Türk dünyasının Fikrət Türkməni
Türkiyənin Egey sahili boyunca göz işlədikcə uzun bir məsafədə
uzanan üçüncü böyük şəhəri olan İzmir bu gün də
sanki zamanın fərqində olmadan yeni yüksəlişini yaşamaqdadır. Dünya
çapında Roma dövrünün ən böyük şəhərlərindən
olan İzmiri, həm də tarixən neft qoxulu Bakımızın qardaşı kimi tanıdığımız
sovetlər dönəmindən də elə uzun vaxt ayırmır. Efes, Müqəddəs Məryəm Ana məbədi
kimi tarixi, həm də iqlimi, təbii zənginlikləri, geotermal qaynaqları ilə məşhur
olan şəhəri bu dəfə lacivərd sularına, termal su hovuzlarının müalicəvi
üstünlüyünə, turizm məkanı olaraq dünya miqyasında cəlbedici yerinə görə yox,
adamlarına görə tanımaq istədik. Vaxtı ilə Ulu öndər Heydər Əliyevin məmləkətimizin
dəyərli guşələrindən biri haqqında dediyi kəlamı az qala izmirlilərlə tanış
olanda da xatırladım: insanları bu diyarın da ən böyük sərvətlərindən imiş...
Araşdırmaçı
dostum Atif Akgün Ankarada olduğundan Türkiyənin məşhur universitetlərindən
olan Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutun yaradıcısı və
uzun illər rəhbəri olmuş professor Fikrət Türkmən ilə tək görüşməli oldum. İnstitut
binasının 4-cü mərtəbəsində qapısı üzərində məşhur alimin adı yazılmış otaq
bağlı idi. Telefonumdakı saata baxdım, deyəsən vədləşdiyimizdən tez gəlmişdim.
Hər
halda gözləməliyəm. Foyenin baş tərəfində divara vurulmuş bir lövhə diqqətimi cəlb
edir: Egey Unuversitetinin keçmiş rektoru Candəyər xanım Yılmaz kitabxananın
açılışını edir. Qısa məlumatdan bəlli olur ki,
Fikrət hocanın uzun illərdən bəri, dünyanın hər yerindən gətirdiyi və
ona bağışlanan 20 min nüsxədən çox kitabın universitetə bağışlanılmasından
sonra bu kitabxana yaradılmış və dəyərli alimin
şərəfinə "Fikrət Türkmən kitabxanası” adlandırılmışdır...
Beş
dəqiqə keçmir ki, liftdən nurani, bəstəboy bir kişi çıxır, yaşına uyğun olmayan bir cəldliklə mənə
doğru addımlayır, sifətində və gözlərində seziləcək sevgi dolu bir təbəssümlə
çoxdan tanıyırmış kimi adımı söyləyir. Görüşürük. Ara verməyən telefon zənglərindən
hiss edirəm ki, nəsə yeni bir uğuru var və onu harayasa dəvət edənlərə incə bir
nəzakətlə "Azərbaycandan qonağım var”
deyərək dəvətlərini qəbul etmir. Az sonra öyrənirəm ki, görüşdüyümüz 4 iyul
günü həm də ad günüdür. Otağa təbrikə gələnlərin arzularına mən də qoşuluram.
Amma bu əziz gündə vaxtını almağımdan bir sıxıntı keçirdiyimi hiss edir və üzrxahlıq
etməyə belə macal vermir, suallarımı eşitmək istədiyini bildirir.
-
Bildiyimə görə hələ Sovetlər dönəmində Türkiyədən
SSRİ-yə ən çox gedib-ələn alimlərdən olmusunuz. Yadınızda o illərdən nələr
qalıb?
-
Sovetlər Birliyinin dağıldığı 90-cı illərə qədər
Sovet-Türkiyə münasibətləri heç də hamar olmayıb. Atatürk və Leninin
vaxtlarında təməli qoyulan tarixi dostluq əlaqələri müəyyən zaman kəsiyində
düşmənçilik səviyyəsinə qədər yüksəlib. Amma Stalinin ölümündən sonra münasibətlər
yumşaldı. Bu dönəmdə belə, Sovetlərə gedib-gəlmək ciddi yasaqlarla məhdudlaşdırılmışdı.
Xoşbəxtlikdən bu yasaqları aşan ilk insanlardan biri də mən oldum. SSRİ EA-nin
dəvəti ilə bir aylıq sovetlərə getdim, Rusiyada, Azərbaycanda, Özbəkistanda,
Qazaxıstanda və Qırğızıstanda oldum. Soyadımdan yana Türkmənistana getməyimə
viza vermədilər. Bu, 1984-cü ilə təsadüf edir. Daha 4 il sonra Tacikistanda bir
tədbirdə iştirak etdim. Gördüklərim məni xeyli təəccübləndirməkdə idi, zaman dəyişirdi.
Atatürkün hələ 1932-də uzaqgörənliklə söylədiyi sözləri xatırladım: "İndiki
Sovetlər Türkiyənin dostudur. Zaman gələcək
dağılacaq, türk dövlətləri azadlıqlarına qovuşacaq...” Bəli, o deyilən
zamanın yaxınlaşmaqda olduğu artıq hiss olunurdu.
-
Hər dəfə haqqınızda eşidəndə bir təqdimat diqqəti cəlb
edir: Türk Dünyası Araşdırmaları İnstitutunun yaradıcısı. Bunun açıqlaması nədir?
-
Düzü
illər boyu, hələ gənc yaşlarımda belə bir mərkəzin yaradılması, bu sahədə tədqiqatlar
aparılmasını ciddi və vacib hesab edirdim. Amma ilk illər bu Türkiyədən köç
edib gedən Balkanlarda məskunlaşan türk xalqlarının folkloru və ədəbiyyatı ilə
bağlı idi. Amma Sovetlərə gedib-gələndən sonra bu fikir məcrasını xeyli dəyişdi:
bizim köklərimizin olduğu Sibir, Altay, Orta Asiya türklərinin tarix və ədəbiyyatının
öyrənilməsi, təqdim edilməsi artıq tam başqa reallıqları ortaya qoydu. Beləcə,
Türk Dünyası Araşdırılması İnstitutunun yaradılması ideyası ortaya çıxdı. Düzdür,
bu dönəmdə özəl bir vəqf Turan Yazqan tərəfindən
yaradılmışdı, əslində özlüyündə bu, olduqca mütərəqqi və alqışlanası bir addım
idi. Amma Sovetlərin dağılmasından sonra bu məsələnin dövlət xətti ilə öyrənilməsi
və daha geniş ampluada öyrənilməsi olduqca vacib idi. İdeya belə yarandı.
-
Bəs onun həyata vəsiqə alması...
-
Bu,
daha geniş bir söhbətin mövzusudur və maraqlı tarixçəsi var. Təbii ki, hər bir
ideya və yenilik təpkilərlə qarşılanıb, uzun zəhmət və çabalardan sonra həyata
vəsiqə ala bilib. Eləcə də bizim bu ideyanın həyata keçməsi üçün uzun illər
lazım oldu, diləkçələr yazıldı, iclaslar keçirildi. Hər dəfə qarşılaşdığımız
maneələr bizi üzsə də, fikirlərimizdə və əməllərimizdə qəti olduğumuzu ortaya
qoya bildik. Fikirimi anlatmaq üçün ideyanın qanunlaşdırılmasının hansı mərhələlərdən
keçdiyini qısaca şərh edim: fakültə yığıncağında və universitet senatosunda,
Yüksək Öyrətim Kurulunda (YOK), Təhsil Nazirli və parlamentin Təhsil komitəsində
müzakirələr və nəhayət, belə bir dövlət qurumunun yaradılması haqqında qanunun
qəbulu. Mən çox qısaca bu tarixi yolun trayektoriyasını qeyd etdim. İlk baxışda
hər şey asan, tez bir zamanda həll olunan kimi görünürdü, amma heç də belə
deyilmiş...
-
Yəni, qanun da hazırlandı, bundan sonradamı problemlər oldu?
-
Bəlkə
də ən ciddi problemlər elə bundan sonra başlandı. Bir var ideyanı ortaya
qoyasan, bilik və təcrübənlə onun həyata vəsiqə almasına çalışasan, bir də var
onu böyük maliyyə hesabına həyata keçirəsən. Yəni artıq ideyanın reallaşması
üçün böyük vəsaitin olması lazım idi. Fəaliyyət üçün sənəd, layihə var, amma
bina və sairənin adını belə çəkən yoxdur. Universitet vəsait olmadığını söyləyir,
dövlətə yazılan müraciətlər min cür bəhanələrlə ildən-ilə atılırdı. Tanışlardan
istifadə edib binanın layihəsini və digər lazımı işləri gördürməkdə idim.
Qatıldığım dövlət tədbirlərində əlim çatandan, sözümü eşidəndən dəstək olmasını
xahiş edirəm. Hətta dəvətli olduğum bir dövlət tədbirində baş nazir Bülənd
Ecevitə yaxınlaşıb bu barədə kömək istəməyi qərarlaşdırdım. Onunla bir dəfə
Bakıda görüşmüşdüm, "İnturist” (indiki "Hilton”) otelində. Çox səmimi və ədəbiyyata,
sənətə qiymət verən bir insan idi. Elə də etdim, tədbirdə Bülənd bəyə
yaxınlaşdım, heç fikrimi deməyə macal verməyib, sənin bir layihən var idi, nə
oldu deyə soruşdu. Çox qısaca hər şeyin qaydasında olduğunu, amma fəaliyyət
üçün bina və vəsait olmadığı üçün bina inşa edə bilmədiyimizi söylədim. Nə qədər
vəsait lazım olduğunu soruşdu. İlkin hesablamalarımıza görə 50 milyon lazım
olacağını bilirdim, amma 75 milyon türk lirəsi söylədim. Təqdim etdiyim vizit
kartımın arxasına 75 milyon lirə yazdı və köməkçisinə verərək, "mütləq yadıma
sal” dedi. Mənə baxaraq, "paran çərşənbə günü universitetdə olacaq, Fikrət bəy”
dedi. Düzü, görüşdən məmnun olsam da, içimdə tərəddüdlərim qalmaqda idi. Nəhayət
ki, çərşənbə günü rektorluqdan bir zəng gəldi: "75 milyon paranız gəlib, təyinatı
da göstərilib: Türk Dünyası Araşdırmaları İnstitutunun tikintisinə”. Beləcə
institut üçün yer ayırdılar, binanın tikintisinə başladıq, indi oturub söhbət
etdiyimiz bu binanı inşa etdik. Deyim ki, bizə ayrılan vəsaitin hamısını ala
bilmədik, layihəmiz korrektə olundu, dəyişdirildi. Amma şükürlər olsun ki, nəyəsə
nail ola bildik. İndi yeri gəlmişkən bu ideyanın reallaşmasına dəstək olanları,
başda rəhmətlik Ecevit olmaqla xoş duyğularla anırıq. Bu sırada keçmiş təhsil
nazirimiz Köksal Topdan, o zamanki rektorumuz
rəhmətlik Sermet Akgün, YOK baş
katibinin müavini olan İsmət Atik kimi dəyərli və xeyirxah insanları yad etməyi
mənəvi borcum hesab edirəm, ölənlərə rəhmət, qalanlara can sağlığı arzulayıram.
-
İnstitutun fəaliyyəti, gördüyünüz işlər gözləntilərinizi
doğruldurmu?
-
Düzünü
deyim ki, fəaliyyətə başladığımız gündən ideoloji sıxıntılarla müşayiət
olunmuşuq. Egey Universitetində solçuluq tarixən və həmişə güclü olduğundan,
millətçi adıyla problemlərlə üzləşmişik, bəzi qısqanclıqlar və kadr problemləri
də bu sıxıntıları daha da gücləndirdi. Buna baxmayaraq, uğurlar qazandıq, böyük
akademik uğurlara imza atdıq. İndi nəinki Türkiyənin, az qala dünyanın hər
yerində bizi tanıyır, fəaliyyəti haqqında dəyərli fikirlər söyləyirlər. Türk
dünyasına verdiyimiz kadrlar da əslində bizim ideyaların davamçılarıdır.
Qazaxıstanda, Qırğızıstanda, eləcə də Azərbaycanda çalışan məzunlarımızın uğur
və fəaliyyətləri bizləri çox qürurlandırır. Əslində bunlar bizim böyük işlərimizin
üzə çıxan uğurlarıdır.
-
Fikrət bəy, Azərbaycanın adını çəkdiniz, mümkünsə
bu barədə bir az geniş danışın...
-
Təbii
ki, Azərbaycanla bağlı danışa biləcəyim fikirlər geniş və əhatəlidir. Bu, birincisi mənim Azərbaycanla
şəxsi əlaqələrimə, oradakı dəyərli dostlarıma, fəaliyyətimə aiddir. İkinci deyəcəklərim
institutumuzun yetişdirdiyi kadrların Azərbaycanda fəaliyyətinə, onların burada
qazandıqları bilik və təcrübələrin orada həyata uğurla keçirə bildikləri işlərə
aiddir. Bir az irəlidə dediyim kimi indi bizim
məzunların sorağı türk dünyasının hər yerindən gəlməkdədir, o cümlədən
Azərbaycandan. Türkiyədə təhsilini başa vurduqdan sonra Azərbaycanda çalışan
kardioloq-həkim Rəşad Mahmudovu bildiyimə görə ölkədə tanıyanların saya yüzlərcədir.
İndi millət vəkili olan Rəşad bəy bizim
yetirmələrimizdəndir. Başqa bir həkim məzunumuz, onun da adı Rəşaddır, təəssüf
ki, soyadını unutdum, urologiya sahəsində məşhur bir mütəxəssisdir. Yaxud gömrük
orqanlarında uzun illər çalışan, indi bu sahəyə rəhbərlik edən Səfər Mehdiyev
bizim məzunlardandır. Bu siyahını uzatmaq da olar, amma yekun olaraq söyləyim
ki, cəmiyyətin elə bir sahəsi yoxdur ki, bizim məzunlar orada olmasın. Müstəqil
Azərbaycanın çiçəklənməsi naminə böyük
işlər həyata keçirən ölkə prezidenti İlham Əliyevin layiqli icraçıları
sırasında bizim məzunlarımızın olması qürurvericidir.
-
Nəhayət ki, Azərbaycanla bağlı əlaqələriniz, onun
tarixi və səbəbləri haqqında danışmağın da məqamı çatdı...
-
Bir
az əvvəldə dediyim kimi SSRİ Elmlər
Akademiyasına ezam olunanda Azərbaycanla ilk tanışlığım başladı. Əslində buna qədər
də Azərbaycan haqqında, onun tarixi və ədəbiyyatı haqqında kifayət qədər məlumatım var idi. Azərbaycan bütün parametrlərdə
Türkiyənin Sovetlərə, eləcə də bu məkandakı türk dünyasına açılan önəmli qapısı
olmuşdur. Bu tarixən təsdiqini tapdığından və haqqında çox geniş araşdırmalar
aparıldığından geniş danışmaq fikrindən uzağam. Ən yaxın tariximizdə - Birinci Dünya
müharibəsi zamanından tutmuş, Bakının Nuru paşa tərəfindən xilası, AXC dövrü əlaqələr,
Sovet hökumətinin ilk illərində Bakının türkçülüyün mərkəzinə çevrilməsi tarixi
faktlardır. Təbii ki, bu kimi həqiqətlər bizim tale yolumuzu, alimlərimizin tədqiqat
işlərini müəyyən edən zəngin faktlardır. Azərbaycan müstəqilliyini qazanandan
sonra isə bunlar dövlətlərarası münasibətləri təyin edən amillər oldu və nə
yaxşı ki, indi biz dünyada analoqu olmayan müttəfiqlərik. Mənim Azərbaycana
yolum haradan başlayır, rəhmətlik Əhməd Cəfəroğlunu Aşıq Qərib haqqında məqaləsindənmi,
Molla Nəsrəddindənmi, Koroğludan, Tahir və Zöhrədənmi, yaxud yadıma sala bilmədiyim
yüzlərcə ortaq dəyərdənmi? Düzü, bunu söyləməkdə bir az çətinlik çəkirəm. Azərbaycan
həmişə türk dünyasının önəmli bir məkanı olmaqla içimdə olub. Buraya gəlişim,
insanlarla əlaqələrim və dostluğum bu bağlantıları daha da artırıb və zənginləşdirib.
20 Yanvar hadisələrindən az sonra Bakıya gəldim, daha doğrusu, bu gəlişimlə
sıxıntılarımı, üzüntülərimi dəfn etdim. Azadlıq qanla alınıb, əbəs yerə deyilməyib
ki, "bayraqları bayraq edən üstündəki qandır...”. 1990-cı ilin mayında qaldığım
oteldən sübhə yaxın rus qoşun hissələrinin nizamsız bir axınla oteli, sonra da
o dönəmki Lenin meydanını (indiki "Azadlıq”) tərk etdiyini görəndə Xəzərin
üstündən doğan günəş zərrin şəfəqləri ilə oteldəki otağımı işıqlandırmaqda idi.
Mən onda bu günəşin təkcə mənim otel otağıma yox, bütün Azərbaycanın üzərinə
doğduğunu görmüşdüm, üstəlik bir şer də yazmışdım. Çox sonralar dəyərli
dostlarımızdan biri bu şerin əlyazmasını o tarixi xatırlatmaqla mənə təqdim edəndə
bu gün nələrə nail olduğumuzun fərqindəyəm, ən önəmlisi, Azərbaycan bu gün
dünyada səsi eşidilən ölkələrdən biridir. Əminəm ki, ən böyük problemimiz olan
Qarabağ məsələsi də həllini tapacaq. Ayrı cür olması mümkünsüzdür.
Azərbaycanla əlaqələrim bu gün də qalmaqdadır. Yeri
gəlmişkən xatırladım ki, 1992-ci ildə Bakı Dövlət Universitetində mənə "Faxri
doktor” adı verildi. Türkiyə Prezidenti Süleyman Dəmrəl "Türk Dünyasına xidmət” mükafatını təqdim edəndə
sanki o anları yenidən yaşadım. Bu, mənim
elmi fəaliyyətimə verilən dəyər olmaqla, həm də uğurum və Azərbaycana
bağlılığımın bir nişanəsidir. Dostlarla ara-sıra zəngləşir, hal-əhval tuturuq.
Onların böyük bir qismi – Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Tofiq
Hacıyev həyatda olmasalar da, xatirələri mənim üçün əzizdir. Kamal Abdulla,
Anar, Elçin, İsa Həbibbəyli, Əsgər Rəsulov, Oqtay Səmədov, Muxtar İmanov,
İntiqam Qasımzadə və adlarını bu anda unutduğum dostlarıma salamlarımı
çatdırmağı xahiş edirəm....
Namiq
Əhmədov,
İzmir-Bakı.