunun yerinə qurulan çox fərqli sistemlər var. Siz ümumi baxdığınız zaman o kanalın çox və ya az izləndiyini aydınlaşdıra bilərsiniz. Bununla belə, ölçü sistemlərini tam güvənsiz saymaq da olmaz. Bunlar zZaman-zaman doğru ola bilər.

İki vətəndən biri
-Etik davranış qaydlarının pozulması ilə bağlı türk mediasında hansı qaydalar tətbiq edilir? Xüsusən online mediada bu qaydaların pozulması hallarına rast gəlinir.

-Azərbaycanda teleradio yayımına nəzarət edən MTRŞ olduğu kimi bizim ölkədə də radio və televiziya yayımlarına nəzarət edən üst qurum var. Bu qurumun tətbiq etdiyi qaydalara riayət edilən zaman heç bir problem yaranmır. Ancaq qaydaları pozduqda qurumun bəlli cərimələri – yayımı dayandırma, pul cəriməsi və s. var. Bunlar əsasən seçim dönəmində, yanlış əbər yaydıqda və s. hallarda olur. Dünyanın hər yerində bu cür qaydalar var. Belə bir nəzarət edən qurumun olması hər zaman yararlıdır. İctimaiyyətin öz əxlaqını qoruması üçün də bu önəmlidir.
- Müasir televiziyanın tələbləri nədir?
-Yayım ölkələri əxlaqi dəyərlərə, ölkənin təməl dəyərlərinə, mədəniyyətinə önəm verməli, xalqın doğru yönləndirilməsini təmin etməlidir. Müasir televiziyaçılıqda insanların ehtiyaclarının yaxşı müəyyənləşdirilməsi və onu fərqli istiqmətlərə yönləndirmədən doğru, tərəfsiz və dürüst bilgiləndirməyə yönəli proqramların təqdim olunması lazımdır.
-Sonuncu sualım. Siz bir müddət Azərbaycnda TRT-nin təmsilçisi kimi çalışmısınız. Bu ölkə sizin üçün nə deməkdir?
-Azərbaycan mənim ikinci vətənim deyil, iki vətənimdən biridir. Türkiyə mənimçün nədirsə, Azərbaycan da odur.
Təranə Məhərrəmova
Ankara

banner

Oxşar Xəbərlər