• cümə axşamı, 28 mart, 23:35
  • Baku Bakı 13°C

Türk dünyasının fəxri - Portret

13.07.15 12:42 1751
Türk dünyasının fəxri - Portret
Bayrampaşanın kralı indi də “Barselona”nı fəth etməyə hazırlaşır
Küçədə top qovan hər uşağın arzusu nə vaxtsa Avropanın ən böyük klublarında forma geyinməkdir. Könlünü bu ecazkar oyuna verən birinin “Real”, “Barselona”, “Milan”, “Bavariya”, “Mançester Yunayted” xəyalları qurmasından təbii heç nə ola bilməz. Ancaq hamı da bilir ki, bu şərəf hər kəsə nəsib olmur. Bu haqqı alın təri, böyük futbol sevgisi, iradə və əzm yolu ilə əldə etmək mümkündür. Mübarizə, mübarizə, yenə də mübarizə. Cəmi 3 gün əvvəl rəsmən “Barselona”ya transfer olunan Arda Turan kimi. Artıq bütün türk dünyası onun adını fəxrlə çəkir, onunla qürur duyur. Bəli, təkcə Türkiyə yox, bütün türk dünyası. Çünki Arda Azərbaycandakı hər gənc futbolsevərin nümunə götürdüyü, onun kimi olmaq istədiyi biridir. Bəs o bu zirvəyə necə qalxıb? Həyat hekayəsi maraqlıdırmı sizə?
“Qızıl məcməyi”dəki başlanğıc
30 yanvar 1987-ci ildə Türk Hava Yolları işçisi Adnan və ev qadını Yüksəl Turanların ailəsində, İstanbulun Bayrampaşa rayonunda dünyaya göz açan Arda ən kiçik yaşlarında futbola sevgisini büruzə verib. Onu xatırlayanlar qeyd edir ki, cəmi 5-6 yaşında olarkən 15, hətta 18-20 yaşlı adamlara qarşı oynayıb, onlarla başabaş mübarizə aparıb. Artıq 8 yaşında ata və əmilərinin də vaxtı ilə heyətində çıxış etdiyi həvəskar “Altıntepsi Makelspor”da oynamağa başlayıb. 4-5 il ərzində məhəllənin ən yaxşısı olan Arda, həmişə arzusunda olduğu “Qalatasaray”ın seçmələrinə qatılıb və qısa müddətdə bəyənilərək dəvət edilib. “Cim-bom”un aşağı yaş qruplarında 4 il ərzində 56 rəsmi matça çıxıb, 17 qol vurub. Sonra isə əsas komandadakı çıxışı özünü gözlətməyib. 22 yanvar 2005-ci ildə ilk dəfə Türkiyə Kubokunda “Bursaspor”la matçda rəsmi debütünü edən Arda, bir il sonra “Manisaspor”a icarəyə verildi. Buradakı ilk matçındaca qol vuran Turan, qısa müddətdə 15 oyunda forma geyindi. “Fənərbaxça” ilə oyunda qalib gələrək “Qalatasaray”ın çempionluq yolunu açan futbolçu o vaxtkı prezident Adnan Polatın xoşuna gəlib və tezliklə sevimli klubuna qaytarılıb.
Ata nəsihəti
Manisada icarəyə verilməsi əslində Arda üçün xoş deyildi. Atası Adnanın bu haqda dedikləri çox maraqlıdır: “Axşam evə gəldim, gördüm gözündən yaş sel kimi axır. “Ata, futboldan gedirəm. Oynatmırlar məni, üstəlik də, icarəyə verirlər” dedi. “Oğlum, mən 20 il THY-də işlədim, təqaüdə çıxdım, cəmi 4 milyard TL (indiki pulla təxminən 4 min lirə edir ki, bu da 1,5 min dollar edir) təzminat aldım. Sənə nə qədər ödəyirlər? 25 milyard, hər oyuna görə də 4,5 milyard TL. Mənim 20 ilə qazandığımı sən bir 90 dəqiqədə alacaqsan” dedim. O vaxt təqaüdüm heç 150 dollar etmirdi. “Bir düşün gör, bu puldan sənə nə qədər verə biləcəm? Dostların universitetə girə bilmədilər, məhəllənin bir tininə “lövbər salıblar”. Yaxşıca, düşün və qərar ver”. Getdi, düşündü və gəlib “yaxşı ata, Manisaya gedirəm” dedi. 17 yaşı var idi, transferin son günü idi. Yol pulunu verdim, taksiyə oturub “Hilton Otel”ə gedib müqaviləyə imza atdı. 25 milyard verdilər. Sonra gətirib o pulun 20-ni mənə verdi. Böyük bir borcum vardı, gedib onu bu pulla bağladım. 40 yaşımda ilk dəfə borcsuz bir gün yaşadım. Dünyalar mənim idi”.
“Cim-bom” sevgisi
Arda “Qalatasaray”a hazır futbolçu kimi döndü. Çoxlarının tanımadığı yarımmüdafiəçi 2006-07-ci illər Çempionlar Liqasının seçmə mərhələsində Çexiyanın “Mlada Boleslav”ına qarşı oyununda bütün ölkəyə adını elan etdi. İki qol vurdu, bir ötürmə verdi, komandasının növbəti mərhələyə çıxmasında böyük rolu oldu. “Kimdir bu uşaq” sualı gündəmin zəbt etmişdi. Türk futbolu yeni ulduzuna qovuşur, bunun sevincini yaşayırdı. Arda Turan “Qalatasaray”dakı ilk tam mövsümündə 36 oyunda (26 çempionat, 3 kubok və 7 ÇL matçı) forma geyindi. 8 qol vurdu, onlarla qol ötürməsi verdi. Tezliklə, Türkiyənin ən yaxşı və ən populyar futbolçusu adını qazanan Turan, sevimli klubunun kapitanı sarğısına da qovuşdu. Cəmi 22 yaşında buna yalnız Turqay Şeren, Bülənt Qorxmaz və Tuqay Kərimoğlu nail ola bilmişdi. Beləliklə, Arda Turan 2007-08-ci illər mövsümündə 44 (30 çempionat, 7 kuboku, 7 avrokubok) oyun və 8 qol, 2008-09-cu illər mövsümündə 45 (29, 6, 10) oyun və 11 qol, 2009-10-cu illər mövsümündə 43 oyun (29, 6, 8) və 11 qol, ən ağır, xeyli zədələr aldığı 2010-11-ci illər mövsümündə isə cəmi 19 oyunda (12, 3, 4) 6 qolluq nəticə göstərdi. “Qalatasaray”dakı çıxışı zamanı Arda Türkiyə Superliqası, Türkiyə Kuboku və Türkiyə Superkubokunun hərəsini bir dəfə qazana bildi.
Nifrət
Ancaq... İstər türk futbol ictimaiyyəti, istərsə də azarkeşlər ona qarşı çox acımasız oldular. Şəxsi həyatının ən kiçik detallarına müdaxilə etdilər, təhqir etməkdən çəkinmədilər, geyindiyi şalvarın rəngi, sevgilisinin iş prinsiplərini belə qınadılar. Bunun üstünə də zədələr və təbii ki, nisbətən zəif oyun gəlincə, bütün günahlar onun üstünə yıxıldı, “Qalatasaray”ın bütün problemlərinin səbəbkarı kimi qələmə verildi. Klubu sevməsinə baxmayaraq, özünə qarşı bu ədalətsiz durumu qəbul etməsi mümkün deyildi. Klub tarixinin bəlkə də ən yaxşı futbolçusu olacaq bir gənc qısa müddətdə xərcləndi və ruhdan salındı. Mütəxəssislər də qeyd edirdilər ki, daim gülərüz olan , şən, zarafatından qalmayan Ardanın simasındakı təbəssüm yoxa çıxmışdı. O, artıq öz yuvasında qonaq kimi idi. Getmək vaxtı gəlib çatmışdı.
“Land of Fire”li “Atletiko”ya keçid
12 avqust 2011-ci ildə Türkiyəni tərk edən Arda, İspaniyanın ən nüfuzlu klublarından olan “Atletiko”ya transfer olunur. Madrid klubunun qarşıdakı illərdə qazanacağı titulların memarlarından biri olacaq Turanın o vaxtkı keçidi birmənalı qarşılanmamışdı. Tutar-tutmaz suallarının cavabı isə tezliklə veriləcəkdi. Arda ilk mövsümündə La Liqada 33 oyun keçirib 3 qol vurdu. Avropa Liqasında isə komandasında 12 oyununda 2 qol vurdu və ilk mövsümündəcə bu kubokun qalibi adını qazandı. Düşünün: türk dünyasının ən böyük klubu olan “Qalatasaray”ın qazandığı bu kuboka Arda cəmi bir ildə sahib çıxdı. Mövsümdə 6 məhsuldar ötürmə ilə komandanın ən yaxşısı seçilən yarımmüdafiəçi, ispan mətbuatı tərəfindən ilin ən yaxşı transferi adına layiq görüldü. Növbəti mövsümdə UEFA Superkubokunu qazanma sevinci yaşayan Arda, bir il sonra tarixi çempionluqda da pay sahibi oldu. Sinəsində “Land of Fire – Azerbaijan” yazılan forma ilə təxminən 20 illik fasilədən sonra La Liqanın qızıl medallarını əldə edən “Atletiko”nun qəhrəmanlarından biri məhz Turan idi. Elə həmin mövsüm Çempionlar Liqasındakı çempionluğu son saniyələrdə əldə verən Madrid klubu Avropaya səs salmışdı. 2014-15-ci illər mövsümündə isə türk yarımmüdafiəçi o qədər də ön plana çıxa bilmədi və dörd il şərəfini qoruduğu komandanı tərk etməyin vaxtı gəldiyi aydınlaşdı. Karyerasının ən böyük uğurlarını yaşadığı “Atletiko”dan ayrılan Ardanın vida sözləri çox gözəl idi. O, hamıya təşəkkür edərək bu komandanı heç vaxt unutmayacağını dedi.
Arzular gerçək olur
Nəhayət, iyulun 7-də “Barselona”nın rəsmi saytında “Arda Turanın keçidi ilə bağlı “Atletiko” ilə razılıq əldə olundu” xəbəri çıxdı. Bayrampaşanın dar küçələrində top qovan balaca vunderkind bir müddət sonra elə o Bayrampaşa əhalisi qədər tutumu olan – 100 minlik möhtəşəm “Nou Kamp”da meydana çıxacaq. Futbol tarixinin ən yaxşılarından biri olan Messi, müasir futbolun ən böyük ulduzlarından Neymar və Luis Sures, həmçinin dahi İnyesta və başqaları ilə çiyin-çiyinə oynamaq şansı hər kəsə nəsib olmur. Xarakter, güc və texnikası ilə baş məşqçi Luis Enrikenin rəğbətini qazanan Arda Turan heç şübhəsiz karyerasının zirvəsindədir. O, bir vaxtlar kumiri olduğu Xavi kimi möhtəşəm oyunçunun yerini doldurmaq üçün Kataloniyadadır. Heç şübhəsiz universal, bir çox mövqelərdə çıxış etməyi bacaran, həm müdafiə, həm də hücumda eyni güclə iştirak edən, ağıllı, meydanı görmə özəllikli, mübarizliyinə şübhə olmayan yarımmüdafiəçinin transferi “Barselona”ya böyük xeyir gətirəcəkdir. Öz yetirmələrinin çoxluğu ilə öyünən bir klubun kənardan gələn birinin transferinə görə 41 milyon avrosundan keçməsi təsadüf ola bilməz. Arda Turan bura yeni “Barselona”nın döyünən ürəyi, onun mühərriki, istinad divarı kimi gəlib. Bütün İspaniya, Avropa, hətta dünyanın gözü ondadır. Hamı da ondan qeyri-adi nələrsə etməyini, bir türkün futbol meydanında nələrə qadir olduğunu nümayiş etdirməyini gözləyir.
***
Savadlı futbolçu
Arda Turan yaxşı idmançı olmaqla yanaşı, dərslərini də yaxşı oxumuş biri olub. Məktəbdə fənn Olimpiadalarından birində gümüş medalla təltif olunması atası Adnanı düşünməyə vadar edib. Hamı kimi oğlunun da oxuyub yaxşı təhsil almasını istəyən valideyn, həm məktəb, həm də futbolu yaxşı davam etdirən Ardanın qarşısını kəsməyib, ona yardımçı olub. Müsahibələri, açıqlamaları zamanı da yarımmüdafiəçinin savadlı olması aydınca sezilir.
***
Milli komanda
Klub karyerası ilə yanaşı, millidə də uğurlu qrafik cızan Arda Turan bütün yaş qrupları üzrə yığmalarda top qovub. 2002-ci ildə U-16-da debüt edən yarımmüdafiəçi, cəmi 4 il sonra – 19 yaşında əsas komandada meydana çıxıb. Onun milli karyerasının zirvəsi 2008-ci il Avropa çempionatı hesab edilə bilər. Qrup mərhələsindəki İsveçrə və Çexiya Respublikası matçları, pely-off mərhələsində isə Xorvatiyaya qarşı oyunda nümayiş etdirdiyi performans onun necə böyük futbolçu olduğunu aşkara çıxartdı. 2012-ci ildə kapitan sarğısını qoluna taxan Arda Turan, ümumilikdə 162 oyunda 30 qol kimi möhtəşəm statistikaya malikdir.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər